Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə makroiqtisadi sabitliyin və maliyyə stabilliyinin qorunmasına yönəldilmiş siyasəti davam etdirir. 2010-cu ilin ötən dövründə qlobal iqtisadi artımın tədricən bərpası, ölkənin tədiyə balansının profisitinin və valyuta ehtiyatlarının əhəmiyyətli artması, pul kütləsinin xarici və daxili mənbələrinin genişlənməsi müşahidə olunmuşdur. Beləliklə, qlobal iqtisadi böhranın milli iqtisadiyyata neqativ təsirlərinin aktiv dövrü geridə qalmışdır. Dövr ərzində ölkə iqtisadiyyatında artım prosesləri davam etmiş, məcmu tələbin fiskal və digər kanallarının tədricən genişlənməsi iqtisadi aktivliyi dəstəkləmişdir. Son 9 ayda başlıca makroiqtisadi indikatorların dinamikasını və gözləntiləri nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini dəyişərək 2010-cu ilin noyabr ayının 1-dən etibarən 3% səviyyəsində müəyyən etmişdir. Eyni zamanda pul kütləsinin artımının xarici monetar amillərinin tənzimlənməsi məqsədilə bank sektorunun xarici öhdəliklərinin 0.5% səviyyəsində məcburi ehtiyata cəlb edilməsi qərara alınmışdır.