Yubileylə əlaqədar jurnalistlər üçün seminar və press-tur
Azərbaycanda mərkəzi bankçılığın 100 illik yubiley tədbirləri çərçivəsində media
nümayəndələri üçün keçirilmiş təlim proqramı və press-tur
Azərbaycan Respublikasının Mərkəzi Bankının kommunikasiyasının başlıca hədəf qrupu kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır.
Bu prosesin davamı olaraq Azərbaycanda mərkəzi bankçılığın 100 illik yubiley tədbirləri çərçivəsində cari ilin 2 - 20 sentyabr tarixlərində KİV nümayəndələri üçün “Mərkəzi bankçılıq” mövzusunda təlim proqramı keçirilmişdir. Təlim proqramında mərkəzi bankçılığının əsas fəaliyyat istiqamətləri, pul siyasəti, ödəniş sistemlərinin inkişafı, tədiyə balansı, nağd pulun dövriyyəsinin təşkili və idarə olunması, maliyyə texnologiyaları üzrə qabaqcıl trendlər, kriptovalyuta və blokçeyn həlləri, maliyyə savadlılığı, mərkəzi bankların kommunikasiya siyasəti və digər mövzular əhatə olunmuşdur. Təlim proqramının sonunda Mərkəzi Bankın Quba Regional Mərkəzinə press-tur təşkil edilmişdir. Əsas məqsədi media nümayəndələrini regional mərkəzin fəaliyyəti barədə əyani məlumatlandırmaqdan ibarət olan press-tur zamanı jurnalistlərə regionda sosial-iqtisadi inkişafın dinamik xarakter alması, burada bank-maliyyə institutlarının inkişafı, iqtisadi və maliyyə savadlılığının artırılması, regional mərkəzin həyata keçirdiyi funksiyalar barədə geniş məlumat verildi. Tədbir müddəti ərzində jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırıldı.
Press-tur zamanı media nümayəndələrinə mərkəzin işi ilə yaxından tanış olmaq imkanı yaradıldı, onların fəaliyyəti barədə ətraflı məlumat verildi. Onlar üçün keçirilən təqdimatlarda ölkə ərazisində nağd pul tədavülünün təşkili və regional mərkəzlərin rolu, regional səviyyədə müasir elektron ödəniş xidmətlərin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin icrası məsələlərindən bəhs edildi. Bildirildi ki, burada yüksək təhlükəsizlik tələblərinə cavab verən xəzinə infrastrukturu yaradılmış, xidmət səviyyəsi beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Diqqətə çatdırıldı ki, regional və ehtiyat mərkəzləri milli pul nişanları, onların dəyişdirilməsi qaydaları barədə əhalinin maarifləndirilməsində və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizədə yaxından iştirak edir və bu mərkəzlər həmçinin real sektorun monitorinqi, statistik məlumatların toplanması proseslərinə də cəlb edilmişdir.
Press-turun sonunda media nümayəndələrinin Quba “Soqırımı Memorial Kompleksi”nə ziyarəti təşkil olundu. Onlar soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad etdilər və Kompleksin muzeyindəki eksponatlarla tanış oldular.