Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunmuşdur.
Strategiya ölkəmizdə maliyyə sisteminin mühüm sektorları olan sığorta, kapital bazarları və ödəniş sistemlərinin inkişaf etdirilməsi, habelə bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi kimi prioritetləri ehtiva edir. Strategiya maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxәlәndirilməsi, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, habelə şәffaflıq və dayanıqlılığının gücləndirilməsi kimi strateji məqsədləri özündə əks etdirir.
Strategiya sənədi həmçinin hər sektorun ehtimal olunan bazar potensialını, Mərkəzi Bankın müvafiq keyfiyyət tələblərini və risk əsaslı nəzarət mexanizmlərini, rəqəmsal maliyyə, dayanıqlı maliyyə, peşəkar inkişaf və əhalinin maliyyə biliklərinin artırılması kimi istiqamətləri müəyyən edir.
Strategiyada sürətli inkişaf mərhələsində olan sığorta sektoru üzrə vasitəçi və satış kanallarının (sığorta agentləri və brokerləri daxil olmaqla) genişləndirilməsi, könüllü və icbari sığortanın təşviqi, sığorta məlumat və monitorinq mərkəzinin yaradılması, eləcə də korporativ idarəetmənin gücləndirilməsi və risk əsaslı prudensial tənzimləmənin həyata keçirilməsi məsələləri nəzərdə tutulub. Sığorta sektoru üzrə əsas strateji hədəflər, sığorta təminatını genişləndirmək və istehlakçı hüquqlarını effektiv müdafiə etməklə, sığortaya olan inam indeksinin 66%-dən 80%-ə yüksəldilməsini və sığortaçıların ödәmә qabiliyyәtinin artırılması ilə yanaşı, adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılmasını əhatə edir. Bu kompleks yanaşma riskləri effektiv idarə etməklə iqtisadi artımı dəstəkləmək məqsədi daşıyır.
Yüksək inkişaf potensialı olan kapital bazarları üzrə strategiya ölkəmizdə kapital bazarlarının maliyyə sistemində rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək məqsədi daşıyır. Kapital bazarları üzrə əsas strateji hədəflər bazar infrastrukturunun inkişaf etdirilməsini, bazara olan etimadın gücləndirilməsini və dayanıqlığı, bazara çıxış imkanlarının genişləndirilməsini və investisiya alətlərinin çeşidinin artırılmasını əhatə edir. Bundan başqa, kapital bazarlarının ehtimal olunan potensialının qeyri-neft ÜDM-dә payının cari 10%-dən 14%-ə çatdırılması, əhalinin kapital bazarlarında investisiyalarının həcminin cari 150 milyon manatdan potensial olaraq 1 milyard manata çatdırılması və effektiv nəzarət çərçivəsinin formalaşdırılması strategiyada nəzərdə tutulur.
Ödəniş sektorunda innovativ həllərin tətbiqi ilə yanaşı ödəniş xidmətlərinə əlçatanlığın artırılması, ödəniş bazarında şəffaflıq və rəqabətliliyin gücləndirilməsi diqqət mərkəzindədir. Ödəniş xidmətləri üzrə təhlükəsizliyin və səmərəliliyin təmin edilməsi məqsədilə milli ödəniş sisteminin müasirləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması və effektiv nəzarət çərçivəsinin formalaşdırılması da nəzərdə tutulur. Ödəniş sektoru üzrə başlıca strateji hədəf olaraq adambaşına düşən orta illik nağdsız əməliyyat sayının cari 93-dən potensial olaraq 200-ə çatdırılması planlaşdırılır. Nəticə etibarilə, rəqabət qabiliyyətli və innovativ ödəniş ekosisteminin formalaşdırılması və nağdsız ödənişlərin genişləndirilməsi iqtisadi artıma əhəmiyyətli töhfə verəcəyi gözlənilir.
Strategiyaya uyğun olaraq bank sektorunda əlverişli və məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi vasitəsilə dayanıqlı inkişafın dəstəklənməsi nəzərdə tutulur. Bu məqsədlə bank sektoru üzrə bazarın genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inkişaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə, bank sektorunda biznes kreditlərinin həcminin ehtimal olunan potensialı 16.5 milyard manata çatdırılması, müvafiq korporativ idarəetmə, şəffaflıq və rəqabət qabiliyyətliliyinin inkişafı və risk əsaslı tənzimləmə və nəzarətin gücləndirilməsi hədəflənir.
Strategiyada həmçinin ESİ (ekoloji, sosial və idarəetmə) və dayanıqlı maliyyə meyarlarının maliyyə xidmətlərinə inteqrasiyası, rəqəmsal maliyyə həllərinin inkişafı, bu sahədə innovasiyaların geniş miqyasda təşviqi və kibertəhlükəsizliyin gücləndirilməsi təşəbbüsləri də əhatə olunub.
Bundan əlavə, maliyyə sektorunda çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin daha da artırılması, habelə, cəmiyyətdə maliyyə biliklərinin və əlçatanlığının təşviqi kimi fundamental məsələlər strategiyada öz əksini tapmışdır.
“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”-nın hədəflərinin və prioritetlərinin uğurla həyata keçirilməsi ölkəmizin makroiqtisadi və maliyyə sabitliyinə töhfə verəcək, vətəndaşların güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını daha da artıracaqdır.
Strategiyanın icrası barədə məlumat illik əsasda ictimaiyyətə təqdim olunacaqdır.
Hörmətlə,
Taleh Kazımov
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
26 yanvar 2024-cü il