- Tədqiqatlar departamenti
Tədqiqatlar departamenti ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində siyasət qərarlarının qəbuluna dəstək məqsədilə fundamental tədqiqatlar aparır. Effektiv pul siyasətinin formalaşması və həyata keçirilməsi üçün müxtəlif tipli modellərinin qurulması, onların mütəmadi təkmilləşdirilməsi və makroiqtisadi göstəricilərin proqnozlarının hazırlanması əsas fəaliyyət istiqamətlərindəndir.
Departamentin əsas funksiyalarına beynəlxalq iqtisadiyyatda baş verən proseslər və onların ölkə iqtisadiyyatına təsiri, ortamüddətli dövrdə monetar çərçivənin formalaşdırılması, pul siyasətinin həyata keçirilməsi, maliyyə sektorunun inkişafı, nağd pul dövriyyəsinin təşkili və s. istiqamətlərdə fundamental tədqiqatların aparılması aiddir.
Departament İsveçrə, Çexiya, Türkiyə və s. ölkələrin mərkəzi bankları ilə tədqiqat və modellərin təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edir
- Statistika departamenti
Statistika departamentinin fəaliyyətinin əsas məqsədi pul və maliyyə sabitliyi siyasətlərinin formalaşdırılması, makro və mikro səviyyədə təsirlərinin təhlil edilməsi, iqtisadi və maliyyə tədqiqatlarının aparılması və müxtəlif proqnoz göstəricilərin verilməsi üçün beynəlxalq metodologiyalar əsasında keyfiyyətli və əhatəli daxili və xarici statistik məlumatların toplanması, emalı, icmallaşdırılması, təhlil edilməsi və istifadəçilərə çatdırılmasını təmin etmək, toplanılan statistik məlumatlar əsasında qısa analitik təhlillər aparmaqdır. Departament fəaliyyəti çərçivəsində maliyyə sektorundan maliyyə statistikası, dövlət orqanları və təşkilatlardan ölkənin iqtisadi inkişaf göstəricilərinə dair zəruri dövri statistik hesabatların və məlumatların qəbul olunmasını, emalını, icmallaşdırılmasını həyata keçirir və bu əsasda hazırlanmış statistik və analitik məlumatları istifadəçilərə təqdim edir, Mərkəzi Bankın pul-kredit göstəricilərini, gündəlik analitik balansını və pul icmalını tərtib edir və istifadəçilərə təqdim edir, xarici sektor üzrə toplanmış statistika əsasında ölkənin rüblük və illik əsasda tədiyə balansını tərtib edir, tədiyə balansı üzrə proqnozların, valyuta balansının (tələb və təklif kanallarının) hazırlanmasında iştirak edir.
- Pul siyasəti departamenti
Pul siyasəti departamentinin fəaliyyətinin əsas məqsədi pul siyasətinin optimal çərçivəsini formalaşdırmaq və onun realizasiyasının monitorinqini aparmaqdan ibarətdir. Departament həyata keçirdiyi işlərin əsasını pul siyasətinin əsas istiqamətlərinin işlənilib hazırlanması, pul siyasəti çərçivəsinin və əməliyyat prosedurlarının təkmilləşdirilməsi, pul siyasəti alətlərinin təhlili və təkmilləşdirilməsi , İdarə Heyəti üçün analitik materialların və siyasət təkliflərinin hazırlanması, pul və məzənnə siyasətinin yerinə yetirilməsinin monitorinqi, makroiqtisadi siyasətə dair təkliflərin hazırlanması, pul siyasətinin hökumətin yeritdiyi fiskal və iqtisadi inkişaf siyasətləri ilə əlaqələndirilməsi sahəsində müvafiq işlərin aparılması, pul siyasətinin yerinə yetirilməsi vəziyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması fəaliyyətləri təşkil edir.
Pul siyasəti departamentinin sturkturunda pul və məzənnə siyasətinin işlənməsinə, iqtisadi siyasətin təhlilinə pul siyasətinin hesabatlılığına xidmət edən şöbələr var.
- Maliyyə sabitliyi departamenti
Maliyyə sabitliyi departamentinin fəaliyyətinin əsas məqsədi ölkədə maliyyə sektorunun sabitliyini və dayanıqlığını müəyyən edən amilləri qiymətləndirmək, sistem risklərini identifikasiya etmək, onların maliyyə sabitliyinə təsirini ölçmək məqsədilə müxtəlif model və alətlər formalaşdırmaq, o cümlədən stress-testlər keçirmək, risklərin neytrallaşdırılması üzrə siyasət alətlərinin formalaşdırılmasında iştirak etmək və maliyyə sabitliyinin təhlili üzrə analitik diaqnostika çərçivəsini inkişaf etdirməkdir.
Departament maliyyə sektorunda institutların dayanıqlığını qiymətləndirmək üçün stress-testlər (“top-down”) və müxtəlif makro-maliyyə modellər əsasında simulyasiyalar həyata keçirir. Makroprudensial alətlərin tətbiqi ilə bağlı qiymətləndirmələrin aparılması, bank, sığorta şirkətləri və maliyyə bazarlarının digər iştirakçılarının maliyyə dayanıqlığını qiymətləndirilməsi və risk reytinqlərinin müəyyən edilməsi də departamentin əsas fəaliyyətlərindəndir. Bundan əlavə, departament yarımillik və illik əsasda olmaqla ildə 2 dəfə “Maliyyə sabitliyi hesabatı“nın və rüblük əsasda “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri” haqqında hesabatın hazırlanaraq ictimaiyyətə açıqlanmasını təmin edir.
- Maliyyə sektorunun dayanıqlı inkişafı departamenti
Departamentin fəaliyyətinin əsas məqsədi ölkədə maliyyə sektorunun dayanıqlı inkişafı, maliyyə vasitəçiliyinin genişlənməsi, dərinləşməsi və effektivliyinin artırılması, həmçinin dayanıqlı maliyyə prinsiplərinin maliyyə qərarlarının qəbul edilməsi prosesinə inteqrasiyasına yönəlmiş inkişaf siyasətini müəyyən etməkdən ibarətdir.
Departament təşkilatı struktur olaraq Maliyyə sektorunun inkişafı şöbəsi, Dayanıqlı maliyyə şöbəsi və Maliyyə inklüzivliyi bölməsindən ibarətdir.
Maliyyə sektorunun inkişafı şöbəsi maliyyə sektorunun bütün seqmentləri üzrə inkişaf tendensiyalarına dair müxtəlif diaqnostik qiymətləndirmələr və təhlillər aparır, inkişafı ləngidən amillərin aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlayır.
Dayanıqlı maliyyə şöbəsi maliyyə sektorunda dayanıqlı maliyyələşməyə keçidin dəstəklənməsi məqsədilə siyasət təklifləri formalaşdırır və maliyyə institutlarının fəaliyyətinə ESİ prinsiplərinin inteqrasiyasını təmin edir.
Maliyyə inklüzivliyi bölməsi Mərkəzi Bankın maliyyə inklüzivliyin ilə bağlı təşəbbüslərini həyata keçirir və struktur bölmələr arasında maliyyə inklüzivliyi fəaliyyətlərini əlaqələndirir.
- Bazar davranışlarına nəzarət departamenti
Bazar davranışlarına nəzarət departamentinin fəaliyyətinin əsas məqsədi ölkədə bazar davranışlarına təsir edən amilləri qiymətləndirmək, riskləri müəyyən etmək, bu risklərin maliyyə sektoruna inama təsirini ölçmək məqsədilə müxtəlif model və alətlər formalaşdırmaq, risklərin minimallaşdırılması üzrə maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi siyasətini və nəzarət çərçivəsini formalaşdırmaq, habelə ölkədə maliyyə sahəsi üzrə müasir bilik və bacarıqların formalaşması və yayılmasının səmərəli təşkilini həyata keçirməkdir.
Departamentin təşkilati strukturu Bazar davranışları siyasəti şöbəsi, Bazar davranışlarına nəzarətin metodologiyası şöbəsi, Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsindən ibarətdir
- Rezolyusiya departamenti
Departamentin fəaliyyətinin əsas məqsədi ölkədə maliyyə sektorunun sabitliyinin dəstəklənməsi, maliyyə bazarlarına aid problemli nəzarət subyektləri ilə bağlı rezolyusiya tədbirlərinin planlaşdırılması və təşkili, ləğv prosesində olan nəzarət subyektlərinin ləğvedicilərinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi, rezolyusiya və ləğvetmə çərçivəsinin təkmilləşdirilməsi və bu çərçivədə kreditorların maraqlarının müdafiəsini təmin etməkdir. Departament tərkibində iki şöbə fəaliyyət göstərir. “Rezolyusiyanın planlaşdırılması və təşkili şöbəsi”nin işi nəzarət subyektinin maliyyə vəziyyətinin təhlil edilməsi, maliyyə vəziyyəti qeyri-qənaətbəxş olan nəzarət subyektlərinin rezolyusiya planlarında yer alan tədbirlərin təşkilindən, “Problemli maliyyə institutları ilə iş şöbəsi”nin işi isə lisenziyası ləğv edilmiş nəzarət subyektlərinin ləğvedicilərinin fəaliyyətinə nəzarətin təşkilindən ibarətdir.
- Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti
Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin fəaliyyətinin əsasında səmimi, tolerant və innovativ həllər təqdim etməyə fokuslanmış peşəkar korporativ əməkdaşlıq dayanır. Departament sığorta sektoru üzrə ölkədaxili və beynəlxalq layihələrin, həmçinin geniş tərkibli dövlət proqramlarının hazırlanması və icrasında başlıca rol oynayır. Bu növdən olan işlərin icrası özlüyündə təcrübəçilərin innovativ vizyonunun formalaşmasına və gələcək karyera planlamalarına əsaslı təsirə səbəb olur. Daha detallı və informativ olması üçün departamentə aid funksionallıqları aşağıdakı kimi təqdim edirik:
- Sığorta bazarı üzrə tənzimləmə siyasətinin formalaşdırılması və müvafiq tənzimləmə çərçivəsinin davamlı inkişaf etdirilməsi;
- Sığortaçıların və təkrarsığortaçıların maliyyə dayanıqlığına nəzarət prosesinin metodologiyasının, alət və üsullarının formalaşdırılması, inkişaf etdirilməsi, onların tətbiqinin dəstəklənməsi;
- Sığorta fəaliyyətinin qanunvericilik bazasının və tənzimləmə çərçivəsinin sığorta bazarının inkişafı baxımından tədqiqi və müvafiq siyasətin formalaşdırılması;
- Departamentin iştirak edəcəyi layihələrin hazırlanması və icrasının təmin edilməsi;
- Departamentə aidiyyəti üzrə daxil olan müraciətlərə baxılması və həmin müraciətlərə cavabların hazırlanması;
- Departamentin səlahiyyətinə aid məsələlər üzrə arayışların və materialların hazırlanması.
- Kapital bazarı fəaliyyətinə nəzarət departamenti
Kapital bazarı fəaliyyətinə nəzarət departamentinin fəaliyyətinə İnvestisiya şirkətləri tərəfindən təqdim olunan hesabatların təhlil olunması, Qiymətli kağızların dövlət qeydiyyatının aparılması, sənədlərin təhlil olunması, Kapital bazarında fəaliyyət üzrə lisenziya və icazə sisteminin təmin edilməsi, Kapital bazarı sahəsində şəffaflığın və məlumatların açıqlanmasının təmin olunması, Qiymətli kağızlar bazarı və törəmə maliyyə alətləri sahəsində nəzarətin effektiv həyata keçirilməsi daxildir.
- Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti
Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti ölkənin kapital bazarlarına siyasətin və tənzimləmələrin hazırlanmasını, tətbiqini və nəzarətini həyata keçirir. Bu departament sabit, şəffaf və effektiv bir kapital bazarı çərçivəsinin təşviqi və investorların etimadının artırılması məqsədi ilə fəaliyyət göstərir. Geniş spektrli maliyyə institutları, tənzimləyici orqanlar və bazar iştirakçıları ilə yaxın əməkdaşlıq edərək departament kapital bazarlarının səmərəli fəaliyyətini, şoklara qarşı davamlı olmasını və qlobal miqyasda rəqabətədavamlı olmasını təmin edir. Qarşıya çıxan bazar çağırışlarına qarşı müasir strategiyalarla yanaşaraq, innovativ maliyyə məhsulları və xidmətlərinin təqdim edilməsini təşviq edir. Bundan əlavə, departament investorların qorunması, sui-istifadələrin qarşısının alınması və Azərbaycan kapital bazarının beynəlxalq təcrübələrlə uyğunlaşdırılması məqsədilə hüquqi və tənzimləyici çərçivənin gücləndirilməsinə öhdəliyi daşıyır, yerli və beynəlxalq investisiyaların daha geniş bir dairəsini cəlb etməyi hədəfləyir.
- Valyuta ehtiyatlarının idarə edilməsi departamenti
Valyuta ehtiyatlarının idarə edilməsi departamenti Mərkəzi Bankın xarici valyuta ehtiyatlarını idarə edir. Departamentin fəaliyyətinin əsas məqsədi valyuta ehtiyatlarının təhlükəsiz və likvid saxlanılması, həmçinin səmərəli idarəetmə vasitəsilə artırılmasıdır. Departamentin tərkibinə daxil olan şöbələrdən Valyuta ehtiyatlarının investisiyası şöbəsi investisiya strategiyasına uyğun olaraq investisiya altportfellərini formalaşdırır, bazar şəraitindən irəli gələn taktiki qərarları qəbul edir və maliyyə bazarlarında investisiya fəaliyyəti çərçivəsində əməliyyatları həyata keçirir. İnvestisiyaların təhlili və xarici menecerlərlə iş şöbəsi investisiya strategiyası/taktikası üzrə təkliflər verir, investisiyaları təhlil etməklə idarəetmənin nəticələri üzrə hesabat/təqdimatlar hazırlayır, xarici menecerlərlə əlaqələri koordinasiya edir və onların fəaliyyətinə nəzarət edir. İnvestisiya mühasibatlığı və hesabatlıq bölməsi isə bağlanılmış əqdlər üzrə Mərkəzi Bankın portfel idarəetmə sistemi vasitəsilə müxabirləşmələri həyata keçirir və valyuta ehtiyatlarının mövqeyi barədə hesabatlar hazırlayır.
- Nağd pul departamenti
Nağd pul departamentinin fəaliyyətinin əsas məqsədi ölkədə nağd pul tədavülünün təşkili, o cümlədən pul nişanlarına olan tələbatın müəyyənləşdirilməsi, pul nişanlarının istehsalının təşkili, nağd pul ehtiyatlarının yaradılması və idarə olunması, milli pul nişanlarının konsepsiyasının yaradılması, onların nominal strukturunun, dizayn və bədii tərtibatının, mühafizə elementlərinin, habelə digər texniki xüsusiyyətlərinin müəyyən edilməsindən ibarətdir.
Bununla yanaşı, Nağd pul departamenti ölkəmizin tarixinin, mədəniyyətinin, incəsənətinin, görkəmli şəxsiyyətlərin, eləcə də əlamətdar hadisələrin əbədiləşdirilməsi məqsədilə yubiley, xatirə və investisiya pul nişanlarının tədavülə buraxılması ilə əlaqəli işləri həyata keçirir.
Departamentin fəaliyyətinin əsas istiqamətlərindən biri də, pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili, pulların ekspertizasının aparılması, eləcə də ölkədə fəaliyytə göstərən banklarda və digər ödəniş xidmətləri təchizatçılarında nağd pul avadanlıqlarına qarşı tələblərin müəyyən edilməsi və onların bu tələblərə uyğunluğunun monitorinqinin təşkilindən ibarətdir.
Nağd pul departamenti həmçinin ölkədə fəaliyyət göstərən banklar, bank olmayan kredit təşkilatları və Mərkəzi Bank daxilində nağd pulla əlaqədar normativ xarakterli prosedurların, təlimatların, əməliyyatlara və biznes proseslərə aid qaydaların hazırlanmasını həyata keçirir.
- İstehlakçılarla iş departamenti
İstehlakçılarla iş departamenti Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi aparatının struktur bölməsidir. Departamentin fəaliyyətinin əsas məqsədi maliyyə xidmətləri istehlakçılarından və investorlardan Mərkəzi Banka daxil olmuş ərizə və şikayətlərə baxılması, onların təhlil edilməsi, vətəndaşların qəbulunun həyata keçirilməsi, çağrı mərkəzinin işinin təşkil edilməsi, istehlakçıların hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasının təmin edilməsini həyata keçirməkdir.
- Risklərin idarə edilməsi departamenti
Risklərin idarə edilməsi departamentinin fəaliyyətinin əsas məqsədi Mərkəzi Bankda mərkəzləşdirilmiş risk idarəetmə sisteminin təşkili və onun effektiv tətbiqini təmin etməklə Mərkəzi Bankın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş funksiyalarının səmərəli və davamlı şəkildə həyata keçirilməsində Mərkəzi Bankın rəhbərliyinə və İdarə Heyətinə dəstək verməkdir.
Departamentin əsas funksiyalarına Mərkəzi Bankın maliyyə, əməliyyat (o cümlədən İT riskləri), strateji və model risklərinin idarə edilməsi, bankdaxili biznes proseslərin effektiv və fasiləsiz şəkildə icrasına dəstək göstərilməsi, insidentlərin idarə edilməsi, eləcə də audit tapıntılarının və onların yarada biləcəyi risklərin qiymətləndirilməsi, bu istiqamətdə görüləcək tədbirlərin icra vəziyyətinin monitorinqinin aparılması daxildir.
- İnzibati işlər departamenti
İnzibati işlər departamenti bir sıra mühüm funksiyalar vasitəsilə təşkilatın səmərəliliyində və inkişafında əhəmiyyətli rol oynayır. Departament nəqliyyat xidmətlərinin qüsursuz təşkilini,o cümlədən işçilər və qonaqlar üçün vaxtında və səmərəli nəqliyyat vasitələrinin təşkilini təmin edir. Ofislərə gündəlik əməliyyatlar üçün mühüm əhəmiyyət kəsb edən əsas dəstək xidmətləri ilə (təmizlik, keytrinq, ofis ləvazimatları və s.) təmin edilməsini həyata keçirir. Resursdan istifadəni optimallaşdırmaq və uzunömürlülüyü təmin etmək üçün aktivlərin səmərəli istifadəsini təmin edir. Funksional iş mühiti yaratmaq üçün binaya, o cümlədən avadanlıqlara ciddi şəkildə texniki qulluq göstərir. Bundan əlavə, yeni binanın tikintisi layihəsini idarə edir. İnzibati işlər departamenti bu funksiyalar vasitəsilə əməliyyat mükəmməlliyini artırır və təşkilatın strateji məqsədlərini və inkişaf təşəbbüslərini dəstəkləyir.
- Satınalmalar departamenti
Satınalmalar departamenti bazar araşdırması vasitəsilə potensial təchizatçıların tapılması,satınalma üsullarından istifadə edərək satınalma planına uyğun satınalmaların həyata keçirilməsi və təşkilatın keyfiyyətli mal, iş və xidmətlərlə vaxtında, fasiləsiz və iqtisadi cəhətdən səmərəli şəkildə təchiz edilməsinə cavabdehdir.
Struktur satınalma müqavilələrini bağlayır, müqavilə şərtləri üzrə danışıqlar aparır və təchizatçıların keyfiyyət, qiymət və çatdırılma müddətləri ilə bağlı öhdəliklərini yerinə yetirmələrini təmin edir.
Satınalmaların məqsədi düzgün, açıq, ədalətli və şəffaf şəkildə təşkilatın satınalmalarını həyata keçirtməkdir.
- Strategiya və layihə idarəetməsi departamenti
Strategiya və layihə idarəetməsi departamentinin fəaliyyətinin əsas məqsədi AMB-də strateji idarəetmə, layihə idarəetməsi və təşkilati proseslərin idarə edilməsi fəaliyyətlərini dəstəkləmək, habelə Mərkəzi Bankın missiyasının effektiv həyata keçirilməsi və institusional inkişaf hədəflərinə nail olunmasına yardım etməkdən ibarətdir.
Departament Milli strategiya və proqramlar üzrə aidiyyəti tədbirlərin planlaşdırılması və icrası prosesində bankdaxili və dövlət qurumları ilə kommunikasiya, habelə monitorinq və hesabatlığın həyata keçirilməsi, AMB-də strateji planlaşdırma prosesinin idarə olunması, strateji monitorinq və hesabatlığın həyata keçirilməsi, layihələrin qəbul edilmiş layihə idarəetmə standartlarına uyğun planlaşdırılması və idarə edilməsi, layihələrin icrasının monitorinq və hesabatlığı, təşkilati proseslərin təhlili və optimallaşdırılmasının təşkil edilməsi və digər funksiyaları icra edir.
- İnsan resursları departamenti
Azərbaycan Mərkəzi Bankının İnsan resursları departamentinin əsas məqsədi İnsan resurslarının idarə edilməsi siyasətinə və Mərkəzi Bankın strateji hədəflərinə müvafiq olaraq onun davamlı dinamik inkişafına xidmət edən insan kapitalının formalaşdırılması, inkişaf etdirilməsi və qorunub saxlanılmasıdır.Departamentin fəaliyyət istiqamətlərinə İnsan resurslarının planlaşdırılması və işə qəbul, Əmək münasibətlərinin idarə edilməsi, İnsan kapitalının inkişafı və əməkdaşların işə bağlılığıdaxildir.
İnsan kapitalının inkişafı və əməkdaşların işə bağlılığı şöbəsinin əsas fəaliyyət istiqamətləri : kompetensiyalar üzrə matrislərinin hazırlanması və təşkilatın insan kapitalının həmin kompetensiyalara uyğunluğunu təmin etmək, əməkdaşların öyrənmə və inkişaf ehtiyaclarını təhlil edərək müvafiq inkişaf fəaliyyətləri təşkil etmək, əməkdaşların fəaliyyətlərinin qiymətləndirilməsi prosesinin təşkil etmək, əməkdaşların işə bağlılığının və daxili kommunikasiyanın artırılması məqsədi ilə tədbirlər görməkdir.
- Maliyyə bazarlarının hüquqi təminatı departamenti
Maliyyə bazarlarının hüquqi təminatı departamentinin fəaliyyətinin əsas məqsədi maliyyə bazarlarında fəaliyyətin (kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və kapital bazarının digər iştirakçıları, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorları, kredit büroları və s.) tənzimlənməsi və nəzarət sahəsində Mərkəzi Bankın qanunla müəyyən edilmiş funksiya və səlahiyyətlərinin qanunvericiliyə uyğun icrasına hüquqi yardımın göstərilməsi, bu sahələrdə Mərkəzi Bankın normayaratma fəaliyyətinin effektiv koordinasiyasıdır. Əsasnaməsinə əsasən Departament müvafiq sahələr üzrə normayaratma fəaliyyətini həyata keçirir, o cümlədən hüquqi akt layihələrini hazırlayır və hüquqi ekspertizasını həyata keçirir, Mərkəzi Banka daxil olan hüquqi akt layihələrinə rəy və təkliflər hazırlayır, müraciətləri, sorğuları cavablandırır və digər funksiyaları icra edir.
- Hüquqi və təşkilati işlər departamenti
2024-cü il üçün Hüquq və təşkilati işlər departamentinin yalnız Korporativ idarəetmə və katiblik şöbəsinə təcrübəçi cəlb olunacaq.
Korporativ idarəetmə və katiblik şöbəsi korporativ idarəetmə, sənəd dövriyyəsi, tənzimləmə qaydalarına uyğunluq, hüquqi aktlarla verilən tapşırıqların icrasına hesabatlılıq, idarə heyətinin katibliyi və icraçı dəstək xidmətləri daxil olmaqla bir sıra kritik vəzifələrə nəzarət edir. Şöbə vaxtında və dəqiq məlumat verməklə, strateji müzakirələri asanlaşdırmaqla və ən yaxşı idarəetmə təcrübələrini tətbiq etməklə təşkilati çeviklik və qərarların qəbul edilməsində mühüm rol oynayır.