Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli, 508 saylı Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda göstərilən tədbirlərin icrası çərçivəsində “Azərbaycan Respublikasının Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiq edilməsi üzrə Tədbirlər Planı” hazırlanaraq təsdiq edilmişdir.
“Azərbaycan Respublikasının Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiq edilməsi üzrə Tədbirlər Planı” Mərkəzi Bank tərəfindən qeyd olunan beynəlxalq standarta uyğun məlumat formatlarının hazırlanması və MÖS infrastrukturunda bu standartdan istifadə imkanlarının yaradılması, habelə iştirakçılar tərəfindən daxili informasiya sistemlərində, elektron bankçılıq və korporativ müştərilər ilə ödəniş xidmətlərində standartın tələblərindən irəli gələn funksional işlərinin həyata keçirilməsi üzrə tədbirləri əhatə edir.
Tədbirlər planı çərçivəsində, Real Vaxt Rejimində Banklarası Hesablaşmalar sisteminin (AZİPS) ISO20022 standartına uyğunlaşdırılması üzrə işlər başa çatdırılmışdır. AZIPS-in iştirakçısı olan 28 təşkilatdan artıq 22-si daxili informasiya sistemlərinin ISO20022 standartına inteqrasiyasını başa çatdırmışdır. Digər qurumlar da cari ilin avqust ayının sonuna kimi bu istiqamətdə işləri yekunlaşdıracaqlar.
Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) ISO20022 standartına uyğunlaşdırılması üzrə işlər yekunlaşdırılmışdır. Hal-hazırda iştirakçı təşkilatların daxili informasiya sistemlərinin ISO20022 standartına inteqrasiyası üzrə işlər davam etdirilir. İştirakçılar tərəfindən XÖHKS vasitəsilə həyata keçirilən məlumat mübadiləsinin ISO20022 standartına uyğunlaşdırılması üzrə işlərin 30 dekabr 2023-cü il tarixinə kimi başa çatdırılması nəzərdə tutulmuşdur.
MÖS infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiqi ödəniş sistemləri iştirakçıları arasında mübadilə üzrə vahid məlumat formatlarının yaradılmasına, ödəniş əməliyyatlarında risklərin minimallaşdırılmasına, avtomatlaşmaya sərf olunan resursların (maliyyə, zaman, insan) azaldılmasına, həmçinin geniş hesabatlıq funksionallıqlarının yaradılmasına imkan verəcəkdir.
#asset-1
#asset-2
Tez-tez verilən suallar
- ISO 20022 nədir?
ISO 20022, qlobal biznes kommunikasiyanı sadələşdirmək üçün hazırlanmış beynəlxalq standartdır. Bu standart, qurumların ardıcıl bir şəkildə istifadə etməyi qəbul etdikləri elə ümumi bir mesaj və dil vasitəsidir ki, qlobal miqyasda maliyyə qurumları arasında ödənişlərin klirinq və hesablaşmasının daha səmərəli təşkilinə imkan verir. Fərqli maliyyə bazarlarındakı iştirakçılara və sistemlərə (məsələn, ödəmələr, qiymətli kağızlar, xarici valyuta, kartlar) ödəniş mesajları daxilində qarşılıqlı əlaqəni və daha çox pul köçürmə məlumatını dəstəkləyən ardıcıl terminologiya və ya sintaksis istifadə edərək ünsiyyət qurmağa imkan verir. Hər kəsin istifadə edə biləcəyi və hər kəsin töhfə verə biləcəyi açıq bir standartdır.
SWIFT (Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) ISO 20022 üçün Qeydiyyat orqanıdır. ISO 20022 standartı SWIFT tərəfindən idarə olunur.
|
- Mərkəzi Bank niyə Azərbaycanda ISO 20022 standartını tətbiq edir?
Azərbaycanın əsas ödəmə infrastrukturu illərdir yaxşı performans üçün, eləcə də klirinq və hesablaşma dövrləri üçün yerli maliyyə sektorunu dəstəkləmişdir. Rəqəmsal texnologiyaların dəyişməsi, istifadəçi tələblərinin, yeni iştirakçıların və qlobal ödəniş sisteminin dəyişməsi Azərbaycan iqtisadiyyatına da təsir etmişdir. Ölkədə nağdsız ödəniş əməliyyatlarının effektivliyini artırmaq, ödənişlərdə avtomatik emal əmsalını yüksəltmək, hesablaşmaları daha qısa müddətə aparmaq üçün ISO 20022 standartının tətbiqi “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda prioritet hesab olunmuşdur. |
- Genişləndirilmiş ödəniş məlumatı nədir?
Ödənişlər haqqında məlumatın genişləndirilməsi dedikdə, ödənişi alacaq sistemlərin hesablarında kommersiya fakturalarda olduğu kimi ödəniş məlumatının daxil olunmasını, uyğunlaşdırılması və uzlaşdırılmasını nəzərdə tutur. |
- Genişləndirilmiş ödəniş məlumatı niyə bu qədər lazımdır?
Elektron ödəmələrin inkişafı, ödəmə mesajlarının mübadiləsi üçün daha çox məlumata ehtiyac yaradıb. Mövcud sistemlərimiz bizə yaxşı xidmət göstərsə də, istifadəçilərin ehtiyac duyduğu məlumatları təqdim etmək üçün texniki imkanı zəifdir və nəticədə son istifadəçilər arasında əməliyyatların avtomatik emal əmsalına maneələr yaradır. Yeni sistem Azərbaycan iş adamlarına, dövlət qurumlarına və maliyyə institutlarına elektron ödənişləri daha effektiv yaratmaq, qəbul etmək və uzlaşdırmaq imkanı verəcəkdir. Daha çox pul köçürmə məlumatının mübadiləsi aşağıdakılar üçün yeni imkanlar yaradır:
- Əməliyyatların avtomatik emal əmsalı üzrə (STP) çətinliklərin olmaması;
- Gələn ödənişlərin hesab-fakturalara uyğun qalıq borclar üzrə avtomatik uzlaşdırılması;
- Həm müştərilər, həm də maliyyə qurumları üçün daha asan ödənişlərin izlənməsi, problemlərin həlli və sistemlərin uzlaşması;
- Ödənişlər barədə məlumatların verilməsində ardıcıllığı nəticəsində səmərəliliyin artırılması və xərclərin azaldılması.
|
- “Birgə mövcud olma” periodu nə deməkdir?
İştirakçı maliyyə qurumları yeni ISO 20022 mesajlarına keçdikləri dövrdə, hal-hazırda istifadə etdikləri mövcud olan standartı dəstəkləmələri və saxlamaları lazım olacaq. İdeal olaraq, bu müddət iştirakçı maliyyə qurumlarına çoxsaylı standartları dəstəkləmək üçün lazımsız xərclərin və səylərin təkrarlanmasının qarşısını almaq üçün mümkün qədər qısa olmağa çalışılacaqdır. |