Bu bölmədə həm maliyyə bazarları iştirakçıları, həm də geniş ictimaiyyətin dayanıqlı maliyyə sahəsində məlumatlılığının artırılmasını dəstəkləyən məlumatlar yer alır.
Hazırda “dayanıqlı investisiyalar” üzrə qlobal səviyyədə razılaşdırılaraq qəbul olunmuş anlayış mövcud deyildir. Bu isə öz növbəsində dayanıqlı maliyyə üzrə fərqli anlayışların mövcud olmasına və bununla da dayanıqlı maliyyə bazarlarında dövlət və özəl müəssisələri tərəfindən təşəbbüslərin fraqmentar olmasına səbəb olur.
Dayanıqlı maliyyə anlayışı üzrə konsensusun olmaması isə dayanıqlı maliyyə investisiyalarının etibarlılığı və müqayisə oluna bilməsi kimi problemlərin, habelə “yaşıl imitasiya” halları üçün əlverişli şərait yaradır. Dayanıqlı maliyyə və alətləri üzrə taksonomiya vasitəsilə “ümumi dil”in müəyyən edilməsi qeyd olunan problemlərin həlli ilə yanaşı, dayanıqlı maliyyə bazarlarında şəffaflığın təmin edilməsinə və maliyyə axınlarının dayanıqlı inkişaf məqsədlərinə yönəldilməsinə imkan verəcəkdir.
Bununla bağlı, ölkələr tərəfindən dayanıqlı maliyyə taksonomiyasının hazırlanmasına başlanmışdır. Taksonomiya dayanıqlı iqtisadi fəaliyyət növlərini müəyyən edən vahid təsnifat sistemidir. Taksonomiyalar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kəmiyyət və keyfiyyət meyarları müəyyən etməklə dayanıqlı kriteriyasına nə dərəcədə uyğun olmasının qiymətləndirilməsinə imkan verir. Taksonomiyalar müvafiq dövlət və özəl sektor iştirakçıları cəlb edilməklə hazırlanır.
Taksonomiya iqtisadi və sosial göstəriciləri, o cümlədən beynəlxalq və milli iqlim/ ekoloji hədəflərin realizasiyasını dəstəkləməyə xidmət edir. Beynəlxalq təcrübədə taksonomiyalar müxtəlif funksiyaları yerinə yetirir:
Qeyd edilənlərlə yanaşı, taksonomiya həmçinin maraqlı tərəflər üçün dayanıqlı maliyyə üzrə “ümumi dili” müəyyən edir.
Müxtəlif ölkələr tərəfindən dayanıqlı maliyyə taksonomiyasının hazırlanmasına maraq yüksək olmuşdur. Bir sıra inkişaf etmiş və inkişafda olan ölkələr tərəfindən taksonomiyalar hazırlanmış (Çin, Kolumbiya, Gürcüstan, Monqolustan, İndoneziya, Şri Lanka, Cənubi Afrika və s.) və bəziləri tərəfindən də hazırlanmaqdadır. Bununla yanaşı, Avropa İttifaqı və Cənub-şərqi Asiya ölkələri tərəfindən iki regional taksonomiya da hazırlanmışdır.