İsveçrə Milli Bankı
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə İsveçrə Milli Bankı (İMB) arasında 2001-ci ilin iyun ayından başlayaraq monetar siyasət, statistika, tədqiqatlar, bazar əməliyyatları, ödəniş sistemləri, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, maliyyə idarəetməsi, nağd pulun idarəedilməsi, insan resurslarının idarə olunması və daxili audit üzrə texniki yardımın göstərilməsi istiqamətində əməkdaşlıq əlaqələri formalaşdırılmışdır.
Potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və müvafiq sahələrdə öz təcrübələrini bölüşmək məqsədilə İMB-nin ekspertləri müntəzəm olaraq AMB-də səfərdə olmuşlar. Səfər çərçivəsində ekspertlər müxtəlif departamentlərdə görüşlər keçirmiş və mərkəzi bankçılığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparmışlar.
Eyni zamanda AMB-nin əməkdaşları daxili audit planlaşdırılması prosedurları, monetar siyasətin həyata keçirilməsi mexanizmi, birgə auditin keçirilməsi, Cash Menecment Sistemin yaradılması, insan resurslarının idarəedilməsi, nağd pulun hərəkətinin izlənilməsi üçün “Barkod” sisteminin tətbiqi, maliyyə idarəetməsi, strateji idarəetmə, monetar siyasətin transmissiya mexanizminin öyrənilməsi istiqamətlərində İMB-nin təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə İMB-də səfərdə olmuşlar.
“İnsan resurslarının effektiv idarə olunması sisteminin formalaşdırılması” layihəsi çərçivəsində İMB-nin eksperti tərəfindən məsləhət xidməti göstərilmişdir.
Polşa Milli Bankı
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Polşa Milli Bankı (PMB) arasında 2002-ci ilin dekabr ayından başlayaraq intensiv əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əməkdaşlıq çərçivəsində daxili audit, təhlükəsizlik, xarici nəzarət, beynəlxalq əlaqələrin təşkili, monetar siyasət, maliyyə idarəetməsi, strateji planlaşma prosesinin institusional çərçivəsi, performansın idarə edilməsi və qiymətləndirilməsi sistemləri, sistem risklərinin qiymətləndirilməsi və maliyyə sabitliyinin təhlili istiqamətində təcrübə mübadiləsi məqsədilə AMB-nin əməkdaşlarının PMB-yə səfəri təşkil olunmuşdur.
Eyni zamanda, AMB-də xəzinə infrastrukturunda müasir və beynəlxalq standartlara cavab verən video-müşahidə sisteminin qurulması istiqamətində məsləhət xidmətinin göstərilməsi məqsədilə PMB-nin ekspertləri AMB-də səfərdə olmuş və öz tövsiyələrini vermişlər.
PMB-nin ekspertləri tərəfindən AMB-də “Dinamik Stoxastik Tarazlıq Modelinin qurulması” və “E-təhsil” mövzusunda seminar keçirilmişdir. Həmçinin, AMB-nin əməkdaşları mütəmadi olaraq PMB tərəfindən təşkil edilən təlim kurslarında iştirak edirlər.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə Türkiyə Mərkəzi Bankı (TMB) arasında 1995-ci ildə ikitərəfli Əməkdaşlıq Sazişinin imzalanması ilə intensiv əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əməkdaşlıq çərçivəsində AMB-nin əməkdaşları monetar siyasət, statistika, insan resursları, daxili audit, mühasibat uçotu, beynəlxalq əlaqələr, ödəniş sistemləri, bazar əməliyyatları üzrə təcrübə mübadiləsinin aparılması məqsədilə TMB-də səfərdə olmuşlar. Bununla yanaşı maliyyə sabitliyi və satınalma xidmətinin təkmillləşdirilməsi mövzularında seminarların keçirilməsi məqsədilə TMB-nin ekspertlərinin Mərkəzi Banka səfəri təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkiyə Respublikasının Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun məqsədi mərkəzi bankçılıq sahəsində əlaqələrin dərinləşdirilməsi, məlumat mübadiləsi və əməkdaşlığın gücləndirilməsindən ibarətdir.
Almaniya Bundesbankı
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Almaniya Bundesbankı arasında 2001-ci ilin aprel ayından başlayaraq intensiv əməkdaşlıq əlaqələri qurulmuşdur. Əməkdaşlığın ilk illərində Bundesbank tərəfindən üç - Bundesbankda keçirilən beynəlxalq seminarlarda iştirak, Bakıda keçirilən fərdi seminarlarda iştirak və Bundesbankın ekspertlərinin AMB - yə məsləhət xidmətinin göstərilməsi istiqamətlərində texniki yardımın cəlb edilməsi barədə razılıq əldə edilmişdir.
24 iyul 2001-ci ildə Bundesbank və AMB arasında Mərkəzi Bank Texniki Əməkdaşlıq Niyyət Protokolu imzalanmışdır. Protokolda texniki yardım göstəriləcək sahələr öz əksini tapmışdır. Protokola uyğun olaraq, Bundesbankda AMB-nin əməkdaşları üçün mərkəzi bankçılığın müxtəlif istiqamətləri üzrə seminarlar təşkil edilmiş, AMB-də Bundesbankın ekspertləri tərəfindən statistikanın ümumi aspektləri, daxili audit, beynəlxalq əlaqələr, hüquq departamentinin işinin təşkili, mühasibat uçotu məsələləri, monetar siyasətin aspektləri, xəzinə əməliyyatları, nağd pulun idarəedilməsi, insan resurslarının idarəedilməsi, mərkəzi bankda təhlükəsizlik məsələləri, Ekspertiza İnstitutunun yaradılması, İcra Aparatının işinin təşkili üzrə məsləhət xidməti göstərilmişdir. Eyni zamanda Bundesbankın ekspertləri tərəfindən AMB-də müxtəlif mövzularda seminarlar təşkil edilmişdir.