- Asiman İsazadə
#asset-65
Mən, Asiman İsazadə, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə məzunuyam. Mərkəzi Bankda təcrübə keçməkdə əsas məqsədim mərkəzi bankçılıq fəaliyyətini daha yaxından öyrənmək, tənzimləyici qurumun iş prinsiplərini daha dərindən anlamaq və burada təqdim olunan inkişaf imkanlarından faydalanmaq idi.
Təcrübə proqramına başlamazdan əvvəl gözləntilərim kifayət qədər yüksək idi. Əvvəlki illərdə proqramda iştirak etmiş tanışlarımın müsbət təəssüratları bu marağımı daha da artırmışdı. Peşəkar komanda ilə işləmək, təcrübəli rəhbərlərin tövsiyələrindən yararlanmaq və müxtəlif təlimlərdə iştirak etməklə bilik və bacarıqlarımı inkişaf etdirmək istəyirdim. İlk günlərdən etibarən ən çox diqqətimi çəkən məqamlardan biri əməkdaşlar arasında formalaşmış səmimi münasibətlər və açıq kommunikasiya mühiti oldu.
Təcrübə müddətində Maliyyə sabitliyi departamentinin Maliyyə sabitliyinin təhlili şöbəsində fəaliyyət göstərərək Maliyyə sabitliyi hesabatının hazırlanması prosesində iştirak etdim. Eyni zamanda, maliyyə institutlarının fəaliyyətində baş verən dəyişikliklərin təhlili, eləcə də müxtəlif təqdimat materiallarının hazırlanması və yenilənməsi istiqamətində töhfə verdim. Bu təcrübə mənə ölkənin maliyyə sistemini daha yaxından öyrənmək, potensial riskləri qiymətləndirmək və analitik düşüncə bacarıqlarımı inkişaf etdirmək imkanı yaratdı. Proqram çərçivəsində təşkil olunan təlimlərdə aktiv iştirak etməyim, Mərkəzi Bankın sədr müavinləri və baş direktorları ilə keçirilən görüşlərdə onların təcrübə və tövsiyələrini dinləməyim inkişaf yoluma əlavə dəyər qatdı.
İş yoldaşlarım və mentorla əməkdaşlığım boyunca hər zaman dəstək hiss etdim. Suallarımı ətraflı cavablandırmaları, istiqamətləndirmələri və biliklərini bölüşmələri öyrənmə prosesini mənim üçün daha səmərəli etdi. Məhz bu peşəkar və eyni zamanda səmimi iş mühiti Mərkəzi Bankdakı təcrübəmi xüsusi və yaddaqalan edən əsas amillərdən biri oldu.
Təcrübə proqramı ərzində mənim üçün ən yaddaqalan məqamlardan biri yarımillik Maliyyə Sabitliyi Hesabatının hazırlanması prosesində iştirak etmək idi. Nəticədə ərsəyə gələn işdə öz töhfəmi görmək həm motivasiyaedici, həm də qürurverici hisslər yaşatdı.
Bu təcrübə gələcək karyera yolum üçün möhkəm təməl yaratdı və maliyyə sahəsinə olan marağımı daha da gücləndirdi. Gələcək təcrübəçilərə tövsiyəm ondan ibarətdir ki, qarşılarına çıxan hər bir öyrənmə imkanından maksimum yararlansın, təşəbbüskar olsunlar və sual verməkdən çəkinməsinlər. Mənə bu dəyərli təcrübəni qazandırdığına görə Mərkəzi Banka, eləcə də proqram müddətində dəstəyini əsirgəməyən bütün əməkdaşlara təşəkkür edirəm.
- Aysu Qarayeva
#asset-66
Mən, Aysu Qarayeva, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə 4-cü kursda, ingilis dilində təhsil alıram. Maliyyə bazarlarının hüquqi tənzimlənməsi sahəsinə olan marağım və Mərkəzi Bankın bu istiqamətdəki fəaliyyətinin peşəkar inkişafım üçün böyük əhəmiyyət daşıması məni “Maliyyəçisən” təcrübə proqramına müraciət etməyə sövq etdi.
Korporativ iş mühiti ilə ilk tanışlığım olan bu təcrübə proqramından əsas gözləntilərimdən biri yeni bilik və təcrübə qazanmaqla yanaşı gələcək karyera hədəflərimi daha aydın müəyyənləşdirmək idi. İlk günlərdən etibarən kollektivin səmimiyyəti və bizə göstərilən diqqət məndə çox müsbət təəssürat yaratdı. Əməkdaşlar adaptasiya prosesimizin rahat keçməsi və proqramdan maksimum fayda əldə etməyimiz üçün hər zaman dəstək göstərir, fəaliyyət istiqamətlərini və iş proseslərini ətraflı şəkildə izah edirdilər.
Təcrübə proqramını mənim üçün tamamilə yeni bir istiqamət olan Kapital bazarlarının hüquqi təminatı şöbəsində keçdim. Bu müddət ərzində əsas fəaliyyətim kapital bazarlarının hüquqi tənzimlənməsi ilə bağlı bazar iştirakçılarından daxil olan sorğuların cavablandırılması, hüquqi araşdırmaların aparılması və müxtəlif qanunvericilik layihələrinin hazırlanması prosesində iştirak etməkdən ibarət idi. Eyni zamanda, bu təcrübə mənə sahəni daha dərindən öyrənmək, maliyyə bazarlarındakı yeni tendensiyaları və onların hüquqi tənzimlənməsi mexanizmlərini yaxından izləmək imkanı yaratdı.
İş yoldaşlarımın dəstəyi sayəsində yalnız kapital bazarları ilə bağlı deyil, maliyyə bazarlarının digər istiqamətləri üzrə də dəyərli biliklər əldə etdim. Mərkəzi Bankın iş mühitində məni ən çox cəlb edən məqamlardan biri hər gün yeni hüquqi məsələlərlə qarşılaşmaq, onları araşdırmaq və bu proses vasitəsilə davamlı öyrənmək imkanı idi. Təcrübə proqramının yaddaqalan anlarından biri isə “Maliyyəçisən | Liderlə Qəhvə” layihəsi çərçivəsində Mərkəzi Bankın sədr müavini Gülər xanımla keçirilən görüş oldu. Bu görüş mənə rəhbərlik təcrübəsi və peşəkar inkişafla bağlı dəyərli fikirlər qazanmağa imkan verdi.
Bu təcrübə proqramı peşəkar fəaliyyətimi maliyyə bazarlarının hüquqi tənzimlənməsi və inkişafı istiqamətində qurmaq istəyimi daha da möhkəmləndirdi. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, sual verməkdən, təşəbbüs göstərməkdən və yeni tapşırıqları qəbul etməkdən çəkinməsinlər. Hər bir tapşırığı öyrənmək və inkişaf etmək üçün fürsət kimi dəyərləndirmək vacibdir. Mərkəzi Bankın peşəkar kollektivi karyerasının ilk mərhələsində olan gənclərə bu yolda hər zaman dəstək göstərməyə hazırdır.
Sonda təcrübə müddətində mənə dəstək göstərən mentorum Səba xanıma və Maliyyə bazarlarının hüquqi təminatı departamentinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.
- Emil Bağırov
#asset-67
Mən, Emil Bağırov, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə 2026-cı il məzunuyam. Maliyyə üzrə təhsil alan biri kimi ölkənin maliyyə sistemində ən önəmli rol oynayan Mərkəzi Bankda praktiki təcrübə qazanmaq ən böyük məqsədlərimdən biri idi. Bu səbəbdən Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramına müraciət etdim.
Təcrübəyə başlamazdan əvvəl Mərkəzi Bankın daha ciddi və sərt iş mühitinə sahib olduğunu düşünürdüm. Lakin ilk gündən qarşılaşdığım səmimiyyət və hər kəsin kömək etməyə hazır olması məndə çox müsbət təəssurat yaratdı. Gözləntilərimdən fərqli olaraq, burada özümü rahat hiss etdiyim və öyrənməyə həvəsləndirildiyim bir mühitlə qarşılaşdım.
Təcrübə müddətim Kapital bazarı fəaliyyətinə nəzarət departamentinin Lisenziyalaşdırma və qeydiyyat şöbəsində keçdi. Burada investisiya şirkətlərinin, fondların və digər bazar iştirakçılarının lisenziyalaşdırılması, eləcə də qiymətli kağızların buraxılışı və qeydiyyatı prosesləri ilə yaxından tanış oldum. Bu müddət ərzində müxtəlif sənədlərin və hesabatların araşdırılması, onların müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılması və uyğunsuzluqların aşkar edilməsi ilə bağlı praktiki təcrübə qazandım. Eyni zamanda, kapital bazarlarının fəaliyyətini və bu sahədə nəzarətin necə həyata keçirildiyini daha yaxından öyrəndim.
Mentorum və iş yoldaşlarım hər addımda mənə istiqamət verir, suallarımı səbirlə cavablandırır və öyrənməyim üçün hər zaman dəstək olurdular. Mərkəzi Bankdakı səmimi və həvəsləndirici iş mühiti mənə özümü komandanın bir üzvü kimi hiss etdirdi.
Bu təcrübə kapital bazarlarını necə işlədiyini daha dərindən anlamağa və gələcək karyera istiqamətimə daha aydın baxmağa kömək etdi. Gələcək təcrübəçilərə tövsiyəm odur ki,hər fürsətdən maksimum yararlansınlar və sual verməkdən heç vaxt çəkinməsinlər.
Mənə bu dəyərli təcrübəni qazandıran Mərkəzi Bank komandasına, mentoruma və bütün həmkarlarıma dərin təşəkkürümü bildirirəm. “Maliyyəçisən” proqramının bir hissəsi olmaq mənim üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımından yaddaqalan bir təcrübə oldu.
- Əli Niftəliyev
#asset-68
Mən, Əli Niftəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Dostlarımın inkişafında “Maliyyəçisən” proqramının rolunu görməyim və Mərkəzi Bank kimi ölkənin maliyyə sahəsində aparıcı qurumlarından birində təcrübə keçmək istəyim məni bu proqrama müraciət etməyə sövq etdi.
Təcrübəyə başlamazdan əvvəl əsasən gündəlik iş prosesləri gözləsəm də, burada yaradılan geniş imkanlar bunun sadəcə bir təcrübə proqramından daha artıq olduğunu göstərdi. “İnkişaf günləri”, “Adaptasiya və beynəlxalq təlimlər”, “Liderlə görüş”, “Yay festivalı” və digər tədbirlər Mərkəzi Bankın fəaliyyəti ilə yaxından tanış olmağıma və dəyərli networking imkanları qazanmağıma şərait yaratdı. Bu prosesdə İnsan kapitalının inkişafı və əməkdaşların işə bağlılığı şöbəsinin rəhbəri Natəvan Mirməmmədlinin, həmçinin Lalə Novruzova, Nuranə Həsənova, Ləman Hüseynzadə və Nərmin Bayramovanın dəstəyi xüsusi rol oynadı.
Təcrübəmi Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin Maliyyə inklüzivliyi şöbəsində keçdim. Burada müxtəlif insan qrupları üzrə maliyyə inklüzivliyinin artırılması ilə bağlı beynəlxalq təcrübəni öyrənir, müqayisələr aparır, təqdimatlar və təhlillər hazırlayır, statistik məlumatlarla işləyirdik. Fəaliyyətimizin əsas istiqamətlərindən biri “Maliyyə inklüzivliyinin inkişafı üzrə 2027–2030-cu illər Dövlət Proqramı” çərçivəsində müəyyənləşdirilən hədəflər idi.
“Təcrübədən töhfəyə” layihə ideyası müsabiqəsi çərçivəsində müxtəlif departament əməkdaşları ilə görüşərək ideyamı alınan feedback əsasında inkişaf etdirdim, mümkün risklərə qarşı həll yolları axtardım və bu prosesdə Nuranə Nağıyeva ilə Səbinə Məmmədovanın dəstəyindən faydalandım. Xəzinəyə ekskursiya, rəhbərliklə görüşlər və “Məzun günü” isə proqramın yaddaqalan və xüsusi anlarından oldu.
Bu müddətdə mənə dəstək olan mentorum Ümid Həsənova, departament direktoru Rüstəm Tahirova, Baş direktor Şahin Mahmudzadəyə və bütün Mərkəzi Bank kollektivinə dərin təşəkkürümü bildirirəm. Yaradılan bütün fürsətlərdən maksimum yararlanmağa çalışdım və “Maliyyəçisən” mənim üçün peşəkar, akademik və şəxsi inkişafımda mühüm mərhələ oldu.
- Əsgər Məmmədov
#asset-69
Mən, Əsgər Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İnformasiya Təhlükəsizliyi ixtisası üzrə təhsil almışam. Mərkəzi Bank kimi nüfuzlu və ölkəmiz üçün önəmli bir qurumda öyrənmək və inkişaf etmək arzusu məni bu təcrübə proqramına müraciət etməyə vadar etdi.
Etiraf edim ki, təcrübəyə başlamazdan əvvəl gözləntilərim olduqca sadə idi. Amma ilk günlərdən məni ən çox təəccübləndirən məqam, təcrübə keçdiyim departamentin və komandanın məni bu qədər səmimi və qayğıkeş qarşılaması oldu. Onlar gözlədiyimdən daha artıq səviyyədə isti münasibət göstərib, öz bilik və təcrübələrini mənimlə həvəslə bölüşürdülər.
Təcrübəmi İnformasiya, kibertəhlükəsizlik siyasəti və nəzarəti şöbəsində keçdim. Bu müddət ərzində daim Mərkəzi Bankın tələblərini dərindən öyrənmə, audit hesabatlarını mütəmadi təhlil etmə və siyasətlərin uyğunluğunu davamlı şəkildə izləmə prosesində iştirak etdim. Paralel olaraq, təqdim olunan sübutları tədbirlər planı və çatışmazlıqlar üzrə ardıcıl müqayisə edir, bank və qeyri-bank sektorlarında informasiya təhlükəsizliyi ilə bağlı meylləri izləyərək risklərin qiymətləndirilməsi işinə töhfə verirdim.
Şöbə əməkdaşları ilə birgə beynəlxalq təcrübələri araşdırmaq, iş müzakirələrində müntəzəm iştirak etmək və təqdimatlar hazırlamaq da bu prosesin ayrılmaz hissəsi oldu. Bu davamlı təcrübə məndə audit düşüncə tərzi formalaşdırdı, vaxtımı düzgün planlaşdırmağı və eyni vaxtda bir neçə işin öhdəsindən gəlməyi öyrətdi.
Mentorum və komanda yoldaşlarım bütün bu müddət ərzində mənə dayaq oldular, hər sualıma səbrlə cavab verdilər. Məni ən çox sevindirən isə iş mühitindəki insanların bu qədər mehriban və dəstəkləyici olması idi.
Doğrusu, ən yaddaqalan anı seçmək mənim üçün çətindir, çünki bu 2 ay ərzində hər gün özündə xüsusi, dəyərli bir xatirə saxladı.
Bu təcrübə mənə çox şey öyrətdi. Mentorumun və komandanın dəstəyi sayəsində qazandığım bilik artıq məni bu sahədə müəyyən qədər inamlı hiss etdirir. Gələcək təcrübəçilərə tövsiyəm budur: hər fürsətdən yararlanın, sual verməkdən çəkinməyin, çünki bu, inkişafınızı qat-qat sürətləndirir.
Sonda, mənə bu qiymətli imkanı yaratdığı üçün Mərkəzi Banka və bu prosesdə əməyi keçən hər kəsə, xüsusilə də öz doğma departamentimə ürəkdən təşəkkür edirəm.
- Əsmər Kərimli
#asset-70
Mən, Əsmər Kərimli, Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Universitetdə qazandığım bilikləri real iş mühitində tətbiq etmək və informasiya təhlükəsizliyi sahəsini daha yaxından tanımaq istədiyim üçün Mərkəzi Bankın İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentində təcrübə keçmək mənim üçün çox dəyərli oldu.
Bu təcrübə proqramı mənim davamlı olaraq korporativ mühitdə komanda ilə işləyəcəyim ilk təcrübə proqramı olacağı üçün çox stresli idim. Xüsusilə həm şəxsi, həm də iş həyatımda çəkingən biri olduğum üçün ilk günlərdə yeni insanlara və mühitə uyğunlaşmaq mənim üçün bir qədər çətin oldu. Lakin komandamın səmimi münasibəti və dəstəyi sayəsində qısa zamanda özümü daha rahat hiss etməyə başladım.
Təcrübə müddətində informasiya təhlükəsizliyi, audit və risklərin idarə olunması ilə bağlı müxtəlif işlərdə iştirak etdim. Məlumatların təhlili, təhlükəsizlik proseslərinin qiymətləndirilməsi və hesabatların hazırlanması kimi tapşırıqlar zamanı universitetdə öyrəndiklərimi praktikada tətbiq etmək imkanım oldu. Bununla yanaşı, analitik düşüncə və komanda ilə işləmək bacarıqlarımı da inkişaf etdirdim.
Mənim üçün ən maraqlı məqamlardan biri informasiya təhlükəsizliyinin düşündüyümdən daha geniş sahə olduğunu görmək idi. Xüsusilə audit, risklərin idarə olunması və GRC istiqamətləri məndə yeni maraq yaratdı və gələcək karyera seçimlərimə fərqli baxmağıma səbəb oldu.
Ən yaddaqalan anım ilk günüm idi. Həmin gün komanda ilə tanış oldum, departamentin fəaliyyəti və görəcəyim işlər haqqında məlumat aldım. Hər şeyin ilki daha özəl və unudulmaz olur. Qarşıdakı iki ayı birlikdə keçirəcəyim, öz sahəsində uğurlu insanlarla tanış olmaq həm də maliyyə bazarına nəzarət edən bir qurumun daxili prosesləri ilə tanış olmaq mənim üçün çox xoş və maraqlı idi.
Bu təcrübə mənə həm peşəkar, həm də şəxsi baxımdan inkişaf etmək və yeni istiqamətlər kəşf etmək imkanı verdi. Gələcək təcrübəçilərə tövsiyəm sual verməkdən çəkinməmələri və qarşılarına çıxan hər fürsətdən öyrənməyə çalışmalarıdır.
Bu dəyərli təcrübəyə və göstərdikləri dəstəyə görə Mərkəzi Banka, mentoruma və komandamıza təşəkkür edirəm.
- Fatimə Fərruxlu
#asset-71
Mən, Fatimə Fərruxlu, Bakı Dövlət Universitetinin SABAH fakültəsinin Hüquqşünaslıq ixtisasından cari ildə məzun olmuşam. Birinci kursdan etibarən hüququn müxtəlif sahələri üzrə təcrübə keçsəm də, maliyyə sektorunda təcrübəm yox idi. Buna baxmayaraq, ölkənin maliyyə-bank sisteminin əsas tənzimləyici orqanı olan Mərkəzi Bankın təcrübə proqramına böyük maraqla müraciət etdim.
Müraciət etmiş minlərlə şəxs arasından seçilən gənclərdən biri olduğumu öyrəndiyim andan bəri bu proqramın mənim şəxsi və peşəkar inkişafım üçün əvəzolunmaz bir təcrübə olacağına əmin idim. Təcrübənin ilk günündən göstərilən səmimi dəstək və yüksək peşəkarlıq gözləntilərimi qat-qat üstələdi. Hüquq və təşkilati işlər departamentinin “İnzibati icraat və məhkəmə işləri” şöbəsindəki fəaliyyətim boyunca Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlər üzrə daxil olan məlumat və sənədləri araşdırmış,inzibati xəta haqqında protokollar tərtib etmiş, icraata başlanılması barədə bildirişlər göndərmiş və bununla əlaqədar müvafiq prosessual hərəkətləri həyata keçirmişəm. Əsas fokusum hüquqi aktların analizi, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərə dair təqdimatın və protokolların hazırlanması üzrə araşdırmalarda iştirak etmək oldu.
Əvvəllər mənə yad olan maliyyə sferasını məhz burada sıfırdan öyrənmək, beynəlxalq təcrübəni araşdırmaq və hüquqi rəylər hazırlamaq bu sahəyə olan marağımı daha da artırdı. Nəticədə bu proses analitik düşüncə, detallara diqqət və komanda ilə iş bacarıqlarımı daha da möhkəmləndirdi.
Mənim üçün bu təcrübəni daha unudulmaz edən isə departamentdəki əməkdaşların mənə qarşı yeni gəlmiş təcrübəçi kimi deyil, illərlə birlikdə çalışdığı əməkdaş kimi doğma münasibət bəsləmələri oldu. Mentorum hər hansı bir tapşırıqda mənə sadəcə istiqamət vermədi, həm də potensialıma inanaraq mənə qərarlarımda çeviklik verdi. Komandadakı hər bir əməkdaşın öz bilik və təcrübəsini mənimlə paylaşması isə adaptasiya prosesimi inanılmaz dərəcədə asanlaşdırdı.
Bu təcrübə mənim üçün yalnız bir təcrübə proqramı olmadı, həm də gələcək karyera istiqamətimə tam aydınlıq gətirdi, artıq fəaliyyətimi məhz maliyyə-bank hüququ sahəsində davam etdirməyi qarşıma məqsəd qoymuşam. Gələcək təcrübəçilərə isə tövsiyəm odur ki, hər fürsətdən yararlanıb daha çox öyrənməyə çalışsınlar və sual verməkdən qorxmasınlar.
Mənə bu imkanı yaradan Mərkəzi Banka, Hüquq və təşkilati işlər departamentinin komandasına dərin təşəkkürümü bildirirəm!
- Fərid Hüseynov
#asset-72
Mən, Fərid Hüseynov, Azərbaycan Dövlət İqtisad Universitetində “Sabah” qruplarında “Economics” ixtisası üzrə təhsil alıram. Məktəb yaşlarımdan etibarən Azərbaycanın ən mühüm maliyyə institutlarından biri olan Mərkəzi Banka böyük marağım olub. Bu maraq məni Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramına böyük motivasiya ilə müraciət etməyə təşviq etdi.
Proqramın ilk günündə İnsan resursları departamenti tərəfindən qarşılandığım səmimi və xoş münasibət məndə proqramın çox faydalı və uğurlu keçəcəyi ilə bağlı ilk müsbət təəssüratı yaratdı. Elə ilk gündən özümü sadəcə təcrübəçi kimi deyil, böyük və peşəkar bir komandanın üzvü kimi hiss etdim.
Təcrübə proqramı çərçivəsində Maliyyə sektorunun dayanıqlı İnkişafı departamentində fəaliyyət göstərmək mənim üçün xüsusi əhəmiyyət daşıdı. Burada Azərbaycanın mövcud dayanıqlı maliyyə mühiti, bu sahədə həyata keçirilən işlər və gələcək perspektivlər haqqında ətraflı məlumat əldə etdim. Eyni zamanda, öyrəndiyim biliklərin və gördüyüm işlərin Azərbaycanın dayanıqlı maliyyə sisteminin inkişafına kiçik də olsa töhfə verdiyini hiss etmək mənim üçün olduqca motivasiyaedici idi.
Bu müddət ərzində birgə çalışdığım mentoruma və departament əməkdaşlarına xüsusi təşəkkürümü bildirmək istəyirəm. Saysız suallarımla onları bəzən “yorsam” da, mentorum hər zaman səbirli davranaraq mənə müxtəlif mövzularda dəstək oldu, suallarımı cavablandırdı və yeni biliklər əldə etməyim üçün istiqamət verdi. Bu dəstək təcrübə müddətində həm peşəkar, həm də şəxsi inkişafım üçün çox dəyərli oldu.
Proqram çərçivəsində yaddaqalan məqamlardan biri də təşkil olunan təlimlər və İdarə Heyəti ilə görüşlər idi. Peşəkarların təcrübələrini dinləmək, onlarla yaxından tanış olmaq və bizi maraqlandıran sualları birbaşa onlara ünvanlamaq bizim üçün çox dəyərli imkan yaratdı. Bu görüşlər gələcək karyera hədəflərimə daha aydın baxmağıma və öz üzərimdə hansı istiqamətlərdə çalışmalı olduğumu müəyyənləşdirməyimə kömək etdi.
“Maliyyəçisən” proqramının ərsəyə gəlməsində və həyata keçirilməsində əməyi olan hər bir şəxsə səmimi təşəkkürümü bildirirəm. Bu proqram mənim üçün yalnız nəzəri biliklərimi praktik təcrübə ilə möhkəmləndirdiyim bir mərhələ deyil, eyni zamanda peşəkar mühitdə özümü sınadığım, yeni insanlar tanıdığım və gələcək karyeram üçün dəyərli təcrübələr qazandığım bir yol oldu.
Bu təcrübənin ən gözəl tərəflərindən biri isə insanın özünü sadəcə bir təcrübəçi kimi deyil, böyük bir qurumun və komandanın bir parçası kimi hiss etməsidir. Mərkəzi Bankda keçirdiyim bu müddət mənim üçün həm öyrədici, həm motivasiyaedici, həm də unudulmaz oldu.
Bu dəyərli təcrübəyə görə bütün komandaya təşəkkür edirəm!
- Fidan Əsədova
#asset-73
Mən, Fidan Əsədova, UNEC-in SABAH qruplarında Maliyyə ixtisası üzrə təhsil almışam. Təhsil və fəaliyyətlərim boyunca maliyyə ilə yanaşı texnologiyaya da maraq göstərmişəm. Azərbaycan Mərkəzi Bankının “Maliyyəçisən” proqramına müraciət etməyim isə bu iki istiqamətin real iş mühitində necə bir araya gəldiyini görmək istəyimdən irəli gəlirdi.
Təcrübə müddətində maliyyə texnologiyalarının təhlili və inkişafı istiqamətində aparılan araşdırmalarda, müzakirələrdə və yeni məhsul prototiplərinin hazırlanması prosesində iştirak etdim. Bu dövrdə mənim üçün ən dəyərli təcrübələrdən biri hazır həlləri öyrənməkdən daha çox, bir ideyanın formalaşaraq real nəticəyə çevrilənədək keçdiyi mərhələləri izləmək oldu. Müşahidə etdim ki, uğurlu ideyaları fərqləndirən əsas amillərdən biri onların ilk versiyası deyil, onlara verilən düzgün suallar və əldə olunan rəylər əsasında davamlı şəkildə təkmilləşdirilməsidir.
Maliyyə təhsili ilə yanaşı proqramlaşdırma sahəsində də müəyyən təcrübəyə malik olduğum üçün bu mühit mənə fərqli bilik və bacarıqlarımı bir arada tətbiq etmək imkanı yaratdı. Eyni zamanda başa düşdüm ki, iş həyatında uğurlu nəticə yalnız mövcud biliklərin həcmi ilə deyil, müxtəlif baxış bucaqlarını birləşdirərək problemlərə yeni yanaşmalar təqdim etmək bacarığı ilə də formalaşır.
Gələcək təcrübəçilərə tövsiyəm hər bir tapşırığa yalnız icra edilməli bir iş kimi yanaşmamalarıdır. Hər tapşırıq yeni bilik qazanmaq, fərqli yanaşmaları kəşf etmək və özünü inkişaf etdirmək üçün bir imkan kimi dəyərləndirilməlidir. Qarşıya qoyulan məqsədi yerinə yetirməklə kifayətlənməyib, “Bunu daha yaxşı necə etmək olar?” sualını daim vermək və hər tapşırıqda öz potensialını nümayiş etdirməyə çalışmaq əhəmiyyətlidir.
Bu proqram mənə hazır cavablar bazasını deyil, doğru suallar verərək ideyanın ən optimallaşdırılmış versiyasına gətirən alqoritmi formalaşdırmağı öyrətdi.
- Fidan Məcidli
#asset-74
Mən, Fidan Məcidli, Bakı Dövlət Universiteti SABAH qruplarının hüquqşünaslıq ixtisasının 2026-cı il məzunuyam. Mərkəzi Bankın fəaliyyəti ilə universitetin 2-ci kursunda yaxından tanış oldum. Bundan sonra burada təcrübə keçmək və peşəkar mühiti özüm sınamaq istəyi məqsədlərimdən birinə çevrildi. Buna görə də “Maliyyəçisən” təcrübə proqramına müraciət etdim. Proqramdan əsas gözləntilərim özümü inkişaf etdirmək və yeni biliklər öyrənmək idi. Proqrama başlamazdan əvvəl daha ciddi bir mühit gözləyirdim. Lakin ilk gündən etibarən komandanın mənə qarşı olan mehriban rəftarı və səmimi mühit məni təəccübləndirən məqamlardan biri idi. Mentorumun da dəstəyi ilə komandaya çox tez adaptasiya oldum.
Təcrübə müddətində əsas vəzifəm maliyyə xidməti istehlakçılarından daxil olan yazılı və şifahi müraciətlərə baxılması üzrə idi. Bu prosesdə həm nəzəri biliklərimi təcrübədə tətbiq etdim, həm də hüquqi təhlil bacarıqlarımı daha da təkmilləşdirdim. Əməkdaşlar ilə daxili müzakirələrdə iştirak etmək və praktiki araşdırmalar aparmaq mənim üçün böyük təcrübə oldu. Mentorumun və komanda üzvlərinin hər addımda mənə dəstək olması, bilik və təcrübələrini bölüşməsi özümə olan inamımı artırdı. Mərkəzi Bankın innovativ, öyrənməyə açıq və peşəkar iş mühiti məni çox ruhlandırdı. Hər iş gününə yeni məlumatlar öyrənmək həvəsi ilə başlayır, həqiqətən də hər günü zəngin təcrübələrlə bitirirdim.
Ən yaddaqalan anım isə şöbə və departament rəhbəri ilə birgə keçirdiyimiz nahar görüşü idi. Bu diqqət və ünsiyyət məni çox həvəsləndirdi. Təcrübə müddəti dövründə öz töhfəmi görmək və peşəkarlardan müsbət rəy almaq qürurverici idi. Bu təcrübə mənim karyera seçimlərimə aydınlıq gətirdi və gələcək peşəkar inkişafım üçün möhkəm zəmin yaratdı. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, hər fürsətdən öyrənməyə çalışsınlar və sual verməkdən çəkinməsinlər.
Mənə bu imkanı yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara təşəkkür edirəm!
- Hüseyn Dadaşov
#asset-75
Mən, Hüseyn Dadaşov, 2026-cı ildə Xəzər Universitetinin Biznesin idarə edilməsi ixtisasından məzun olmuşam. Ölkəmizin maliyyə sektorunun strukturunu və mərkəzi bankçılıq prinsiplərini daha yaxından öyrənmək istəyirdim və bu baxımdan Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramı mənim üçün əla bir fürsət idi.
Mərkəzi Bank dedikdə çox ciddi korporativ iş mühiti ağlıma gəlirdi, amma təcrübəyə başladığım ilk gündən mentorumun və digər əməkdaşların səmimi yanaşması bu təsəvvürümü dəyişdi. Məni ən çox təəccübləndirən məqam isə qısa zamanda özümü sanki uzun zamandır bu komandanın bir üzvü kimi hiss etməyim oldu.
Təcrübə müddətində əsas rolum Kommunikasiya şöbəsində ənənəvi və rəqəmsal kommunikasiya alətlərindən istifadə etmək, media nümayəndələri ilə ünsiyyət qurmaq, icmallar və müxtəlif məzmunlar hazırlamaq idi. Bütün öyrəndiklərim mənim yumşaq və texniki bacarıqlarımın formalaşmasında misilsiz rol oynadı.
Bundan əlavə, mentorumun, habelə digər peşəkar əməkdaşların təcrübələrindən öyrənmək, müasir kommunikasiya metodları barədə geniş müzakirələr aparmaq təcrübə müddətində əsas prioritetlərimdən oldu.
Mentorumun ilk gündən sonacan fəaliyyətimi dəstəkləməsi, inanması və daim öyrənməyimə komək etməsi məni çox ruhlandırdı. Təlimlər və gündəlik iş prosesi sayəsində Mərkəzi Bankda öyrənmə mühitinin çox əlverişli olduğuna əmin oldum.
Ən yaddaqalan an isə Mərkəzi Bankın sədri cənab Taleh Kazımovun da iştirak etdiyi mətbuat konfransında iştirakım oldu. Əvvəllər sosial şəbəkələrdən izlədiyim konfransı bu bu dəfə canlı izləmək və tədbirin hazırlanma prosesinin iştirakçısı olmaq mənim üçün unudulmaz bir təcrübə oldu.
“Maliyyəçisən” təcrübə proqramı mənə bilik və bacarıqlar qazandırmaqla yanaşı intizam, inkişaf və daim öyrənmə kimi vacib dəyərləri aşıladı. Gələcək təcrübəçilərə məsləhətim odur ki, olduqları yerə dəyər qatmaq üçün daim öyrənsinlər və inkişaf etsinlər, sual verməkdən və öyrənməkdən çəkinməsinlər.
Yekun olaraq, Mərkəzi Banka təcrübəçi kimi gəldim, qısa zamanda özümü komandanın bir üzvü kimi hiss etdim. Bu fürsəti mənə və digər təcrübəçi həmkarlarıma yaratdıqları üçün Mərkəzi Banka təşəkkürlərimi bildirirəm!
- Hüseyn İsayev
#asset-76
Mən, Hüseyn İsayev, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə təhsil alıram. Mərkəzi Bankda təcrübə proqramına müraciət etməyimin əsas səbəbi maliyyə sabitliyinə nəzarət edən orqan olması və burada qazanacağım bilik və təcrübələrimin başqa yerdə qazana bilməyəcəyimdir.
Təcrübəyə başlamazdan əvvəl qısa müddət ərzində gözlədiyimdən daha az bilik və bacarıq qazanacağımı, həmçinin Mərkəzi Bankın əsas fəaliyyət istiqamətlərinə töhfə vermək imkanlarımın məhdud olacağını düşünürdüm. Lakin ilk günlərdən etibarən həm birbaşa ixtisasımla, həm də dolayı şəkildə əlaqəli bir çox yeni bilik əldə etməyə başladım.
Məni ən çox təəccübləndirən məqamlardan biri fəaliyyət göstərdiyim şöbədə davamlı olaraq yeni araşdırmaların aparılması və görülən işlərin ölkənin maliyyə sistemi üçün əhəmiyyətli nəticələr yaratması idi. Bu dinamika və məsuliyyət hissi təcrübə müddəti boyunca mənim motivasiyamı daha da artırdı.
Əsas tapşırıqlarım maliyyə institutları ilə bağlı təhlillərin aparılması, istifadə olunan ekonometrik modelləri nəzəri öyrəndikdən sonra onları müxtəlif təhlillərdə praktiki olaraq istifadə etmək, daşınmaz əmlak bazarının təhlili və digər tapşırıqlar idi.
Komitə üçün hazırlanan hesabatda və Mərkəzi Bankın yarımillik maliyyə sabitliyi hesabatının hazırlanmasında birbaşa iştirak etmişəm. Məsuliyyətlərim məlumatların yenilənməsi və əlavə özümün yeni fikirlərimin qeyd olunması idi ki, bu əlavələr maliyyə sabitliyi hesabatında öz əksini tapdı.
Mentorum və əməkdaşlar təcrübə müddətində daim mənə dəstək göstərdilər, həm iş prosesləri, həm də gələcək karyera planlarımla bağlı suallarımı ətraflı şəkildə cavablandırdılar. Onların peşəkar təcrübəsi və inkişaf yolu mənim gələcək karyera hədəflərimlə yaxınlıq təşkil etdiyindən, bu söhbətlər və məsləhətlər mənim üçün xüsusilə faydalı oldu.
Xüsusi və ilhamverici hadisə kimi Mərkəzi Bankın yarımillik hesabatının hazırlanma prosesini qeyd edə bilərəm. Düşünəndə ki, bu hesabatdan maliyyə institutları, beynəlxalq səviyyəli qurumlar və hesabatı oxumağa maraqlı olan hər kəs istifadə edəcək və mənim də bu hesabatda bir əmək payım olacaq, bu məqam məni çox ilhamlandırır.
Təcrübə proqramı karyeramı daha kvantitativ istiqamətlərə yönəldə biləcəyim haqqında olan fikirlərimə bir az da təkan verdi. Karyeramı daha riyazi və statistik maliyyəyə yönəltməklə bağlı daha çox fikirləşməyə başladım.
Gələcək təcrübəçilərə vermək istədiyim 2 mesaj var: daima öyrənin və özünüzə inamlı olun.
Təcrübə proqramı ərzində mənə böyük dəstək göstərən mentoruma, şöbə və departament əməkdaşlarına və bu proqramın ərsəyə gəlməsində rolu olan hər bir Mərkəzi Bank əməkdaşına öz təşəkkürümü bildirirəm.
- Hüseyn İsmayılov
#asset-77
Mən, Hüseyn İsmayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Ölkənin maliyyə-bank sisteminin tənzimlənməsində mühüm rol oynayan bir qurumda təcrübə keçmək ən böyük arzularımdan biri idi. Bu səbəbdən də Azərbaycan Respublikasının Mərkəzi Bankının "Maliyyəçisən" təcrübə proqramına böyük həvəslə müraciət etdim.
Təcrübə proqramı çərçivəsində Mərkəzi Bankın Rezolyusiya departamentinin Problemli maliyyə institutları ilə iş şöbəsində fəaliyyət göstərdim. İlk gündən etibarən qarşılaşdığım peşəkar mühit gözləntilərimi qat-qat üstələdi. Məni ən çox təəccübləndirən və valeh edən amil kollektivin inanılmaz səmimiyyəti və yüksək komanda ruhu oldu.
Şöbədəki təcrübə müddətində əsas tapşırıqlarım problemli maliyyə institutlarının təhlili, müvafiq məlumatların emalı və analitik materialların hazırlanmasında iştirak etmək idi. Bu müddət ərzində nəzəri biliklərimi praktiki müstəvidə tətbiq etməklə yanaşı, sahə üzrə mühüm analitik bacarıqlar da qazandım.
Departament direktorundan başlayaraq şöbə əməkdaşlarına qədər hər kəsin öyrətməyə açıq olması işimə olan motivasiyamı daha da artırdı. Yaranan hər bir sualıma anındaca cavab verməyə və mənə doğru istiqamət göstərməyə hazır olan bir komanda ilə çalışmaq özümə olan inamı dəfələrlə artırdı.
Təcrübə müddətində ən yaddaqalan an şöbəmiz tərəfindən aparılan təhlillərin və hazırlanan təqdimatların müzakirə prosesində iştirak etməyim, orada öz kiçik töhfəmi görmək oldu. Bu müsbət hiss mənə böyük qürur bəxş etdi.
Bu təcrübə maliyyə sahəsindəki gələcək karyera hədəflərimi daha da dəqiqləşdirdi və peşəkar inkişafım üçün möhkəm zəmin yaratdı. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, öyrənməyə həmişə açıq olsunlar və sual verməkdən heç vaxt çəkinməsinlər.
Mənə bu unudulmaz təcrübəni və dəyərli imkanı yaratdığı üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına və dəstəyini əsirgəməyən bütün əməkdaşlara dərin təşəkkürümü bildirirəm!
- İlahə Məhərrəmova
#asset-78
Mən, İlahə Məhərrəmova, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə sonuncu kurs tələbəsiyəm. Mərkəzi Bank Azərbaycanın ən mühüm maliyyə qurumlarından biri və maliyyə sektorunun inkişafında əsas rol oynayan təşkilatlardan olduğu üçün burada işləmək uzun müddət arzularımdan biri olub. Hətta maliyyə sahəsini seçməzdən əvvəl belə, gələcəkdə özümü Mərkəzi Bankın əməkdaşı olaraq təsəvvür edirdim. Buna görə “Maliyyəçisən” təcrübə proqramına qəbul olduğumu öyrənmək mənim üçün sadəcə bir təcrübə proqramına qəbul olmaq deyil, uzun müddət xəyal etdiyim bir başlanğıcın reallaşması idi.
Təcrübəmi Maliyyə sektorunun dayanıqlı inkişafı departamentində keçirdim. Təcrübə proqramı gözləntilərimi düşündüyümdən də yüksək səviyyədə qarşıladı. Burada bizə sadəcə tələbə kimi kiçik tapşırıqlar deyil, departamentin və şöbənin real layihələrinə töhfə vermək imkanı yaradıldı. Şöbənin layihələri üzrə araşdırmalar aparmaq, nəticələri təhlil etmək və təqdimatların hazırlanmasında iştirak etmək mənə həm nəzəri biliklərimi praktikada tətbiq etmək, həm də araşdırma və analitik bacarıqlarımı inkişaf etdirmək imkanı verdi. Ən dəyərli məqamlardan biri isə gördüyüm işin komandanın fəaliyyətinə real töhfə verdiyini hiss etmək idi.
Bu təcrübədə ən çox sevdiyim məqamlardan biri əməkdaşlarla qurduğum münasibətlər oldu. İlk gündən özümü sanki uzun müddətdir bu komandanın bir üzvü kimi hiss etdim. Bu mühit mənə göstərdi ki, yaxşı təcrübə yalnız peşəkar bilik qazanmaqdan ibarət deyil, eyni zamanda öyrənmək, fikir bildirmək, məsuliyyət götürmək və özünü komandanın bir hissəsi kimi hiss etməkdir.
Təcrübəyə başlayanda “Görəsən bacaracam?” sualını verirdimsə, bu gün “Daha nələri bacara bilərəm?” deyə düşünürəm və bu da Mərkəzi Bankda qazandığım ən dəyərli fərqindəlik oldu. Burada yalnız yeni bilik və bacarıqlar əldə etmədim, eyni zamanda öz potensialıma daha fərqli baxmağı, qarşıma çıxan çətinliklərdən çəkinmək əvəzinə onları inkişaf üçün fürsət kimi görməyi öyrəndim.
Növbəti təcrübəçilərə demək istərdim ki, hər şeyi əvvəlcədən bilmədiyiniz üçün fürsətlərdən çəkinməyin. Öyrənməyə açıq olun, sual verməkdən qorxmayın və qarşınıza çıxan imkanlardan maksimum istifadə edin. Çünki bəzən bir təcrübə sadəcə CV-də qeyd olunan bir neçə sətir deyil, insanın özünə və gələcəyinə baxışını dəyişən bir başlanğıc olur.
- İlkin Tağıyev
#asset-79
Mən, İlkin Tağıyev, UNEC SABAH qruplarının Maliyyə ixtisası üzrə məzunam. Maliyyə sisteminin əsas institutlarından biri olan Mərkəzi Bankın fəaliyyətini yaxından tanımaq və universitetdə əldə etdiyim nəzəri bilikləri real iş mühitində tətbiq etmək istəyi mənim üçün “Maliyyəçisən” proqramına gedən yolu açdı.
İlk günlərdə qarşılaşdığım mühit məni sözün yaxşı mənasında təəccübləndirdi. Rəsmiyyətdən daha çox, komanda üzvlərinin açıq ünsiyyəti, bizə göstərilən səmimiyyət və bilikləri bölüşməyə hazır olmaları ilk andan böyük bir güvən və motivasiya yaratdı.
Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsindəki fəaliyyətim müddətində xüsusilə Peşəkar Sertifikatlaşdırma Çərçivəsi (PSÇ) platformasının konsepsiyası, istifadəçi strukturu və vizual təqdimatlarının hazırlanmasında yaxından iştirak etdim. Bu layihə mənə yalnız maliyyə baxış bucağı deyil, həm də rəqəmsal həllər, məzmun arxitekturası və strateji planlaşdırma üzrə tamamilə yeni bacarıqlar qazandırdı.
Mentorumun və kollektivin hər addımda verdiyi səmimi dəstək, yaradıcı ideyalarımıza açdıqları geniş meydan Mərkəzi Bankın öyrənməyə və inkişafa nə qədər böyük dəyər verdiyini göstərdi. İş mühitindəki dinamika və yüksək peşəkarlıq mənə komanda ruhunun əsl gücünü yaşatdı.
Təcrübə müddətində mənim üçün ən unudulmaz an — rəhbərlik və kollektivlə birgə keçirilən şəbəkələşmə görüşlərində və layihə təqdimatlarında ideyalarımın diqqətlə dinlənilməsi və real dəyər görməsi oldu.
Bu yolçuluq peşəkar hədəflərimi daha da aydınlaşdırdı və öz gücümə olan inamı möhkəmləndirdi. Gələcək təcrübəçilərə mesajım odur ki, təşəbbüs göstərməkdən, sual verməkdən və öz potensialınızı göstərməkdən heç vaxt çəkinməyin.
Bütün bu zəngin təcrübə və mənə bəxş edilən inkişaf mühiti üçün Mərkəzi Bank rəhbərliyinə və komandasına dərin təşəkkürümü bildirirəm.
- Jalə Rəsulova
#asset-80
Mən, Jalə Rəsulova, ADA Universitetində Maliyyə ixtisası üzrə 4-cü kursa keçid edirəm. Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramı ilə 2-ci kursun sonlarından tanış olsam da, özümü müraciət etmək üçün kifayət qədər hazır hiss etməmişdim. 3-cü kursun ikinci yarısında isə “hazır hiss etmək” düşüncəsinin məni əsassız yerə qorxutduğunun fərqinə vararaq müraciət etdim və qəbul aldım.
Qəbul cavabını aldıqda böyük sevinc və qürur hissi yaşadım, lakin bundan əlavə Mərkəzi Bank ilə bağlı gözləntim iş mühitinin həddindən artıq ciddi və sərt olacağı yönündə idi. Buna baxmayaraq, istər öz departamentimdə, istərsə də digər struktur bölmələrdə çalışan əməkdaşlar tərəfindən bizimlə edilən söhbətlərdə və yanaşmada hiss etdirilən səmimilik məni dərindən təəccübləndirdi. İlk gündən etibarən departamentin əməkdaşlarının mehriban yanaşması nəticəsində özümü sanki artıq illərdir bu komandanın bir parçasıymış kimi hiss etdim.
Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin İnvestisiyaların təhlili və xarici menecerlərlə iş şöbəsinin təcrübəçisi olaraq əsas məsuliyyətim mentorum və departamentin digər üzvləri tərəfindən verilən tapşırıqları düzgün formada yerinə yetirmək, sorğuların cavablandırılmasına dəstək etmək və hesabatlar hazırlamaq idi. Hər bir tapşırığı yerinə yetirərkən sahə üzrə daha əvvəl heç yerdə rast gəlmədiyim dəyərli biliklər öyrəndim. Bununla yanaşı, detallara xüsusi diqqət yetirmək və analitik düşünmə qabiliyyətlərimi əhəmiyyətli dərəcədə inkişaf etdirdim.
Mentorum ilk iş günündən etibarən iş yoldaşlarım ilə məni tanış etdi və hər biri məni gülər üzlə qarşılayaraq iş mühitinə qəbul etdi. Departamentdaxili müzakirələr, söhbətlər və hətta edilən səmimi zarafatlara məni də daxil etdilər. Bunun sayəsində, departamentin hər bir əməkdaşı ilə çox dəyərli münasibətlər qurma imkanına sahib oldum.
Təcrübə müddətində yaşanan hər bir an mənim üçün çox dəyərli olsa da, mənim üçün ən yaddaqalan hadisə departamentin bir neçə ildən bir etməli olduğu işdə iştirak etməyim oldu. Mən özümü bu mövzuda çox şanslı hesab edirəm ki, bu iş məhz elə mənim təcrübə keçdiyim müddətə düşdü və iştirak etmək, komandaya müəyyən qədər dəstək olmaq mənim üçün həddindən artıq maraqlı oldu.
Bu təcrübə proqramı sayəsində mən özümü gələcəkdə görə bildiyim bir sahə ilə yaxından tanış oldum və karyera planlarım daha da aydınlaşdı. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, qarşılarına çıxan şansları düzgün dəyərləndirmək üçün daima əllərindən gələni etsinlər.
Bu əvəzolunmaz təcrübə imkanı üçün Mərkəzi Banka və bütün əməkdaşlara dərin minnətdarlığımı bildirirəm.
- Ləman Mehdiyeva
#asset-81
Mən, Ləman Mehdiyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Ölkənin ən nüfuzlu və maliyyə sistemində mühüm rol oynayan qurumlarından birində təcrübə keçərək maliyyə sektorunu daha yaxından öyrənmək və mövcud nəzəri biliklərimi praktikada tətbiq etmək istəyim Mərkəzi Bankın təcrübə proqramına müraciət etməyimə əsas səbəb oldu.
Burada mənim üçün yeni olan çox şey öyrənəcəyimə və özümü peşəkar baxımdan inkişaf etdirəcəyimə əmin idim. İlk günlərdən əməkdaşların səmimi münasibəti və təcrübəçilərə göstərilən diqqət məndə çox müsbət təəssürat yaratdı, öyrənməyə açıq mühit isə gözləntilərimi üstələdi.
Mən təcrübə müddətində Rezolyusiya departamentinin Problemli maliyyə institutları ilə iş şöbəsində fəaliyyət göstərdim. Ləğvetmə planları və hesabatlar üzrə araşdırmalar aparır, müəyyən uyğunsuzluqları nəzərdən keçirirdim. Eyni zamanda, müvafiq qanunvericilik üzrə araşdırmalar apararaq bu sahədə biliklərimi genişləndirirdim. Bununla yanaşı, beynəlxalq təcrübələri araşdırmaq və daxili təqdimatlarda iştirak etmək mənim üçün çox faydalı oldu. Bu müddət ərzində analitik düşüncə, araşdırma aparmaq, detallara diqqət yetirmək və məlumatları təhlil etmək bacarıqlarımı daha da inkişaf etdirdim.
Təcrübə müddətində iş yoldaşlarım və mentorumla əməkdaşlığım çox müsbət və rahat oldu. Hər bir tapşırıq zamanı mənə yol göstərmələri, fikirlərimi dinləmələri və öyrənməyim üçün şərait yaratmaları təcrübəmi daha da faydalı etdi. Mərkəzi Bankın iş mühitində məni ən çox cəlb edən isə əməkdaşların bir-birinə dəstəyi, peşəkarlığı və öyrənməyə açıq olmaları idi.
Təcrübə müddətində mənim üçün ən yaddaqalan məqamlardan biri şöbədə aktual olan bir mövzu üzrə apardığım araşdırmanın bəyənilməsi oldu. Araşdırmamın mövzunu əhatəli şəkildə əks etdirdiyinin və düzgün hazırlandığının qeyd olunması mənim üçün çox xoş oldu. Aldığım müsbət rəy mənim üçün həm sevindirici, həm də motivasiyaedici təcrübə oldu.
Bu təcrübə mənə maliyyə sahəsində gələcək karyeramla bağlı daha aydın təsəvvür yaratmaqla yanaşı, gələcəkdə Mərkəzi Bankın əməkdaşı olmaq istəyimi də gücləndirdi. Proqramın peşəkar inkişafımda xüsusi yeri tutacağına əminəm. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, qarşılarına çıxan hər fürsətdən yararlansınlar, sual verməkdən çəkinməsinlər və öyrənməyə həmişə açıq olsunlar.
Bu dəyərli təcrübə və imkan üçün Mərkəzi Banka, mentoruma və bütün departament əməkdaşlarına təşəkkür edirəm.
- Məhəmməd Babayev
#asset-82
Mən, Məhəmməd Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə bakalavr məzunuyam. Ölkənin maliyyə sistemində mühüm rol oynayan bir qurumun fəaliyyətini yaxından öyrənmək və praktiki təcrübə qazanmaq hər zaman maraq dairəmdə olub. Bu səbəbdən Azərbaycan Mərkəzi Bankının “Maliyyəçisən” təcrübə proqramına böyük həvəslə müraciət etdim.
Proqrama başlamazdan əvvəl burada çox şey öyrənəcəyimi düşünürdüm. İlk gündən qarşılaşdığım səmimi münasibət və göstərilən dəstək isə gözləntilərimi daha da üstələdi. Məni ən çox təsirləndirən məqamlardan biri peşəkar iş mühiti ilə yanaşı, kollektivdə formalaşmış güclü komanda ruhu oldu. Əməkdaşların bir-birinə dəstək göstərməsi, fikir mübadiləsinə açıq yanaşması və əməkdaşlıq mədəniyyəti mənə göstərdi ki, uğurlu nəticələrin əsasını yalnız fərdi bilik və bacarıqlar deyil, həm də effektiv komanda işi təşkil edir.
Təcrübə müddətində əsas fəaliyyətim satınalma prosesləri və müsabiqələrin təşkili ilə bağlı tapşırıqlarda iştirak etməkdən ibarət idi. Bu müddətdə sənədlərlə işləmək, məlumatları təhlil etmək və satınalma prosesinin müxtəlif mərhələlərini praktiki olaraq öyrənmək imkanı əldə etdim. Qazandığım təcrübə diqqətlilik, məsuliyyətlilik və işə sistemli yanaşma bacarıqlarımın inkişafına töhfə verdi.
Təcrübə müddətində satınalma proseslərinin təşkili, şirkətlərdən daxil olan sənədlərin araşdırılması və müsabiqələrin gedişi ilə bağlı işlərdə iştirak etdim. Bu proses mənə satınalmanın necə idarə olunduğunu yaxından öyrənmək, detallara diqqət yetirmək və müxtəlif məsələlərə daha analitik yanaşmaq imkanı verdi. Mentorumun istiqamətləndirməsi və komanda üzvlərinin təcrübələrini bölüşməsi mənim inkişafımda böyük rol oynadı. Səmimi və öyrənməyə açıq iş mühiti isə bu təcrübəni mənim üçün daha dəyərli etdi.
Ən yaddaqalan təcrübələrimdən biri ehtimal qiymətlərin hazırlanması, tender elanlarının verilməsi və illik büdcələmə prosesində iştirak etməyim oldu. Bu proseslərdə gördüyüm işlərin real satınalma qərarlarına təsirini görmək mənim üçün həm maraqlı, həm də qürurverici idi.
Bu təcrübə mənim karyera seçimlərimə daha aydın baxmağıma və peşəkar inkişafım üçün möhkəm zəmin yaratmağıma kömək etdi. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, hər fürsətdən öyrənməyə çalışsınlar və sual verməkdən çəkinməsinlər.
Mənə bu imkanı yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara təşəkkür edirəm.
- Murad Zülfüqarov
#asset-83
Mən, Murad Zülfüqarov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İqtisadiyyat" ixtisasını bitirmişəm. Təhsilimə başladığım gündən etibarən ölkənin ən nüfuzlu və önəmli qurumunda çalışmaq arzum olub. Ölkənin maliyyə sistemində mühüm rol oynayan və ən böyük tənzimləyici qurumlardan biri olan Mərkəzi Bankda təcrübə keçmək mənim üçün həm böyük maraq, həm də özümü inkişaf etdirmək üçün əhəmiyyətli bir fürsət idi. Bu səbəbdən Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramına böyük həvəslə müraciət etdim.
Mərkəzi Banka ilk gəldiyim gün gözləntilərim yüksək olsa da, məni ən çox təəccübləndirən ofisə daxil olduğum ilk andan əməkdaşların səmimiyyəti və mehribanlığı oldu. Peşəkarlığın və yüksək iş keyfiyyətinin belə rahat və pozitiv mühitlə bir arada olması məndə çox xoş təəssürat yaratdı.
Təcrübə müddətində Kapital bazarına və infrastrukturuna nəzarət şöbəsində fəaliyyət göstərdim. Əsas vəzifələrim verilən tapşırıqları yerinə yetirmək, məlumatları təhlil etmək, müxtəlif hesabatların təhlili prosesində iştirak etmək, eləcə də beynəlxalq kapital bazarları ilə bağlı araşdırmalar aparmaq idi. Bu müddət ərzində nəzəri biliklərimi praktikada tətbiq etmək və real iş proseslərini yaxından öyrənmək imkanım oldu. Eyni zamanda, bu təcrübə mənə analitik düşünmə, məlumatlarla işləmə və mövcud bacarıqlarımı daha da inkişaf etdirmək baxımından böyük töhfə verdi. Müxtəlif tapşırıqlar üzərində işlədikcə həm yeni biliklər əldə edir, həm də inkişaf edirdim.
Təcrübəmin ən yaddaqalan və məni ən çox ruhlandıran anlarından biri mentorumun üzərində işlədiyi bir layihəni mənə həvalə etməsi oldu. Mənə belə bir məsuliyyətin etibar edilməsi mənim üçün böyük motivasiya idi. Layihə üzərində işləyərkən həm mentorumun istiqamətləndirməsindən, həm də komanda üzvlərinin dəstəyindən faydalandım. Komandadakı hər kəsin öz bilik və təcrübəsini mənimlə bölüşməyə hazır olması və mənə güvənməsi bu prosesi mənim üçün daha da dəyərli etdi. Hazırladığım layihənin mentorum tərəfindən bəyənilməsi isə özümə olan inamımı daha da artırdı və öyrəndiklərimi praktikada tətbiq edə bildiyimi göstərdi.
Bu təcrübə mənə Mərkəzi Bankın fəaliyyətini daha yaxından tanımaqla yanaşı, gələcək karyera istiqamətim barədə də daha aydın düşünməyə imkan verdi. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, verilən hər tapşırığa öyrənmək və özlərini inkişaf etdirmək fürsəti kimi yanaşsınlar və sual verməkdən çəkinməsinlər.
“Maliyyəçisən” proqramı çərçivəsində mənə bu dəyərli təcrübəni yaşamaq imkanı yaratdığı üçün Mərkəzi Banka, mentoruma və bütün komanda üzvlərinə təşəkkür edirəm.
- Nadir Rza
#asset-84
Mən, Nadir Rza, Azərbaycan Memarlıq və İnşaat Universitetində İnformasiya Texnologiyaları ixtisası üzrə məzunam. Ölkənin baş maliyyə qurumunun qərarvermə mexanizmlərini yaxından görmək və analitik bacarıqlarımı inkişaf etdirmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankında təcrübə keçməyə qərar verdim.
Təcrübəyə başlamazdan əvvəl iş mühitini daha formal və qapalı təsəvvür edirdim. Lakin ilk günlərdən etibarən əməkdaşların səmimiyyəti, dəstək göstərməyə hazır olmaları və irəli sürülən ideyalara verilən dəyər mənim üçün xoş təəssürat yaratdı. Bu mühit yeni biliklər əldə etməyimə və iş proseslərinə daha rahat uyğunlaşmağıma imkan verdi.
İstehlakçılarla İş Departamentinin Müraciətlərin təhlili bölməsində fəaliyyət göstərmək mənim üçün tamamilə yeni və maraqlı təcrübə oldu. Əsas tapşırıqlarım vətəndaş müraciətləri əsasında müxtəlif statistikaların çıxarılması, dəqiq hesabatların və vizual təqdimatların hazırlanmasından ibarət idi. İT ixtisasından gəldiyim üçün rəqəmlərlə işləmək, data analizi aparmaq və onları strukturlaşdırmaq mənim üçün həm tanış, həm də çox zövqlü idi. Bu müddətdə həm analitik təfəkkürümü gücləndirdim, həm də real iş mühitində qərarların məlumatlara əsaslanaraq necə verildiyini öyrəndim.
İş yoldaşlarım və mentorum hər zaman köməyə hazır idilər, hər sualıma səbrlə cavab verirdilər. Mərkəzi Bankda məni ən çox cəlb edən məqam isə öyrənməyə və inkişafa verilən sonsuz dəstək oldu. İlk dəfə hazırladığım analitik təqdimat rəhbərlik tərəfindən bəyəniləndə keçirdiyim qürur hissini heç vaxt unutmayacağam. Bu təcrübə karyera inkişafım baxımından mühüm dönüş nöqtəsi oldu, İT sahəsində əldə etdiyim bilik və bacarıqları maliyyə sektoru ilə inteqrasiya etmək imkanlarını daha aydın şəkildə görməyimə şərait yaratdı.
Gələcək təcrübəçilərə məsləhətim odur ki, heç vaxt yeni sahələrdən çəkinməsinlər və hər kiçik tapşırığı belə böyük fürsət kimi görsünlər.
Bu dəyərli fürsətə görə Mərkəzi Bankın bütün kollektivinə və sonsuz dəstəklərinə görə departament direktoru Murad müəllimə, Nərmin xanıma və mentorum Nuranə xanıma dərin təşəkkürümü bildirirəm!
- Nərmin Cəfərli
#asset-85
Mən, Nərmin Cəfərli, ADA Universitetində İqtisadiyyat ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramına müraciət etməyimin əsas səbəbi universitetdə qazandığım nəzəri bilikləri real iş mühitində tətbiq etmək və maliyyə sektorunun necə fəaliyyət göstərdiyini daha yaxından öyrənmək idi.
Təcrübəyə başlamazdan əvvəl əsas gözləntim universitetdə və kitablarda öyrəndiyim proseslərin real həyatda hansı addımlarla həyata keçirildiyini görmək idi. Dərslərdə bəzən sadə görünən bir termin və ya “daha çox pul tədavülə buraxıldı” kimi bir ifadənin arxasında əslində nə qədər uzun və mərhələli bir prosesin dayandığını düşünürdüm. Bu proseslərin real iş mühitində necə formalaşdığının şahidi olmaq mənim üçün xüsusilə maraqlı idi. Nəzəri olaraq izah edilən proseslərin praktikada nə qədər detallı və zəhmətli, lakin nəticədə bir o qədər də məmnunedici olduğunu görmək istəyirdim.
Təcrübə müddətində Bazar davranışı siyasəti istiqamətində müxtəlif tapşırıqlar üzərində işlədim. Məlumatların araşdırılması, müxtəlif materialların hazırlanması və verilən tapşırıqların təhlilində iştirak etdim. Bu proses mənə universitetdə öyrəndiyim iqtisadi və maliyyə biliklərinə daha praktik tərəfdən baxmağa imkan verdi.
Təcrübə boyunca analitik düşünmə, məlumatla işləmə, araşdırma aparma və fikirləri daha aydın ifadə etmə bacarıqlarımı inkişaf etdirdim. Eyni zamanda, komanda daxilində işləmək, verilən tapşırıqları vaxtında yerinə yetirmək və iş prosesinə məsuliyyətlə yanaşmaq kimi vacib vərdişlər qazandım.
Komandamız və mentorlarla əməkdaşlıq bu iki ayın ən unudulmaz və ən zövqlü məqamlarından biri oldu. Bütün departament çox gülərüz, dəstəkləyici, hər bir suala açıq və səmimi insanlardan ibarət idi. Burada sadəcə iş mühiti deyil, insanların bir-birinə güvəndiyi və rahat ünsiyyət qurduğu dostluq mühitinin yaradılmasına da xüsusi önəm verilirdi.
Mentorumdan departament direktoruna qədər hər bir əməkdaş bizim hər gün yeni bir şey öyrənməyimiz üçün yol göstərir, suallarımızı cavablandırır və inkişafımızı dəstəkləyirdi. Heç bir sualın “çox sadə” və ya “yersiz” hesab edilməməsi mənim üçün xüsusilə dəyərli idi. Bu yanaşma mənə həm daha rahat öyrənməyə, həm də özümü komandanın bir hissəsi kimi hiss etməyə imkan verdi.
Mənim üçün ən yaddaqalan məqamlardan biri maliyyə istiqaməti ilə yanaşı, müxtəlif sahələrdən olan əməkdaşlarla birlikdə bir nəzarət prosesində iştirak etmək idi. Fərqli istiqamətlərin bir məqsəd ətrafında necə birləşdiyini və komanda işinin prosesdəki rolunu yaxından görmək mənim üçün maraqlı və öyrədici təcrübə oldu.
Bu təcrübə maliyyə sektoruna və analitik işə olan marağımı daha da gücləndirdi və gələcək karyera istiqamətim haqqında daha aydın düşünməyimə kömək etdi. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, yalnız tapşırıqları yerinə yetirməklə kifayətlənməsinlər. Sual versinlər, müşahidə etsinlər və hər fürsətdə prosesin “niyə” və “necə” tərəflərini anlamağa çalışsınlar.
Bu imkan üçün Mərkəzi Banka, mentoruma və bütün komanda üzvlərinə təşəkkür edirəm. Bu iki ay mənim üçün yalnız peşəkar təcrübə deyil, həm də çox dəyərli insanlarla tanış olduğum və çox şey öyrəndiyim bir yol oldu.
- Nazrin Məhərrəmova
#asset-86
Mən, Nazrin Məhərrəmova, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat ixtisası üzrə məzunuyam. Nə zaman Mərkəzi Bankın binasının yanından keçsəm, “Görəsən burada işlər necə gedir?” sualı beynimdə canlanırdı. Çox sevinirəm ki, ötən illərdən tanış olduğum "Maliyyəçisən" təcrübə proqramı sayəsində bu sualıma cavab tapdım və birbaşa iş prosesində iştirak etmək şansı əldə etdim
Təcrübəyə başlamazdan əvvəl əsas gözləntim Mərkəzi Bank kimi önəmli bir qurumda təcrübə toplamaq, bacarıqlarımı real iş mühitində inkişaf etdirmək və yeni əlaqələr yaratmaq idi. "Maliyyəçisən" proqramı bu gözləntilərimi qarşılamaqla kifayətlənməyib, mənə daha çoxunu qazandırdı.
Bu müddətdə İnsan resurslarının öyrənmə və inkişaf istiqamətində çalışaraq qiymətləndirmə fəaliyyətlərinə dəstək göstərdim. Bununla yanaşı, bir sıra maraqlı işlərdə də iştirak etmək fürsətim oldu. Məsələn, şöbəmizin fəaliyyətlari ilə əlaqədar süni intellektin tətbiqi imkanlarını araşdııb, öz həllərimi təqdim etdim. Bununla yanaşı, bankdaxili adaptasiya təlimlərinin yeni formatı ilə bağlı layihədə birbaşa iştirak etdim.
Məni ən çox sevindirən və təəccübləndirən məqam isə Mərkəzi Bankın cavabdehlik, dürustlük və inkişaf dəyərlərini iş mühitində birbaşa müşahidə etmək oldu. İlk gündən bəri özümü İnsan resursları komandasının bir əməkdaşı kimi hiss etdim. Əməkdaşların, rəhbərlərimin, xüsusən də mentorumun dəstəyi, səmimi yanaşması və xoş rəftarı iş prosesinə tez bir zamanda adaptasiya olmağıma kömək etdi.
Mənim üçün ən yaddaqalan və ilhamverici məqamlardan biri “Liderlə qəhvə” görüşləri oldu. Səmimi söhbətlər zamanı eşitdiyim fikirlərdən biri xüsusilə yaddaşımda qaldı: bəzən yorulduğun nöqtə sənin limitin deyil, daha da irəli gedə biləcəyinin göstəricisidir. Bu fikir mənim üçün təcrübə müddətində qazandığım biliklərdən daha çox, özümdə saxladığım bir düşüncəyə çevrildi.
“Maliyyəçisən” mənim üçün sadəcə iki aylıq təcrübə deyil, karyera yolumda özümə daha böyük hədəflər qoymaq üçün başlanğıc nöqtəsi oldu. Gələcək təcrübəçilərə ən böyük məsləhətim bu iki ayı çox yaxşı dəyərləndirmələri, mentorlarına çəkinmədən sual vermələri və verilən hər bir tapşırığa inkişaf üçün bir fürsət kimi baxmaları olardı.
Sonda bu dəyərli proqramın təşkili üçün Mərkəzi Bank rəhbərliyinə və İnsan resursları komandasına, eyni zamanda inkişaf yolumda işıq tutduğu üçün mentoruma dərin təşəkkürlərimi bildirirəm.
- Nigar Oruclu
#asset-87
Mən, Nigar Oruclu, ADA Universitetinin hüquqşünaslıq ixtisasının dördüncü kurs tələbəsiyəm. Mərkəzi Banka müraciət etməmişdən əvvəl öz yolumu dəyişdirməkdə, ənənəvi hüquq sahələrindən biraz fərqlənən işlərdə özümü sınamaqla bağlı tərəddüdlərim var idi. Düşünürdüm ki, bunu istəyirəm, lakin biraz qorxurdum. Məhz bu qorxumu aşmaq məqsədilə mən Mərkəzi Bankda bazar davranışlarının tənzimlənməsi departamentinə müraciət etdim.
Təcrübəyə başlamazdan əvvəl məndə "heç nəyi bilmirəm" hissi var idi və elə bilirdim ki, bilməmək məni hamının gözündə aşağı salır. Lakin bir müddət sonra,bilməməyi normal qəbul edib, onlara öyrənməli olduğum kimi baxmağa başladım. Komandanın səmimiyyəti və dəstəyi də bu prosesi mənim üçün daha rahat etdi.
İş yoldaşlarım və mentorlarım hər zaman köməyə hazır oldular, ən sadə suallarım belə heç vaxt cavabsız qalmırdı. Onlar sayəsində mən işə həm iqtisadi həm də hüquqi yönündən baxmağı öyrəndim. Məni ən çox cəlb edən cəhət rəhbərlərin işlərinin çox olmasına baxmayaraq, bizi işə inteqrasiya etmələri və çətinliklərimizi vaxtlarının məhdud olmasına baxmayaraq göz ardı etməmələri oldu.
Mənim üçün ən yadda qalan anlar nahar fasilələrində əməkdaşlarla edilən söhbətlər, onlardan aldığımız məsləhətlər oldu
Bu təcrübə mənə istəklərimdən qorxmamağı və qətiyyətli addım atmağı öyrətdi. Gələcək təcrübəçilərə məsləhətim odur ki, heç vaxt sual verməkdən çəkinməsinlər və hər kiçik imkanı öyrənmək üçün fürsət kimi qiymətləndirsinlər.
Bu qiymətli fürsətə görə Mərkəzi Bankın bütün kollektivinə və dəyərli mentorlarıma səmimi qəlbdən təşəkkür edirəm!
- Nihat Zeynalov
#asset-88
Mən, Nihat Zeynalov, 2026/2027-ci tədris ilindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qrupları fakültəsində İqtisadiyyat ixtisası üzrə 4-cü kursda təhsil alacağam. Mərkəzi Bankda təcrübə keçmək mənim üçün maraqlı olsa da, bu fürsətin hekayəsi bir qədər fərqli başladı. Ötən il proqram haqqında dostlarımdan birinin LinkedIn-də paylaşdığı yazı vasitəsilə məlumat əldə etdiyim zaman artıq müraciət müddəti başa çatmışdı. Bu il isə proqram haqqında yenidən məlumat əldə edən kimi tərəddüd etmədən müraciət etdim. Mərkəzi Bankın meqarequlyator funksiyasını həyata keçirən dövlət qurumu olması və iqtisadiyyat üzrə təhsil alan biri kimi onun fəaliyyətinin mənə maraqlı görünməsi bu qərarımda əsas rol oynadı.
Bu proqram mənim ilk təcrübə proqramım idi və buna görə də korporativ mühitlə bağlı müəyyən gözləntilərim var idi. Mərkəzi Bank kimi böyük və məsuliyyətli bir qurumda iş mühitinin daha formal və məsafəli olacağını, əməkdaşların isə işlərinin sıxlığı səbəbindən təcrübəçilərə çox vaxt ayıra bilməyəcəyini düşünürdüm. Lakin ilk gündən bu gözləntilərimin tamamilə fərqli olduğunu gördüm. Əməkdaşların səmimi münasibəti, iş proseslərini ətraflı izah etmələri və hətta işlərinin çox olduğu vaxtlarda belə öyrənmə prosesimizə vaxt ayırmaları məndə çox müsbət təəssürat yaratdı.
Vətəndaşların qəbulu şöbəsində əsas öhdəliklərim Mərkəzi Banka daxil olan müraciətləri təhlil etmək, qanunvericiliyə əsaslanan cavablar hazırlamaq və qeyd olunan məsələlərlə bağlı araşdırmalar aparmaqdan ibarət idi. İlk real tapşırığımı uğurla tamamladığım an mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. İlk dəfə üzərimə qoyulan məsuliyyətin real peşəkar iş prosesinin bir hissəsi olduğunu hiss etdim və nəzəri biliklərimi praktikada tətbiq etməyə başladığımı gördüm.
Təcrübə müddətində Mərkəzi Bankın səlahiyyətlərini, onların tətbiqini və nəzarət subyektlərinin öhdəliklərini daha yaxından öyrəndim. Eyni zamanda, Vətəndaşların qəbulu şöbəsində işləmək Mərkəzi Bankın fəaliyyətinə insanların gündəlik qarşılaşdığı məsələlər prizmasından baxmağa imkan verdi. Hər bir müraciətin arxasında konkret bir insanın sualının, probleminin və gözləntisinin dayandığını görmək məsuliyyətli və əsaslandırılmış yanaşmanın vacibliyini daha yaxşı anlamağıma kömək etdi.
Bu təcrübə mənə yalnız Mərkəzi Bankın fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək deyil, həm də peşəkar fəaliyyətin və məsuliyyət bölgüsünün necə qurulduğunu görmək, verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq və nəzəri biliklərimi praktikada tətbiq etmək imkanı verdi. Mərkəzi Banka onun necə işlədiyini öyrənmək üçün gəlmişdim, amma əslində bu müddət ərzində özüm haqqında da çox şey öyrəndim. İşə yanaşmam və peşəkar mühitdə fəaliyyət göstərmək barədə daha aydın təsəvvür formalaşdı.
Düşünürəm ki, burada qazandığım təcrübə gələcək karyera yolum üçün dəyərli təməllərdən biri olacaq. Məsuliyyət daşımaq, öyrənməyə açıq olmaq, komandanın bir hissəsi kimi fəaliyyət göstərmək və gördüyüm işin daha böyük bir prosesin parçası olduğunu anlamaq bu təcrübənin mənim üçün ən vacib qazancı oldu.
Mənə bu imkanı yaratdığı və təcrübə müddətində göstərdiyi dəstəyə görə Mərkəzi Banka, mentorum və bütün şöbə əməkdaşlarına səmimi təşəkkürümü bildirirəm.
- Nurlan Əsədov
#asset-89
Mən, Nurlan Əsədov, Azərbaycan Dövlət İqtisad Universitetində Kompüter Mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Kibertəhlükəsizlik və informasiya texnologiyalarına olan marağım məni bu sahədə inkişaf etməyə həvəsləndirdi. Bu məqsədlədə ölkənin ən əhəmiyyətli qurumlarından biri olan Mərkəzi Bankda “Maliyyəçisən” təcrübə proqramına müraciət etdim.
Təcrübəyə başlamazdan əvvəl fəaliyyətimin daha çox nəzəri biliklərlə məhdudlaşacağını düşünürdüm. Lakin ilk günlərdən etibarən əldə etdiyim təcrübə gözləntilərimdən fərqli oldu. Kollektivin səmimi münasibəti, dəstəkçi yanaşması və iş mühiti proqramla bağlı müsbət təəssüratlarımı daha da gücləndirdi.
Təcrübə müddətində gündəlik texniki dəstək proseslərinin bir hissəsi olmaq mənə kritik əhəmiyyət daşıyan bir qurumun iş mühitini yaxından tanımaq imkanı verdi. İstifadəçilərdən daxil olan müraciətlərin cavablandırılması, texniki problemlərin aradan qaldırılması və sistemlərin fasiləsiz fəaliyyətinə dəstək göstərilməsi zamanı həm nəzəri biliklərimi praktikada tətbiq etdim, həm də yeni bacarıqlar qazandım. Şəbəkə problemlərinin həlli, sistem və proqram təminatlarının quraşdırılması, eləcə də istifadəçilərə texniki dəstəyin göstərilməsi istiqamətində dəyərli təcrübə əldə etdim.
Təcrübə müddətində komandamızla işləmək mənim üçün ən xoş təcrübələrdən biri oldu. Mənə sadəcə təcrübəçi kimi deyil, həm də komandanın bir hissəsi kimi yanaşıldı. İş yoldaşlarım çox mehriban, səmimi və zarafatcıl idilər. Komandamızın işlərinin çox olmasına baxmayaraq, hər kəs bir-birinə dəstək olurdu. İş mühiti həmişə rahat və pozitiv qalırdı. Xüsusilə bölmə rəhbərimizin mənə göstərdiyi diqqət və dəstək öyrənməyimə çox kömək etdi. Mərkəzi Bankdakı ən fərqli məqamlardan biri məhz peşəkar iş mühiti ilə belə səmimi və mehriban kollektivin bir arada olması idi.
Mənim üçün ən yaddaqalan məqamlardan biri mentorlarımın mənə güvənərək rəhbər vəzifələrdə çalışan əməkdaşların texniki problemlərini müstəqil şəkildə həll etməyimə imkan verməsi oldu. Bu etimad həm özümə olan inamımı artırdı və həm də böyük motivasiya verdi.
Bu təcrübə mənim gələcək karyera seçimimə böyük təsir etdi. Artıq əminəm ki, gələcəkdə kibertəhlükəsizlik və IT sahəsində ixtisaslaşmaq istəyirəm. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, öyrənmək üçün qarşılarına çıxan hər imkandan istifadə etsinlər, sual verməkdən çəkinməsinlər və öyrənməyə daim maraqlı olsunlar.
Mənə bu fürsəti yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara təşəkkür edirəm.
- Raul Aslanov
#asset-90
Mən, Raul Aslanov, Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi ixtisası üzrə məzunuyam. Ölkənin maliyyə sistemində mühüm rol oynayan Azərbaycan Mərkəzi Bankında, xüsusilə maliyyə texnologiyaları sahəsində praktiki təcrübə qazanmaq mənim üçün hər zaman böyük maraq doğurub. Məhz bu səbəbdən “Maliyyəçisən” təcrübə proqramına böyük həvəslə müraciət etdim.
Təcrübəyə başlamazdan əvvəl çox rəsmi və ciddi bir iş mühiti gözləyirdim. Lakin ilk günlərdən qarşılaşdığım mehriban, səmimi və öyrətməyə açıq kollektiv məni çox təəccübləndirdi. Bu dostcanlı yanaşma sayəsində iş mühitinə çox tez adaptasiya oldum və müraciət etdiyim şöbənin mənim üçün ən doğru seçim olduğunu dərhal anladım.
Maliyyə texnologiyaları və innovasiyalar departamentinin Xüsusi tənzimləmə rejimi (XTR) şöbəsində iki ay ərzində təcrübə keçdim. Əsas tapşırıqlarım XTR-ə müraciət edən məhsulların uyğunluğunu yoxlamaqdan və rəqəmsal valyuta üzrə araşdırmalar aparmaqdan ibarət idi. Həmçinin bu müddətdə kriptoaktivlər haqqında dünya praktikasını da dərindən öyrənmək imkanım oldu.
Verilən tapşırıqları böyük maraqla, sıxılmadan və tez bir zamanda yerinə yetirirdim. Şöbənin gördüyü bütün işlərdə aktiv iştirak etməyim 2 aylıq təcrübə dövrümün çox effektiv keçməsini təmin etdi. Fəaliyyətim boyunca kommunikasiya, araşdırma, analitik və problem həll etmə bacarıqlarımı əhəmiyyətli dərəcədə inkişaf etdirdim.
İş yoldaşlarım və mentorumla münasibətlərimiz çox yaxşı quruldu, hətta işdən kənar səmimi dostluqlarımız da yarandı. Mərkəzi Bankın iş mühitində ən çox diqqətimi çəkən məqam hər kəsin bir-biri ilə səmimi və yardımlaşmağa hazır olması idi. Komandanın bu cür dəstəyi işimi daha da sevərək görməyimə kömək etdi.
Təcrübə müddətində mənim üçün ən ilhamverici məqam təkcə iş yoldaşlarımın deyil, həm də şöbə müdiri və departament direktorunun mənə qarşı səmimi davranması, irəli sürdüyüm fikirlərə dəstək verməsi oldu. Bu unudulmaz təcrübə gələcək karyeramı məhz maliyyə texnologiyaları sahəsində davam etdirməyim üçün böyük bir addım oldu.
Gələcək təcrübəçilərə tövsiyəm odur ki, öyrənməkdən heç vaxt çəkinməsinlər, hər bir tapşırığa yeni bir fürsət kimi yanaşsınlar və səmimi ünsiyyət qursunlar. Mənə bu dəyərli inkişaf imkanını yaratdığı və daim dəstək olduqları üçün Mərkəzi Banka, eləcə də əziz kollektivimizə dərin təşəkkürümü bildirirəm.
- Rəsul Qədimli
#asset-91
Mən, Rəsul Qədimli, ADA Universitetində Maliyyə ixtisası üzrə III kurs tələbəsiyəm. Maliyyə sektorunda praktik təcrübə qazanmaq və ölkənin maliyyə sistemində mühüm rol oynayan Mərkəzi Bankın fəaliyyətini yaxından öyrənmək istəyim məni “Maliyyəçisən” təcrübə proqramına müraciət etməyə sövq etdi.
Təcrübəyə başlamazdan əvvəl Mərkəzi Bankı daha formal və iyerarxik iş mühitinə malik bir qurum kimi təsəvvür edirdim. Lakin ilk gündən bu düşüncəm dəyişdi. Əməkdaşların təcrübəçilərə komandanın bir üzvü kimi yanaşması, onların inkişafına xüsusi diqqət yetirməsi və dəstəkləyici münasibəti məndə son dərəcə müsbət təəssürat yaratdı.
Təcrübə müddətində Pul siyasəti departamentinin fəaliyyətini yaxından öyrənmək, beynəlxalq təcrübələri araşdırmaq, müxtəlif mövzular üzrə təkliflər hazırlamaq və əldə etdiyim nəticələri departament rəhbərliyinə təqdim etmək imkanı qazandım. Mənim üçün ən dəyərli məqamlardan biri irəli sürdüyümüz təkliflərin təqdimatlar zamanı diqqətlə müzakirə olunması və qiymətləndirilməsi idi. Bu, təcrübəçi kimi fikirlərimin əhəmiyyətli hesab edildiyini hiss etdirdi və məni daha da motivasiya etdi.
Bu müddət ərzində monetar siyasət qərarlarının formalaşdırılması prosesinə dair baxışım da dəyişdi. Kənardan bu qərarların yalnız bir neçə iqtisadi göstəricinin təhlili əsasında qəbul edildiyi təsəvvürü yarana bilər. Lakin təcrübə zamanı gördüm ki, hər bir qərarın arxasında geniş araşdırmalar, təhlillər, müzakirələr və intensiv komanda işi dayanır. Bu proses analitik düşüncə, tədqiqat, təqdimat və komanda ilə əməkdaşlıq bacarıqlarımın inkişafına mühüm töhfə verdi.
Ən yaddaqalan anlarımdan biri təcrübənin ilk günündə departament direktoru Azər müəllimin məni və şöbə rəhbərimi iclasa dəvət etməsi, mühüm bir tapşırığın icrasına cəlb etməsi oldu. İlk gündən mənə göstərilən etimad həm məsuliyyət hissimi artırdı, həm də motivasiyamı gücləndirdi. Bununla yanaşı, baş direktor Vüqar Əhmədovun təcrübə müddətində göstərdiyi dəstək, eləcə də öz peşəkar inkişaf yolu ilə bağlı təcrübələrini bölüşməsi mənim üçün xüsusilə dəyərli oldu.
“Maliyyəçisən” təcrübə proqramı karyera hədəflərimə də yeni baxış formalaşdırdı. Əvvəllər daha çox maliyyə sahəsində inkişaf etməyi düşünürdümsə, bu təcrübədən sonra makroiqtisadiyyat və monetar siyasət istiqamətində də karyeramı davam etdirməyi ciddi şəkildə nəzərdən keçirirəm. İki ay ərzində qazandığım bilik və təcrübə mənim üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımından böyük əhəmiyyət kəsb etdi.
Gələcək iştirakçılara tövsiyəm odur ki, proqramın təqdim etdiyi hər bir fürsəti maksimum dəyərləndirsinlər, öyrənməkdən çəkinməsinlər və öz fikirlərini bölüşməkdə fəal olsunlar.
Sonda bu təcrübənin həyata keçirilməsində əməyi olan Mərkəzi Bankın İnsan resursları komandasına, həmçinin təcrübə müddətində məni dəstəkləyən, istiqamətləndirən və biliklərini mənimlə bölüşən mentorüm İsmayıl İsmayıllıya dərin təşəkkürümü bildirirəm. Bu təcrübənin peşəkar inkişaf yolumda mühüm mərhələ olduğuna inanıram.
- Rüstəm Mustafazadə
#asset-92
Mən, Rüstəm Mustafazadə, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. “Maliyyəçisən” proqramına başladığım ilk gündən etibarən bu təcrübənin mənim üçün yalnız peşəkar deyil, eyni zamanda şəxsi inkişaf baxımından da böyük əhəmiyyət daşıdığını hiss etdim. Proqram müddətində əldə etdiyim bilikləri real iş mühitində tətbiq etmək, yeni bacarıqlar qazanmaq və özümü müxtəlif istiqamətlərdə sınamaq mənim üçün çox dəyərli təcrübə oldu.
Bu müddət ərzində qazandığım ən önəmli təcrübələrdən biri peşəkar iş mühitinə uyğunlaşmaq və komanda daxilində effektiv fəaliyyət göstərməyi öyrənmək idi. Layihə komandamızla birlikdə çalışarkən hər bir komanda üzvünün fərqli bacarıq və yanaşmalarının ümumi nəticəyə necə təsir etdiyini gördüm. Birlikdə qarşılaşdığımız problemləri həll etmək, fikirlərimizi bölüşmək və ortaq məqsədə doğru irəliləmək mənim komanda işi və problem həll etmə bacarıqlarımın inkişafında mühüm rol oynadı.
Proqram ərzində əldə etdiyim bilik və təcrübələr gələcək karyera yolumu daha aydın şəkildə müəyyənləşdirməyimə də kömək etdi. Xüsusilə maliyyə sektorunun dinamik və inkişaf üçün geniş imkanlar təqdim edən bir sahə olduğunu daha yaxından görmək mənim bu istiqamətdə özümü daha da inkişaf etdirmək istəyimi artırdı. Eyni zamanda, proqram zamanı tanış olduğum insanlar, yaşadığım maraqlı anlar və komandamızla birlikdə qazandığımız təcrübələr mənim üçün bu proqramın ən dəyərli xatirələri olaraq qalacaq.
“Maliyyəçisən” proqramı mənim üçün sadəcə bir təcrübə proqramı deyil, peşəkar gələcəyimə doğru atdığım mühüm addımlardan biri oldu. Bu proqram mənə həm öz potensialımı daha yaxşı tanımağa, həm də gələcək məqsədlərimə daha inamla yanaşmağa imkan verdi.
Bu proqramda iştirak etmək istəyən hər kəsə tövsiyəm odur ki, qarşılarına çıxan hər fürsətdən maksimum yararlansınlar, yeni biliklər əldə etməkdən çəkinməsinlər və bu təcrübənin hər anını dəyərləndirsinlər. “Maliyyəçisən” yalnız öyrənmək üçün deyil, həm də dəyişmək, inkişaf etmək və gələcəyə daha inamlı addımlamaq üçün gözəl bir fürsətdir.
- Səmayə Həsənova
#asset-93
Mən, Səmayə Həsənova, Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Mərkəzi Bankda təcrübə keçmək mənim özüm üçün müəyyən etdiyim əsas hədəflərimdən biri idi. Bu səbəbdən “Maliyyəçisən” təcrübə proqramına ilk müraciətim uğurlu nəticələnməsə də, bu il yenidən müraciət etdim və qəbul oldum.
Proqramdan əvvəl maliyyə bazarlarına nəzarət edən qurum olaraq Mərkəzi Bankda tənzimləmə mexaniziminin hüquqi əsasının necə formalaşdırılması məndə maraq doğururdu. İlk günlərdə yüksək səviyyədə səmimi iş mühitinin olması məni təəcübləndirmişdi.
Təcrübə müddətində Bank sektorunda hüquqi təminat şöbəsində fəaliyyət göstərərək müxtəlif hüquqi sorğuların cavablandırılması, hazırlanmaqda olan normativ hüquqi aktların müzakirəsində iştirak və yeni qəbul edilmiş tənzimləyici sənədlərlə bağlı təqdimatların hazırlanması istiqamətlərində çalışdım. Bu fəaliyyətlər mənə həm universitetdə qazandığım nəzəri bilikləri praktikada tətbiq etmək, həm də hüquqi təhlil və araşdırma bacarıqlarımı inkişaf etdirmək imkanı yaratdı.
Əlavə olaraq, şöbə əməkdaşları ilə birgə beynəlxalq təcrübələri araşdırmaq komanda ilə iş bacarıqlarımın inkişafına dəstək oldu.
Mentorum hər addımda məni istiqamətləndirdi və mənə güvəndi. Komanda üzvlərinin isə öz bilik və təcrübələrini bölüşərək mənim inkişafıma dəstək olmaları məni daha da ruhlandırdı. Təcrübə müddəti ərzində şəxsi inkişafımız və adaptasiyamız üçün təlimlərin təşkil edilməsi də dəyərli idi.
Ən yaddaqalan anım isə şöbəmiz tərəfindən hazırlanan qanunvercilikdə dəyişiklik edilməsinə səbəb ola biləcək layihənin araşdırma mərhələsində iştirak etmək və komanda yoldaşımla buna dair təqdimatın çıxışını həyata keçirməyimiz oldu. Orada öz töhfəmi görmək qürurverici idi.
Bu təcrübə mənim yeni bir iş mühiti ilə tanış olmağıma və yay tətilini səmərəli keçirməyimə vəsilə oldu. Bu təcrübə maliyyə bazarları sahəsinə marağımı daha da artırdı və bu sahə üzrə karyera planlarım üçün doğru addımları müəyyən etməyimə kömək etdi. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, hər fürsətdən istifadə edərək öyrənməyə çalışsınlar və sual verməkdən çəkinməsinlər.
Mənə bu imkanı yaratdığı üçün Mərkəzi Banka və bütün əməkdaşlara təşəkkür edirəm.
- Turanə İbrahimova
#asset-94
Mən, Turanə İbrahimova, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunuyam. Maliyyə sektoru ölkəmizin aparıcı sahələrindən biridir və buna görə də həmişə bu sahədə fəaliyyət göstərən maliyyə institutlarından birində özümü sınamaq istəmişəm. Bu baxımdan ən doğru ünvanın Mərkəzi Bank olduğunu düşünərək “Maliyyəçisən” proqramına müraciət etdim.
Proqrama başlamazdan əvvəl burada yeni bilik və bacarıqlar qazanmaqla yanaşı, yeni bir ailənin parçasına çevriləcəyimə inanırdım. Lakin ilk gündən əməkdaşlar tərəfindən səmimi qarşılanmağım, mənə öyrətmək həvəsi və yerinə yetirdiyim tapşırıqlara göstərilən etimad gözləntilərimi aşmışdır.
Təcrübə müddətində əsas fəaliyyətim şöbəyə daxil olan müxtəlif sorğular üzrə hüquqi rəylərin hazırlanmasından ibarət idi. Bu çərçivədə Mərkəzi Bankın tərəf olduğu beynəlxalq və yerli müqavilələrə hüquqi rəy və düzəlişlərin verilməsi, vətəndaş müraciətlərinin cavablandırılması, daxili reqlament sənədlərinin hazırlanması, eləcə də normayaratma fəaliyyəti prosesində yaxından iştirak etdim. Təcrübə müddətində verilən tapşırıqlar mənə yalnız hüquqi bilik və bacarıqlarımı inkişaf etdirmək deyil, eyni zamanda korporativ iş mədəniyyətini daha yaxından tanımaq, məsələlərə müxtəlif baxış bucaqlarından yanaşmaq və peşəkar mühitdə özümü sınamaq imkanı yaratdı.
Mentorum hər bir işimdə mənə dəstək göstərir, şöbənin fəaliyyətinə verdiyim töhfəni qiymətləndirir və məni daha çox təşəbbüs göstərməyə həvəsləndirirdi. İşlə bağlı məsələlərlə yanaşı, karyera və şəxsi inkişafımla bağlı verdiyi məsləhətlər də mənim üçün çox dəyərli oldu.
Digər əməkdaşların mənə təcrübəçi kimi deyil, komandanın üzvü kimi yanaşması da bu müddəti xüsusi edən amillərdən biri idi. Səsləndirdiyim fikirlərə hörmətlə yanaşmaları, məni müzakirələrə cəlb etmələri özümü komandanın bir parçası kimi hiss etməyimə imkan verdi. Hər birinə qatdıqları dəyər və verdikləri dəstək üçün sonsuz minnətdarlığımı bildirirəm.
Təcrübəni mənim üçün xüsusi edən yalnız bir xatirəni seçmək isə açığı, olduqca çətindir. Hər gün fərqli, rəngarəng hadisələr, maraqlı müzakirələr və yeni öyrənmələr ilə yadda qalırdı. Şöbəmizlə fasilələr zamanı etdiyimiz səmimi söhbətlər, gündəlik həyatımıza qatdığımız kiçik, lakin xoş fərqliliklər və birlikdə keçirdiyimiz anlar, yəqin ki, bu təcrübənin ən yaddaqalan xatirələri sırasında olacaq.
İnanıram ki, bu proqram karyeram üçün mühüm bir mərhələ oldu və mənə bir sıra bilik və bacarıqlar qazandırdı. Gələcək təcrübəçilərə tövsiyəm isə budur ki, təcrübə müddətində daim yeniliklər öyrənməyə açıq və həvəsli olsunlar, sual verməkdən çəkinməsinlər və şəxsi inkişaflarını yalnız təşkilatın deyil, özlərinin də məsuliyyəti kimi qəbul etsinlər.
Gözəl xatirələrlə dolu bir təcrübə proqramının iştirakçısı olmaq imkanı yaratdıqları üçün Mərkəzi Bankın rəhbərliyi və əməyi olan hər bir əməkdaşa dərin minnətdarlığımı bildirir, təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıram!
- Yasin Mövsümov
#asset-95
Mən, Yasin Mövsümov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsində Hüquqşünaslıq üzrə IV kursda təhsil alıram. Hüquq normalarının yalnız tətbiqində deyil, onların formalaşması prosesində də iştirak etmək istəyi və bank-maliyyə qanunvericiliyinin xüsusiyyətlərini daha dərindən öyrənmək marağı məni “Maliyyəçisən” təcrübə proqramına qoşulmağa sövq etdi.
Düzünü desəm, başlamazdan əvvəl Mərkəzi Bank kimi ciddi və böyük bir qurumda korporativ mühitə uyğunlaşmağın mənim üçün çətin olacağını düşünürdüm. Lakin ilk günlərdən yanıldığımı anladım. Bankın sürətli və dinamik iş ritmi ilə yanaşı, biz təcrübəçilərə göstərilən səmimi diqqət, komandanın açıqlığı və xüsusən də peşəkarlıqla səmimilik arasındakı balansı qorumaqları mənim üçün inanılmaz bir məqam idi. Təcrübəçi olduğum şöbənin rəhbərinin, mentorlarımın və digər əməkdaşların ilk andan göstərdiyi istiqanlıq bütün tərəddüdlərimi yuyub apardı.
Təcrübə müddətində sadəcə müşahidəçi olmadım, real iş prosesinin tam mərkəzində yer aldım. Mərkəzi Bankın normativ xarakterli akt layihələrinin hüquqi ekspertizasında iştirak etmək, hüquqi rəylər hazırlamaq, maliyyə bazarlarındakı yeniliklərə dair hüquqi məlumatlar tərtib etmək və fərqli qurumlardan, eləcə də vətəndaşlardan gələn sorğuları araşdırmaq əsas öhdəliklərim idi.
Bu müddət mənə müqayisəli hüquq araşdırmaları aparmağı, mürəkkəb tənzimləyici çərçivələri dərinliyinə qədər təhlil etməyi və əsaslandırılmış hüquqi rəylər yazmağı öyrətdi. Kitablarda oxuduğum hüquq nəzəriyyəsinin canlı maliyyə mexanizmləri ilə necə uzlaşdığını görmək və tətbiq etmək əvəzsiz bir təcrübə oldu.
İş mühitində məni ən çox cəlb edən məqam buradakı yüksək korporativ mədəniyyət, peşəkarlıq və hər kəsin fikrinə dəyər verilən inklüziv atmosfer idi. Mentorlarım, rəhbərlərim və komanda yoldaşlarım sadəcə biliklərini bölüşmədilər, hər addımda analitik düşüncəmi inkişaf etdirməyim üçün mənə yol göstərdilər, dəstəklərini heç zaman əsirgəmədilər.
Təcrübəmin ən unudulmaz anı hazırladığımız təqdimatın departament müzakirəsində yüksək qiymətləndirilməsi və baş direktorumuz Tural Feyzullayevin bizə normativ-hüquqi akt layihəsinin hazırlanmasını həvalə etməsi oldu. Bir təcrübəçi olaraq belə böyük bir etimadı qazanmaq və əməyimin dəyərləndirildiyini görmək mənə sonsuz özünəinam və ilham verdi.
Bu təcrübə bank və maliyyə hüququ sahəsində peşəkar karyera qurmaq istəyimə tam əminlik gətirdi və gələcək hədəflərimi daha da aydınlaşdırdı. Gələcək təcrübəçilərə ən səmimi tövsiyəm odur ki, hətta ən kiçik görünən tapşırığa belə böyük məsuliyyətlə yanaşsınlar, çəkinmədən sual versinlər və Mərkəzi Bankın təqdim etdiyi bu zəngin öyrənmə imkanının hər anından maksimum bəhrələnsinlər.
Mənə bu unikal təcrübəni yaşatdıqları üçün Mərkəzi Bank rəhbərliyinə, hər zaman yanımda olan dəyərli mentorlarım Fuad bəyə və Nigar xanıma, eləcə də bütün doğma kollektivimizə içdən minnətdarlığımı bildirirəm. Bu dövr peşəkar həyatımın ən parlaq və unudulmaz səhifələrindən biri kimi həmişə yaddaşımda qalacaq.
- Zeynəb Abbasova
#asset-96
Mən, Zeynəb Abbasova, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) Maliyyə ixtisası üzrə üçüncü kurs tələbəsiyəm.
Mərkəzi Bankda işləmək məktəbli vaxtlarımdan bəri arzularımdan biri olub. Bu arzumu reallaşdırmaq və fəaliyyətini yaxından görmək istədiyim Mərkəzi Bankın bir parçası olmaq fürsəti “Maliyyəçisən” təcrübə proqramına müraciət etməyimin əsas səbəbi oldu.
Təcrübəyə başlayanda əsas gözləntim öyrəndiklərimi praktikada tətbiq etmək və iş mühitini yaxından tanımaq idi. İlk günlərdən isə anladım ki, burada qazanacaqlarım təkcə iş təcrübəsi ilə məhdudlaşmayacaq. Yeni mövzularla tanış olmaq, fərqli yanaşmaları görmək və hər zaman suallarımı səbirlə cavablandıran insanlarla birgə işləmək bu təcrübəni daha xüsusi etdi.
Təcrübə müddətində Kapital Bazarlarına Nəzarət Departamentinin Korporativ Maliyyə şöbəsində çalışaraq maliyyə hesabatlarının yoxlanılması və təhlili, maliyyə göstəricilərinin qiymətləndirilməsi, habelə müxtəlif məlumatların müvafiq tələblərə uyğunluğunun araşdırılması proseslərində iştirak etdim. Bununla yanaşı, qiymətli kağızlar bazarında məlumatların açıqlanması ilə bağlı beynəlxalq təcrübəni araşdırdım, müxtəlif ölkələrin yanaşmalarını müqayisə edərək əldə etdiyim nəticələri ümumiləşdirdim. Təcrübə müddətində araşdırdığım hər yeni mövzu mənə təkcə yeni məlumat deyil, məsələlərə diqqətlə yanaşmaq, düzgün sual vermək və cavabı müstəqil şəkildə axtarmaq vərdişini də qazandırdı.
Bu müddətdə vaxtımı səmərəli idarə etməyi, fikirlərimi daha aydın ifadə etməyi və komanda daxilində daha fəal olmağı öyrəndim. Məni ən çox cəlb edən isə mehriban, səmimi və bir-birini dəstəkləyən kollektiv mühiti idi — birgə gördüyümüz işlər qədər, iş günlərini xoş anlara çevirən söhbətlər və gülüşlər də yaddaşımda qalacaq.
Təcrübə müddətində mənim üçün ən yaddaqalan məqamlardan biri Mərkəzi Bankın rəhbər şəxsləri və müxtəlif sahələrdə uğur qazanmış peşəkarlarla keçirilən görüşlər oldu. Onların illər ərzində topladıqları təcrübəni, keçdikləri yolu və öz sahələrinə dair fikirlərini dinləmək mənim üçün həm maraqlı, həm də ilhamverici idi.
Bu gün Mərkəzi Bankdan yalnız iş təcrübəsi ilə deyil, yeni biliklər, inkişaf etdirdiyim bacarıqlar, gözəl xatirələr və gələcəyimə daha aydın baxışla ayrılıram. Gələcək təcrübəçilərə tövsiyəm budur: öyrənmək üçün hər fürsətdən istifadə edin, sual verməkdən çəkinməyin və ətrafınızdakı insanların təcrübəsindən yararlanmağa çalışın.
Mənim üçün məktəbli vaxtlarında qurulan bir arzunun belə gözəl bir kollektivin içində gerçəkləşməsi bu təcrübənin ən xüsusi tərəfi olaraq qalacaq. Bu yolda mənə dəstək olan mentoruma və Mərkəzi Bank komandasına dərin təşəkkürümü bildirirəm.
- Zeynəb Xəlilli
#asset-97
Mən, Zeynəb Xəlilli, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. Mənim Mərkəzi Bankla tanışlığım 2024-cü ildə Mərkəzi Bank tərəfindən həyata keçirilən “Rəqəmsal ödənişlər və elektron bankçılıq” kursu üzrə müsabiqənin qaliblərindən biri olmağımla başladı. Mərkəzi Bankın mühiti həmin andan etibarən məni çox cəlb etdiyindən, həmişə buradakı real iş prosesi ilə tanış olmağı arzulamışam. Xoşbəxtlikdən, “Maliyyəçisən” təcrübə proqramına ilk müraciətimdən sonra təcrübə keçmək şansı qazananlardan biri də mən oldum.
Təcrübəyə başlamazdan əvvəl əsas məqsədim bu müddətdən maksimum faydalanmaq və mümkün qədər çox yeni bilik əldə etmək idi. Məni xüsusilə təəccübləndirən məqamlardan biri isə yalnız öz departamentimdən deyil, ehtiyac yarandıqda digər departamentlərin əməkdaşlarından da məlumat və dəstək ala bilməyim oldu. Mərkəzi Bankda olan əməkdaşlıq mühiti sayəsində gözlədiyimdən də dəyərli və faydalı təcrübə qazandığımı düşünürəm.
Təcrübə müddətində Mərkəzi Bankın, Nağd pul və hesablaşmalar departamentinin və Maliyyə bazarlarında hesablaşmalar şöbəsinin fəaliyyət istiqamətləri ilə tanış oldum, aidiyyəti normativ sənədlər üzrə biliklər əldə etdim. Müxbir və kastodian hesablarla əməliyyatlar, beynəlxalq köçürmələr, eləcə də daxili və xarici maliyyə bazarlarında bağlanılmış əqdlər üzrə hesablaşmalar, təsdiq və üzləşdirmə proseslərini müşahidə edərək onların icrasında iştirak etdim. Nəticədə, maliyyə bazarlarında aparılan əməliyyatların hesablaşması və nəzarət mexanizmləri üzrə nəzəri biliklərə və praktiki bacarıqlara yiyələndim.
Bundan əlavə, müxtəlif öyrənmə və inkişaf təlimlərində iştirak etmək və sual- cavab sessiyalarına qoşulmaqla həyatımın və karyeramın hər bir məqamında mənə faydalı olacaq yeni yanaşmalar və təcrübələr qazandım.
Bu müddət ərzində mənim ən şanslı olduğum məqamlardan biri məhz mentorum Nigar Naibova idi. Çətinlik çəkdiyim anlarda daim mənə dəstək olmağı, səbirlə yanaşmağı və güvənməyi mənə çox kömək oldu. Digər komanda üzvləri də hər zaman daha çoxunu öyrənməyim üçün əllərindən gələni edirdilər.
Ən yaddaqalan an isə departament direktorumuz Fətullah Ələkbərov və digər əməkdaşlarla naharda etdiyimiz söhbət oldu. Bu həm mənim onlar və təcrübələri, həm də onların mən və təcrübələrimlə daha yaxından tanış olmağına səbəb oldu.
“Maliyyəçisən” təcrübə proqramı mənim ixtisasım üzrə keçdiyim ilk təcrübə idi və qısa müddətdə həqiqətən də çox şey mənimsədim. Ən əsası da, artıq real iş prosesində hansı bilik və bacarıqların daha əhəmiyyətli olduğunu dərk etdim.
Bizlərə bütün imkanları yaradan və rəylərimizə daim yüksək dərəcədə əhəmiyyət verən Mərkəzi Bank və əməkdaşlarına təşəkkür edirəm!
- Zəhra Hüseynova
#asset-98
Mən, Zəhra Hüseynova, Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə (tədris ingilis dilində) 4-cü kurs tələbəsiyəm.
Mənim üçün “Maliyyəçisən” təcrübə proqramı sadəcə iki aylıq peşəkar təcrübə deyil, akademik və karyera yolumda istiqamətimi dəyişən xüsusi bir mərhələ oldu.
Maliyyə bazarlarının hüquqi təminatı departamentinin Sığorta şöbəsində təcrübəyə başlamazdan əvvəl sığorta sahəsi mənim üçün xüsusi maraq doğuran istiqamətlərdən biri deyildi. Universitetdə sığorta hüququnu keçmədiyim üçün bu sahədə nəzəri biliklərimin də kifayət qədər olmadığını düşünürdüm. Buna baxmayaraq, “Maliyyəçisən” proqramına müraciət prosesində sığorta sahəsi haqqında daha çox oxumağa və araşdırmağa başladım. Araşdırdıqca sığortanın maliyyə sistemindəki rolunu, insanların və bizneslərin üzləşdiyi risklərin idarə olunmasında əhəmiyyətini və hüquqla nə qədər sıx əlaqəli olduğunu daha yaxşı anladım. Elə həmin vaxt bu sahəyə münasibətim dəyişməyə başladı.
Buna görə Sığorta şöbəsində təcrübəçi olaraq seçilməyim mənim üçün sadəcə bir seçim nəticəsi deyildi. Bu, akademik həyatımda yeni bir başlanğıc idi. Mən əvvəllər haqqında kifayət qədər məlumatım olmayan bir sahəyə daxil olur və onu sıfırdan öyrənmək imkanını əldə edirdim.
“Maliyyəçisən” proqramında seçildiyimi öyrəndiyim ilk gündən bu təcrübənin mənim üçün dəyərli olacağını düşünürdüm. Lakin ilk gündən qarşılaşdığım səmimi və dəstəkləyici mühit bu gözləntimi də aşdı. Departamentdə hər kəsin təcrübəçilərə vaxt ayırması, suallarımızı dinləməsi və bildiklərini bizimlə bölüşməsi mənə özümü sadəcə təcrübəçi kimi deyil, komandanın bir hissəsi kimi hiss etdirdi. Xüsusilə də yeni olduğum və çox şeyi bilmədiyim üçün sual verməkdən çəkinməməyimə yaradılan şərait mənim üçün çox dəyərli idi.
Bu iki ay ərzində mentorumun dəstəyi isə təcrübəmin ən vacib hissələrindən biri oldu. Düşünürəm ki, bir hüquqşünas üçün ən vacib bacarıqlardan biri yalnız suallara cavab tapmaq deyil, ilk növbədə düzgün sualı verə bilməkdir. Təcrübə müddətində mən məhz bunu öyrəndim. Mentorumun verdiyi istiqamətlər və digər əməkdaşların fikirləri mənə məsələlərə yalnız bir tərəfdən deyil, müxtəlif hüquqi və praktik aspektlərdən yanaşmağı, qarşıma çıxan problemin mahiyyətini düzgün müəyyən etməyi və daha məqsədyönlü araşdırma aparmağı öyrətdi.
Əslində, bu müddətdə araşdırma etməyin yalnız qanunvericilikdə lazımi normanı tapmaqdan ibarət olmadığını da başa düşdüm.
Bununla yanaşı, departamentin gündəlik fəaliyyəti ilə tanış olmaq mənə hüququn yalnız nəzəri biliklərdən ibarət olmadığını bir daha göstərdi. Normativ aktların hazırlanması və təkmilləşdirilməsi prosesini yaxından görmək, hüquqi məsələlərin praktikada necə araşdırıldığını müşahidə etmək mənim üçün universitetdə öyrəndiyim nəzəri biliklərin real iş mühitində necə tətbiq olunduğunu anlamaq baxımından xüsusilə əhəmiyyətli idi.
Mentorumun ən çox qiymətləndirdiyim xüsusiyyətlərindən biri isə səbri idi. Bəzən cavabını bilmədiyim çox sadə görünən sualları belə çəkinmədən verə bilirdim və o, heç vaxt sualımı əhəmiyyətsiz hesab etmədən, ətraflı şəkildə izah edirdi. Mənim üçün bu, sadəcə müəyyən məsələləri öyrənmək deyil, bilmədiyim bir şeyi soruşmaqdan çəkinməmək və öyrənmə prosesinə daha açıq yanaşmaq baxımından da böyük bir dərs oldu.
Bu müddət ərzində bəzən öyrəndiyim şey böyük bir hüquqi məsələ, bəzən isə əvvəllər heç fikir vermədiyim kiçik bir detal olurdu. Amma düşünürəm ki, bu təcrübəni mənim üçün həqiqətən xüsusi və unudulmaz edən yalnız öyrəndiklərim deyildi. Departament əməkdaşlarının mənə yeni gəlmiş təcrübəçi kimi deyil, sanki uzun müddətdir birlikdə çalışdığımız bir həmkar kimi münasibət göstərməsi bu iki ayı mənim üçün daha doğma etdi.
Xüsusilə nahar fasilələrində birlikdə keçirdiyimiz vaxtlar mənim üçün ən xoş xatirələrdən biri olaraq qalacaq. İşlə bağlı olmayan mövzularda etdiyimiz söhbətlər, onların həyat və karyera təcrübələrindən danışmaları və müxtəlif məsələlərə baxışlarını bölüşmələri mənə bəzən işlədiyim layihələr qədər çox şey öyrətdi. Peşəkar inkişafın yalnız iş prosesində əldə edilən biliklərdən ibarət olmadığını, ətrafındakı insanlardan öyrənməyin də bunun mühüm hissəsi olduğunu məhz burada hiss etdim.
Bu iki ay ərzində mənə öyrənmək, sual vermək, araşdırmaq, səhv etmək və yenidən öyrənmək üçün şərait yaradan Mərkəzi Banka, Maliyyə bazarlarının hüquqi təminatı departamentinin rəhbərliyinə, Sığorta şöbəsinin bütün əməkdaşlarına və xüsusilə mentorumun mənə göstərdiyi səbr və dəstəyə görə təşəkkür edirəm. Buradan yalnız topladığım biliklərlə deyil, gələcək karyeram üçün daha aydın bir istiqamət və çox gözəl insanlarla bağlı xatirələrlə ayrılıram.
“Maliyyəçisən” mənim üçün iki ayın deyil, gələcək yolumun başlanğıc nöqtələrindən biri oldu.
- İlahə Murad
#asset-99
Mən, İlahə Murad, Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Elə 1-ci kursdan mənə qanunvericiliyin normayaratma hissəsi çox maraqlı olub. Buna görə də çox böyük motivasiya ilə Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramına müraciət etdim.
Rəqabətli keçən seçim mərhələsindən sonra təcrübə proqramının qalibi olduğumu öyrənəndə çox böyük qürur hissi yaşamışdım. İlk gün ofisə gedəndə əvvəlki təcrübələrimdən fərqli olaraq çox səmimi və komanda ruhunun güclü olduğu bir iş mühiti ilə tanış oldum. Hər bir əməkdaş məni öyrətməyə və dəstək göstərməyə çox həvəsli idi.
Təcrübə dövründə mentorumun peşəkar kimi ayırdığı vaxt və göstərdiyi diqqət mənim üçün çox qiymətli idi. Mən ödəniş təşkilatları və elektron pul təşkilatlarının fəaliyyətləri ilə bağlı sorğulara cavab məktubu hazırlayır, müvafiq olaraq bu sahədə beynəlxalq təcrübəni də araşdırırdım. Eyni zamanda mentorumun dəstəyi ilə müxtəlif qanunvericilik layihələrini də ekspertiza edir, innovativ məhsullara hüquqi rəy verirdim. Mentorum isə hər bir sualımı səbirlə və diqqətlə dinləyərək məni yönləndirirdi. Təcrübə zamanı maliyyə texnologiyaları və ödəniş əməliyyatlarının praktik tərəfləri məndə böyük maraq yaratdığı üçün karyeramı bu istiqamətdə daha da dərinləşdirmək qərarına gəldim və müvafiq təlimlərə qoşuldum.
Mərkəzi Bankda elə bir iş mühiti formalaşıb ki, nəinki mentorum, həmçinin digər şöbələrin əməkdaşlarına çəkinmədən suallarımı ünvanlaya bilirdim. Onların komanda ruhu və səmimiyyəti mənə həqiqətən ilham verirdi. Məhz bu səbəbdəndir ki, yalnız ödəniş sektorunun hüquqi təminatı deyil, ümumilikdə maliyyə bazarlarının hüquqi təminatı sahəsində dayanmadan məlumatlanırdım.
Mənim üçün ən yaddaqalan anım yeni qəbul edilmiş normativ hüquqi akt haqqında hazırladığımız təqdimatın bütün Mərkəzi Bank əməkdaşları ilə paylaşılması idi. Əlavə olaraq nahar fasilələrində departamentin əməkdaşları ilə həmsöhbət olmaq, onların təcrübələrindən faydalanmaq çox maraqlı və əvəzolunmaz idi.
Bu təcrübə bir hüquqşünas kimi ixtisaslaşacağım sahəni aydınlaşdırmağıma kömək etdi və iştirak etdiyim ən produktiv təcrübə oldu. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, təcrübə proqramında maksimum dərəcədə sual verməyə və öyrənməyə çalışsınlar.
Mənə bu imkanı yaratdığı üçün Azərbaycan Respublikası Mərkəzi Bankına və onun bütün əməkdaşlarına təşəkkür edirəm.
- Turab Xanlarov
#asset-100
Mən, Turab Xanlarov, Qlazqo Universitetində İqtisadiyyat ixtisası üzrə təhsil alıram. Ölkənin maliyyə və iqtisadi sistemində mühüm rol olynayan siyasət qurumunda makroiqtisadi prosesləri təhlil etmək, analitik bacarıqlar əldə etmək məqsədilə Mərkəzi Bankın təcrübə proqramına çox böyük həvəs və ümidlərlə müraciət etdim.
Təcrübəyə başlayanda həm həyəcanlı, həm də çox şey öyrənəcəyimə əmin idim. İlk günlərdən kollektivin səmimiyyəti və mənə göstərilən diqqət bütün həyəcanımı aradan qaldırdı. İş mühitinin peşəkarlığı isə məni motivasiya edən çox vacib amil oldu.
Müaciətimə uyğun olaraq Tədqiqat departamentinin Makroiqtisadi tədqiqatlar şöbəsində təcrübə proqramı keçməyə başladım. Əsas tapşırıqlarım analitik arayışların yazılmasında iştirak etmək, tədqiqat sualları ilə bağlı beynəlxalq təcrübəni öyrənmək, tədqiqat və araşdırma üçün zəruri statistik məlumatları təhlil etmək və toplamaq, onları dəqiqləşdirmək və müxtəlif proqnozların hazırlanmasında iştirak etmək idi. Bu prosesdə nəzəri biliklərimi praktik olaraq tətbiq etməklə yanaşı, güclü analitik bacarıqlar, xüsusilə proqram paketlərindən istifadə təcrübəsi də qazandım.
Tədqiqat komandası və xüsusilə mentorumla işləmək mənə zövq və gələcək planlarıma töhfə verdi. Komandanın hər üzvü çox bilikli və mehriban olmaqla yanaşı, hər zaman məni motivasiya edirdilər. Mentorum maraqlı layihələr həvalə etdi və təcrübəmin ən yüksək səviyyədə keçməsi üçün əlindən gələni əsirgəmədi.
Bu dövrdə ən yaddaqalan anım hazırladığım araşdırmanı monetar blokun müzakirəsinə təqdim etməyim oldu. Həmin an gördüyüm işin faydasını, mənə qazandırdığı təcrübəni əyani şəkildə görmək mənim üçün böyük qürur mənbəyi idi.
Bu təcrübə gələcək karyera hədəflərimi daha dəqiq müəyyən etməyə böyük təsir göstərdi. Gələcək təcrübəçilərə tövsiyəm odur ki, hər fürsətdən yararlandıqları kimi, komandanın təcrübəsindən də maksimum faydalansınlar.
Mənə bu unudulmaz təcrübəni bəxş edən Mərkəzi Banka və bütün kollektivə dərin təşəkkürümü bildirirəm.