Azərbaycan Respublikasının Mərkəzi Bankı
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən dərhal sonra qəbul edilmiş qanunvericilik aktlarından biri “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun “Bank sistemi və pul tədavülü” adlanan 14-cü maddəsində Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsbit edilmiş, Milli Bankın statusu və səlahiyyətləri müəyyən edilmişdir. Milli Bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı yaradılmışdır. Fərmanın qüvvəyə mindiyi gün (12 fevral tarixi) Bankın yaradılması günü kimi qeyd edilir.
1992-ci il 7 avqust tarixində Milli Bankın fəaliyyətini tənzimləyən ilk qanun - “Azərbaycan Respublikasının Milli Bankı haqqında” qanun, həmçinin həmin ilin 1 dekabr tarixində isə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul olunmuşdur.
1992-ci ilin avqust ayının 15-də Azərbaycan Respublikasının milli valyutası – manat dövriyyəyə buraxılmışdır. 1994-cü il yanvarın 1-dən manat ölkənin yeganə ödəniş vasitəsi elan olunmuşdur. 1995-ci il 12 noyabr tarixində referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 19-cu maddəsinin II hissəsində Milli Bank pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması üzrə müstəsna hüquqa malik qurum kimi müəyyən olunmuşdur.
Hazırda Mərkəzi Bank öz fəaliyyətini üçüncü nəsil bank qanunları əsasında həyata keçirir (“Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun ikinci redaksiyası 1996-cı il 14 iyun tarixində, üçüncü redaksiyası 2004-cü il 10 dekabr tarixində qəbul edilmişdır).
Mərkəzi Bankın məqsəd və funksiyalarının, bütün funksional sahələri üzrə fəaliyyətinin daha səmərəli və effektiv şəkildə həyata keçirilməsi üçün hüquqi əsaslar yaradılmış, pul və valyuta (məzənnə) siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, pul tədavülünün təşkili, ödəniş sistemlərinin tənzimlənməsi və inkişafı, qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi Bankın əsas funksiyaları kimi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında 07 fevral 2005-ci il tarixli Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən etibarən yeni manatın tədavülünə başlanılmışdır. Bununla əlaqədar, 1 yeni manat 5000 manata bərabər edilmiş, mövcud manat yeni manatla birgə 2006 il ərzində dövriyyədə saxlanılmış, 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilmiş, yeni manatların əskinasları və qəpiklik sikkələr mərhələlərlə dövriyyəyə buraxılmışdır.
Dövlətin mərkəzi bankı funksiyasının həyata keçirilməsi bankın adına da yenidən baxılmasını şərtləndirmiş və “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə o, “Azərbaycan Respublikasının Mərkəzi Bankı” kimi adlandırılmışdır.
2016-ci ildə ölkədə keçirilən iqtisadi və institusional islahatlar çərçivəsində Mərkəzi Bankın səlahiyyətlərinə dəyişikliklər edilmişdir. Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa 2016-cı ilin mart ayının 4-də qəbul edilmiş dəyişikliklərə uyğun olaraq bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi, bank fəaliyyətinə nəzarət funksiyaları yeni yaradılmış quruma verilmişdir. Bundan sonra Mərkəzi Bankın səlahiyyətləri əsasən pul-məzənnə siyasəti, makroqitisadi və maliyyə sabitliyi siyasətinə dəstək verilməsi, banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi, nağd pul dövriyyəsinin təşkili istiqamətlərinə fokuslaşmışdır.
“Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir.
Mərkəzi Bankın hazırda fəaliyyət göstərdiyi, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binası 1998-ci ildə istifadəyə verilmişdir. Yeni binanın təntənəli açılışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və digər dövlət rəsmiləri istirak etmişdir.
Şəkillər: Mərkəzi Bankın inzibati binasının açılışı, 1998-ci il
Azərbaycanda mərkəzi bankçılıq fəaliyyətinin tarixi mərhələləri
Azərbaycanda mərkəzi bankçılığın tarixi XX əsrin əvvəllərindən başlamışdır. 1991-ci ildən başlayan müasir mərkəzi bankçılıq tarixinə qədər Azərbaycanda mərkəzi bankçılıq fəaliyyəti bir neçə mərhələdən ibarət olmuşdur: Xalq Cumhuriyyəti dövrü (1918-1920); sovet sosialist quruluşu dövrü (1920-1991).
1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edərək müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cumhuriyyətini yaratmışdır. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvar ayından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə Bakı şəhər idarəsi və Bakı Sovetinin şəhər təsərrüfatı tərəfindən dövriyyəyə buraxılmiş “Bakı bonları” ilə yanaşı Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi. 1919-cu il mart ayının 7-də Azərbaycan Respublikası hökuməti Azərbaycan Dövlət Bankının (mərkəzi bankın) təşkil edilməsi haqqqında qərar qəbul etmişdir. Həmin il sentyabr ayının 16-da Azərbaycan Respublikasının parlamenti Azərbaycan Dövlət Bankının Nizamnaməsini qəbul etdi. 1919-cu il 30 sentyabr tarixdə isə Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu və həmin gündən etibarən fəaliyyətə başladı.
“Banklar bankı” olan Azərbaycan Dövlət Bankı ölkədə mövcud olan kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi və pul nişanlarının emissiyasını həyata keçirirdi.
1920-ci il 28 aprel tarixində Azərbaycan Xalq Cumhuriyyəti süquta uğradıqdan sonra yeni dövlət quruluşu olan Azərbaycan Sovet Sosialist Respublikasının Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli Əmri ilə Azərbaycan Dövlət Bankı Azərbaycan Xalq Bankı adlandırıldı. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 9 iyun tarixli qərarı ilə bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək Xalq Bankının tərkibinə qatıldı və bank işi dövlətin müstəsna inhisarına keçdi.
Azərbaycan Xalq Bankının əsas vəzifəsi kağız pulların emissiyası idi. Maliyyə Komissarlığının tərkibində olan Xalq Bankı xalq təsərrüfatını maliyyələşdirir və smeta-büdcə işi ilə məşğul olurdu. Xalq Bankı tərəfindən kredit əməliyyatlarının keçirilməsi dayandırıldı və o, maliyyə orqanları ilə yanaşı büdcə əməliyyatlarına xidmət göstərən orqana çevrildi.
1921-ci ilin sonlarında yeni iqtisadi siyasətin həyata keçirilməsi zamanı mərkəzi bankın da fəaliyyəti bərpa edildi. Azərbaycan Xalq Komissarları Şurasının 1921-ci il 16 oktyabr tarixli qərarı ilə Azərbaycan Dövlət Bankı yaradıldı və onun nizamnaməsi qəbul edildi.
1922-ci il martın 12-də Azərbaycanı, Gürcüstanı və Ermənistanı özündə birləşdirən Zaqafqaziya Sovet Sosialist Respublikaları federativ ittifaqı (ZSFSR) təşkil olundu. 1922-ci ilin dekabrın 30-da isə ZSFSR Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə qatıldı. ZSFSR-nin İttifaq Şurasının 1923-cü il 10 yanvar tarixli Dekreti ilə Zaqafqaziya vahid pul sisteminə keçdi və beləliklə də Azərbaycan Dövlət Bankının pul emissiyası sahəsində fəaliyyətinə xitam verildi. Azərbaycan Xalq Komissarları Sovetinin 1923-cü il 3 iyul tarixli qərarı ilə isə Azərbaycan Dövlət Bankı Azərbaycan Dövlət Kənd Təsərrüfatı Bankı adlandırıldı və onun mərkəzi bank funksiyalarına xitam verildi. İlk dövrlərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Bankı kənd təsərrüfatının inkişafına yardım etməklə yanaşı pul və əmtəə dövriyyəsi məsələlərini də tənzimləyirdi.
1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi yaradıldı. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına müvafiq olaraq Azərbaycan SSRİ-nin tərkibinə “suveren” respublika kimi daxil oldu. Həmin ildən 1991-ci ilin sonlarına kimi mövcud olmuş SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi fəaliyyət göstərmişdir.