Son illər mövcud təşkilatdaxili institusional bazanın inkişafı, qlobal və regional miqyasda iqtisadi inteqrasiya meyllərinin güclənməsi AMB-nin digər ölkələrə texniki yardım göstərmək imkanlarını yaratmışdır. Bu sahədə müxtəlif ölkələrdən daxil olmuş sorğuları nəzərə alaraq, AMB-nin donor bank kimi texniki yardım imkanlarının təşviqi və genişləndirilməsi əsas strateji hədəflərdən birinə çevrilmişdir. Bu istiqamətdə, AMB bu günə kimi bir sıra ölkələrin müraciətləri əsasında mərkəzi bankçılığın müxtəlif istiqamətləri üzrə texniki yardım göstərmişdir.
AMB tərəfindən təqdim edilmiş texniki yardımlar sırasında ödəniş sistemlərinin inkişafı üzrə Mərkəzi Afrika Ölkələri Bankı, Oman Mərkəzi Bankı, Qırğızıstan Milli Bankı, Əlcəzair Mərkəzi Bankı, Qazaxıstan Milli Bankı, tədiyə balansının statistikası üzrə Gürcüstan Milli Bankı, Mərkəzi Bankda beynəlxalq standartların tətbiqi, daxili nəzarətin təşkili və risklərin idarə olunması, əməliyyataların davamlılığı üzrə Ukrayna Milli Bankı, maliyyə proqramlaşdırılması üzrə Vyetnam Dövlət Bankı, statistik məlumatların toplanması və emalı sistemi üzrə Qırğızıstan Milli Bankı, TEMENOS proqramının iş prinsipi və proqramın yenilənməsi üzrə Qazaxıstan Milli Bankı, Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestri ilə bağlı Gürcüstan Milli Bankı, Qırğızıstan Ədliyyə Nazirliyi, Mərkəzi Bankda əməkdaşların təhsil imkanları, milli kart sxeminin yaradılması, əməkdaşların məmnunluq səviyyəsinin ölçülməsi üzrə Türkiyə Mərkəzi Bankı, informasiya texnologiyalarının tətbiqi, informasiya texnologiyaları layihələrində həyata keçirilən istifadəçi təcrübəsi üzrə Belarus Milli Bankı, Türkiyə Mərkəzi Bankı, nağd pul dövriyyəsinin təşkili, idarəedilməsi, tələbatın hesablanması, planlaşdırılması, çapı və logistikası, Mərkəzi Bank ilə pul çapı şirkəti arasında əməkdaşlıq üzrə Ukrayna Milli Bankı, Qazaxıstan Milli Bankı, Türkiyə Mərkəzi Bankı, satınalmarlar prosesinin təşkili üzrə Qazaxıstan Milli Bankının nümayəndələri üçün təşkil edilmiş təcrübə mübadilələrini göstərmək olar.