Məlumatların Elektron Açıqlanması Sisteminə (MEAS) dair ümumi məlumat
- MEAS qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunverciliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur.
- MEAS “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli 1504 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırlanmışdır.
- MEAS-ın fəaliyyətinin təşkili və idarə olunması Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təmin edilir.
- Emitentlərin MEAS-da qeydiyyatı və məlumatların açıqlanması "Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması" Qaydalarına uyğun olaraq həyata keçirilir.
- Məlumatların açıqlanması üçün MEAS-da yerləşdirilməsi və açıqlanmış məlumatların əldə edilməsi ödənişsiz qaydada həyata keçirilir.
Məlumatların MEAS-da yerləşdirilməsi və açıqlanması üzrə təlimat
- Məlumatların MEAS-da yerləşdirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankının https://e-cbar.az/ ünvanında yerləşən Elektron Xidmətlər Portalı vasitəsilə ilə həyata keçirilir.
- Emitent məlumatların MEAS-da yerləşdirilməsi üçün Elektron Xidmətlər Portalının “Elekron Müraciətlər Sistemi” bölməsinə daxil olmalıdır.
- “Elekron Müraciətlər Sistemi” bölməsinə giriş Asan imza vasitəsilə yerinə yetirilir.
- Emitent tərəfindən məlumatlar “Elekron Müraciətlər Sistemi” bölməsinə “PDF” fayl formatında yüklənir. Yüklənən “PDF” faylın adında “MEAS” abbreviaturasının qeyd edilməsi zərurdir.
- İş günləri saat 16:00-dək MEAS-da yerləşdirilmiş məlumatlar (emitentin illik və yarımillik hesabatları istisna olmaqla) həmin gün, 16:00-dan sonra yerləşdirilmiş məlumatlar isə növbəti iş günü Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsinin “MEAS” bölməsində https://www.cbar.az/meas açıqlanır.
MEAS-ın məqsədləri:
- investorlara və qiymətli kağızlar bazarının digər iştirakçılarına dəqiq və dolğun məlumatların çatdırılması;
- açıqlanan məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması;
- investorlarla informasiya əlaqəsinin effektivliyinin artırılması;
- məlumatların bir mənbədən və ödənişsiz qaydada əldə edilməsi;
- məlumatlara nəzarətin effektivliyinin təmin edilməsi və informasiya asimmetriyasının aradan qaldırılması.