Ani Ödənişlər Sistemi (AÖS) – Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılmışdır.
Müasir dövrün əsas çağırışı ödəniş xidmətlərinin fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə tam hesablaşmaların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilməsidir. AÖS-ün yaradılmasında əsas məqsəd Azərbaycanda bank və digər bank olmayan ödəniş xidməti təchizatçılarının müştəriləri olan fiziki və hüquqi şəxslər arasında, həmçinin bu şəxslərlə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində aparıla bilməsinin təmin edilməsidir. Bu sistemdə vəsaiti ödəyənlə vəsaiti alan arasında aparılan hesablaşmalar 5-20 saniyə ərzində hər iki tərəfin xəbərdarlıq alması ilə tam başa çatdırılır. Sistemdə aparılan əməliyyatlar üzrə autentifikasiya, avtorizasiya, klirinq və hesablaşmalar vahid tranzaksiya formatında real rejimdə həyata keçirilir.
AÖS-də əməliyyatlar milli (Azərbaycan Manatı - AZN) valyutada aparılır. Müştəri hesabının milli valyutadan kənar hər hansı valyutada olması halında ödəniş üzrə banklar tərəfindən günün məzənnəsinə uyğun olaraq konvertasiya icra olunur.
Hesablaşmalar iştirakçılar tərəfindən Real Vaxt Rejimində Banklarası Milli Hesablaşmalar sistemində (AZIPS) onların müxbir hesablarındakı vəsait çərçivəsində əvvəlcədən müəyyənləşdirilmiş likvidlik limitləri əsasında aparılır. İştirakçı təşkilatlar üçün qeyri-iş günlərində də likvidliyin idarə olunması üçün funksional imkan yaradılmışdır. Sistemdə hər bir ödəniş tranzaksiyasına 40.000 manat məhdudiyyət müəyyənləşdirilmişdir. Sistem heç bir vaxt məhdudiyyəti tətbiq edilmədən 24/7/365 rejimində fəaliyyət göstərir. AÖS-də istifadəçi tərəfindən başladılan əməliyyat onun bank hesabında və xidmət olunduğu bankın AÖS-də likvidliyin təmin olunması üçün ayrılmış vəsaiti kifayət etdikdə dərhal icra olunur. Əks halda istifadəçiyə ödənişin yerinə yetirilmədiyi haqqında məlumat çatdırılır.
Sistemin istismara verildiyi ilk dövrlərdə iş günləri ərzində 4 dəfə AZIPS ilə əsas müxbir hesabda ayrılmış vəsaitlərdən istifadə üzrə məlumatların sinxronizasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bu zaman hər hansı iştirakçı təşkilatın AÖS-də istifadə üçün ayırdığı vəsaitin 80 faizindən çoxu istifadə olunarsa, həmin təşkilatın müştərilərinin aparmaq istədiyi hər bir əməliyyat zamanı onun rəsmi qaydada müəyyənləşdirilmiş inzibatçılarına bu haqqda məlumat ötürüləcəkdir.
Ölkədə fəaliyyət göstərən bankların hamısının yaradılmış infrastruktura inteqrasiyası nəzərdə tutulur.
Sistemə qoşulmuş bankların müştəriləri bankın elektron kanallarından və ya AniPay mobil tətbiqindən istifadə etməklə qeydiyyatdan keçib öz bank hesablarından AÖS-də istifadə edə bilərlər. Bu zaman ödəyicilərin rahat formada ödənişləri həyata keçirməsi üçün sadə identifikasiya metodları olan mobil nömrələrdən, e-mail ünvanlardan, şəxsiyyət vəsiqəsinin FİN kodundan, VÖEN-dən istifadə təmin edilir.
Büdcə, kommunal, rabitə, cərimə, sığorta və digər ödənişlərin vahid platformadan toplanılmasının təmin edilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) da AÖS-ə inteqrasiya olunmuşdur. Beləliklə, hüquqi və fiziki şəxslər üçün HÖP-ə qoşulmuş təşkilatlar tərəfindən yerinə yetirilən 1000-dən çox xidmət üzrə AÖS vasitəsilə ödənişlərin aparılması imkanı yaradılmışdır.
Həmçinin təsərrüfat subyektlərində, ictimai iaşə müəssisələrində AÖS-ə interqasiya olunmuş nəzarət-kassa aparatlarından və POS terminallardan QR koddan istifadə olunmaqla da ödənişlərin qəbul olunması təmin olunmuşdur.
İştirakçı təşkilatlar AÖS üzrə digər texniki məlumatları müvafiq internet resursundan (https://info.anipay.az/documents/) əldə edilə bilər.
“Mərkəzi əlaqələndirmə” modulu Ani Ödənişlər Sistemi komponentlərindən biri olmaqla, bank müştərilərinin hesab rekvizitlərinin saxlanılması və identifikasiya vasitələri ilə əlaqələndirilməsinə xidmət edir və məlumatların bir mərkəzdən idarə edilməsini təmin edir. Sadə idetifikatorlar qismində müştərinin istəyinə uyğun olaraq fiziki şəxslər üzrə mobil nömrə, e-mail, FİN, fərdi sahibkar və hüquqi şəxslər üzrə isə mobil nömrə...
Ənənəvi bankçılıq sistemlərində müştərilərin hesab məlumatlarına giriş hüququ yalnız onların banklarına məxsus olurdu. Açıq bankçılıq prinsiplərinə görə isə banklar müştəri məlumatlarının saxlanılması qismində iştirak etməklə, yalnız bank müştərilərinin icazəsi müqabilində maliyyə məlumatlarının etibarlı yol ilə 3-cü tərəf rəqəmsal platformalarda görünməsini və əməliyyat apara bilmələrini təmin edir.
Ani Ödənişlər Sistemi üzrə yaradılmış “AniPay” portalı, mobil tətbiq və veb sayt formasında vətandaşların istifadəsinə verilmişdir. Bütün bank hesablarının bir nöqtədən idarə olunduğu bu portal vasitəsi ilə istifadəçilər qeydiyyatdan keçə, hesablararası köçürmə və kommunal və büdcə təşkilatları xeyrinə ödəmələrini, eləcə də QR ödənişlərini sürətli və rahat bir şəkildə icra edə bilərlər.
Ani Ödənişlər Sistemində bir alıcının fiziki və ya onlayn istifadə halında bir ödəyicidən ödənişin başlanmasını tələb etməsinə imkan verən əməliyyat axını ödəniş sorğusu adlanır. Ödəniş sorğusu ödəmə vasitəsi və ya ödəmə aləti olmamaqla, yalnız ödənişin başlanmasını tələb etmək üçün sorğulama funksiyadır.
“Access Bank” ASC | ACABAZ22 |
“AFB Bank” ASC | AZFIAZ22 |
“Azərbaycan Beynəlxalq Bankı” ASC | IBAZAZ2X |
“Azərpoçt” MMC | AZPOAZ22 |
“Azər-Türk Bank” ASC | AZRTAZ22 |
“Bank Avrasiya” ASC | AVRAAZ22 |
“BTB” ASC | BBTBAZ22 |
“Ekspressbank” ASC | AZENAZ22 |
“BANK RESPUBLİKA” ASC | BRESAZ22 |
"RABİTƏBANK" ASC | RBTAAZ22 |
"XALQ BANK" ASC | HAJCAZ22 |
"PAŞA BANK" ASC | PAHAAZ22 |
“Günay Bank” ASC | GUNAAZ22 |
“Melli İran Bankı” Bakı filialı | MELIAZ22 |
“Muğanbank” ASC | MUGAAZ22 |
“Naxçıvanbank” ASC | NAXBAZ22 |
“Premium Bank” ASC | AZALAZ22 |
“Turanbank” ASC | TURAAZ22 |
“Unibank” KB ASC | UBAZAZ22 |
“Yapı Kredi Bank” QSC | KABAAZ22 |
“Yelo Bank” ASC | NICBAZ22 |
“Ziraat Bank Azərbaycan” ASC | TCZBAZ22 |
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi | CTREAZ22/CTREAZ24 |
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu | AZMFAZ22 |
|