Hökumət Ödəniş Portalı (HÖP) – dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlər üzrə ödənişlərin elektron qaydada toplanılmasının təmin edilməsi, büdcə ödənişlərinin aparılması prosesinin sadələşdirilməsi və birbaşa emalının təşkili, kommunal, rabitə, sığorta və digər ödənişlərin vahid platformadan toplanılmasının təmin edilməsi məqsədilə yaradılmışdır. HÖP-ün yaradılmasında başlıca məqsədlərdən biri də Milli Ödəniş Sistemi infrastrukturundan daha səmərəli istifadənin təmin olunması, ölkənin bütün regionlarında elektron ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi olmuşdur.
HÖP infrastrukturu vasitəsi ilə ödənişlər aparılan zaman fiziki şəxslərin fərdi məlumatlarının eyniləşdirilməsi Daxili İşlər Nazirliyinin “İAMAS” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi, sahibkar fiziki və hüquqi şəxslərin məlumatlarının eyniləşdirilməsi isə Vergilər Nazirliyinin “AVİS” Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsi ilə həyata keçirilir. Portal 24/7/365 rejimində fəaliyyət göstərir. HÖP-ə inteqrasiya olunmuş bütün dövlət orqanlarının və digər təşkilatların bank rekvizitləri mərkəzləşdirilmiş qaydada portalın məlumat bazasına daxil edilmişdir və bu təşkilatların rəsmi müraciətləri əsasında yenilənir. Eyni zamanda büdcə ödənişləri üzrə büdcə səviyyəsinin kodu, büdcə gəlirlərinin təsnifat kodu və ödəyici üçün ciddi çətinliklər yaradan digər rekvizitlər də mərkəzləşdirilmiş klassifikator şəklində portalda saxlanılır və avtomatik rejimdə ödəniş tranzaksiyalarına əlavə edilir. İştirakçı təşkilatların xeyrinə qəbul edilmiş ödənişlər haqqında məlumatlar real vaxt rejimində təşkilatların daxili informasiya sistemlərinə, maliyyə vəsaitləri isə növbəti iş günündə Dövlət Xəzinədarlığı Agentliyində və banklarda açılmış müvafiq xəzinə və yaxud bank hesablarına çatdırılır. Hər bir əməliyyat gününün sonunda toplanmış vəsaitlərin müvafiq hesablara çatdırılması üzrə elektron üzləşmə aparılır və bu haqda iştirakçı təşkilatların daxili informasiya sistemlərinə aidiyyəti məlumat çatdırılır.
HÖP-ün ödəyicilər arasında ən geniş istifadə olunan funksional imkanlarından biri də portalın internet səhifəsində Şəxsi Virtual Kabinetinin yaradılmasıdır. Ödəyicilər vətəndaşın şəxsiyyət vəsiqəsinin rekvizitlərindən istifadə olunmaqla müvafiq rəsmi dövlət informasiya resursunda identifikasiya olunmaqla şəxsi virtual kabinet yaradır və avtomatik rejimdə ona portal üzrə unikal identifikasiya kodu verilir. Ödəyici portala inteqrasiya olunmuş dövlət orqanları, kommunal təşkilatlar, rabitə operatorları və digər kütləvi xidmət müəssisələrinin istifadə etdiyi identifikasiya metodlarına uyğun olaraq əlaqələndirmələr yaradır. Bundan sonra şəxsi virtual kabinetinə daxil olan ödəyici vahid bir elektron məkanda bütün bu xidmətlər üzrə öhdəliklərini görür və ödənişlərini apara bilir. Eyni zamanda ödəyicinin bu təşkilatlar qarşısında yaranmış öhdəlikləri haqqında dərhal ödəyiciyə onun seçimindən asılı olaraq SMS və yaxud e-mail ilə məlumat çatdırılır. Ödəyici aparılmış ödənişlərin tarixçəsini istənilən period üzrə izləmək imkanına malikdir.
HÖP infrastrukturu vasitəsilə mərkəzi icra hakimiyyəti orqanları, məhkəmələr, bələdiyyələr, səhm paketi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət ali təhsil müəssisələri, sığorta təşkilatları və rabitə operatorlarının xeyrinə 1100-dən çox xidmət növü üzrə ödənişlər “Azərpoçt” MMC, “Naxçıvanpoçt” MMC kimi poçt operatorları və respublika ərazisində fəaliyyət göstərən bütün bankların xidmət şəbəkəsində, ödəniş terminallarında nağd formada və portalın internet resursundan (www.gpp.az), bankların elektron bankçılıq xidmətlərindən istifadə edilməklə ödəniş kartları və bank hesabları vasitəsilə nağdsız qaydada qəbul edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Səyyar ASAN avtobusları” vasitəsi ilə ödənişlərin qəbulu HÖP infrastrukturuna inteqrasiya olunmuş, eyni zamanda “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən bank şöbələrində, eləcədə HÖP-ün rəsmi internet resursu üzərindən bu əlaqələndirici quruma aid olan ödənişlərin toplanılması təmin edilir.
HÖP-də iştirakçılarla informasiya mübadiləsi yerli Qapalı Telekommunikasiya Şəbəkəsi üzərindən aparılır. İştirakçılarla informasiya mübadiləsinin təhlükəsizliyinin təmin olunması üçün ARMB-nin Bank Sertifikat Xidmətləri Mərkəzinin elektron sertifikatlarından istifadə olunur.
HÖP-də istifadə olunan məlumat formatları, iş reqlamenti, digər detallı məlumatlar və portal haqqında informasiya müvafiq internet resursundan (http://gpp.az) əldə edilə bilər.