Azərbaycan Respublikasının Mərkəzi Bankı
Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır.
“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır.
Azərbaycan Respublikası Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli Qanunu ilə tənzimlənir. Mərkəzi Bankın müstəsna olaraq ölkənin milli valyutasının emissiya funksiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.
Mərkəzi Bankın məqsədləri
Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.
Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir.
Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyildir.
Mərkəzi Bankın funksiyaları
Mərkəzi Bank öz məqsədlərinə nail olmaq üçün Qanunun 5-ci maddəsində müəyyən edilmiş funksiyaları həyata keçirir. Mərkəzi Bankın funksiyaları aşağıdakılardır:
Mərkəzi Bankın əsas funksiyası dövlətin pul və onun tərkib hissəsi olan məzənnə siyasətinin müəyyən edilməsi və həyata keçirilməsidir.
Mərkəzi Bankın mühüm funksiyalarından biri də Azərbaycan Respublikasının milli valyutasının (manatın) emissiya edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Mərkəzi Bank bu hüququn müstəsna sahibidir. Bu səlahiyyət çərçivəsində Mərkəzi Bank manatda olan kağız və metal pul nişanlarını tədavülə buraxır və tədavüldən çıxarır, həmçinin onların dövriyyəsinin təşkili üzrə tədbirlər görür.
Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini müəyyən edir və elan edir.
Valyuta tənzimi və nəzarəti – məzənnə siyasətinin həyata keçirilməsini dəstəkləyən, beynəlxalq hesablaşmaların aparılması, xarici valyuta ilə dövriyyənin tənzimlənməsi, o cümlədən əqdlərin həyata keçirilməsi, valyutadan istifadənin məhdudlaşdırılması və valyutanın hərəkəti üzrə dövlət nəzarətinin aparılması ilə bağlı kompleks tədbirlərdən ibarət fəaliyyətdir.
Mərkəzi Bank sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir.
Mərkəzi Bankın funksiyalarından biri qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansının tərtib edilməsi və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edilməsidir.
Mərkəzi Bank ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir. Bu funksiya “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa qəbul edilmiş 20 oktyabr 2015-ci il tarixli dəyişikliklər əsasında Mərkəzi Banka həvalə edilmişdir.
Bu funksiya çərçivəsində Mərkəzi Bank ölkədə banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərini yaradır, yaratdığı ödəniş sistemlərinin sabit işləməsini təmin etmək məqsədilə onların fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların fəaliyyətinə nəzarət edir.
Mərkəzi Bankın həyata keçirdiyi funksiyalar bütövlükdə ölkənin makroiqtisadi sabitliyinə dəstək göstərilməsinə xidmət edir.
“Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir.
Mərkəzi Bankın dövlət orqanları ilə münasibətləri
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və bu zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz. Lakin Mərkəzi Bank qanunla müəyyən edilmiş müstəqillik statusuna malik olsa da, öz fəaliyyətini digər iqtisadi dövlət orqanları və qurumları ilə qarşılıqlı surətdə əlaqələndirir. Eyni zamanda Mərkəzi Bank dövlətin iqtisadi siyasətinin müxtəlif istiqamətləri üzrə məsələlərin müzakirəsində iştirak edir, müvafiq təkliflər verir. Mərkəzi Bank dövlətin bankı olaraq dövlət xəzinədarlıq hesablarına xidmət göstərir, həmin hesablar üzrə mədaxil-məxaric əməliyyatlarını aparır. Mərkəzi Bank dövlət büdcəsində qısamüddətli vəsait çatışmazlığı yarandıqda dövlətə qanunla müəyyən edilmiş limitlər çərçivəsində kredit verə bilər.
Mərkəzi Bankın hesabatlılığı
Mərkəzi Bank fəaliyyətinin şəffaflığını artırmaq və ictimai etimadı gücləndirmək üçün ictimaiyyəti öz məqsəd və funksiyalarının həyata keçirməsi ilə bağlı daim məlumatlandırır. Mərkəzi Bankın sədri ölkə iqtisadiyyatına, o cümlədən maliyyə sektorunun inkişafı üzrə görülən işlərə dair ölkə Prezidentinə hesabat verir. Həmçinin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Bankın sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verir. Mərkəzi Bankın illik fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmiş auditor tərəfindən yoxlanılır və maliyyə hesabatı Prezidentə təqdim edilir. Mərkəzi Bankın illik hesabatı ictimaiyyətə də açıqlanır. Belə ki, illik hesabat, o cümlədən audit yoxlamasından keçmiş maliyyə hesabatı hər il kütləvi informasiya vasitələrində (Mərkəzi Bankın internet saytında) dərc edilir.