Mərkəzi Bank tərəfindən Dünya Bankının Business Ready hesabatının Maliyyə xidmətləri indikatoru əsasında ölkəmizdə maliyyə xidmətləri sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb.
Təhlil ümumilikdə 150-dən çox sual ətrafında aparılmış və biznesin kreditləşməsi, çirkli pulların yuyulması/terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə, elektron ödənişlər, təminatlı əqdlər və reyestrlərin fəaliyyəti, yaşıl maliyyələşmə, gender maliyyəsi olmaqla bir sıra aspektləri əhatə etmişdir.
Təhlil materialı maliyyə xidmətlərindən istifadə zamanı müştəri uyğunluğunun müəyyən edilməsi, girov məqsədləri üçün daşınar əmlakın yüklü edilməsi, kredit büroları məlumatlarının əhatə dairəsi, keyfiyyəti və məlumatların əlçatanlığı, banklar və bank olmayan ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş xidmətlərinin göstərilməsi, iqlim/ətraf mühit risklərinin maliyyə sektorunun tənzimlənməsi və nəzarəti çərçivəsinə inteqrasiyası, habelə qadınlara yönəlmiş maliyyə və qeyri-maliyyə məhsullarının təklifi ilə bağlı ətraflı məlumatları özündə ehtiva edir.
Təhlil materialında cavablandırılan suallar üzrə hüquqi əsaslandırmalar və istifadə olunmuş mənbələrə istinadlar təqdim edilib. Müvafiq təhlil materialı ictimaiyyətə açıq olmaqla biznesin maliyyələşdirilməsində maraqlı olan sahibkarlıq subyektləri, eyni zamanda maliyyə sektoru iştirakçıları və xarici investorlar tərəfindən maliyyə xidmətləri üzrə bələdçi kimi istifadə oluna bilər.