Banklararası Kart Mərkəzi (BKM) – ölkədə prosessinq fəaliyyəti göstərən və Beynəlxalq Kart Təşkilatlarına (BKT) birbaşa çıxışı olan bütün təşkilatların xidmət şəbəkələri arasında interfeysin təmin edilməsi, rezident banklar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan kart əməliyyatlarının emalı prosessinin bu infrastruktur vasitəsi ilə həyata keçirilməsi ilə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, aparılan kart əməliyyatlarının effektivliyinin artırılması üçün tətbiq olunan banklararası xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsi, kart infrastrukturu iştirakçılarının xərclərinin aşağı salınması məqsədi ilə yaradılmışdır.
Respublika ərazisində fəaliyyət göstərən bütün banklar və Xidmət Mərkəzləri (kart prosessinq mərkəzləri) BKM-nin iştirakçılarıdır. Bunlardan “AzeriKard” MMC, “MilliKart” MMC, həmçinin “Kapital Bank” ASC, “Paşa Bank” ASC, “Unibank” ASC, “Bank of Baku” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Azər-Türk Bank” ASC-nin (In-house banklar) sistemləri BKM infrastrukturuna birbaşa inteqrasiya olunmuşdur. Digər banklar üzrə informasiya mübadiləsi isə onların xidmət olunduğu Xidmət Mərkəzləri vasitəsilə aparılır.
BKM-də iştirakçılarla informasiya mübadiləsi yerli Qapalı Telekommunikasiya Şəbəkəsi üzərindən aparılır. Sistemdə fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə XM-in və In-house bankların sistemləri ilə BKM infrastrukturu arasında informasiya mübadiləsi klasterizasiya edilmiş telekommunikasiya xətləri üzərindən aparılır, Əsas və Ehtiyat Mərkəzlər arası məlumatın online replikasiya rejimində ötürülməsi təmin edilir. İştirakçılarla informasiya mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iştirakçıların əməkdaşları tərəfindən iş yerlərinə giriş proseduru ARMB-nin Bank Sertifikat Xidmətləri Mərkəzinin elektron sertifikatlarından istifadə olunmaqla həyata keçirilir.
Banklararası Kart Mərkəzi üzərindən aparılan əməliyyatlarda yaranan mübahisəli halların həlli üzrə prosedur qaydalar tərtib edilmiş və sistemin mübahisəli halların idarə edilməsi üzrə avtomatlaşdırılmış iş yeri bu qaydalara uyğunlaşdırılmışdır. İştirakçı tərəflər arasında yaranmış insident həllini tapmadıqda Mərkəzi Bank müvafiq qaydalara uyğun olaraq səlahiyyətli orqan qismində insidentin həllini təmin edir.
BKM 24/7/365 rejimində fəaliyyət göstərir. Milli və xarici valyutalarda (USD, EUR, GBP) aparılmış kart əməliyyatları üzrə sorğuların sistemin iştirakçıları arasında ani ötürülməsini təmin edir. BKM vasitəsilə aparılmış əməliyyatlar üzrə yekun hesablaşmalar növbəti əməliyyat günü iştirakçı təşkilatlar üçün hesablanmış təmiz mövqelər əsasında AZIPS-də aparılır.