Pul siyasəti əsasən qiymətlərin sabitliyinin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir. Mərkəzi Bank valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini tənzimləmək vasitəsilə inflyasiya proseslərinə təsir göstərir. Azərbaycan Respublikasında pul siyasəti Mərkəzi Bank tərəfindən həyata keçirilir.
İnflyasiya mal və xidmətlərin keyfiyətinin yüksəlməməsi halında qiymətlərinin ümumi səviyyəsinin qalxmasıdır. Başqa sözlə desək, inflyasiya mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi prosesidir. Deflyasiya isə əksinə, mal və xidmətlərin keyfiyətinin azalmaması halında qiymətlərinin ümumi səviyyəsinin aşağı düşməsi və ya pulun dəyərinin artması prosesidir. Ayrıca götürülmüş mal və ya xidmətin qiymətinin dəyişimi inflyasiyanı ifadə etmir. İnflyasiyanı ölçmək üçün adətən “İstehlak Qiymətləri İndeksi”ndən istifadə olunur. Azərbaycanda bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən “istehlak səbəti” əsasında aylıq əsasda hesablanır və ictimaiyyətə təqdim olunur. İstehlak səbətinə bütün zəruri tələbat malları və xidmətləri daxil edilir. Hər bir mal və xidmət istehlak səbətində xüsusi çəkiyə malikdır.
“Baza inflyasiya” dedikdə qiymətləri dövlət tərəfindən tənzimlənən malların və xidmətlərin qiymətlərinin dəyişimindən, həmçinin mövsümi faktorlardan təmizlənmiş inflyasiya göstəricisi nəzərdə tutulur. Başqa sözlə, “baza inflyasiya” hesablanarkən qiymətləri dövlət tərəfindən tənzimlənən (əsas enerji daşıyıcıları və s.) və mövsümi amillərin güclü təsirinə məruz qalan (meyvə-tərəvəz) və sair kimi mal və xidmət növləri “istehlak səbəti”ndən çıxarılır. Mərkəzi Bankın tənzimləyə biləcəyi inflyasiya məhz “baza inflyasiya”dır. Məsələn, tutaq ki, hökumət elektrik enerjisinin qiymətinin qaldırılması barədə qərar qəbul edir. Bunun nəticəsində ümumi inflyasiya səviyyəsi də qalxır. Mərkəzi Bank bu qalxmanın qarşısını almağa qadir deyil. Çünki sərəncamında olan alət və mexanizmlər çərçivəsində Mərkəzi Bank yalnız məcmu tələbə təsir göstərməklə inflyasiyanı (sərbəst qiymətləri) tənzimləyə bilir. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin dəyəri isə birbaşa tələbdən asılı olaraq dəyişmir. Ümumi inflyasiya kimi “baza inflyasiya” da Dövlət Statistika Komitəsi tərəfindən hesablanır.
Yaranma səbəblərinə görə inflyasiyanı iki qrupda təsnifləşdirmək olar: tələb inflyasiyası və təklif inflyasiyası. Tələb inflyasiyası əmtəə və xidmətlərə tələbin izafi artımı nəticəsində pul kütləsinin çoxalmasından irəli gəlir. Yəni, dövriyyədəki pulun miqdarı təklif olunan malların miqdarı ilə müqayisədə daha yüksək templə artdıqda tələb inflyasiyası baş verir. Pul kütləsinin kəskin artımı dövlət büdcəsi xərclərinin sürətlə çoxalması ilə bağlı tələbin genişlənməsindən, xarici ticarət balansında iri həcmli müsbət saldonun əmələ gəlməsi ilə bağlı daxili iqtisadiyyata xarici pul daxilolmalarından, ölkəyə iri həcmli kapital axınlarından, mərkəzi bank tərəfindən yumşaq pul siyasətinin yeridilməsi nəticəsində iqtisadiyyatda pula tələbin artmasından qaynaqlana bilər. Təklif inflyasiyası istehsal xərclərinin artması və ya təklifin azalması ilə əlaqədar olaraq meydana gəlir. Məsələn, enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi nəticəsində istehsal xərcləri yüksəlir ki, bu da son nəticədə qiymətlərin artmasına gətirib çıxarır.
İlk növbədə, yüksək inflyasiya əhalinin gəlirlərini və yığımlarını real ifadədə dəyərsizləşdirir. Eyni zamanda, yüksək inflyasiya iqtisadiyyatda qeyri-müəyyənliklər yaradaraq potensial investorları sərmayə qoyuluşlarından çəkindirir. Həmçinin qiymətlərin artımı faktı ictimaiyyətdə inflyasiya gözləntilərini artırır ki, bu da tələbin lüzumsuz artımını stimullaşdırmaqla yenidən inflyasiya proseslərinin aktivləşməinə təkan verir. Yüksək inflyasiya uzunmüddətli dövrdə iqtisadi artımı ləngidir və əhalinin sosial rifah halına mənfi təsir göstərir.
Qiymәt sabitliyi istehlakçılar vә biznes üçün әlverişli iqtisadi mühitin vacib elementidir. Aşağı inflyasiya milli valyutanın sabit alıcılıq qabiliyyәtini tәmin edir. Qiymәt sabitliyi hesabına etimad qazanmış siyasәt sahibkarlara vә ev tәsәrrüfatlarına öz investisiya vә istehlak planlarını ortamüddәtli dövrә әminliklә tәrtib etmәyә imkan yaradır. Stabil aşağı inflyasiya gәlirlәrin vә yığımların dәyәrsizlәşmәsinin qarşısını alaraq milli valyutada uzunmüddәtli yığımları stimullaşdırır, dollarlaşmanı vә faiz dәrәcәlәrini azaldır. Bu da daxili investisiya potensialını artırır vә iqtisadi inkişafa tәkan verir. Aşağı inflyasiya sosial stabilliyin vacib elementi olmaqla aşağı gәlirli әhalinin istehlak sәviyyәsini qoruyur vә gәlir bәrabәrsizliyinin dәrinlәşmәsinә mane olur.
Yumşaq pul siyasəti tələbin canlandırılmasına və iqtisadi artımın stimullaşdırılmasına yönəldmiş pul siyasətidir. Yumşaq pul siyasəti yeridərkən Mərkəzi Bank verdiyi kreditlər üzrə faiz dərəcələrini aşağı salır, qiymətli kağızlar alaraq dövriyyəyə pul buraxır, banklara daha çox kreditlər verir, milli valyutanın məzənnəsinin ucuzlaşmasına şərait yaradır. Sərt pul siyasəti inflyasiyanın məhdudlaşdırılmasına yönəldmiş siyasətdir. Sərt pul siyasəti yeridərkən Mərkəzi Bank verdiyi kreditlər üzrə faiz dərəcələrini yüksəldir, malik olduğu qiymətli kağızları sataraq dövriyyədəki pulu azaldır, milli valyutanın məzənnəsinin möhkəmlənməsinə şərait yaradır, banklara kredit verilməsini məhdudlaşdırır.
Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasəti alətləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunun 29-cu maddəsində də aşağıdakı kimi öz əksini tapmışdır:
Pul siyasətinin transmissiya mexanizmi dedikdə mərkəzi bank tərəfindən qəbul edilən pul siyasəti qərarlarının iqtisadiyyata təsiri (ötürülməsi) prosesi nəzərdə tutulur. Müasir dövrdə pul siyasətinin faiz dərəcələri, kreditlərin verilməsi, valyuta məzənnəsi, səhmlərin dəyəri və s. kimi transmissiya kanalları mövcuddur. Pul siyasəti qərarları real iqtisadiyyata bu kanallar vasitəsilə dərhal deyil, müəyyən vaxtdan sonra təsir göstərir. Azərbaycanda pul siyasətinin transmissiyasını sxematik olaraq aşağıdakı kimi təsvir etmək olar:
Valyuta məzənnəsi xarici valyutanın milli valyutada ifadə olunan dəyəridir. Valyuta məzənnəsinə təsir göstərən amillər aşağıdakılardır: tədiyə balansının vəziyyəti (kəsir və ya profisitdə olması), ölkədəki inflyasiya səviyyəsi, xarici borc yükü, faiz dərəcələri, iqtisadiyyatın ümumi vəziyyəti və s.
Valyuta məzənnəsi inflyasiyaya əsasən idxal qiymətləri vasitəsilə təsir göstərir. Milli valyutanın məzənnəsi xarici valyutalara nəzərən yüksəldikdə idxal qiymətləri ucuzlaşır, milli valyutanın məzənnəsi xarici valyutalara nəzərən aşağı düşdükdə isə, əksinə, idxal malları bahalaşır. Bir qayda olaraq, daxili istehlak bazarında idxal mallarının xüsusi çəkisi nə qədər çox olarsa məzənnənin ümumi inflyasiya səviyyəsinə təsiri də bir o qədər əhəmiyyətli olar.
Tədiyə balansı ölkə rezidentlərinin dövr ərzində qeyri-rezidentlərlə apardığı xarici iqtisadi əməliyyatlar (beynəlxalq iqtisadi əlaqələr) üzrə valyuta daxilolmaları və xaricolmaları arasında balansı əks etdirən statistik uçot sistemidir. Tədiyə balansının vəziyyəti, yəni, müsbət və ya mənfi saldoya malik olması makroiqtisadi siyasətə dair qərarların qəbul olunmasında mühüm informasiya mənbəyidir.
Tədiyə balansı ibarətdir:
Cari əməliyyatlar balansına aiddir: ölkənin xarici ticarəti (malların idxalı və ixracı), əldə edilmiş və göstərilmiş beynəlxalq xidmətlər (nəqliyyat, sığorta, rabitə, turizm, tikinti və s.), əldə edilmiş və ödənilmiş ilkin (faktor) gəlirlər (əmək haqqı, dividend, faiz, renta və digər bu tip ödənişlər) və təkrar gəlirlər (fiziki şəxslərin pul baratları, humanitar yardımlar və s.).
Kapital və maliyyə hesabı - əsasən ölkəyə müxtəlif formalarda daxil olan və ölkədən müxtəlif formalarda çıxan kapital və maliyyə vəsaitinin hərəkətini əks etdirir. Bu, birbaşa və portfel investisiyaları, kreditlər, depozitlər və nağd valyuta, habelə digər formalarda ola bilər.
Ehtiyat aktivlərinin dəyişimi – Cari əməliyyatlar həmçinin Kapital və maliyyə hesabında uçota alınmış əməliyyatların nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar hesabı kəsirli/profisitli olduqda, bu kəsir/profisit kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşməlidir/örtülməlidir. Lakin, əgər cari hesabın kəsiri/profisiti tam olaraq kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşmirsə (örtülmürsə), onda bu fərq ehtiyat aktivləri (valyuta ehtiyatları) hesabına maliyyələşə (örtülə) bilər.
Balanslaşdırıcı maddələr –Hər bir əməliyyatın kredit (daxilolmalar) və debet (ödənişlər) tərəfi olduğundan, balansın yekununda ikili yazılış qaydası üzrə məcmu kredit əməliyyatlarının yekun həcmi məcmu debet əməliyyatlarının yekun həcminə bərabər olmalıdır. Praktikada isə heç bir ölkənin tədiyə balansının tərtibatında buna nail olmaq mümkün olmur. Xüsusilə,ölkənin xarici iqtisadi əlaqələrinin sürətlə genişlənməsi şəraitində bir sıra əməliyyatların dəqiq qeydiyyatını aparmaq daha da çətin olur (informasiyanın tam olmaması, informasiya mənbələri arasında vaxt intervalı, qiymətləndirmələrdə kənarlaşmalar və s.). Nəticədə yaranan fərqlər cəmi yekunda balanslaşdırıcı maddələr rolunu oynayır.
Təsbit edilmiş məzənnə rejimi dedikdə ölkənin milli valyutasının hər hansı sərbəst dönərli xarici valyutaya (əsasən ABŞ dolları) qarşı nominal məzənnəsinin yalnız Mərkəzi Bankın siyasətindən asılı olaraq dəyişdirilməsi və ya sabit saxlanılması nəzərdə tutulur. Məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlaşdırır. “Üzən” valyuta məzənnəsi rejiminin tətbiq edildiyi zaman valyuta məzənnəsi valyutaya olan tələb və təklifin təsiri əsasında formalaşır. Lakin, “üzən” valyuta məzənnəsi rejimi mərkəzi bank tərəfindən valyuta məzənnəsinin tənzimlənməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi imkanını istisna etmir. Belə ki, müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini “hamarlaya” bilər.
Milli valyutanın məzənnəsinə təsir edən ən mühüm amil daxili valyuta bazarında tələb və təklifin nisbətidir. Bu nisbət tədiyə balansının vəziyyətindən asılı olaraq formalaşır. (Tədiyyə balansı statistikası ilə AMB-nin rəsmi internet səhifəsində, aşağıdakı linkdə tanış olmaq olar: https://www.cbar.az/page-43/external-sector-statistics ).
Valyuta müdaxiləsi valyuta bazarında Mərkəzi Bank tərəfindən həyata keçirilən xarici valyutanın alqı-satqısı əməliyyatıdır. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən, əsasən, özünün sərəncamında olan xarici valyuta ehtiyatlarından istifadə edir.
Açıq bazarda əməliyyatlar dedikdə əsasən mərkəzi bank tərəfindən qiymətli kağızların alqı-satqısı əməliyyatları nəzərdə tutulur. Mərkəzi Bank adətən hökumətin qiymətli kağızlarının alqı-satqısı ilə məşğul olur (əsasən, banklarla), lakin bununla yanaşı özü də qiymətli kağızların emissiyasını həyata keçirə bilər. Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satıldıqda dövriyyədə olan pul kütləsi azalır (sterilizasiya), qiymətli kağızlar alındıqda isə pul kütləsi artır (emissiya). Qiymətli kağızlar birbaşa, habelə REPO və əks-REPO formasında alınıb satıla bilər. Bir çox hallarda Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən depozit və kredit əməliyyatları da açıq bazar əməliyyatları hesab olunur.
Yeni müddətli notların yerləşdirilməsində məqsəd Mərkəzi Bankın sterilizasiya alətlərini müddət üzrə diversifikasiya etməklə gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasına şərait yaradılması, bütövlükdə qiymətli kağızlar bazarının inkişafına və bu əsasda banklararası pul bazarının aktivləşməsini dəstəkləməkdir.
Yeni müddətli notlar “faiz dəhlizi” prinsipi tətbiq edilmədən yerləşdirilir. Yəni yeni müddətli notlarla bağlı keçirilən hərraclarda təqdim olunacaq sifarişlər Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi diapozonu ilə məhdudlaşmır və faizlər hərrac iştirakçılarının bazar faizləri ilə bağlı gözləntisini əks etdirir.
Notların yerləşdirilməsi üzrə hərracların keçirilməsində yeniliklərdən biri də hesablaşma rejimindəki dəyişikliklərdir. Belə ki, notlarla bağlanmış əqdlər üzrə hesablaşmaların daha rahat icra edilməsi üçün Mərkəzi Bankın bütün müddətlərdə yerləşdirdiyi notları ilə bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçirilir.
REPO mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarına satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatıdır. Bu əməliyyat dövriyyədə olan pul kütləsinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Əks-REPO isə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarından alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlara geri satılmasını nəzərdə tutan əməliyyatdır. Əks-REPO-nun tətbiq olunmasında məqsəd dövriyyədə olan pul kütləsinin qısamüddətli artırılmasıdır.
Mərkəzi Bank öz əməliyyatları üzrə faiz dərəcələrini ölkədəki iqtisadi durumu və maliyyə bazarlarının vəziyyətini nəzərə alaraq müəyyənləşdirir. Mərkəzi Bank açıq bazar, yenidənmaliyyələşmə və depozit əməliyyatları üzrə faiz dərəcələrini həm təsbit etmək yolu ilə, həm də müvafiq hərraclarda tələb və təklif əsasında müəyyənləşdirə bilər.
Faiz dərəcəsi borc bazarında pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyili isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyil göstərirlər, əllərində olan nağd pulu isə xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir. Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyili güclənir. Çünki əmanətlər üzrə faizlər nağd pulu saxlamağın (bank sektorundan kənarda yığım etməyin) “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə, məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyat norması qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə, iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyat normasını azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni, 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.
Pul multiplikatoru bank sisteminin əlavə pul yaratmaq qabiliyyətidir. İlkin mərhələdə pul Mərkəzi Bank tərəfindən emissiya yolu ilə yaradılır. Sonradan banklar onu daha da artırırlar. Bu proses qeyri-nağd pulu təşkil edən depozitlər hesabına baş verir. Belə ki, pul kütləsinə yalnız nağd pul deyil, həm də depozitlər daxildir. Pulun artırılması və ya multiplikasiyası prosesində 3 tərəf iştirak edir: kommersiya bankları, depozitorlar və kreditorlar. Kommersiya bankları depozitlər cəlb edirlər. Sonra cəlb etdikləri depozitləri kredit olaraq digər iqtisadi subyektlərə verirlər. Krediti götürən iqtisadi subyektlər onu mal və xidmətlərin alınmasına yönəldirlər. Mal və xidməti satan müəssisələr əldə etdiyi vəsaitin bir hissəsini yenidən banklara depozit kimi yerləşdirirlər. Sonra bu depozitlər yenidən kredit kimi verilir. Zəncirvari davam edən bu prosesdə Mərkəzi Bankın yaratdığı pul bir neçə dəfə artmış olur.
Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, inflyasiyanın hədəflənməsi rejimi (İHR) qiymət sabitliyinin qorunması, inflyasiyanın aşağı və sabit səviyyədə saxlanılması üçün ən optimal rejimdir. BVF-nin məlumatına görə İHR tətbiq edən ölkələrin sayı 40-a yaxınlaşmışdır. İHR-ə keçiddən sonra əksər ölkələrdə inflyasiyanın volatilliyi və səviyyəsi aşağı düşmüş, iqtisadi artım göstəricisi yaxşılaşmışdır.
İHR-də inflyasiya pul siyasətinin prioritet hədəfi olaraq elan edilir. Bu dəqiq hədəf, dəyişkən intervallı hədəf və hədəf diapozonu formasında ola bilər. Bu rejimdə inflyasiya, əsasən, faiz dərəcələri vasitəsilə idarə olunur. Transmissiyanın I həlqəsində mərkəzi bankın uçot dərəcəsi banklararası bazarda qısamüddətli faizlərə təsir edir. Transmissiyanın II həlqəsində qısamüddətli faizlər pulun uzunmüddətli dəyərinə təsir göstərməklə məcmu tələbi və bu əsasda inflyasiyanı dəyişdirir. Bu rejimdə siyasət reaksiyası inflyasiya proqnozunun hədəflə müqayisəsindən asılıdır. Proqnoz hədəf çərçivəsindədirsə siyasət dəyişmir. Proqnoz hədəfdən kənarlaşırsa bunun səbəbindən asılı olaraq siyasət dəyişdirilir. Qəbul edilmiş qərarlar geniş kommunikasiya olunur.
Valyuta ehtiyatlarının idarə olunmasının məqsədi dövlətin pul və məzənnə siyasətinin həyata keçirilməsi və ölkənin beynəlxalq öhdəlikləri üzrə hesablaşmalarının aparılması üçün valyuta ehtiyatlarının təhlükəsiz və likvid saxlanılması, həmçinin investisiya gəliri əldə edilməsidir.
Mərkəzi Bankın valyuta ehtiyatları yalnız makroiqtisadi “stabilizator” və “təhlükəsizlik yastığı” funksiyasını həyata keçirir.
Mərkəzi Bank sərəncamında olan valyuta ehtiyatlarını idarə edir və onlara tam nəzarəti həyata keçirir.
Mərkəzi Bankın valyuta ehtiyatlarının təhlükəsizliyi və likvidliyi başlıca priorotet olduğundan o, aşağı risk dözümlülüyünə malikdir və investisiya horizontu 1 ildir. Mərkəzi Bank investisiya portfelini formalaşdırarkən bu müddət ərzində portfelin itki ilə üzləşməməsini əsas götürür.
Mərkəzi Bankın valyuta ehtiyatlarının artım mənbələrini, əsasən daxili bazardan valyuta alışları/satışları və idarəetmədən əldə olunan gəlirlər, eləcə də valyuta ehtiyatlarının tərkibində olan xarici valyutaların məzənnələrinin dəyişməsi təşkil edir.
Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə olunması strategiyasına uyğun olaraq Mərkəzi Bank valyuta ehtiyatlarını xarici maliyyə institutlarında depozitlərə, xarici ölkələrin sabit gəlirli qiymətli kağızlarına, eləcə də qızıla investisiya edə bilər.
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, hər bir kredit təşkilatı müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən xidmətlər üçün digər ödənişləri müəyyən etməkdə sərbəstdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477-ci maddəsinə uyğun olaraq zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
“Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2-ci maddəsinə görə, qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir.
"Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin Fondun iştirakçı bankı qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya, hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 (iyirmi) min manat məbləğində pul vəsaitləri qorunan əmanət hesab edilir.
Mərkəzi Bankın maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi olan infobank.az internet səhifəsinə daxil olaraq “kreditlər” bölməsinə keçid etməklə respublika ərazisində fəaliyyət göstərən banklardakı kredit məhsulları barədə məlumat əldə etmək mümkündür.
Qeyd olunan məlumat Mərkəzi Bankın infobank.az internet səhifəsinə daxil olaraq əldə edilə bilər. Həmçinin infobank.az internet səhifəsində respublika ərazisində fəaliyyət göstərən banklara məxsus ödəniş terminallarına dair məlumatlar da öz əksini tapmaqdadır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə uyğun olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Eyni zamanda vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
Dəbbə pulu (cərimə, penya) öhdəliyin icrasının təmini üsullarından biri olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 947.2-ci maddəsinə uyğun olaraq istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində qaytarmalıdır, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Digər tərəfdən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
"Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.3-cü maddəsinə əsasən hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir. Odur ki, vəfat etmiş şəxsin hesabları və əmanətləri barədə məlumatlar Qanunvericiliyə müvafiq olaraq vərəsəlik işini aparan notariuslar tərəfindən müvafiq kredit təşkilatlarından əldə edilə bilər. Bununla yanaşı nəzərə alınmalıdır ki, müştərilərlə banklar arasında bağlanılmış bank hesabları barədə müqavilələr, həmin şəxslərin hesabları və hesablar üzrə əməliyyatlarını əks etdirən məlumatlar Mərkəzi Bankda toplanmır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 964.2-ci maddəsinə görə, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Digər tərəfdən, İcra haqqında Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz, eyni zamanda əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
Hər hansı şəxsin kredit tarixçəsi barədə məlumatlar “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan hallarda və qaydada hal-hazırda fəaliyyət göstərən “Azərbaycan Kredit Bürosu” MMC-yə müraciət edərək əldə edilə bilər.
Bank sisteminin likvidlik mövqeyindən asılı olaraq Mərkəzi Bank tərəfindən ya vəsaitlərin yerləşdirilməsi, ya da vəsaitlərin sterilizasiyası üzrə əməliyyatlar həyata keçirilə bilər.
Bank sisteminə əlavə likvidliyin ötürülməsi məqsədilə mərkəzi bankların istifadə etdiyi alətlərdən biri də kommersiya banklarına yenidənmaliyyələşdirmə kreditlərinin verilməsidir.
Bank sistemində izafi likvidlik müşahidə olunduqda əsasən likvidliyin verilməsi alətlərindən deyil, vəsaitlərin sterilizasiyası alətlərindən, o cümlədən notların yerləşdirilməsi və depozitlərin cəlbi alətlərindən aktiv istifadə edir.
Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi cəlb olunmuş müddətli əmanətlərin orta faiz dərəcəsi əsasında müəyyən edilir. Qanunvericiliyə əsasən qorunun əmanətlər üzrə faiz həddinin dəyişdirilməsi barədə qərar Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurası tərəfindən nəzarət orqanı ilə razılaşdırılmaqla həyata keçirilir.
Banklarda əmanət yerləşdirilməsinə dair cari şərtlərlə infobank.az internet səhifəsinə daxil olaraq “əmanətlər” bölməsinə keçid etməklə tanış ola bilərsiniz.
Azərbaycanda xarici investisiyanın cəlbi üçün əlverişli mühit, habelə xarici investisiyaların qorunmasına dair Qanun mövcuddur. Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirakı “Banklar haqqında” Qanunla tənzimlənir. Hazırda bununla bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Xarici bankların digər ölkələrdə törəmə banklar açmaq məsələsinə gəldikdə isə bu, həmin bankların biznes strategiyalarından asılıdır. Məlumat üçün qeyd edək ki, son hesabat tarixinə (30.04.2020) 13 bankda xarici kapital (o cümlədən, 7 bankda iştirak payı 50%-dən yuxarı) iştirak edir.
29 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurası yaradılmışdır. Şuranın iclasları dövrü olaraq təşkil olunur və bununla bağlı Mərkəzi Bankın rəsmi internet saytında müvafiq press relizlər dərc edilir.
Şuranın əsas məqsədi ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə real sektor və maliyyə sektoru arasında əməkdaşlığın gücləndirilməsi, biznesin banklarla qarşılıqlı fəaliyyətlərində meydana çıxan çətinliklər və onların həlli yolları, biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, sahibkarlarla maliyyə bazarlarının iştirakçıları arasında qarşılıqlı etimadın gücləndirilməsi, biznesin maliyyə dövriyyəsinin şəffaflığının artırılması məqsədilə onun nağdsız ödəniş alətlərindən istifadə imkanlarının genişləndirilməsi, həmçinin sahibkarların maliyyə savadlılığının davamlı yüksəldilməsi məsələləri barədə aktiv müzakirələri təşkil etmək və müvafiq təkliflərin verilməsini təmin etməkdən ibarətdir.
Mərkəzi Bankın səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyası və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən lizinq təşkilatları üzərində nəzarətin həyata keçirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmir.
Mərkəzi Bankın səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyası və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən lombard təşkilatları üzərində nəzarətin həyata keçirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmir.
Lizinq və lombard fəaliyyətini həyata keçirən təşkilatlar tərəfindən fiziki şəxslərə verilmiş vəsaitlər üzrə kompensasiya və restrukturizasiya məbləğlərinin hesablanması nəzərdə tutulmur. Fərman yalnız banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) tərəfindən verilmiş kreditləri əhatə edir.
Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.7-ci yarımbəndinə əsasən restrukturizasiya dedikdə kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə kreditlərin (güzəştli kredit) rəsmiləşdirilməsi başa düşülür. Bu zaman restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir:
Fərmanda belə restrukturizasiya məqsədilə banklara və bank olmayan kredit təşkilatlarına (kredit ittifaqları istisna olmaqla) tövsiyə edilir ki, vaxtı keçmiş kredit borcu olan müvafiq fiziki şəxslərə həmin kreditlərə hesablanmış faizlər silinməklə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Bu zaman yeni güzəştli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit öhdəliklərinin icrası davam etməlidir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın (Qayda) təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 12-ci və 15-ci bəndlərinə uyğun olaraq ödəniş xidmətlərini, bu xidmətlər üzrə hüquq və vəzifələri, ödəniş təşkilatları, elektron pul təşkilatları və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını, ödəniş sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətinin təmin olunması üzrə tələbləri, habelə ödəniş xidməti təchizatçıları, ödəniş agentləri və ödəniş sistemi operatorları üzərində tənzimləmə və nəzarətin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Ödəniş xidmətləri | Ödəniş xidməti təchizatçıları | ||||
Banklar və xarici bankların yerli filialları | Poçt rabitəsinin milli operatoru | Elektron pul təşkilatları | Ödəniş təşkilatları | Bank olmayan kredit təşkilatları | |
Nağd formada ödəniş hesabına mədaxil və məxaric edilməsi üzrə xidmətlər və həmin hesab üzrə digər əməliyyatların aparılması | Tələb edilmir
| Tələb edilmir
| Lisenziya əsasında | Lisenziya əsasında |
Yalnız kreditin verilməsi ilə əlaqədar |
Ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası | |||||
Ödəniş alətlərinin emissiyası və ödəniş əməliyyatının ekvayrinqi | |||||
Pul köçürmələri | Mümkün deyil | ||||
Elektron pulun emissiyası və elektron pulla bağlı əməliyyatlar | Fəaliyyətə başlamazdan ən azı 1 ay əvvəl Mərkəzi Bankı məlumatlandırmaqla
| Fəaliyyətə başlamazdan ən azı 1 ay əvvəl Mərkəzi Bankı məlumatlandırmaqla
| Mümkün deyil | ||
Vasitəçilik xidməti | Lisenziya əsasında | ||||
Hesab üzrə məlumat xidməti | Qeydiyyata alınmaqla | Qeydiyyata alınmaqla |
Lisenziya almaq üçün tələblər “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 7-ci fəsli, habelə “Ödəniş təşkilatları və elektron pul təşkilatlarının fəaliyyətinin təşkili üzrə Qayda” ilə müəyyən edilir.
Lisenziyanın verilməsi üçün müraciətə təqdim edildiyi tarixdən 60 (altmış) təqvim günü ərzində baxılır. Əgər müraciət edən tərəfdən təqdim edilmiş sənədlərdə hər hansı çatışmazlıq və ya səhv aşkar edilərsə, bu barədə ərizənin qeydiyyata alındığı tarixdən 15 (on beş) iş günü müddətində müraciət edənə yazılı bildiriş təqdim edir və ya göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini izah edir. Müraciət edən bu səhvləri və çatışmazlıqları yazılı bildiriş alındığı tarixdən ən geci 15 (on beş) iş günü ərzində aradan qaldırmalıdır. Mərkəzi Bank tərəfindən yazılı bildirişin təqdim edilməsi müraciətə baxılması üzrə müəyyən edilmiş müddətin (60 təqvim günü) axımını dayandırır və dayandırılmış müddət müraciətə baxılması müddətinə daxil edilmir. Müraciət edən tərəfindən səhvlərin və çatışmazlıqların aradan qaldırılması barədə Mərkəzi Banka yazılı məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur.
Lisenziya itirildikdə, zədələndikdə və ya məhv olduqda ödəniş təşkilatı və ya elektron pul təşkilatı lisenziyanın dublikatının verilməsi üçün Mərkəzi Banka ərizə ilə müraciət edir. Zədələnmiş lisenziyanın dublikatının verilməsi ilə bağlı müraciət edildikdə, ərizəyə zədələnmiş lisenziya əlavə olunur. Dublikat 7 (yeddi) iş günü ərzində təqdim edilir.
Mərkəzi Bank operatorların, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş agentlərinin ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Reyestrə təşkilatların, onların filial və nümayəndəliklərinin adları, hüquqi ünvanı, rəhbər şəxslərinin adları, verilmiş və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrəsi və tarixi, həyata keçirilməsinə lisenziya verilmiş fəaliyyət növü, o cümlədən ödəniş agentlərinin adı, ünvanı, rəhbər şəxsləri (hüquqi şəxs olduqda), həyata keçirmələrinə icazə verilmiş fəaliyyət növləri, fəaliyyətinə xitam verilmiş təşkilatlar və ödəniş agentləri barədə məlumatları daxil edilir.
Ödəniş təşkilatı və elektron pul təşkilatı minimum nizamnamə kapitalına və məcmu kapitalına malik olmalıdır. Ödəniş təşkilatının və elektron pul təşkilatının nizamnamə kapitalının və məcmu kapitalının minimum miqdarına dair tələblər, hesablanması qaydası, habelə strukturu və tərkibinə daxil olan elementlər “Ödəniş təşkilatları və elektron pul təşkilatlarının fəaliyyətinin təşkili üzrə Qayda” ilə müəyyən edilir.
Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisinə ödəniş xidmətlərini göstərən şəxsdir. Ödəniş xidməti təchizatçıları aşağıdakılardır:
Ödəniş əməliyyatlarının emalı, klirinqi və (və ya) hesablaşmaların aparılması üzrə rəsmiləşdirilmiş və standartlaşdırılmış ümumi mexanizm və qaydalara malik, üç və daha artıq iştirakçının üzv olduğu pul vəsaitinin köçürülməsi sistemini aldığı lisenziya əsasında təşkil edən və həmin sistemin qaydalarını müəyyən edən şəxsdir. Ödəniş sistemi operatoru ödəniş xidməti təchizatçısı deyildir.
Nümunə: Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) ödəniş sistemləridir və operatoru (sahibi) Mərkəzi Bankdır.
Operator lisenziya əsasında ödəniş xidmətlərini, habelə ödəniş kartlarının emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirə bilər.
Açıq bankçılıq – açıq tətbiqi proqramlaşdırma interfeysindən (bundan sonra – API) istifadə edərək bankların və bank olmayan təşkilatların innovativ funksionallıqlarını birləşdirərək, müştərilərin digər xidmətlər kontekstində bank xidmətlərindən də istifadə etmələrini mümkün edən texnologiya əsaslı yanaşmadır. API proqram təminatlarının hazırlanması üçün istifadə olunan prosedur, protokol və alətlər dəstidir. API, informasiya sistemləri arasında qarşılıqlı əlaqələrin qurulması mexanizmlərini müəyyən edir.
Nümunə: A bankının mobil həlli üzərindən istifadəçi B bankında açılmış cari hesabına çıxış əldə edərək rəqəmsal ödənişləri həyata keçirə bilir. Bu isə rəqəmsal xidmətlərdə müştəri məmnunluğunun təmin edilməsinə və innovasiyaların tətbiqinin genişlənməsinə əlverişli şərait yaradır.
Təhlükəsiz şəbəkə kanalları, yəni tətbiqi proqramlaşdırma interfeysi (API) hesaba xidmət göstərən ödəniş xidməti təchizatçıları, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti təchizatçıları, hesab üzrə məlumat xidməti təchizatçıları, habelə ödəyici və vəsait alan şəxslər arasında əlaqəni təmin edən ümumi texniki vasitədir.
14. Ekvayrinq nədir?
Ekvayrinq vəsait alan ilə müqavilə bağlayaraq ödəniş alətləri ilə aparılan və vəsaitlərin vəsait alanın xeyrinə köçürülməsi ilə nəticələnən əməliyyatlar üzrə məlumatların qəbulu və emalı və ya nağd pul vəsaitinin verilməsi üzrə ödəniş təchizatçıları tərəfindən göstərilən xidmət növüdür.
Elektron pul qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və emitentlə yanaşı üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş alətidir. Elektron pul şəbəkəyə və karta əsaslanan olmaqla iki formada olur. Şəbəkəyə əsaslanan elektron pulla həmin pulu emissiya edən təşkilatın internet səhifəsində və ya mobil əlavəsində öz hesabınıza daxil olmaqla balansınızı artırıb onlayn ödənişlərinizi edə bilərsiniz. Karta əsaslanan elektron pul isə kart şəklində emissiya edilir və öz şəbəkəsi daxilində həmçinin digər şəbəkələrdə də istfadə edilir. Əvvəlcədən ödənilmiş kartlar karta əsaslanan elektron pul kimi təsnifləşdirilir.
Elektron pul təşkilatı aldığı lisenziya əsasında elektron pulun emissiyasını və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini və onunla bağlı əlavə fəaliyyətləri göstərmək hüququ olan hüquqi şəxs və ya xarici elektron pul təşkilatının yerli filialıdır.
Elektron pulu banklar, elektron pul təşkilatları və milli poçt operatoru emissiya edə bilər və bu təşkilatlar emitent adlanır.
Elektron pul ödəniş xidmətinin göstərilməsi üçün müqavilə əsasında əvvəlcədən ödənilmiş puldur. Elektron pul bank depoziti hesab edilmir və sığortalanmır. Elektron pulun saxlanması üzrə faiz və ya hər hansı digər formada gəlir ödənilə və bu vəsait hesabına kredit verilə bilməz.
Mobil rabitə operatorları ödəniş xidmətləri göstərmək üçün ayrıca hüquqi şəxs yaradaraq ödəniş təşkilatı və elektron pul təşkilatı kimi Mərkəzi Bankdan lisenziya almaqla fəaliyyət göstərə bilərlər.
Qanuna əsasən mobil rabitə operatoru tərəfindən abunəçiyə telekommunikasiya xidmətlərindən əlavə rəqəmsal kontentin və səs əsaslı xidmətlərin alqısı üzrə və xeyriyyə fəaliyyəti çərçivəsində təqdim edilən ödəniş əməliyyatlarının məbləği Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş məbləğdən aşağı olduqda bu xidmətlər ödəniş xidməti hesab edilmir.
Virtual valyutalar elektron pullardan fərqlənir. Elekton pul sxemlərində elektron pul bu və ya digər dövlət tərəfindən emissiya edilən valyutalarda olur, bu pul vəsaitləri eyni pul vahidi ilə ifadə edilir (ABŞ dolları, Avro və s.) və eyni funksiyalara malik olur. Həmçinin elektron pulun emitentləri məlumdur və qanunvericiliklə müəyyən edilir. Virtual pul vahidləri mərkəzi bank və ya hər hansı digər dövlət qurumu tərəfindən emissiya edilməyən, lakin elektron şəkildə mübadilə vasitəsi kimi istifadə edilən, köçürülən, saxlanılan və ya alqı-satqısı həyata keçirilən dəyərin rəqəmsal təmsilidir. Dövlət tərəfindən emissiya edilən valyutalardan fərqli olaraq, virtual valyutalar qanuni ödəniş alətləri deyildir, lakin istifadəçiləri tərəfindən mübadilə vasitəsi və hesab vahidi kimi qəbul edilir.
Mövcud qanunvericiliyə və beynəlxalq təcrübəyə əsasən geri ödəmələr (“cashback”-lər) əsasında toplanılmış vəsait ilə köçürmə və nağdlaşdırma aparıla bilinmirsə, bü növ məhsul elektron pul hesab edilmir və bu təklifi edən təşkilatlar da ödəniş xidməti təchizatçısı hesab edilmir.
Nümunə: Bir şəbəkəyə daxil olan hər hansı bir təssərüfat subyektində alış etdikdə həmin alışdan qazandığınız geri ödəmələr həcmində (cashback) yeni bir alış etmək imkanı ödəniş xidməti və toplanılan geri ödəmələr isə elektron pul hesab edilmir.
Həmin şəxslər elektron pulu yalnız onlara məxsus ödəniş hesablarından emitentə köçürmə yolu ilə möhkəmlədə bilərlər.
Ödəniş təşkilatı və elektron pul təşkilatı ödəniş xidmətlərinin göstərilməsi ilə yanaşı aşağıdakı fəaliyyəti həyata keçirə bilər:
Hesab üzrə məlumat xidməti ödəniş xidməti istifadəçisinin bir və ya bir neçə digər ödəniş xidməti təchizatçısı tərəfindən xidmət olunan ödəniş hesabları üzrə məlumatların onlayn təqdim edilməsi xidmətidir. Bu xidmətin həyata keçirilməsində əməliyyatın həyata keçirilməsi xüsusiyyətindən asılı olaraq istifadəçinin hesabına kənar müdaxilənin baş verməsi ilə nəticələnən itkiyə görə məsuliyyəti ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı və hesab üzrə məlumat xidməti təchizatçısı daşıyır. Bütün ödəniş xidməti təchizatçıları (bank olmayan kredit təşkilatları istisna olmaqla, banklar, milli poçt operatoru, elektron pul təşkilatı, ödəniş təşkilatı, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)) hesab üzrə məlumat xidmətini göstərə bilərlər.
Nümunə: Fərz edək ki, sizin 3 bankda və bir elektron pul təşkilatında hesabınız var. Siz hesablarınızdakı vəsaiti müəyyən etmək üçün hər bir bankın və elektron pul təşkilatının mobil tətbiqinə daxil olmalı və hesabınız barədə məlumat əldə etməlisiniz. Lakin hesab üzrə məlumat xidmətindən istifadə etməklə siz yalnız hesab üzrə məlumat xidməti təchizatçısının (istənilən ödəniş xidməti təchizatçısı olar bilər) mobil tətbiqinə daxil olaraq bütün banklardakı və elektron pul təşkilatındakı hesablarınız barədə məlumat əldə edə bilərsiniz.
Ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti ödəniş xidməti istifadəçisinin müraciəti əsasında onun digər ödəniş xidməti təchizatçısında açılmış ödəniş hesabı üzrə ödəniş sərəncamının verilməsi xidmətidir. Bu xidmətin həyata keçirilməsində əməliyyatın həyata keçirilməsi xüsusiyyətindən asılı olaraq istifadəçinin hesabına kənar müdaxilənin baş verməsilə nəticələnən itkiyə görə məsuliyyəti ödəniş hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı və vasitəçi daşıyır. Ödəniş şlüzü də vasitəçilik xidməti hesab edilir. Bütün ödəniş xidməti təchizatçıları (bank olmayan kredit təşkilatları istisna olmaqla, banklar, milli poçt operatoru, elektron pul təşkilatı, ödəniş təşkilatı) vasitəçilik xidmətini göstərə bilərlər. Ödəniş xidməti təchizatçıları vasitəçilik xidmətini göstərdikdə hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı ilə müqavilə bağlamağa ehtiyac yoxdur.
Nümunə: Fərz edək ki, sizin iki bankda hesabınız var. Siz vasitəçilik xidməti göstərən təşkilatın mobil tətbiqi vasitəsilə bir bankda olan hesabınızda digər bir bankda olan hesabınıza pul köçürülməsi üçün tapşırıq verirsiniz.
Digər bir nümunə isə, siz vasitəçilik xidməti göstərən təşkilatın mobil tətbiqinə daxil olub, hesabınız olan banka hər hansı xidmətin dəyərinin ödənilməsi üçün sərəncam verirsiniz.
Hesab üzrə məlumat xidməti yalnız məlumat xarakterli xidmətdir, ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti isə ödəniş əməliyyatların aparılmasına imkan verən xidmət növüdür.
Ödəniş agenti bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağlanmış müqavilə əsasında onun adından çıxış edərək ödəniş xidmətlərini göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsdir. Ödəniş xidməti təchizatçısı cəlb etdiyi ödəniş agentlərinin ödəniş xidmətləri üzrə fəaliyyətinə görə tam məsuliyyət daşıyır. Ödəniş agenti ödəniş agent müqaviləsi əsasında ödəniş xidməti təchizatçılarının adından çıxış etmək hüququnu müqavilə əsasında digər şəxslərə ötürə bilməz.
Ödəniş agenti bir və ya bir neçə bank, ödəniş təşkilatı və elektron pul təşkilatı adından çıxış edə bilər.
31. Ödəniş xidməti istifadəçisi öz ödəniş hesabına nağd formada mədaxil və ya ödəniş hesabından nağd formada məxaric xidmətini həmin ödəniş hesabını saxlamayan və öz adından xidmət göstərməyən şəxs (ödəniş xidməti təchizatçısı deyil) vasitəsilə həyata keçirirsə, bu halda müvafiq şəxs ödəniş agenti hesab edilir?
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun (bundan sonra -Qanun) 9.1-ci maddəsinə əsasən ödəniş agenti Qanunun 3.1.1-ci maddəsində nəzərdə tutulan ödəniş xidmətini həyata keçirə bilər. Ödəniş agenti tərəfindən ödəniş terminalları vasitəsilə Qanunun 3.1.1-ci maddəsində nəzərdə tutulan xidmətin göstərilməsi ilə əlaqədar toplanan vəsaitlərin ödəniş xidməti təchizatçısına təqdim edilməsi Mərkəzi Bankın 2024-cü il 17 yanvar tarixli 02/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş agentləri ilə işin təşkili Qaydası”nın 4.2.5-ci və 4.2.7-ci maddələrində nəzərdə tutulan nağd pul vəsaiti ilə işin təşkili qaydası və hesablaşmaların aparılması qaydasına uyğun gəldiyindən, bu məsələlər ödəniş agenti ilə bağlanan müqavilə ilə tənzimlənməlidir. Ödəniş xidməti təchizatçısı cəlb etdiyi ödəniş agentlərinin ödəniş xidmətləri üzrə fəaliyyətinə görə tam məsuliyyət daşıyır. Ödəniş agenti tərəfindən müqavilə öhdəliklərinin pozulması ödəniş xidməti istifadəçilərinin qanuni maraqlarına xələl gətirməməlidir. Ödəniş agenti vasitəsi ilə ödəniş sərəncamı icra edildikdən sonra dərhal Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan məlumatlandırma həyata keçirilməlidir. Bu halda müvafiq məlumatlandırmada Qanunun 17.1.1-ci maddəsinə əsasən ödəniş xidmətini göstərən ÖXT-nin adı və VÖEN-i əks etdirilməlidir.
32. Ödəniş xidməti istifadəçisi öz ödəniş hesabına nağd formada mədaxil və ya ödəniş hesabından nağd formada məxaric xidmətini həmin ödəniş hesabını saxlamayan digər ödəniş xidməti təchizatçısı vasitəsilə həyata keçirirsə, bu halda müvafiq şəxs ödəniş agenti hesab edilir?
Əgər müvafiq ödəniş xidməti təchizatçısının Qanunun 3.1.1 və ya 3.1.4-cü maddələrindəki xidmətləri göstərməyə icazəsi vardırsa və bu xidmətləri öz adından göstərirsə, bu zaman agent münasibətlərinin yaradılmasına ehtiyac yoxdur. Əgər müvafiq ödəniş xidməti təchizatçısının yuxarıda qeyd edilən ödəniş xidmətlərini göstərmək hüququ yoxdursa və bu xidmətləri öz adından göstərmirsə, agent münasibətləri yaradılmalıdır. Məs: A ÖXT-nin lisenziyasında Qanunun 3.1.1-ci və 3.1.4-cü maddələrindəki xidmətləri nəzərdə tutulmamışdır, lakin o, lisenziyasına əsasən qeyd olunan xidmətləri göstərə bilən B OXT ilə agent müqaviləsi bağlayaraq B ÖXT-nin müştərilərinə B ÖXT-nin adından həmin xidmətləri göstərə bilər. Bu halda agent müqaviləsi B ÖXT tərəfindən Mərkəzi Banka təqdim edilir.
33. Ödəniş kartının üzərində emitentdən başqa ödəniş təşkilatının və ya elektron pul təşkilatının adı əks edilirsə, həmçinin bir ödəniş təşkilatı və ya elektron pul təşkilatı digər ödəniş xidməti təchizatçısının məhsullarının satışı ilə məşğuldursa (o cümlədən mobil tətbiqi vasitəsilə) ödəniş agenti münasibətləri yaranır?
Ödəniş təşkilatı və elektron pul təşkilatının mobil tətbiqi vasitəsilə başqa ödəniş xidməti təchizatçısının emissiya etdiyi ödəniş kartının sifarişinin həyata keçirilməsi ödəniş təşkilatı/elektron pul təşkilatı tərəfindən başqa ödəniş xidməti təchizatçısının məhsulunun satışı anlamına gəlir. Ödəniş təşkilatı və elektron pul təşkilatı banklar tərəfindən kreditlərinin verilməsi prosesinə, o cümlədən kredit müraciəti üçün tələb olunan sənədlərin qəbulu və kreditlərlə bağlı ödəniş alətlərinin müştərilərə çatdırılmasına üçüncü şəxs qismində cəlb edilə bilər. Bu halda ödəniş agenti münasibətləri yaranmır və Mərkəzi Bankın 21.09.2023-cü il tarixli 46/4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarəedilməsi Qaydası”nın 13-1-ci hissəsinin tələbləri gözlənilməlidir.
Bununla yanaşı, ödəniş təşkilatı və elektron pul təşkilatı digər ödəniş xidməti təchizatçısının ödəniş agenti qismində Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan ödəniş xidmətlərinin göstərilməsi ilə yanaşı yalnız elektron pulun satışına cəlb edilə bilər. Digər ÖXT-lərin emissiya etdiyi debet ödəniş kartlarının sifarişinə münasibətdə isə bildiririk ki, bu xidmət Qanunun 3-cü maddəsində nəzərdə tutulan ödəniş xidmətlərinə, habelə Qanunun 5.1-ci, o cümlədən 5.1.3-cü maddələrində nəzərdə tutulan və ödəniş təşkilatı və ya elektron pul təşkilatı tərəfindən həyata keçirilə bilən xidmətlərə uyğun gəlmədiyindən Qanunun 5.2-ci maddəsinə zidd hesab edilir.
34. Təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə həmin təsərrüfat subyektləri tərəfindən ödəniş xidməti istifadəçisinin ödəniş hesabından nağd pulun məxarici və ya həmin hesaba nağd pulun mədaxili xidməti göstərilirsə, bu zaman təsərrüfat subyekti ekvayer bankın ödəniş agenti olur?
Qanunun 9.1-ci maddəsinə əsasən ödəniş agenti Qanunun 3.1.1-ci maddəsi üzrə ödəniş xidmətlərini göstərə bilər. Məs: A ekvayer bankı xidmət etdiyi təsərrüfat subyekti ilə agent müqaviləsi bağlayaraq quraşdırılmış POS-terminal vasitəsi ilə nağd pulun çıxarılması və mədaxil edilməsi imkanı yaradır. Bu halda Mərkəzi Banka agent müqaviləsini A ekvayer bankı təqdim edir.
35. Ödəniş xidməti təchizatçısı olmayan şəxs ödəniş əməliyyatlarını, o cümlədən kommunal və büdcə ödənişlərini, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarını, pul köçürməsi əməliyyatlarını, habelə elektron pulun satışı və ya elektron pulun qalıq dəyərinin geri qaytarılmasını ödəniş xidməti təchizatçılarının adından yerinə yetirirsə, müvafiq şəxs ödəniş agenti hesab edilir?
Qanunun 9.1-ci maddəsinə əsasən ödəniş agenti Qanunun 3.1.1-ci, 3.1.2-ci və 3.1.4-cü maddələrində müəyyənləşdirilən ödəniş xidmətlərini, həmçinin elektron pulun satışı və elektron pulun qalıq dəyərinin geri ödənilməsi xidmətlərini həyata keçirə bilər.
Qeyd: Ödəniş agenti ödəniş agent müqaviləsi əsasında ödəniş xidməti təchizatçılarının adından çıxış etmək hüququnu müqavilə əsasında digər şəxslərə ötürə bilməz.
36. Xüsusi tənzimləmə rejimi (sandbox) nədir?
Xüsusi tənzimləmə rejimi – maliyyə bazarı tənzimləyiciləri tərəfindən onların nəzarəti altında tənzimlənən mühitdə yenilikçi təşkilatlara maliyyə bazarlarına gətirmək istədikləri innovasiyaları real mühitdə əvvəlcədən müəyyən edilmiş məhdudiyyətlər çərçivəsində (müddət, istehlakçıların sayı, əməliyyatların həcmi, coğrafi ərazi və s. ilə bağlı məhdudiyyətlər) test etməyə imkan verən çərçivədir.
Nümunə: Hüquqi şəxs yeni məhsulun (xidmətin) tətbiqi üçün Mərkəzi Banka müraciət edir. Mərkəzi Bank innovativ maliyyə xidmətlərinin sınaqdan keçirilməsi məqsədilə müraciət edənə müvafiq normativ xarakterli aktların tələblərindən istisnalar, habelə fərqli qaydalar müəyyən etməklə müvəqqəti icazə verir. Test rejiminin nəticələrindən asılı olaraq Mərkəzi Bank lisenziyanın verilib verilməməsi barədə qərar qəbul edir.
37. Xarici ödəniş təşkilatı və elektron pul təşkilatı ölkədə fəaliyyət göstərə bilərmi?
Xarici ödəniş təşkilatı və elektron pul təşkilatı ölkədə filial açmaq istədikdə müvafiq lisenziya almalıdır.
38. Xarici ödəniş təşkilatı, elektron pul təşkilatı və operator lisenziya almadan yerli ödəniş xidməti təchizatçıları ilə əməkdaşlıq edə bilərmi?
Ödəniş xidməti təchizatçıları ödəniş xidmətlərinin həyata keçirilməsi zamanı xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici operatorla müqavilə bağlaya bilər, bu şərtlə ki, xarici ödəniş təşkilatı, elektron pul təşkilatı və operatorun qeydiyyatda olduğu ölkənin qanunvericiliyinə uyğun olaraq müvafiq lisenziyası (icazəsi) olsun və (və ya) fəaliyyəti üzərində nəzarət həyata keçirilsin. Eyni zamanda, xarici maliyyə institutları ilə işgüzar münasibətlər “Maliyyә vәsaitlәrinin elektron köçürülmәsi zamanı müştәri uyğunluğu tәdbirlәrinin tәtbiq edilmәsi Qaydası”na uyğun olmalıdır.
39. Ödəyici tərəfindən ödəniş əməliyyatı avtorizə edilmədikdə ödəyici hansı dərəcədə itkiyə məruz qala bilər?
Ödəyici ödəniş alətinin itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi zamanı hər bir avtorizə edilməmiş ödəniş əməliyyatı üzrə 100 (bir yüz) manatadək itkiyə məruz qala bilər. Qeyd olunan halın ödəyici tərəfindən qəsdən və ya kobud ehtiyatsızlıqdan pozulması halında, avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə yaranan itkilərə görə ödəyici tam məsuliyyət daşıyır.
40.Əməliyyat və ya təhlükəsizlik insidenti nədir?
Əməliyyat və ya təhlükəsizlik insidenti ödəniş xidməti təchizatçısının və ödəniş sistemi operatorunun təhlükəsiz və effektiv fəaliyyətinin təmin olunmasına, ödəniş əməliyyatlarının emalı, klirinqi və (və ya) hesablaşmaların aparılması prosesinin tamlığına, davamlılığına mənfi təsir göstərən və ya göstərə biləcək hadisə və ya əlaqəli hadisələrdir.
41. Bütün ödəniş xidməti təchizatçıları cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə monitorinq iştirakçısıdırlar?
Ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və hesab üzrə məlumat xidməti istisna olmaqla, ödəniş təşkilatı və elektron pul təşkilatı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanuna və müvafiq olaraq qəbul olunan normativ xarakterli aktların tələblərinə əməl etməlidir.
42. Gücləndirilmiş müştəri autentifikasiyası nədir?
Gücləndirilmiş müştəri autentifikasiyası məlumatların məxfiliyini qorumaq üçün hazırlanmış və birinin pozulması ilə digərlərinin etibarlılığını istisna etməyən, yalnız istifadəçinin bildiyi (şifrə, pin, suallar toplusu və s.), istifadəçiyə məxsus olan (üz tanınması, səs tanınması, barmaq izi və s.) və istifadəçinin sahib olduğu elementlərdən (telefon, OTP, TOTP, elektron imza və s.) iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiyadır.
43. Hansı hallarda gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilmir?
Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi dairəsi Mərkəzi Bankın “Gücləndirilmiş müştəri autentifikasiyasının təşkili Qaydası” ilə müəyyən olunmuşdır.
44. Unikal eyniləşdirici nədir?
Unikal eyniləşdirici ödəniş xidməti təchizatçısı tərəfindən ödəniş xidməti istifadəçisinə verilən və ödəniş əməliyyatının həyata keçirilməsi zamanı ödəniş xidməti istifadəçisinin və (və ya) ödəniş hesabının eyniləşdirilməsi üçün istifadə edilən hərf, rəqəm və ya simvolların kombinasiyasıdır.
Nümunə: Şəxsiyyət vəsiqəsinin FİN nömrəsi, istifadəçi adı, kart nömrəsi, VÖEN, mobil nömrə və digərlərini qeyd etmək olar.
45. Ödəniş alətinin itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi zamanı ödəyici hər hansı məsuliyyət daşıyır?
Ödəyicinin dələduzluq etməsinə şübhələr olduğu hallar istisna olmaqla, aşağıdakı hallarda ödəyici məsuliyyət daşımır:
ödəniş alətinin itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi haqqında ödəyici ödəniş əməliyyatının aparılmasından əvvəl məlumatlı olmadıqda;
ödəniş xidməti təchizatçısının hərəkət və ya hərəkətsizliyi səbəbindən ödəniş alətinin istifadəsi nəticəsində itkilər yarandıqda.
46. Ödəyici hansı halda məsuliyyət daşıyır?
Ödəyici aşağıda nəzərdə tutulan halları qəsdən və ya kobud ehtiyatsızlıqdan pozması halında, avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə yaranan itkilərə görə tam məsuliyyət daşıyır:
ödəniş alətindən ödəniş alətinin emissiya və istifadəsi şərtlərinə uyğun olaraq istifadə etmədikdə;
ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsizliyi üzrə bütün zəruri tədbirləri görmək;
ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq.
47. Hesablaşma agenti nədir?
Hesablaşma agenti ödəniş sistemi daxilində ödəniş sərəncamları üzrə son hesablaşmaları iştirakçılara açdığı müxbir hesablar üzərindən həyata keçirən təşkilatdır.
Nümunə: Ödəniş sistemində yerli banklar, xarici bankın yerli filialları və (və ya) poçt rabitəsi milli operatoru arasında manatla olan hesablaşmalar üzrə hesablaşma agenti funksiyasını Mərkəzi Bank həyata keçirir.
48. Mühüm iştirak payı nədir?
Mühüm iştirak payı ödəniş təşkilatının, elektron pul təşkilatının və ya operatorun nizamnamə kapitalının 10 (on) və ya daha çox faizini təşkil edən və ya müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.
49. Mühüm iştirak payını əldə etmək istəyən şəxsə qarşı hansı tələblər mövcuddur?
Mühüm iştirak payını əldə edəcək fiziki şəxs və hüquqi şəxsin icra orqanının rəhbəri (üzvləri) vətəndaş qüsursuzluğu tələbinə cavab verməli, hüquqi şəxs barədə cinayət-hüquqi tədbirlərin görülməsi və ya hüquqi şəxsin müflis elan olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamalıdır.
50. Texniki xidmət təchizatçıları (ödəniş şlüzü, ödəniş fasilitatoru və ya aqreqatoru) nədir və hansı hallarda onların göstərdikləri xidmət ödəniş xidməti hesab edilir?
Bu gün bir çox ticarət platformaları və ticarət məkanları istənilən ölçülü şirkətlər üçün onlayn xidmətlər təqdim edərək təsərrüfat subyektlərinin ödənişlərini qəbul etmək imkanı yaradırlar.
Ödəniş fasilitatoru və ya aqreqatoru olduğu təqdirdə təsərrüfat subyektlərinin ekvayer banklar və ya ödəniş şlüzləri ilə birbaşa əlaqələr qurmasına ehtiyac yoxdur.
Ödəniş aqreqtoru və ya fasilitatoru ekvayerin adından ödəniş xidmətləri və həlləri təchiz etmək üçün ekvayerlə müqavilə bağlayan texniki xidmət təhizatçısıdır. Bəzi istisnaları çıxmaqla ekvayer belə ödəniş xidməti müqavilələrində birbaşa tərəf olmur. Təsərrüfat subyektləri ödəniş fasilitatoru ilə müqavilə bağlayır. Ekvayer birbaşa ödəniş fasilitatorunun hesabını kreditləşdirir, fasilitator da ardıcıl olaraq müqavilə bağladığı təsərrüfat subyektlərinin hesabının kreditləşməsi mexanizmini icra edir.
Ödəniş şlüzü müştərilərdən kart üzrə ödənişləri qəbul etmək üçün təsərrüfat subyektləri tərəfindən istifadə edilən texnologiyadır. Ödəniş şlüzü həm fiziki, həm də “online” terminallar vasitəsi ilə aparılan əməliyyatlarda istifadə edilir.
Bu xidmət Qanunun əhatə dairəsinə daxil edilmir, lakin ödəniş fasilitatoru və aqreqatoru, həmçinin ödəniş şlüzü göstərdiyi xidmət zamanı pul vəsaitini saxladığı və ya idarə etdiyi halda onun fəaliyyəti ödəniş xidməti kimi təsnifləşdirilir.
51. Ödəniş hesabı nədir?
Ödəniş hesabı ödəniş xidmətlərinin göstərilməsi üzrə ödəniş əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edilir. Qanuna uyğun olaraq bank hesabları da ödəniş hesablarıdır. Hüquqi şəxslərə və fərdi sahibkarlara ödəniş hesabı yalnız banklarda, bank olmayan kredit təşkilatlarında (əldə edilmiş kreditlə bağlı), poçt rabitəsinin milli operatorunda və elektron pul təşkilatlarında açıla bilər.
52. Ödəniş təşkilatı ilə elektron pul təşkilatının açdığı ödəniş hesabının fərqi nədir?
İstər ödəniş təşkilatları, istərsə də elektron pul təşkilatları müştərilərinə ödəniş hesabı aça bilər və müştərilərdən aldıqları vəsaitləri banklarda açılmış ayrıca hesablarda saxlamalı və (və ya) Mərkəzi Bank tərəfindən müəyyən edilən aşağı riskli likvid aktivlərə investisiya etməlidir. Bunları etmədiyi təqdirdə isə qəbul edilmiş pul vəsaiti ilə bağlı öhdəliyinin icra edilməməsi nəticəsində yarana biləcək zərərin məbləğindən az olmayan miqdarda özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda mülki məsuliyyətinin sığortalanmasını və ya özünə aidiyyəti olmayan kredit təşkilatından və ya sığortaçıdan qarantiyanın alınmasını təmin etməlidir.
Elektron pul təşkilatlarından fərqli olaraq ödəniş təşkilatları fərdi sahibkarlara və hüquqi şəxslərə ödəniş hesabı aça bilməz. Fərdi sahibkarlara və hüquqi şəxslərə ödəniş hesabı açmadan xidmət göstərə bilər. Həmçinin elektron pul təşkilatlarından fərqli olaraq ödəniş təşkilatları ödəniş vəsaitini qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayarq icra etməlidir.
53. Elektron pul hesabı ödəniş hesabı sayılır?
Bəli. Belə ki, elektron pul hesabı sahibinə ödəniş əməliyyatlarını həyata keçirməyə imkan verdiyi üçün ödəniş hesabı sayılır.
54. Kimlər ticarət nümayəndəsi (agenti) hesab edilir və hansı hallarda onların həyata keçirdiyi xidmət ödəniş xidməti hesab edilmir?
Ticarət nümayəndəsi ödəyicinin və ya alıcının adından malların və ya xidmətlərin alqı-satqısı ilə bağlı danışıqlar aparmaq və ya bağlamaq məqsədilə başqa şəxs üçün səlahiyyətli agent kimi fəaliyyət göstərən bir şəxsdir.
Əgər ticarət platformasının sahibi olan ticarət nümayəndəsi yalnız alıcı və ya satıcı ilə müqavilə bağlayarsa, həmçinin mal və xidmətlərin alqı-satqısı ilə bağlı danışıqların aparılmasında iştirak edərsə, bu halda ticarət nümayəndəsinin həyata keçirdiyi bu xidmət ödəniş xidməti hesab edilmir və bu fəaliyyəti həyata keçirmək üçün lisenziya tələb edilmir. Lakin ticarət nümayəndəsi həm alıcı, həm də satıcı ilə müqavilə bağlayırsa, həmçinin mal və xidmətlərin alqı-satqı prosesində danışıqlarda iştirak etmirsə və hesabların saxlanılmasında iştirak edirsə bu xidmət ödəniş xidməti hesab edilir. Bu halda ticarət nümayəndəsi lisenziya əldə edərək ödəniş xidməti təchizatçısı kimi fəaliyyət göstərməlidir.
Kapital bazarı maliyyə sektorunda resursların effektiv bölüşdürülməsini təmin edən platformadır. Kapital bazarı dedikdə qiymətli kağızların emissiyası, tədavülü, ödənilməsi, saxlanılması və öhdəliklərlə yüklənməsi kimi əməliyyatların həyata keçirildiyi bazar başa düşülür. Kapital bazarı dövlətin və hüquqi şəxslərin qiymətli kağızlar vasitəsilə öz layihələrini maliyyələşdirə biləcəkləri bazardır. Kapital bazarının ən geniş yayılmış alətləri investisiya qiymətli kağızları olan səhmlər və istiqrazlardır.
Kapital bazarının iştirakçıları bu bazarın əsas oyunçuları olan emitentlər, investorlar, mərkəzi depozitar, investisiya şirkətləri, digər lisenziyalaşdırılan şəxslər və maliyyə bazarlarına nəzarət orqanıdır. Emitent – qiymətli kağızları buraxan hüquqi şəxslər, investorlar isə bu qiymətli kağızları alan şəxslərdir. Alıcı və satıcılara bu bazarda iştirak imkanını təmin edən - maliyyə vasitəçiliyi rolunu oynayan təşkilatlardır. Nəzarət orqanı, yəni Mərkəzi Bank, bazarın tənzimlənməsi, bazar iştirakçılarının fəaliyyətinə nəzarət, investorların hüquqlarının qorunması, bazarın şəffaflığı və inkişafına cavabdeh qurumdur.
Dövlətlər adətən fiskal siyasətin həyata keçirilməsi, dövlət büdcəsində yaranmış kəsrin aradan qaldırılması, eyni zamanda dövlət layihələrinin maliyyələşdirilməsi məqsədilə dövlət istiqrazları buraxır.
Kapital bazarında özəl təşkilatlar tərəfindən maliyyələşmə üçün geniş istifadə olunan qiymətli kağızlar səhmlər və istiqrazlardır. Səhmlər sahibinə hər hansı bir təşkilatın aktivlərində müəyyən bir paya sahib olmaq və həmin paya uyğun olaraq təşkilatın gəlirinin bir hissəsini dividend şəklində əldə emək hüququ verən qiymətli kağızdır.
Kapital bazarının infrastrukturuna investisiya şirkətləri, fond birjası, mərkəzi depozitar, klirinq təşkilatı, investisiya fondları, investisiya fondunun idarəçisi və investisiya fondunun depozitarı daxildir. Mərkəzi depozitar istisna olmaqla, digər nəzarət subyektləri bu sahədə müvafiq lisenziyaya malik olmalıdırlar.
Kapital bazarı vasitəsilə maliyyələşən təşkilatlar aşağıdakı mərhələlərdən keçir:
Şirkətlər öz hədəflərinə çatmaq, öz layihələrini maliyyələşdirmək üçün müəyyən pul vəsaitinə ehtiyac duyurlar. Bu zaman onlar maliyyələşməni ya daxili mənbələr hesabına, yəni bölüşdürülməmiş mənfəətlərindən istifadə etməklə ya da xarici mənbələr hesabına, kredit götürmək və ya qiymətli kağız buraxmaqla, həyata keçirirlər.
Kapital bazarı vasitəsilə maliyyələşmə dedikdə də məhz dövlətin və ya şirkətlərin qiymətli kağız emissiya edərək kapital cəlb etməsi, maliyyələşməsi başa düşülür. Qiymətli kağızlar vasitəsilə maliyyələşmənin üstünlükləri bunlardır:
İnvestorlar Azərbaycan qiymətli kağızlar bazarından hər hansı bir qiymətli kağızı əldə etmək və ya sahib olduğu qiymətli kağızı satmaq istədikdə bunun üçün investisiya şirkətlərinə üz tutmalıdırlar. Fond birjalarında alqı-satqı yalnız fond birjasına üzv olan investisiya şirkətləri vasitəsilə mümkündür. Bunun üçün, qiymətli kağızlarla ticarət etmək niyyətində olan investor investisiya şirkəti ilə müqavilə bağlayır və investisiya şirkəti investor üçün mərkəzi depozitarda qiymətli kağız hesabı açır. Bundan sonra investorlar investisiya şirkətinə alqı-satqı sifarişlərini verə bilir. İnvestisiya şirkəti bu sifarişləri fond birjasına ötürərək sifarişin icrasını təmin edir.
İnvestorlar fond bijasından istər dövlət, istərsə də korporativ qiymətli kağızlar ala bilərlər. Eyni zamanda, investorlar birjadankənar ticarət əməliyyatlarını da həyata keçirə bilərlər. Bunun üçün onlar yenə də investisiya şirkəti və ya notarius vasitəsilə qiymətli kağızlarla əqdlərin bağlanmasını həyata keçirə bilərlər. İnvestorun qiymətli kağızları onun Milli Depozit Mərkəzində olan qiymətli kağız hesabında saxlanılır. İnvestorlar mülkiyyətində olan qiymətli kağızlar barədə məlumatları elektron izləmə imkanına malikdirlər.
İnvestorun qiymətli kağızları onun Milli Depozit Mərkəzində olan qiymətli kağız hesabında saxlanılır. Sənədsiz qiymətli kağızlar üzrə depo hesabından çıxarış həmin qiymətli kağızlara mülkiyyət hüququnu təsdiqləyən yeganə hüquqi sənəddir. Depo hesabı Milli Depozit Mərkəzinin üzvünün müraciəti əsasında müştəri üçün mərkəzi depozitarda açılmış və özündə müştərinin qiymətli kağızlarına olan hüquqlara dair qeydləri əks etdirən hesabdır. Beləliklə investor malik olduğu qiymətli kağızlara dair məlumatı investisiya şirkəti vasitəsilə və ya birbaşa Milli Depozit Mərkəzinə yaxınlaşaraq depo hesabından çıxarış almaqla əldə edə bilər. Eyni zamanda investorlar Milli Depozit Mərkəzinin elektron xidmətlər bölməsinə elektron imza ilə daxil olmaqla mülkiyyətlərində olan qiymətli kağızlar barədə məlumatları elektron qaydada əldə edə bilərlər.
Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi haqqında qərarı səhmdar cəmiyyətinin səhmdarlarının ümümi yığıncağı tərəfindən qəbul edilir və adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Səhmdar cəmiyyəti xalis mənfəətindən nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir.
Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq (illik ümumi yığıncaq) ildə bir dəfədən az olmayaraq və maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq direktorlar şurası (müşahidə şurası) (o olmadıqda icra orqanı) tərəfindən çağırılmalıdır. Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətlərində bu tələb istisna olmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı bildirişin səhmdara çatdırılmasını təmin etməlidir.
Növbədənkənar ümumi yığıncaq direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə (direktorlar şurası (müşahidə şurası) olmadıqda icra orqanının təşəbbüsü ilə) və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. İcra orqanı müvafiq tələbin (təşəbbüsün) daxil olduğu gündən a) üç iş günü ərzində ümumi yığıncağın vaxtı və yerini təyin edib bu barədə KİV-də elan verməli, b) beş iş günü ərzində ümumi yığıncağın çağırılması barədə bildirişləri səhmdarlara göndərməli, c) otuz gündən tez, qırx beş gündən gec olmayaraq ümumi yığıncağın keçirilməsini təmin etməlidir.
Səhmdar, səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, ümumi yığıncağın gündəliyində dəyişiklik və əlavələr edilməsini, habelə səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin, səhmdarların reyestrinin və cəmiyyətin nizamnaməsinin surətinin ona təqdim edilməsini tələb etmək, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq hüququna malikdir.
Emitentin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanmalı və növbəti ilin ilk 6 ayı ərzində səhmdarların illik ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir. İllik hesabat qeyd olunan qaydada təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Mərkəzi Banka təqdim edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) üzvləri və səhmlərinin iyirmi faizinə malik olan səhmdarları cəmiyyətin icra orqanının üzvü seçilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sahəvi qanunlara əsasən bu şəxslərdən əlavə digər şəxslər də icra orqanı üzvü ola bilməyən şəxslərə aid edilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.3-cü maddəsinə görə açıq səhmdar cəmiyyətinin (banklar və xarici bankların yerli filialları istisna olmaqla) xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir.
Səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artıra bilər, habelə səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azalda bilər.
Səhmdarların ümumi yığıncağında səsvermə "Bir səsli səhm — bir səsdir" prinsipi ilə həyata keçirilir.
Səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətli sayılır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, səhmdar cəmiyyətinin yaradılması zamanı təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir.
Sığorta hər hansı itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edən vasitədir.
Sığorta sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Sığortalanan risklər aşağıdakı xüsusiyyətlərə malik olmalıdırlar:
Qanunazidd mənafelər, həmçinin qanuni, lakin sığortalanması qadağan olunan mənafelər, cərimələr, habelə oyunlarda, mərclərdə, lotereyalarda iştirakla bağlı mənafelərdən başqa qanunazidd olmayan hər hansı əmlak mənafeyinin aid olduğu fiziki şəxs, əmlak və ya hal sığortalana bilər.
Sığorta bazarının peşəkar iştirakçıları:
Sığorta bazarının digər iştirakçıları:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs
Təkrarsığortaçı - təkrarsığorta fəaliyyətinə lisenziyası olan, ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) tərəf
Sığorta agenti - müvafiq lisenziyası olan və sığortaçıya sığorta müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxs
Sığorta brokeri - müvafiq lisenziyaya malik olan və sığorta (təkrarsığorta) müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün sığortalıya (təkrarsığortalıya) vasitəçilik xidməti göstərən şəxs
Aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssisdir.
Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız maliyyə bazarlarına nəzarət orqanının reyestrinə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər.
Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür.
Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
Sığorta məbləği dedikdə, sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi başa düşülür.
Əmlakın sığorta dəyəri dedikdə, sığorta müqaviləsi bağlanan andakı bazar dəyəri nəzərdə tutullur.
Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda qismən sığorta şərti tətbiq edilə bilər. Bu zaman, qismən sığortanın tətbiq olunmasına dair müddəa sığorta müqaviləsində əks olunmalıdır. Yalnız bu halda, sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir.
Minik avtomobillərinə köhnəlmə əmsalı sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda sığorta ödənişi verilərkən avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinin 50 %-dən çox olmamaqla tətbiq edilir.
Sığorta ödənişi verilərkən avtomobilin tam məhvi və avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi hallarında köhnəlmə əmsalı tətbiq olunmur.
Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda zərər məbləğindən azadolma məbləği çıxılmır.
Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.
“İcbari Sığortalar haqqında” Qanunun (Qanun) 17.1.4-cü maddəsinə əsasən icbari sığorta ödənişi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış əsasında həyata keçirilir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bu arayış Forma 4 adlanır.
Qanunun 17.4-cü maddəsinə əsasən sığortaçı qeyd olunan arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqanlar bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin informasiya sisteminin İcbari Sığorta Bürosunun informasiya sistemi ilə inteqrasiyası nəticəsində Forma 4 arayışının elektron şəkildə də alınması mümkündür.
“İcbari Sığortalar haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən yol-nəqliyyat hadisəsi haqqında Forma 4 arayışı aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda tələb olunmur:
Yuxarıda qeyd olunan şərtlərin hər birinin mövcud olduğu hallarda, hadisə iştirakçıları tərtib etdikləri və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etməlidirlər.
Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
Qeyd edilən məsələ “İcbari sığortalar haqqında” Qanunda da öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 18.1-ci maddəsinə əsasən ödənişin verilməsi üçün tələb olunan sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
"İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Lakin əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa, belə şəxsə pul şəklində sığorta ödənişi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.4-cü maddəsinə əsasən yalnız həmin şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda mümkündür.
Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi reyestrdən seçilmiş müstəqil ekspert tərəfindən aparılır.
Sığortalı tərəfindən açıqlanmalı olan məlumatlar dedikdə, sığorta müqaviləsi bağlanarkən, eləcə də müqavilə bağlandıqdan sonra sığortalıya məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar nəzərdə tutulur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Eyni zamanda sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
Daşınmaz əmlakın kommersiya və ya qeyri-kommersiya tipli hər hansı təsnifatı qanunvericilikdə nəzərdə tutulmamışdır. Hüquqi şəxslərin kommersiya və ya qeyri-kommersiya tipli fəaliyyətindən asılı olmayaraq onlara məxsus və sığortalanması Qanunla qadağan olunmayan bütün növ daşınmaz əmlak icbari sığortaya cəlb edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Sığorta hadisəsi zamanı daşınmaz əmlaka dəymiş zərərə görə icbari sığorta üzrə son hədd olaraq qanunvericiliklə müəyyən olunan (məs: Bakı şəhəri üzrə 25000 manat) sığorta məbləği həddində təzminat verilməsi nəzərdə tutulmuşdur. Vətəndaş daşınmaz əmlakın bazar dəyərinə uyğun olaraq əlavə təminat almaq üçün isə əmlakını könüllü qaydada sığorta etdirə bilər. Bu halda vətəndaşlar baş vermiş sığorta hadisəsi zamanı dəymiş zərərə uyğun olaraq (məs: Bakı şəhəri üzrə) maksimum 25000 manatadək olan hissədə icbari qaydada, 25000 manatı aşan hissədə isə könüllü sığorta müqaviləsi üzrə müəyyən edilmiş sığorta məbləği həddində, lakin əmlakın faktiki bazar dəyərindən artıq olmamaq şərti ilə sığorta ödənişi ala biləcəklər.
Mənzillərin ipoteka krediti ilə yüklü olub-olmamasından asılı olmayaraq bütün mənzillərə də icbari sığorta şamil edilir.
“İcbari Sığortalar haqqında” Qanunun 8.4-cü maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir.
Həmçinin, Qanunun 77.1-ci maddəsinə əsasən həmin Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qanunla müəyyən edilmiş məsuliyyəti daşıyırlar.
Xeyr. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə görə bu növdən olan əmlaklar icbari sığortaya cəlb edilmir.
“İcbari Sığortalar haqqında” Qanunun 40.3-cü maddəsinə əsasən ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir. Onu da qeyd edək ki, həmin şəxslərə məxsus evlərin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydası, yaşayış evlərinə və mənzillərə münasibətdə sığorta məbləğinin 0,2 faizindən artıq olmamaq şərtilə maliyyə bazarlarına nəzarət orqanı (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı) tərəfindən müəyyən edilir.
Bildiririk ki, daşınmaz əmlakın icbari sığortası məbləği Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 06 dekabr 2011-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi Qaydası”na əsasən hesablanır.
İcbari sığorta müqaviləsi qanunla müəyyən edilmiş icbari sığorta növünü aparmağa müvafiq icazə almış sığortaçı ilə bağlanır və icbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə birdəfəlik ödənilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə görə icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.
Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Beləliklə, şəxs icbari sığorta müqaviləsini bağlamadığı təqdirdə il ərzində bir neçə dəfə inzibati məsuliyyətə cəlb oluna bilər.
Cərimələrin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.57-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, qeyri-yaşayış sahələrinin icbari sığortasına və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Qeyd olunan qurumlar tərəfindən inzibati tənbeh tədbirlərinin həyata keçirilməsi zamanı tətbiq ediləcək cərimələr dövlət büdcəsinə ödənilir.
"Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə müvafiq olaraq sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri Azərbaycan Respublikası Mərkəzi Bankı (Mərkəzi Bank) tərəfindən aparılır. Bununla əlaqədar. https://www.cbar.az/page-207/legal-entities-engaged-in-ancillary-insurance-and-independent-experts linkinə klikləməklə Mərkəzi Bankın rəsmi saytına daxil olaraq hər hansı bir ekspertin bu reyestrə daxil olub-olmamasını müəyyən etmək mümkündür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında həmin maddədə nəzərdə tutulan formalardan hər hansı birində həyata keçirilir (ödənilir). Beləliklə, sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakın təmiri və ya bərpası, yaxud da zərərin əvəzinin pul şəklində ödənilməsi barədə qərar sığortaçı tərəfindən qəbul edilə bilər.
"İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxsin təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.
Müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razılıq əldə olunmadıqda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əmlak sığortası üzrə faydalanan şəxsin sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olduğu hal istisna olmaqla, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilə bilər. Bunlara a) zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; b) sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; c) sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; yaxud d) sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi aid edilir. Əgər əmlak sığortası üzrə faydalanan şəxs sığorta hadisəsinin baş verdiyi zaman əmlakın etibarnaməli idarəçisi olmuşdursa, sığorta ödənişinin yuxarıda sadalanan c və d bəndlərində göstərilən formaları tətbiq edilir. Sığorta ödənişinin digər formaları əmlakın etibarnaməli idarəçisi olan faydalanan şəxs tərəfindən zərərin aradan qaldırılmasının nəticələri sığortaçıya təqdim olunduğu halda tətbiq edilir.
Şəxsin mülkiyyətində bir neçə daşınmaz əmlakı olarsa hər bir daşınmaz əmlak ayrı-ayrılıqda icbari sığortaya cəlb olunur.
Aqrar sığorta sistemi kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının “Aqrar sığorta haqqında” Qanunla müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Aqrar sığorta münasibətlərinin predmetinə daxildir:
Kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır:
Aqrar sığortalının sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətləri aqrar sığortanın riski ola bilməz.
“Aqrar sığorta haqqında” Qanuna əsasən sığorta haqqının bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur ki, bu da öz növbəsində aqrar sığorta sahəsində istehlakçıların maliyyə yükünü azaltmaqla kənd təsərrüfatı sığortasının əhatə dairəsinin genişləndirilməsinə xidmət edəcəkdir.
Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının pul vahidi manatdır. Bir manat 100 (yüz) qəpikdən ibarətdir. Pul nişanları kağız və metal pul formasında tədavülə buraxılır.
Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
Mərkəzi Bankın tədavülə buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir.
Mərkəzi Bank Azərbaycan Respublikasının Konstitusiyasına və Mərkəzi Bank haqqında Qanuna müvafiq olaraq ölkə ərazisində nağd pul dövriyyəsini təşkil edir, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir.
Mövcud qanunvericiliyə əsasən ölkə iqtisadiyyatının pul nişanlarına olan tələbatı Mərkəzi Bank tərəfindən kommersiya bankları və onların filial şəbəkələri vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmana əsasən köhnə pul nişanları məbləğindən asılı olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları tərəfindən məhdudiyyətsiz və müddətsiz olaraq dəyişdirilir.
Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına əsasən 01 yanvar 2006-cı il tarixdən tədavülə yeni nəsil pul nişanları buraxılmış və bu dövrdə istehsal olunmuş bütün nominallı kağız pul nişanlarının üzərinə "Azərbaycan Milli Bankı" sözləri yazılmışdır.
“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən “Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunu”na dəyişikliklər edilmiş və Qanunda “Milli Bankı” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilmişdir. Bununla əlaqədar Qanunvericiliyə uyğun olaraq bu dövrdən sonra istehsal olunan kağız pul nişanlarının üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz olunmuşdur.
Hazırda üzərində həm "Azərbaycan Milli Bankı" və həm də "Azərbaycan Mərkəzi Bankı" sözləri olan pul nişanları tədavüldə mövcuddur və bu pul nişanları ölkə ərazisində qanuni ödəniş vasitəsidir.
Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun olaraq hazırlanmışdır. Belə ki, manat 4 pilləli mühafizə sisteminə malikdir. 1-ci dərəcəli mühafizə elementləri xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli mühafizə elementləri ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli mühafizə elementləri banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli mühafizə elementləri yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əhali tərəfindən əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.
Aşağıdakı linkə daxil olaraq hər bir pul nişanının mühafizə elementləri ilə tanış olmaq mümkündür:
https://www.cbar.az/moneymarks/banknotes?category=1
Saxta pul nişanı müəyyən etdikdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Saxta pul nişanlarının dəyəri ödənilmir və onlar geri qaytarılmır.
Saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Mərkəzi Bank milli pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin effektivliyinin artırılmasını və bununla bağlı fəaliyyətin müvafiq dövlət orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə koordinasiya olunmasını daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə, həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Azərbaycan manatının saxtalaşdırma səviyyəsi dünyanın aparıcı valyutaları ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.
Milli pul nişanlarımız mövzusuna, müasirliyinə və eləcə də dizayn fəlsəfəsinə görə öz aktuallığını qoruyub saxlamaqdadır. Bununla belə, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da pul nişanlarının saxtalaşdırılması cəhdləri olur. Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı qanunvericiliyə uyğun olaraq davamlı tədbirlər həyata keçirir.
Mərkəzi Bank tərəfindən milli pul nişanlarının saxtalaşdırılmasının qarşısının alınması üçün müvafiq tədbirlər, o cümlədən onların mühafizə sistemlərinin dövri olaraq beynəlxalq təcrübədə olan ən son texnologiyaların tətbiqi yolu ilə yenilənməsi həyata keçirilir.
Qanunvericiliyə müvafiq olaraq tədavülə yararlı, tədavülə yararsız və həqiqiliyi sübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini saxlamış milli pul nişanları kredit təşkilatları tərəfindən qəbul edilir və dəyişdirilir.
Eyni zamanda, saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Pul nişanının hissələrinin eyni əskinasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilə bilər.
Əhalinin pul nişanlarının nominal strukturuna olan tələbatının ödənilməsi, eləcə də zədələnmiş pul nişanlarının dəyişdirilməsi məqsədilə Mərkəzi Bankda və onun ərazi idarələrində (Naxçıvan MR İdarəsi, Gəncə, Biləsuvar və Quba Regional Mərkəzləri, Yevlax Ehtiyat Mərkəzi) əhaliyə xidmət kassaları fəaliyyət göstərir.
Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının pul vahidi manatdır və Mərkəzi Bank emitent bank olaraq yalnız milli pul nişanlarının dəyişdirilməsini həyata keçirir.
Bildiririk ki, bank sistemində pulların ekspertizasının təşkilini və aparılmasını tənzimləyən qaydalara əsasən Azərbaycan Mərkəzi Bankı yalnız saxtakarlıq əlamətlərini müəyyən etmək məqsədilə xarici valyutada kağız pul nişanlarını banklardan, müvafiq dövlət və digər səlahiyyətli orqanlardan qəbul edir.
Xarici valyuta pul nişanlarının dəyişdirilməsi ilə bağlı bank sistemində pulların ekspertizasının təşkili və aparılmasını tənzimləyən qaydalara əsasən ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müraciət oluna bilər.
Milli pul nişanlarının dizaynı, texniki parametrləri, istehsal həcmi və istehsalçı şirkətin müəyyən edilməsi, pulların istehsalı və ölkəyə gətirilməsi ilə bağlı bütün məsələlər Azərbaycan Respublikasının Baş Nazirinin sədrlik etdiyi və üzvləri hüquq mühafizə orqanları və iqtisadi dövlət qurumları olan Pul İslahatı Komitəsinin qərarlarına əsasən həyata keçirilir.
Pul İslahatı Komitəsi tərəfindən milli pul nişanlarının istehsalı ilə bağlı istənilən qərarın qəbul edilməsi zamanı pulların təhlükəsizliyinin təmin edilməsi üçün dünyada mövcud olan ən son texnologiyalar və innovasiyalar tətbiq edilməklə ən optimal və xərclər baxımından ən səmərəli təkliflər nəzərə alınır.
Tədavülə yararsız milli pul nişanlarının məhvedilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış və hüquq mühafizə orqanlarının da daxil olduğu məhvetmə üzrə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən aparılır.
Mərkəzi Bank tərəfindən “Tədavüldə təmiz pul siyasəti” qəbul edilmiş və bu siyasət çərçivəsində dövriyyədə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə davamlı tədbirlər həyata keçirilir.
Kommersiya bankları tərəfindən Mərkəzi Banka təhvil verilən pul nişanları yüksək texnoloji sistemlərdə emal olunur və keyfiyyətinə görə çeşidlənir. Tədavülə yararlı pul nişanları təkrar dövriyyəyə buraxılır, tədavülə yararsız pul nişanları isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış məhvetmə üzrə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən məhv edilir.
Mərkəzi Bank tərəfindən tədavüldə olan pul nişanlarının, o cümlədən banklar tərəfindən bankomatlara yüklənən pul nişanlarının keyfiyyətinin davamlı monitorinqi həyata keçirilr. Monitorinqlər zamanı banklar tərəfindən keyfiyyəti aşağı olan, çirklənmiş və fiziki cəhətdən aşınmış pul nişanlarının tədavülə buraxılması halları müəyyən edilərsə, Mərkəzi Bank kommersiya banklarına bununla bağlı göstəriş və tövsiyyələr verir.
Bildiririk ki, Mərkəzi Bank beynəlxalq təcrübəni də nəzərə almaqla milli pul nişanlarının istehsalını insan sağlamlığına zərərli olmayan materiallardan istifadə olunmaqla həyata keçirir.
Bununla yanaşı, pul nişanları tədavülə buraxıldıqdan sonra onların dövriyyədə keyfiyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə Mərkəzi Bank tərəfindən tədavüldə təmiz pul siyasəti qəbul edilmişdir. Bu siyasət çərçivəsində Mərkəzi Bank dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanlarının kommersiya bankları və əhali ilə yaradılmış birbaşa kanallar vasitəsilə yığaraq tədavüldən çıxarılmasını və müvafiq Dövlət Komissiyasının İşçi qrupunun iştirakı ilə məhv edilməsini həyata keçirir.
Təkrar dövriyyəyə buraxılan pul nişanları isə Mərkəzi Bankda istifadə olunan və beynəlxalq təcrübədə ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan keçməklə yüksək temperatur rejiminə malik qablaşdırma sistemlərində müxtəlif toz və çirklərdən sterilizasiya olunaraq qablaşdırılır.
Qablaşdırılmış pullar isə Mərkəzi Bankın xüsusi rejimli xəzinə saxlanclarında saxlanılır. Bu xəzinələr müasir temperatur və rütubət tənzimləyən sistemlərlə təchiz edilmiş və sanitar epidemik normalara uyğun dövri olaraq dezinfeksiyası olunur.
Eləcə də, dövriyyədə olan pul nişanlarının təmizliyinin və yüksək keyfiyyətinin təmin edilməsi üçün Mərkəzi Bank tərəfindən kommersiya banklarına daim xüsusi göstərişlər verilir və əhali üçün maarifləndirici tədbirlər həyata keçirilir.
Bununla belə, bank sistemindən kənarda əhəmiyyətli həcmdə nağd pul kütləsi dövr etdiyi üçün bu pul nişanları da infeksiya yayabilmə baxımından potensial risk mənbəyi ola bilər. Bununla əlaqədar infeksiyaya yoluxma risklərinin minimallaşdırılması məqsədilə Mərkəzi Bank əhaliyə, eləcə də biznes subyektlərinə nağd puldan istifadəni maksimal məhdudlaşdırmağı və nağdsız ödənişlərə (elektron və mobil bankçılıq, ödəniş kartları, o cümlədən təmassız ödəniş alətləri vasitəsilə) böyük üstünlük verməyi tövsiyə edir.
Nağd ödəniş avadanlıqlarının quraşdırılması zamanı pul nişanlarının keyfiyyət parametrlərindən (saxta olmayan, çirklənməmiş, zədələnməmiş, əzilməmiş, korlanmamış, cırılmamış, deşilməmiş, əlavə vasitələrlə hissələri yapışdırılmamış) asılı olaraq onların adaptasiyası (sistemə uyğunlaşdırılması) həyata keçirilir. Bu zaman saxta və dəyəri ödənilməyən pul nişanlarının nağd ödəniş avadanlıqları tərəfindən qəbul edilməməsi və bu sahədə müvafiq risklərin minimallaşdırılması məqsədilə belə avadanlıqları istismar edən kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatları tərəfindən müvafiq keyfiyyət parametrlərinə cavab verməyən pul nişanlarının qəbuluna ciddi məhdudiyyətlər tətbiq edilir.
Qanunvericiliyə uyğun olaraq, müvafiq keyfiyyət parametrlərinə cavab verməyən pulların nominal dəyərinin ödənilməsi yalnız onların ekspertizasının həyata keçirilməsindən sonra müəyyən edilə bilər. Belə ki, tədavülə yararsız, həqiqiliyi şübhə doğurmayan (saxta olmayan) və bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət olan səthinin 100%-ni saxlamış milli pul nişanlarının nominal dəyəri məhdudiyyətsiz ödənilir. Bununla əlaqədar qanunvericiliyə əsasən Mərkəzi Bank və onun ərazi idarələrinə və yaxud ölkə ərazisində fəaliyyət göstərən kredit təşkilatlarına müraciət oluna bilər.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 1996-cı ildən etibarən ölkənin görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə, eləcə də ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, müxtəlif qiymətli metallardan hazırlanmış yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılır.
Yubiley və xatirə pul nişanları barədə məlumatlar, o cümlədən satışda olan yubiley və xatirə pul nişanları və onların satış qiymətləri barədə məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində "Milli pul nişanları" bölməsində yerləşdirilir.
Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmtələr portalında "Elektron müraciətlər sistemi"nə daxil olaraq sifariş edə, eləcə də Mərkəzi Bankın əsas inzibati binasında və ərazi idarələrində yerləşən kassalarına müraciət edərək əldə edə bilər.
1, 3 və 5 nominallı qəpiklər mislə örtülmüş poladdan, 10 və 20 nominallı qəpiklər latunla ortülmüş poladdan və 50 nominallı qəpik isə latun və nikellə örtülmüş poladdan hazırlanmışdır.
Metal pul nişanlarının çəkisi aşağıdakı kimidir:
1 qəpik | 3 qəpik | 5 qəpik | 10 qəpik | 20 qəpik | 50 qəpik |
2.8 qr | 3.45 qr | 4.85 qr | 5.25 qr | 6.6 qr | 7.7 qr |
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinə əsasən Mərkəzi Bankın tədavülə buraxdığı pul nişanları, o cümlədən metal pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir.
Tadavüldə metal pul nişanlarının artımı iqtisadiyyatın metal pullara olan tələbatının yüksək olması, Mərkəzi Bankın qəpiklərin dövriyyəsinin effektiv təşkili və təşviqi sahəsində həyata keçirdiyi siyasət, ilə bağlıdır. Eyni zamanda aşağı nominallı qəpiklərə (1, 3 və 5 qəpikliklər) olan yüksək tələb pərakəndə ticarətdə qiymətlərin formalaşmasında qəpiklərin qalması, istehlakçıların qəpiklərlə davranış¬ mədəniyyətinin yüksəlməsi, kiçik ticarət müəssisələrinin iri ticarət şəbəkələri ilə əvəzlənməsi və bu zaman onlar arasında qiymət rəqabətinin aparılması kimi faktorlarla izah oluna bilər.
Bank sistemində pulların ekspertizasının təşkili və aparılmasını tənzimləyən qaydalara əsasən ekspertizadan keçirilmiş nominal dəyəri ödənilməyən pul nişanları vətəndaşlara geri qaytarılmır və müvafiq qaydada Mərkəzi Bankda saxlanılır.