Missiya
Cavabdehliyi təşviq etmək, dürüstlüyü qorumaq və inkişafı dəstəkləməklə maliyyə sabitliyini təmin etmək
Dürüstlük
Təşkilati kimliyimizin mərkəzində dürüstlük dayanır. Bizim üçün dürüstlük sadəcə gözlənti deyil; bu, bizim hesabatlılığa və etik davranışa sadiqliyimizdir. Fəaliyyətimiz zamanı qərəzsizlik prinsiplərinə istinad edirik. Biz, fəaliyyətimizdə qanuni və etik çərçivələrə riayət edirik. Biz, proses və davranışların qəbul olunmuş qaydalara uyğunluğunu təmin edirik. Biz, təşkilatdaxili və təşkilatxarici tərəfdaşlarımızla iş mühitində qarşılıqlı inama, etibara, qərəzsizliyə əsaslanan münasibətlərimizi daim qorumaq, saxlamaq və inkişaf etdirməyə çalışırıq. Qərarlarımızı verən zaman bütün maraqlı tərəflərin mənafelərini nəzərə alırıq. Hər kəsə bərabər imkanlar yaradırıq. Biz, iqtisadi sabitliyin mühafizəçiləri olaraq başa düşürük ki, ictimai etimad sarsılmaz dürüst mövqe ilə qazanılır.
Cavabdehlik
Biz, mandatımızdan irəli gələn səlahiyyət və öhdəliklərin məsuliyyətini dərk edir və onlara sadiqlik nümayiş etdiririk. Ölkəmizin inkişafı və xalqımızın rifahının yüksəldilməsi istiqamətində üzərimizə düşən cavabdehliyi və məsuliyyəti anlayırıq. Bu istiqamətdə bütün mümkün resurslarımızdan yararlanaraq potensialımızı səfərbər edirik. Verdiyimiz qərarları şəffaf bir şəkildə kommunikasiya edirik. Məqsədlərimizə nail olmaq üçün verdiyimiz qərarlara və göstərdiyimiz fəaliyyətin nəticələrinə görə cavabdehlik daşıyır, nəticəsindən asılı olmayaraq onlara yüksək ruhla sahiblənirik.
İnkişaf
Davamlı öyrənmə və əməkdaşlıq mədəniyyətini təşviq etməklə missiyamızı effektiv həyata keçirir, fəaliyyətimizə dəyər qatacaq yenilikləri tətbiq etməkdən çəkinmirik. Hər zaman yeni ideyalar, yeni yanaşmalar və innovativ həll yolları axtarışındayıq. Müsbət transformasiya imkanlarından istifadə etməklə davamlı təkmilləşməyə və inkişaf etməyə fokuslanırıq. Dəyişən bazar tələblərinə çevik reaksiyaların verilməsi və texnoloji tendensiyaların öncədən proqnozlaşdırılması diqqət mərkəzimizdədir. Fəaliyyətimizin qatdığı dəyərin fərqindəyik, buna görə də işimizi ən mükəmməl şəkildə görmək üçün bütün qüvvəmizi səfərbər edirik. İnkişaf yolunda kollektiv nailiyyətə, qarşılıqlı faydaya və ortaq məqsədlərə yönəlirik. Biz, maliyyə sektorunun dinamik dəyişikliklərini effektiv idarə edir, sabitliyi təmin etməklə yanaşı iqtisadiyyatın dayanıqlı inkişafına töhfə veririk. Ekosistemi sərbəst şəkildə inkişaf etməsi üçün təşviq edirik.