Dünya Bankı
Azərbaycan Respublikası Dünya Bankı (DB) Qrupuna daxil olan beş quruma aşağıda qeyd olunan tarixlərdə üzv olmuşdur:
Azərbaycan Mərkəzi Bankının (AMB) Sədri DB-də Azərbaycan üzrə müdirdir.
Azərbaycan DB ilə Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) çərçivəsində əməkdaşlıq edir. ÖTS Azərbaycan Hökuməti tərəfindən müəyyən olunmuş ehtiyac və prioritetlərə əsaslanan tərəfdaşlıq planıdır.Ölkədə makroiqtisadi vəziyyətin təhlili, effektiv monetar siyasətin həyata keçirilməsi, eyni zamanda DB ilə birgə həyata keçirilən layihələrin müzakirə edilməsi məqsədilə Azərbaycanda səfərdə olan DB-nin missiyası ilə AMB rəhbərliyinin mütəmadi görüşləri təşkil edilir və məsləhətləşmələr aparılır.
Mərkəzi Bank Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirir.
“Maliyyə Sektorunun Müasirləşdirilməsi - 2” layihəsinin məqsədi maliyyə sektoru üzrə hüquqi və tənzimləyici çərçivənin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsinə dəstək göstərməkdir. Layihə sığorta sektoruna nəzarət sisteminin təkmilləşdirilməsi və qanunvericilik bazasının modernizasiyası, bank rezolyusiyasi və likvidasiya çərçivəsinin, o cümlədən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə strategiyanın hazırlanmasına dəstək komponentləri üzrə texniki dəstəyi nəzərdə tutur.
"Azərbaycan və Mərkəzi Asiyada Elektron və Rəqəmsal Maliyyə Xidmətləri" layihəsinin məqsədi bank məhsul və xidmətlərə əlçatanlığın yüksəldilməsi və maliyyә resurslarına çıxışın daha effektiv və innovativ müstəvidə qurulması, elektron vә rәqәmsal maliyyә xidmәtlәri üzrə agent şәbәkәsinin imkanlarından istifadə etməklə әhalinin maliyyә inklüzivliyinin artırılmasından ibarətdir. Layihə çərçivəsində bank məhsul və xidmәtlәrinin əlçatanlığı üzrə normativ hüquqi bazanın yaradılması, açıq bankçılıq yanaşmasının tətbiqi ilə bağlı yol xəritəsinin hazırlanması, Ani Ödənişlər Sisteminin fəaliyyəti, habelə məsafədən identifikasiya olunmaqla bank məhsul və xidmətlərin (bank hesabının açılması, kredit alınması) əldə edilməsi imkanlarının yaradılması üzrə hüquqi aktlara dair tövsiyələrin hazırlanması kimi istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda, bank və müəssisələrin innovativ maliyyə xidmətlərini və məhsullarını sınaqdan keçirməyə imkan verən xüsusi tənzimləyici test rejiminin yaradılması məqsədilə birgə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Layihə üzrə texniki yardımın göstərilməsi üçün “Mərkəzi Bank və Beynəlxalq Maliyyə Korporasiyası arasında Əməkdaşlıq Müqaviləsi” imzalanmışdır.
“Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı”nın (FSAP) məqsədi orta və uzun müddətdə maliyyə sektorunun möhkəmləndirilməsi və dərinliyinin artırılması üzrə ehtiyacların aşkarlanması, xüsusilə də bank sektoru, sığorta və kapital bazarlarının inkişaf perspektivlərinin qiymətləndirilməsi, sektorun səmərəliliyinə və sağlamlığına, orta və uzun müddətli dövrdə iqtisadi artım, sosial inkişafa ötürücülüyünə təsir edən çağırışlara adekvat həll yollarının hazırlanmasından ibarətdir.
Beynəlxalq Valyuta Fondu
Azərbaycan Beynəlxalq Valyuta Fonduna (BVF) 18 sentyabr 1992-ci ildə üzv olmuşdur. Azərbaycan Mərkəzi Bankının (AMB) Sədri BVF-də Azərbaycan üzrə əvəzedici müdirdir.
BVF tərəfindən Azərbaycana aşağıdakı proqramlar həyata keçirilmışdır:
BVF-nin ekspertlərinin AMB-yə mütəmadi səfərləri təşkil edilir. Bu səfərlər zamanı qısa müddətdə inflyasiyanın səviyyəsini azaltmaq və orta müddətdə inflyasiya proqnozlarının sabitləşdirilməsi üçün Mərkəzi Bankın apardığı siyasətlər, məzənnə və faiz dərəcəsi siyasəti, müdaxilə və sterilizasiya, manatla pul bazasının artımı, valyuta ehtiyatlarının diversifikasiya planları və digər məsələlər barədə BVF ekspertləri ilə müzakirələr aparılır.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə Azərbaycan Mərkəzi Bankı (AMB) arasında faydalı əməkdaşlıq əlaqələri 2002-ci ildə yaradılmış və bu əməkdaşlıq çərçivəsində real sektorun monitorinqi, maliyyə proqramlaşdırılması, menecerlik bacarıqlarının artırılması istiqamətində texniki yardım göstərilmişdir. Əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə 2003-cü ildə SECO və AMB arasında ilk “Texniki Yardım və Treyninq Proqramı” imzalanmışdır. Daha sonra Proqramın müddəti 2006-cı ildə 2008-ci ilə qədər, 2008-ci ildə isə 2011-ci ilə qədər uzadılmışdır. Proqram çərçivəsində AMB-də pul siyasəti, bazar əməliyyatları, insan resursları, modelləşdirmə və makroiqtisadi təhlil, maliyyə proqramlaşdırılması, korporativ idarəetmə sisteminin tətbiqi və digər istiqamətlər üzrə texniki yardımlar cəlb olunmuşdur. Bundan əlavə, layihə çərçivəsində SECO ekspertləri tərəfindən AMB-nin əməkdaşları üçün kəmiyyət metodları, kommersiya banklarında korporativ idarəetmə standartları, monetar sektorun proqnozlaşdırılması və təhlili və s. mövzularda seminarlar keçirilmiş, real sektorun monitorinqi, maliyyə proqramlaşdırılması, inflyasiya modelləri, ekonometrik modellər və s. mövzularda məsləhət xidməti göstərilmişdir.
Hazırda, SECO ilə əməkdaşlıq "İkitərəfli texniki yardım və instusional quruculuq" (BCC) proqramı çərçivəsində davam etdirilir. Proqramın ikinci fazasının implementasiyası ilə bağlı AMB və SECO arasında 03 iyun 2019-cu il tarixində Anlaşma Memorandumu imzalanmışdır. Proqram pul siyasəti analizi və implementasiyası, maliyyə sektorunun inkişafı, makroiqtisadi statistika və proqnozlaşdırma, əməliyyat risklərinin idarə edilməsi komponentləri üzrə texniki dəstəyi nəzərdə tutur.
İtaliya Milli Mikrokredit Agentliyi
Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İtaliya Respublikasının Milli Mikrokredit Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu 21.02.2020-ci il tarixində imzalanmışdır. Memorandumun məqsədi Azərbaycan Respublikasında mikrokredit və mikromaliyyə alətlərinin yaradılması, inkişafı təcrübəsinin mübadiləsi sahəsində tərəflər arasında əməkdaşlığı təşviq etməkdən ibarətdir.
İmzalanmış Memoranduma əsasən iki təşkilat arasında mikrokredit alətlərinin təşviq edilməsi, hüquqi və tənzimləyici çərçivənin inkişafı, monitorinqi və qiymətləndirilmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda bu əməkdaşlıq mikromaliyyə xidmətləri sahəsinin inkişafı və mikromaliyyələşmə fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə bu sahədə xarici tərəfdaş təşkilatlar ilə təcrübə mübadiləsi imkanlarının artırılmasında mühüm rol oynayacaqdır.
Asiya İnkişaf Bankı
Azərbaycan Mərkəzi Bankı ilə Asiya İnkişaf Bankı (AİB) arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində “Qeyri-bank maliyyələşməsinin və alternativ maliyyə alətlərinin inkişafına dəstək” layihəsi həyata keçirilməkdədir. Layihənin əsas məqsədi mikro-maliyyə sektoru üçün əlverişli mühit və dəstək proqramları yaratmaqla kənd yerlərində maliyyə inklüzivliyini təşviq edəcək Strategiyanın hazırlanması və bu istiqamətdə maliyyə savadlılığı və istehlakçı hüquqlarının qorunması üzrə görülən işlərin effektivliyinin artırılmasıdır. Layihə qeyd olunan qanunvericilik istiqamətlərinin nəzərdən keçirilməsi, təkliflərin verilməsi, nəzarət mexanizminin qurulması üçün təlimlər və nəzarət təcrübəsinin öyrənilməsi üçün xarici ölkələrə səfərlərin təşkili komponentləri üzrə texniki dəstəyi nəzərdə tutur.
AİB ilə həyata keçirilən “İnkişaf edən Asiyada kapital bazarının inkişafına və islahatlara dəstək” layihəsi 2021-2023-cü illəri əhatə edəcək və Azərbaycan ilə yanaşı Özbəkistan və Monqolustanda kapital bazarının inkişafı üzrə həyata keçirilən islahatların dəstəklənməsinə yönələcək. Layihə yerli kapital bazarlarının diaqnostik qiymətləndirilməsi və hər bir ölkə üçün spesifik yol xəritəsi və kapital bazarının inkişafı üzrə strateji planının hazırlanması, kapital bazarının inkişafı üzrə məlumatlılığın artırılması, eləcə də maraqlı tərəflərin iştirakı ilə konsultasiya vebinarları, seminarlar və təlim səfərlərinin və digər tədbirlərinin keçirilməsini nəzərdə tutur.