Azərbaycanda mərkəzi bankçılığın 100 illiyinə həsr olunmuş
yubiley pul nişanı
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycanda mərkəzi bankçılığın 100 illik yubileyinə həsr olunmuş nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılmışdır.
Qeyd olunan əlamətdar tarixi hadisəyə həsr olunmuş gümüş yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31.1 qr. (± 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir. Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilmişdir.
Yubiley pul nişanının ön tərəfində iqtisadi inkişafı təcəssüm etdirən parabola xətlərinin fonunda Azərbaycan Mərkəzi Bankının inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, arxa tərəfində isə Azərbaycan Respublikasının dövlət gerbi, Azərbaycan manatının simvolu və eləcə də milli naxış və ornamentlər təsvir olunmuşdur.
Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.