Azərbaycan Respublikası Mərkəzi Bankının Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi pul və məzənnə siyasətinin işlənməsi və həyata keçirilməsi, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində mərkəzi bankın struktur bölmələrinin operativ fəaliyyətinin tənzimlənməsini və koordinasiyasını təmin edən kollegial orqandır. Komitənin iclaslarında pul və məzənnə siyasətinin əməliyyat çərçivəsi, pul siyasəti alətlərinin parametrləri, maliyyə sabitliyi üzrə risklərin dərin və hərtərəfli diaqnostikası əsasında makro ve mikro-prudensial siyasət, baş verməsi ehtimal olunan böhran situasiyalarının idarə olunması və tənzimlənməsi üzrə qərarlar üzrə təkliflərə dair İdarə Heyətinə tövsiyələr verilir, həmçinin İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla müvafiq qərarlar qəbul edilir. Komitəyə Mərkəzi Bankın Sədri rəhbərlik edir. Komitənin üzvləri Mərkəzi Bankın pul, məzənnə və maliyyə sabitliyi siyasətinin işlənməsi və həyata keçirilməsində bilavasitə iştirak edən blokların rəhbərləridir.