Milli Bank beynəlxalq standartlara uyğun pul siyasətinin formalaşdırılması və onun realizasiyası mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdədir. Artıq ictimaiyyətə də açıqlandığı kimi monetar idarəetmənin təşkilinin səmərəsinin artırılması çərçivəsində Milli Bank 2007-ci ilin ıı rübündən başlayaraq 'faiz dərəcələri dəhlizi' konsepsiyasının reallaşdırılmasına başlayır. Pul siyasətinin reallaşması mexanizmlərinin mütərəqqi formalarından olan 'faiz dəhlizinin' tətbiqinin məqsədi yeni əməliyyat strukturunu nəzərdə tutmaqla Milli Bankın iqtisadiyyatda pulun dəyərinə təsir etmək imkanlarının genişləndirilməsi və bununla operativ monetar idarəetmənin səmərəsinin daha da artırılmasına şərait yaratmaqdan ibarətdir. (Bax 25/01/2007 tarixli Press reliz ) Məcmu tələblə məcmu təklif arasında tarazlığın qorunmasında, inflyasiyanın monetar amillərinə nəzarətin güclənməsində digər tədbirlərlə yanaşı Milli Bankın əməliyyatları üzrə faiz dərəcələrinin çevik tənzimlənməsi də müsbət rol oynayır. Faiz dərəcələrinin belə dəyişdirilməsi iqtisadiyyatda yığım səviyyəsinin artmasına və cəlb olunan əlavə vəsaitlərin hesabına bank sektorunun resurs bazasının genişlənməsinə səbəb olacaqdır. Nəticə etibarilə bu tədbir əhalinin xərclər strukturuna adekvat təsir göstərməklə mühüm antiinflyasiya effektinə malik olacaqdır. Qeyd olunanları nəzərə alaraq faiz dərəcələrinə təsir göstərməklə pula olan izafi tələbi məhdudlaşdırmaq və beləliklə də inflyasiyanın azalmasına təsir göstərmək məqsədilə Milli Bankın İdarə Heyəti 2 aprel 2007-ci il tarixindən etibarən faiz dəhlizinin yuxarı həddinin 19%, aşağı həddinin 5% olmaqla, uçot dərəcəsinin 12% səviyyəsində müəyyən olunmasına dair qərar qəbul etmişdir.