Azərbaycan Respublikası Mərkəzi Bankı
İdarə Heyətinin 03 aprel 2001-ci il
tarixli qərarı ilə təsdiq edilmişdir.
Protokol N 13 D/ reyestr 11
“03 ” aprel 2001-ci il
İdarə Heyətinin Sədri
________ E.S.Rüstəmov
Azərbaycan Respublikasının Bank sistemində əmanətlərin (depozitlərin) uçot Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında», «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Bank sistemində (irəlidə «Bank») əmanətlər (depozitlər) üzrə mühasibat uçotu prinsiplərini müəyyən edir və əmanətlər (depozitlər) üzrə əməliyyatların maliyyə hesabatlarında əks etdirilməsi məqsədilə tətbiq edilir.
1.3. Bank əmanəti (depoziti) müqaviləsinin bağlanması qaydaları, əmanətlərin növləri, onların hüquqi recimi və əmanət (depozit) hesabları ilə bağlı hüquqi münasibətlər «Azərbaycan Respublikasının Mülki Məcəlləsi» ilə tənzimlənir.
1.4. Banklarda əmanətlər (depozitlər) üzrə əməliyyatlar aparılarkən vergitutma məqsədləri üçün «Azərbaycan Respublikasının Vergi Məcəlləsi»nin müddəaları əsas tutulur.
2. Əmanətlərin (depozitlərin) təsnifləşdirilməsi və onların uçotu
2.1. Maliyyə hesabatları məqsədləri üçün əmanətlər (depozitlər) əmanətçinin kateqoriyaları (fiziki və ya hüquqi şəxslər), rezidentlik, sahə mənsubiyyəti və əmanətlərin müddəti amilləri üzrə təsnifləşdirilir.
2.2. Əmanətlərin (depozitlərin) uçotu əmanət (depozit) müqaviləsinə uyğun olaraq əsas məbləğdə müvafiq balans hesablarda aparılır.
2.3. Əmanətlər (depozitlər) üzrə faizlər müvafiq qanunvericiliyə və normativ aktlara uyğun hesablanır.
3. Yekun müddəalar
3.4. Bu Qaydaların qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının 17 aprel 1996-cı il tarixli, 02-11/366 saylı «Banklarda əmanətlər üzrə əməliyyatlar aparılması Qaydaları» öz qüvvəsini itirmiş hesab edilir.
3.5. Bu Qaydalar 03 aprel 2001-ci il tarixdən qüvvəyə minir. Əmanətlərlə (depozitlərlə) bağlı əməliyyatların uçotunun aparılması üçün metodoloji göstərişlər:
1. Əmanətlərin (depozitlərin) qəbul edilməsi zamanı aşağıdakı mühasibat yazılışı verilir:
Dt Kassa/ müxbir hesab/ müştərinin hesabı
Kt müvafiq müştərinin müvafiq əmanət (depozit) hesabı
2. Əmanətlərə (depozitlərə) dair ödəniləcək faizlərin hesablanması zamanı aşağıdakı mühasibat yazılışı verilir:
Dt müvafiq faiz xərcləri hesabı
Kt müvafiq hesablanmış faiz borcları hesabı
3. Əmanətlər (depozitlər) üzrə hesablanmış faizlərin ödənilməsi zamanı aşağıdakı mühasibat yazılışı verilir:
Dt müvafiq hesablanmış faiz borcları hesabı
Kt Kassa/ müxbir hesab/ müştərinin hesabı
4. Əmanətlərin (depozitlərin) qaytarılması zamanı aşağıdakı mühasibat yazılışı verilir:
Dt müvafiq müştərinin müvafiq əmanət (depozit) hesabı
Kt Kassa/ müxbir hesab/ müştərinin hesabı