13 mart 2017, Bakı: 10 mart 2017-ci il tarixində Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclası keçirilmişdir. İclasda son makroiqtisadi proseslər, inflyasiyaya təsir edən amillər, bu amillərin idarə olunması üçün görülən tədbirlər və pul siyasətinin reallaşmasının gedişatı müzakirə olunmuşdur.
Müzakirələrdə cari ilin ötən dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neftin qiymətinin artması, orta aylıq qeyri-neft idxalının əvvəlki ilin son rübünün orta aylıq göstəricilərinə nəzərən azalması və nəticədə tədiyə balansının cari hesabında tarazlaşma meyillərinin başlaması makroiqtisadi sabitliyə müsbət təsir edən amil kimi qeyd olunmuşdur.
Makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər, o cümlədən Maliyyə Sabitliyi Şurasının təsdiq etdiyi tədbirlər planının icrası da müsbət nəticələr verir. Qəbul edilmiş pul proqramına uyğun olaraq pul kütləsinin effektiv idarə olunması, pul və fiskal siyasətlərin sıx əlaqələndirilməsi, valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş kompleks tədbirlər inflyasiya risklərinin çevik tənzimlənməsinə imkan vermişdir. Mərkəzi Bankın genişmiqyaslı sterilizasiya əməliyyatları pul siyasətinin yeni lövbəri olan pul bazasının həcmini optimallaşdırmışdır.
Görülən tədbirlər və müşahidə edilən müsbət proseslər daha çevik məzənnə rejiminə keçid üçün əlverişli şərait yaratmışdır. Mərkəzi Bank məzənnə rejiminin çevikliyini artırmaq istiqamətində bir sıra qərarlar qəbul etmişdir. Yeni valyuta hərracı mexanizminin tətbiqi, xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limitin aradan götürülməsi valyuta bazarına tarazlaşdırıcı təsir göstərmişdir. Cari ilin ötən dövründə milli valyutanın bir qədər möhkəmlənməsi trendi müşahidə olunmuşdur ki, bu da inflyasiya gözləntilərinin yaxşılaşmasını şərtləndirmişdir.
Qeyd olunan proseslər fonunda 2017-ci ilin fevral ayında əvvəlki aya nisbətən inflyasiya templərinin azalması müşahidə olunmuşdur.
Qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsinin tətbiqinin effektivliyindən, tədiyə balansında və valyuta bazarında müsbət trendlərin davam etməsindən asılı olaraq cari ilin sonuna birrəqəmli inflyasiya səviyyəsinə nail olmaq imkanları yaranmışdır.
Makroiqtisadi sferada müşahidə olunan ilkin müsbət trendləri və formalaşan yeni gözləntiləri nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin dəyişməz saxlanması barədə yekdil qərar qəbul etmişdir.