Bank, ödəniş təşkilatı və elektron pul təşkilatı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 3.1.1-ci, 3.1.2-ci və 3.1.4-cü maddələrində nəzərdə tutulmuş ödəniş xidmətlərinin göstərilməsi, bank və elektron pul təşkilatı eyni zamanda elektron pulun satışı və elektron pulun qalıq dəyərinin geri ödənilməsi üçün ölkə daxilində ödəniş agentini cəlb edə bilərlər. Ödəniş xidməti təchizatçısı cəlb etdiyi ödəniş agentlərinin ödəniş xidmətləri üzrə fəaliyyətinə görə tam məsuliyyət daşıyır.
Ödəniş agenti – bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağlanılmış müqavilə əsasında onun adından çıxış edərək ödəniş xidmətlərini göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs.
Mərkəzi Bank nəzarət subyektlərinin və ödəniş agentlərinin ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Reyestrə nəzarət subyektlərinin, onların filial və nümayəndəliklərinin adları, hüquqi ünvanı, rəhbər şəxslərinin adları, verilmiş və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrəsi və tarixi, həyata keçirilməsinə lisenziya verilmiş fəaliyyət növü, o cümlədən ödəniş agentlərinin adı, ünvanı, rəhbər şəxsləri (hüquqi şəxs olduqda), həyata keçirilmələrinə icazə verilmiş fəaliyyət növləri, fəaliyyətinə xitam verilmiş nəzarət subyektləri və ödəniş agentləri barədə məlumatlar daxil edilir.