Azərbaycan Respublikasının Mərkəzi Bankı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95-ci maddəsinə əsasən sığorta sektorunda dövlət tənzimlənməsini və nəzarəti həyata keçirir.
Sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, aktuarilər, müstəqil auditorlar, müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər sığorta bazarının peşəkar iştirakçılarıdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə əsasən sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır.
Sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir.
Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.