Mərkəzi Bankın bu istiqamətdə fəaliyyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla tənzimlənir. Pul siyasəti Mərkəzi Bankın əsas məqsədi olan qiymətlərin sabitliyini təmin etmək məqsədilə həyata keçirilən tədbirlər sistemidir.
Pul siyasətinin hədəfinə çatmaq məqsədilə Mərkəzi Bank pul siyasəti alətlərindən istifadə edir. Sərəncamında olan pul siyasəti alətləri vasitəsilə pul kütləsi, valyuta məzənnəsi və faiz dərəcələrinə təsir göstərməklə Mərkəzi Bank özünün son məqsədinə nail olmağa çalışır. Pul siyasətinə dair adekvat qərarlar qəbul etmək üçün Mərkəzi Bank daim ölkədəki makroiqtisadi vəziyyəti təhlil edir və proqnozlaşdırır. Makroiqtisadi vəziyyət müntəzəm olaraq Mərkəzi Bankın kollegial idarəetmə orqanları olan Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsində və İdarə Heyətində müzakirə edilir, bu müzakirələr əsasında pul siyasətinə dair qərarlar qəbul olunur. Qərarlar Mərkəzi Bankın kommunikasiya vasitələri, o cümlədən press-relizlər vasitəsilə ictimaiyyətə açıqlanır.
Mərkəzi Bank qarşıdakı il (həmçinin ortamüddətli dövr) üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı hazırlayır və ictimaiyyətə açıqlayır. Sənəddə cari ildə makroiqtisadi siyasət çərçivəsi, həyata keçirilən pul siyasətinin yekunları, qarşıdakı il üçün müəyyən edilən pul siyasətinin məqsəd və vəzifələri, onların həyata keçirilməsi yolları, eləcə də ortamüddətli dövrə siyasət istiqamətləri göstərilir.
Mərkəzi Bank il ərzində makroiqtisadi vəziyyəti və həyata keçirilən pul siyasəti barədə məlumatları geniş oxucu kütləsinə çatdırmaq məqsədilə rüblük əsasda Pul Siyasəti İcmalını hazırlayaraq ictimaiyyətə açıqlayır.