Cari il ərzində qlobal iqtisadi böhranın dərinləşməsi şəraitində Azərbaycan iqtisadiyyatının dinamik inkişafı davam etmiş, ikirəqəmli iqtisadi artım templəri qorunub saxlanmışdır. Ölkənin xarici valyuta mövqeyi daha da yaxşılaşmış və valyuta balansının profisiti 15 mlrd. ABŞ dollarına çatmışdır. İqtisadiyyatda inflyasiyanın azalması meylləri başlanmışdır. Bu şəraitdə xarici risk amillərini qabaqlayıcı rejimdə neytrallaşdırmaq üçün Milli Bank preventiv pul siyasəti tədbirlərini davam etdirir. Həyata keçirilmiş tədbirlər bank sistemində yüksək likvidlik səviyyəsinin və aktivlərin keyfiyyətinin qorunmasına və bu əsasda maliyyə sabitliyinin daha da dərinləşməsinə şərait yaradır. Bank sistemində likvidlik səviyyəsinin məqbul həddə saxlanması bankların kredit fəaliyyətinin davamlılığını təmin edir və bununla qeyri-neft sektorunda iqtisadi artım dinamikasının qorunmasında mühüm rol oynayır. Bu istiqamətdə növbəti addım kimi, Milli Bankın İdarə Heyəti 1 dekabr 2008-ci il tarixindən etibarən uçot dərəcəsinin 10%-dən 8%-ə, faiz dəhlizinin yuxarı həddinin isə 15%-dən 13%-ə endirilməsinə dair qərar qəbul etmişdir. Milli Bankın İdarə Heyətinin qərarı ilə həmçinin bankların həm manat, həm də xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normaları 9%-dən 6%-ə endirilmişdir. Milli Bank bank sistemində maliyyə sabitliyinin qorunması istiqamətində məqsədyönlü tədbirlərini bundan sonra da davam etdirəcəkdir.