Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq 2006-cı ildən etibarən 1 yeni manat 5000 manata bərabər tutulmaqla denominasiya həyata keçirilmiş, tədavülə yeni nəsil pul nişanları (AZN) buraxılmışdır.
Yeni nümuməli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir.
Bir manat 100 (yüz) qəpikdən ibarətdir.
Azərbaycan manatının simvolu – , beynəxalq ISO kodu 994-dür.
Yeni pul nişanlarının dizaynı vahid konsepsiya əsasında hazırlanmış, dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilmiş, Azərbaycanın bütün sahələrdə müstəqilliyini, inkişafını və Avropa ailəsinə inteqrasiyasını təzahür edir.
Milli valyutada kağız pul nişanlarının mühafizə sistemi qəbul edilmiş ümumi mühafizə fəlsəfəsi əsasında hazırlanmışdır.
Milli valyuta kağız pul nişanlarının mühafizə sistemi 4 pilləli (I, II, III və IV dərəcəli) yaradılmışdır. Hər nominallı kağız pul nişanlarının əsas fon rəngi mövcuddur və mühafizə elementləri bütün nominallı kağız pul nişanlarında eyni yerlərdə yerləşdirilmişdir.
Metal pul nişanlarının mühafizə sistemi pul nişanlarının yan tərəfində yerləşdirilmiş xüsusi təhlükəsizlik elementindən, dizayn elementlərinin dəqiqi cizgilərindən, zərb olunmuş qabarıq səthdən, pul nişanı üçün müəyyən olunmuş texniki göstəricilərdən, o cümlədən diametr, çəki və metal tərkibdən ibarətdir.