Yeni qlobal reallıqlara adekvat makroiqtisadi siyasətin, o cümlədən monetar siyasətin formalaşması operativ, keyfiyyətli və əhatəli statistik məlumatlardan istifadə zərurəti yaradır.
Mərkəzi Bank pul və valyuta siyasətinin hazırlanması, onun makroiqtisadi nəticələrinin təhlil edilməsi, iqtisadi tədqiqatların aparılması və proqnoz göstəricilərin işlənməsi üçün beynəlxalq standartlara cavab verən keyfiyyətli və əhatəli statistik məlumatların toplanmasını, emalını, icmallaşdırılmasını, təhlil edilməsini və istifadəçilərə çatdırılmasını təmin edir.
Mərkəzi Bank – “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında Qanun”un 64-cü Maddəsinə uyğun olaraq ayda bir dəfədən az olmayaraq pul və maliyyə bazarlarının vəziyyəti haqqında informasiya bülletenləri buraxır və bank sistemi haqqında ümumiləşdirilmiş statistika, habelə iqtisadi məsələlərə aid məqsədəuyğun saydığı digər məlumatı maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla dərc etdirir.