10 iyul 2015-ci il, Bakı: Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyat və bölgədə baş verən son proseslər fonunda öz dayanıqlığını qoruyur və sabit inkişaf kursunu davam etdirir. Cari ildə iqtisadi tsikldəki yeni meyillərə adekvat olaraq makroiqtisadi siyasətdə həyata keçirilən mühüm təshih tədbirləri milli iqtisadiyyatın dayanıqlığının qorunmasına yönəlmişdir.
Həyata keçirilən məqsədyönlü məzənnə siyasəti iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə və tədiyə balansının strateji dayanıqlığına müsbət təsir etmişdir. Eyni zamanda makroiqtisadi sabitlik qorunmuş, 2015-ci ilin birinci yarısında inflyasiya aşağı təkrəqəmli səviyyədə qalmışdır. Son 2 ayda valyuta bazarı və manatın məzənnəsi əhəmiyyətli dərəcədə stabilləşmiş, Mərkəzi Bankın valyuta ehtiyatlarında artım müşahidə olunmuşdur.
Azərbaycan Mərkəzi Bankı ölkədə makroiqtisadi sabitliyin qorunması ilə yanaşı iqtisadi artımın və milli iqtisadiyyatın şaxələnməsi proseslərinin dəstəklənməsi istiqamətində də məqsədyönlü fəaliyyətini davam etdirmişdir.
Bu sahədə ən mühüm fəaliyyət istiqamətlərindən biri bank xidmətlərinin ucuzlaşması, xüsusilə faiz dərəcələrinin enməsinin təşviq olunmasıdır. Bununla bağlı son vaxtlar bank sektorunun fəaliyyətinin tənzimlənməsi üzrə həyata keçirilən tədbirlər faizlərin aşağı düşməsinə şərait yaradır.
Eyni zamanda inflyasiyanın məqbul səviyyəsini və pul təklifinin dinamikasını nəzərə alaraq pul siyasətinin daha da yumşaldılması imkanları yaranır.
Qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesinmaliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasınamonetar zəmin yaratmaq məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 13 iyul 2015-ci il tarixindən uçot dərəcəsinin 3.5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul etmişdir.