Qəbul günləri: Hər ayın son çərşənbə axşamı/saat 15.00-dan
Əlaqə: (+994 12) 493-11-22
1982-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
2004-cü ildə Türkiyə Cumhuriyyətinin Qazi Universitetini “İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2006-cı ildə Odlar Yurdu və ABŞ-ın Corciya dövlət universitetinin birgə proqramı olan “Biznesin idarə olunması” ixtisası üzrə MBA proqramını magistr dərəcəsi ilə, 2014-cü ildə isə ABŞ Cons Hopkins Universitetini “Dövlət siyasəti” üzrə beynəlxalq magistr dərəcəsi ilə bitirmişdir.
Əmək fəaliyyətinə Mərkəzi Bankda 2004-cü ilin avqust ayında Monetar siyasət departamentinin Monetar təhlil və proqnozlaşdırma şöbəsində iqtisadçı vəzifəsində başlamışdır. 2005-ci ilin iyul ayında İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Maliyyə proqramlaşması şöbəsində iqtisadçı vəzifəsinə təyin edilmişdir.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləmişdir.
2008-2011-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi şöbəsində böyük analitik vəzifəsində, 2013-cü ilin avqust ayınadək isə həmin departamentin Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2013-cü ilin avqust ayından 2014-cü ilin iyun ayınadək ABŞ-ın Cons Hopkins Universitetində təhsil almışdır.
2014-2015-ci illərdə Mərkəzi Bankda Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2015-ci ilin iyun ayından həmin departamentin direktor müavini – Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində, 2016-cı ilin aprel ayından 2020-ci ilin yanvar ayınadək Bazar əməliyyatları departamentinin direktoru vəzifəsində işləmişdir.
2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2020-ci ilin yanvar ayından Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.