18 dekabr 2020-ci il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 6.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 6.75% səviyyəsində müəyyən edilmişdir.
Pandemiyanın təsiri ilə xarici və daxili tələbin zəifliyi şəraitində faktiki və proqnozlaşdırılan inflyasiya səviyyəsi qəbul edilmiş hədəf diapazonunun mərkəzindən aşağıda qalır ki, bu da pul siyasətinin yumşaldılması üçün potensialın mövcud olduğunu göstərir.
Valyuta bazarında tarazlığın davam etməsi, pul təklifinin və kredit qoyuluşlarının zəif artımı şəraitində qəbul edilən qərar monetar şəraitin yumşaldılmasına yönəldilmişdir. Digər tərəfdən qlobal enerji daşıyıcıları bazarında müşahidə edilən son meyillər, onların 2021-ci ildə də davam etməsi perspektivləri ölkənin xarici mövqeyinin və iqtisadi subyektlərin gözləntilərinin yaxşılaşmasını dəstəkləyə bilər.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar pandemiyanın təsirləri, iqtisadiyyatın bərpa tempi, daxili və xarici risklərin reallaşması ehtimalları nəzərə alınmaqla qəbul ediləcəkdir.
İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri. İnflyasiyanın dinamikası son aylar üzrə proqnozlaşdırılan trayektoriyaya uyğundur və əsasən azaldıcı amillərin təsiri altında formalaşır. Pandemiya ilə bağlı məcmu tələbin aşağı və məcmu buraxılışın kəsirli olduğu şəraitdə rəsmi statistikaya görə noyabrda 12 aylıq inflyasiya 2.4% təşkil etmişdir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.
İstehlak səbətinin əsas alt kateqoriyaları üzrə qiymət dəyişimi fərqli dinamika nümayiş etdirir.
Ərzaq inflyasiyası noyabrda 0.4%, son 12 ayda isə 3.9% təşkil etmişdir. Ərzaq inflyasiyasının dinamikasına dünya ərzaq qiymətlərinin son 12 ayda 6.5% artması da təsir göstərmişdir.
İnflyasiyanın qeyri-ərzaq və xidmət komponentləri üzrə stabillik davam edir ki, bu da əsasən istehlak tələbinin azalmasından irəli gəlir. Qeyri-ərzaq məhsullarının qiymətləri son ayda 0.1%, xidmətlər isə 0.9% bahalaşmışdır. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətlərinin 12 aylıq dəyişimi müvafiq olaraq 1.2% və 1.1% təşkil etmişdir.
İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişir. Real sektor müəssisələri üzrə monitorinqin nəticələrinə görə noyabrda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi (əsasən toxuculuq və tikiş altsektorları hesabına) və ticarət sahələrində azalmış, xidmət sektorunda artım meyilli olsa da neqativ zonada qalmış, tikinti sektorunda isə demək olar ki, dəyişməmişdir. Bütövlükdə bütün iqtisadi subyektlər üzrə inflyasiya gözləntiləri faktiki göstəricilərə yaxın formalaşmışdır. Dekabrda ev təsərrüfatları arasında aparılmış sorğuya görə növbəti 12 ay üzrə qiymətlərin daha yüksək templə artacağını gözləyən respondentlərin xüsusi çəkisi sentyabr ayı ilə müqayisədə 13 faiz bəndi azalaraq 12%-ə enmişdir.
Dekabrda yenilənmiş proqnozlara görə inflyasiyanın 2020-ci ilin sonuna 3% ətrafında, 2021-ci ilə isə 3.5-4% diapozonunda formalaşacağı gözlənilir.
Qlobal mühit və xarici sektor göstəriciləri. Qlobal iqtisadiyyatda bərpa prosesi zəif gedir və dayanıqlı deyil. Cari ilin III rübündə qlobal iqtisadi bərpanın müəyyən əlamətlərinin görünməsinin ardınca son aylar epidemioloji vəziyyətin yenidən pisləşməsinə cavab olaraq ayrı-ayrı ölkələrdə qəbul edilən sərt məhdudlaşdırıcı tədbirlər qeyri-müəyyənlikləri artırmışdır. İnkişaf etmiş iqtisadiyyatlarda yumşaq pul siyasəti və fiskal stimul tədbirləri davam edir. Ticarət tərəfdaşı olan ölkələrin maliyyə və valyuta bazarlarında dalğalanmalar yüksək olaraq qalır.
Dünya əmtəə bazarlarında tarazlıq axtarışı davam edir. Son vaxtlar müxtəlif əczaçılıq şirkətlərinin təhlükəsiz və təsirli COVID-19 peyvəndinin istehsalı istiqamətində irəliləyişləri neft bazarına müsbət təsir göstərməkdədir. Yenilənmiş proqnozlar 2021-ci ildə neftə olan gündəlik tələbatın artacağını göstərir. Brent markalı neftin orta qiyməti oktyabrda 41.6 ABŞ dolları olduğu halda, bu rəqəm noyabrda 44 ABŞ dollarına, dekabrın ötən dövründə isə 49.3 ABŞ dollarına yüksəlmişdir. Dünyanın başlıca analitik mərkəzləri 2021-ci ilə neftin proqnoz qiymətini yüksəltmək istiqamətində təshih etməkdədirlər.
Profisitli xarici ticarət balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 50 mlrd. ABŞ dollarını və beləliklə illik ümumi daxili məhsulu üstələməkdə davam edir. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3.3% artmışdır.
Monetar şərait. Ötən iclasdan bəri monetar şəraitdə əhəmiyyətli dəyişiklik baş verməmişdir.
Pul bazası ilin əvvəlindən 3.3% artmışdır ki, bu da gözləniləndən əhəmiyyətli aşağıdır.
Noyabr-dekabr aylarında Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələri sabit qalsa da, dövlət qiymətli kağızlarının gəlirliliyi azalma meyilini qorumuşdur. Banklararası REPO bazarında orta faizlərdə ciddi dəyişiklik müşahidə edilmir.
Pul siyasəti qərarları ilə yanaşı makroprudensial yumşalmalar və dövlətin güzəştli kreditləşmə proqramları da kredit qoyuluşlarının dinamikasına və orta faizlərə müsbət təsir göstərir.
Pandemiya şəraitində kreditlərə olan tələbin zəifləməsi bankların başlıca resurs mənbəyi olan depozit faizlərinin dinamikasına təsir edir. Son aylar depozit faizlərində azalma meyili müşahidə olunur.
Əmanətlərin sığortalanması mexanizminin dayanıqlı şərtlərlə yeni çərçivəyə keçidi bank sisteminin resurs bazasının dayanıqlı əsaslarda möhkəmlənməsi və beləliklə, maliyyə sabitliyinin qorunması ilə yanaşı depozit faizlərinin formalaşmasına da müsbət təsir edəcəkdir.
Ötən iclasdan bəri valyuta bazarında sabitlik davam etmişdir. Tarazlı valyuta bazarı şəraitində dollarlaşma göstəricilərində azalma müşahidə edilir.
İqtisadi aktivlik. Pandemiyanın məcmu tələbə və təklifə azaldıcı təsirləri şəraitində rəsmi statistikaya görə cari ilin 11 ayında Ümumi Daxili Məhsul real olaraq 4.3%, o cümlədən, qeyri-neft sektoru üzrə 2.9% azalmışdır. Pandemiya iqtisadiyyatın ayrı-ayrı sahələrinə təmas səviyyəsindən asılı olaraq fərqli təsir göstərir. İqtisadiyyatın aşağı təmas sahələrindən olan qeyri-neft sənayesində 11.3%, kənd təsərrüfatında isə 2% iqtisadi artım qeydə alınmışdır.
İqtisadi aktivlik üzrə operativ indikatorlar real sektorda bərpa proseslərinin getdiyini göstərir. Real sektor müəssisələrinin monitorinqinə görə noyabrda Biznes İnam İndeksi ötən aya nəzərən qeyri-neft emalı, ticarət, xidmət sektorlarında artım meyilli olmuş, tikintidə eyni səviyyədə qalmışdır.
Xarici mühitin yaxşılaşması və təxirə salınmış tələbin aktivləşməsi hesabına 2021-ci ildə iqtisadi artımın bərpası proqnozlaşdırır. Pandemiyanın milli iqtisadiyyatın strukturuna uzunmüddətli təsirləri ilə bağlı qeyri-müəyyənliklər qalır.
Fiskal stimullar və kredit axınlarında azalmanın qarşısının alınmasına yönəldilmiş tədbirlər də 2021-ci il üzrə iqtisadi artım proqnozlarının reallaşmasını dəstəkləyəcəkdir. İşğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı iqtisadi quruculuq planları 2021-ci ildə iqtisadi artımın bərpası ilə bağlı nikbinliyə əlavə dəstək verəcəkdir.
İnflyasiya riskləri. Pul siyasətinə həsr olunmuş ötən iclasdan bəri risk balansında əhəmiyyətli dəyişikliklər baş verməmişdir.
Qısamüddətli dövr üzrə inflyasiyaya azaldıcı təsir göstərən amillər üstünlüyünü qoruyur. Dünya ərzaq qiymətlərində bahalaşma və epidemiya əleyhinə xərclərin artması məcmu tələbin azalması hesabına neytrallaşır. Manatın məzənnəsinin sabitliyi və iqtisadiyyatda əhəmiyyətli qeyri-müəyyənliklər fonunda kreditə tələbin azalması qısamüddətli dövrdə qiymət sabitliyinin əsas amilləridir.
Ortamüddətli dövr üzrə isə məcmu tələbin və beləliklə iqtisadi artımın bərpası inflyasiya proseslərinə təsir edən başlıca amilllərdən biri olacaqdır. Məcmu tələbin bərpasına xarici mühitin yaxşılaşması, təxirə salınmış tələb və kredit qoyuluşları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə quruculuq planlarının həyata keçirilməsini nəzərdə tutan fiskal aktivlik də müsbət impulslar verəcəkdir. Bu dövrdə qiymətlərin sabitliyini və valyuta bazarında tarazlığı təmin edən makroiqtisadi çərçivə xarici mühitdən gələ bilən mümkün şokların idarə edilməsinin və iqtisadi artımın dayanıqlı əsaslarla bərpasının əsas şərtlərindən biri olacaqdır.
Mərkəzi Bank bundan sonra da iqtisadiyyatda və maliyyə bazarlarının bütün seqmentlərində gedən proseslərin monitorinqini davam etdirəcək, ölkədə makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün sərəncamında olan bütün alət və vasitələrdən istifadə edəcəkdir.
Bu qərar 18 dekabr 2020-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il yanvar ayının 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.