Maliyyə savadlılığı fərdlərin maliyyə məhsul və xidmətlərini başa düşmək, maliyyə risk və imkanlarını qiymətləndirmək, rasional seçimlər etmək üçün zəruri olan məlumatlılıq səviyyəsi, bilik, bacarıq və davranışlar toplusudur (İƏİT-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, 2012). Son illərdə maliyyə savadlılığı, maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunması və maliyyə inklüzivliyi fərdlərin maliyyə maarifləndirilməsinin əsas üç komponenti hesab edilərək bütövlükdə maliyyə sisteminin inkişafının əsas göstəricisi kimi qəbul edilmişdir (Yaşılıların beynəlxalq maliyyə savadlılığı sorğusu. İƏİT, 2020)[1]. Digər tərəfdən, maliyyə xidmətləri sferasında rəqəmsal texnologiyaların tətbiqi və yeni rəqəmsal maliyyə məhsullarının yaranması əhalidə bu istiqamətdə maarifləndirmənin vacibliyini ön plana çəkmişdir. Bu səbəbdən əhalinin maddi rifahı, habelə ölkənin iqtisadi artımı, maliyyə sabitliyi və maliyyə inklüzivliyi üçün maliyyə savadlılığı vacib bir element hesab olunur.
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) istehlakçıların maliyyə savadlılığının artırılmasına və bu yolla onların hüquqlarının qorunmasına yönəlmiş müxtəlif səpkili tədbirlər həyata keçirir. Bu təbirlərdə əsas hədəf qrupları məktəblilər, tələbələr, müəllimlər, ev təsərrüfatları, yaşlı əhali qrupu, kiçik və orta sahibkarlar, iş yerləri, iqtisadiyyat və bankçılıq üzrə ixtisaslaşan jurnalistlər və bank işçiləri olmuşdur. Maarifləndirmə məqsədilə qeyd olunan hədəf qruplarına təlim və seminarlar, ictimai aksiyalar, yay məktəbləri, iş yerlərində tədbirlər keçirilmiş, müxtəlif nominasiyalarda müsabiqələr, təbliğat-təşviqat kampaniyaları təşkil edilmiş, eyni zamanda öyrədici oyunlar və müxtəlif intellektual resurslar yaradılmışdır.
Maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, istehlakçıların savadlılıq səviyyəsinin və hüquqlarının müdafiəsinin artırılması, həmçinin maliyyə məsələləri ilə bağlı düzgün qərarların verilməsini dəstəkləmək məqsədilə keçirilən bu təbdirlərdə Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə yaradılmış müasir intellektual resurslardan istifadə olunur. Belə intellektual resurslardan biri 2015-ci ildə istifadəyə verilmiş “Maliyyə savadlılığı” portalıdır (www.bizimpullar.az). Bu portal vasitəsilə iqtisadiyyat və maliyyə sahəsində informativ materiallarla, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalarla, virtual muzey və məktəblilər üçün rubrikalarla tanış olmaq, eləcə də iqtisadi məzmunlu oyun və kalkulyatorlardan istifadə etmək mümkündür.
AMB-nin iqtisadi maarifləndirmə məqsədilə yaratdığı digər intellektual resursu 2017-ci ildə fəaliyyətə başlamış Virtual Təhsil Platformasıdır (www.edu.e-cbar.az). Ənənəvi təlim üsullarını müasir formatda təklif edən bu platformanın əsas məqsədi iqtisadiyyat və maliyyə-bank sektorunda işləyən, bu istiqamətdə təhsil alan, həmçinin öz bilik və bacarığını artırmaq istəyən fərdlərə dəstək olmaqdır. Platformada mövcud olan distant tədris modullarından istifadə etməklə, istənilən vaxt və istənilən yerdə peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.
Bununla yanaşı, AMB-nin təşəbbüsü ilə əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarını asanlaşdırmaq, bu xidmətlərdən istifadəni stimullaşdırmaq, maliyyə xidmətləri bazarında rəqabəti gücləndirmək, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətini artırmaq məqsədilə “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi” yaradılmışdır (www.infobank.az). Maliyyə Savadlılığı portalının tərkib hissəsi olan bu sistem istifadəçilərin maliyyə məhsulları üzrə məlumatları bir mənbədən əldə etməsinə, müqayisə apararaq əlverişli məhsul və ya xidmət seçməsinə imkan yaradır.
Sözügedən intellektual resursların məzmunu mütəmadi olaraq yenilənir və zənginləşdirlir.
Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” ayrıca strateji hədəf kimi qeyd olunmuş və maliyyə savadlılığının əhəmiyyəti bir daha vurğulanmışdır. Bu sənəd istehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi prioritetinin əsas icraçısı kimi AMB qarşısında əhalinin maarifləndirilməsinə dair strateji tapşırıqlar qoymuşdur. Həmçinin, Prezidentin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən əhalinin maliyyə savadlılığının yüksəldilməsi, rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması məqsədilə maarifləndirmə, təbliğat və təşviqat işləri həyata keçirilmişdir.
Hal-hazırda sözügedən dövlət proqramları çərçivəsində görülmüş işlərin dayanıqlılığının artırılması, maliyyə savadlılığının ölkə üzrə əhəmiyyətini vurğulamaq və bu istiqamətdə göstərilən təşəbbüsləri koordinasiya etmək məqsədilə AMB tərəfindən maliyyə savadlılığı strategiyası hazırlanmaqdadır. Bu istiqamətdəki işləri, eləcə də institusional koordinasiyanı AMB adından, onun maliyyə savadlılığı ilə məşğul olan müvafiq struktur bölməsi həyata keçirir və bu məqsədlə, digər dövlətlərin mərkəzi bankları, xarici və yerli təlim-tədris institutları ilə əməkdaşlıq edilməsini, yerli tərəfdaşlarla lazımi informasiya mübadiləsi aparılmasını, qarşılıqlı işgüzar əlaqələrin qurulmasını təmin edir.