1992-ci ildə Mərkəzi Bank (həmin vaxt Milli Bank adlanırdı) haqqında qəbul edilmiş Qanuna əsasən, ödəniş sisteminin sabit fəaliyyət göstərməsi və maliyyə hesablaşmalarının həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması Mərkəzi Bankın əsas funksiyalarından birinə çevrilmişdir.
1997-ci ildə Mərkəzi Bank tərəfindən Beynəlxalq Valyuta Fondunun texniki yardımı və Dünya Bankının maliyyə dəstəyi ilə qabaqcil beynəlxalq təcrübə əsasında müasir tələblərə cavab verən Milli Ödəniş Sisteminin (MÖS) yaradılması üzrə islahatların keyfiyyətcə yeni istiqamətdə həyata keçirilməsinə və bu islahatların əsasını və mahiyyətini özündə əks etdirən geniş, qlobal strateji planın hazırlanmasına başlanılmışdır.
MÖS-ün yaradılması və inkişafı strategiyasına uygun olaraq, 16 fevral 2001-ci ildə Milli Bank tərəfindən Dünya Bankının İnstitusional Quruculuğa Texniki yardım (IQTY) Layihəsi çərçivəsində "SWIFT" Ümumdünya Banklararası telekommunikasiya sisteminə əsaslanan Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) yaradılaraq istismara verildi. Sistemin istismara verilməsi ilə yanaşı onun fəaliyyətini tənzimləyən normativ-hüquqi baza və sistemin sabit və fasiləsiz işini təmin etmək məqsədi ilə ən müasir texniki avadanlıqlarla təmin edilən Ehtiyat Mərkəzi yaradıldı.
MÖS-ün inkişafı strategiyasının davamı olaraq 2002-ci ildə beynəlxalq standartlara cavab verən, müasir texnologiyalar əsasında Xırda Ödənişlər üzrə Hesablaşma-Klirinq Sistemi (XÖHKS) yaradılaraq bankların istifadəsinə verildi.
Kommunal sektorda aparılan islahatlara dəstək verilməsi, kommunal ödənişlərin yığım səviyyəsinin daha da artırılması və bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi üçün 11 iyul 2008-ci il tarixində Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) istismara verildi. Ən müasir texnologiya və proqram təminatına əsaslanan bu sistemin istifadəyə verilməsi nəticəsində abonentlərə istənilən ödəniş xidməti nöqtəsində (bankların və “Azərpoçt” Dövlət Müəssisəsinin filial, şöbə, xidmət bölmələri, bankomatlar) kommunal xidməti borcları haqqında tam informasiya almaq və istənilən ödəniş mexanizmləri (nağd yolla, ödəniş kartları, bank köçürmələri, “İnternet Banking”) vasitəsilə ilə ödəniş aparmaq imkanı yaradıldı.
KÖMİS-in infrastruktur imkanlarından daha səmərəli istifadə edilməsi, əhali və iqtisadi subyektlər arasında nağdsız hesablaşmaların genişləndirilməsi və ölkənin bütün regionlarında maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması məqsədilə 2012-ci ildə KÖMİS platformasında Hökumət Ödəniş platforması (HÖP) yaradıldı. Portal vasitəsilə mərkəzləşdirilmiş qaydada vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və başqa kütləvi xidmətlər üzrə ödənişlərin toplanılması təmin edildi.
MÖS-ün inkişafı istiqamətində aparılan islahatların daha bir məntiqi nəticəsi kimi 01 aprel 2016-cı ildə rezident banklar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə aparılan əməliyyatların effektivliyinin artırılması üçün Banklararası Kart Mərkəzi (BKM) yaradılaraq istifadəyə verildi.
"Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində ölkədə rəqəmsal ödəniş infrastrukturunun formalaşdırılması və nağdsız ödəniş mühitinin genişləndirilməsi, fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24/7/365 rejimdə saniyələr ərzində tam başa çatdırılması imkanının təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) 2020-ci ilin 1 oktyabr tarixindən real rejimdə istismara verilmişdir.