Milli Bankın İdarə Heyəti 9 iyun 2008-ci il tarixindən etibarən uçot dərəcəsinin 14%-dən 15%-ə yüksəldilməsinə, faiz dəhlizinin digər parametrlərinin isə dəyişməz saxlanılmasına dair qərar qəbul etmişdir. Eyni zamanda manatla və xarici valyutada məcburi ehtiyat normalarının 16 iyul 2008-ci il tarixindən 10%-dən 12%-ə yüksəldilməsinə dair qərar qəbul olunmuşdur.
Milli Bankın Mətbuat xidməti bildirir ki, sıçrayışlı iqtisadi artım, ixrac gəlirlərinin kəskin artması və istifadəsi şəraitində daxili tələbin, o cümlədən kapital və istehlak xərclərinin yüksək sürətlə genişlənməsi ölkədə makroiqtisadi tarazlığın əhəmiyyətli dəyişməsini və qiymətlərin təbii yüksəlişini şərtləndirir. Eyni zamanda qlobal faktorların da daxili makroiqtisadi tarazlığa təsiri güclənməkdədir. Bu şəraitdə kreditlər və depozitlər üzrə real faiz dərəcələrinin azalmağa doğru meylli olması və iqtisadiyyatın təbii hərarətlənməsi baş verir. Bu amillər pul siyasətinin baş verən makroiqtisadi proseslərə çevik reaksiyanı zəruri edir. Bununla əlaqədar Milli Bank pul siyasətinin ardıcıl korreksiyası tədbirlərini həyata keçirir. Artıq cari il ərzində pul və məzənnə siyasətinə dair bır sıra mühüm qərarlar qəbul edilmişdir. Pul siyasəti alətlərinin parametrlərinə yenidən baxılması haqqında Milli Bankın növbəti qərarı da bu sıradan əhəmiyyətli addım kimi dəyərləndirilməlidir.