Dayanıqlı maliyyə yeni paradiqma olmaqla ESİ meyarlarını maliyyə xidmətlərinə inteqrasiya etməklə dayanıqlı inkişaf hədəflərinə, o cümlədən iqlim dəyişmələrinin mitiqasiyasına və adaptasiyasına yönəlmişdir. Dayanıqlı maliyyə geniş mənada BMT-in Dayanıqlı İnkişaf Məqsədlərinin təmin edilməsinə yönəlmiş güclü, dayanıqlı və balanslaşdırılmış iqtisadi artıma nail olmağa töhfə verən maliyyələşdirmə və bununla əlaqəli institusional və bazar infrastrukturunu ifadə edir.
Son illərdə iqlim dəyişmələri və ekoloji risklərin fəsadları və əhəmiyyətli maliyyə itkisinə səbəb olması fonunda, maliyyə institutlarının maliyyə və investisiya qərarlarının qəbul ediməsi prosesinə dayanıqlı maliyyə amillərin inteqrasiya edilməsi aktuallaşmışdır.
Dayanıqlı, inklüziv və yaşıl artım ölkəsi olmaq Azərbaycan Respublikasının “2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası”nın əsas hədəflərindən biridir. Bu məqsədlə, ətraf mühit üçün əlverişli sənayeləşmənin təşviqi, bioloji müxtəlifliyin qorunması, tullantıların səmərəli idarə olunması sisteminin formalaşdırılması, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan, dayanıqlı inkişafı dəstəkləyəcək dayanıqlı maliyyə çərçivəsinin formalaşdırılması vacib hesab olunur.
Ölkənin dayanıqlı inkişafında maliyyə sektorunun rolunun gücləndirilməsini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026” hazırlamışdır. Yol xəritəsinin məqsədi maliyyə institutlarının iqlim dəyişmələri və digər ESİ amillərindən yaranan riskərə qarşı dayanıqlığının təmin edilməsi, habelə dayanıqlı iqtisadiyyata keçidlə bağlı yaranan fürsətlərin reallaşdırılmasıdır.
Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi sənədi ilə aşağıdakı linkdə tanış olmaq olar:
Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi (2023-2026)