Mərkəzi Bank tərəfindən nağd pulla bağlı biznes proseslərin optimallaşdırılması, eləcə də banklarda müasir texnoloji sistem və avadanlıqların tətbiqi ilə nağd pulun idarə edilməsində səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin banklara ötürülməsi həyata keçirilir.
Öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı, digər banklardan və poçt rabitəsinin milli operatorundan alınmış kağız milli pul nişanlarının avtomatlaşdırılmış emal avadanlığında çeşidlənməsini həyata keçirərək birbaşa və ya digər kommersiya bankları vasitəsilə təkrar tədavülə buraxılması üçün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş tələblərə cavab verən banklardan operator bankların seçilməsi həyata keçirilir.
Operator bankların seçilməsi aşağıdakı meyarlar əsasında həyata keçirilir. Belə ki, operator bank:
- Hər ötən təqvim ili üzrə orta gündəlik nağd pul mədaxili və ya nağd pul məxaricindən ən yüksək olanının həcmindən əlavə gündəlik ən azı 200 min ədəd kağız milli pul nişanlarının çeşidlənməsini təmin edən avtomatlaşdırılmış emal avadanlığına malik olmalı;
- Öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı digər banklardan alınmış kağız milli pul nişanlarının avtomatlaşdırılmış emal avadanlığında 1 (bir) ay müddətindən gec olmayaraq Mərkəzi Bankın pul nişanlarının tədavülə yararsızlıq əlamətlərini, dəyişdirilməsini və ekspertizasını tənzimləyən qaydalarına uyğun olaraq çeşidlənməsini həyata keçirməli;
- Kağız pul nişanlarının avtomatlaşdırılmış emalını həyata keçirən avadanlığa texniki dəstək göstərməli və pul nişanlarının saxtalaşdırılması əlamətlərinin müəyyən edilməsi üzrə ekspertizanın həyata keçirilməsi məqsədilə kadr potensialına malik olmalı;
- Avtomatlaşdırılmış emal avadanlıqlarının pul nişanlarının tədavülə yararlı və yararsızlığına görə adaptasiya səviyyəsinə gündəlik əsasda nəzarəti həyata keçirməli;
- Sistem və avadanlıqların istismar və texniki qulluq normalarına uyğun istismarını təşkil etməli, onların dövri olaraq texniki dəstəklənməsini təmin etməli;
- Avtomatlaşdırılmış emal avadanlıqlarının müşahidə kameraları ilə təchiz edilmiş xüsusi sahədə quraşdırmalı və müşahidə kameralarının görüntülərini ən azı 6 (altı) ay müddətində bankda saxlamalı;
- Mərkəzi Bankın tələblərinə uyğun olaraq çeşidlənmiş pul nişanlarının təkrar tədavülə buraxılmasını təmin etməli;
- Kassa əməliyyatlarının (mədaxil/məxaric), emal proseslərinin, habelə digər bankların nağd pul vəsaitlərinin avtomatlaşdırılmış emal avadanlıqlarında apardığı çeşidləmə əməliyyatlarının gündəlik uçotunu aparmalı və ay ərzində müvafiq məlumatları əks etdirən hesabatı növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq Mərkəzi Banka hesabatın təqdim edilməsinə məsul şəxsin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş elektron formada təqdim etməli;
- Mərkəzi Bank tərəfindən monitorinqlərin keçirilməsi üçün şərait yaratmalı;
- Fəaliyyəti ilə bağlı digər banklarla bağlanmış müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməlidir.
- Operator bankların siyahısı
- "Kapital Bank" ASC
- “ABB” ASC