“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Rəqəmsal transformasiya və texnoloji innovasiyalar bir çox maliyyə xidmətinə sürətli, asan və effektiv çıxış əldə etməyə imkan verir.
“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.
Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcəkdir.
Bu Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası və müəyyən olunmuş icra göstəricilərinə nail olmaq məqsədilə hazırlanmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında elektron ödəniş xidmətlərinin inkişaf etdirilməsi və tətbiqinin genişləndirilməsi məqsədilə qərara alıram:
1. “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Mərkəzi Bankı:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;
2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi Azərbaycan Respublikası Mərkəzi Bankının sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 sentyabr 2018-ci il
№ 508
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 26 sentyabr tarixli 508 nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir
2018–2020-ci İLLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASINDA RƏQƏMSAL ÖDƏNİŞLƏRİN GENİŞLƏNDİRİLMƏSİ ÜZRƏ DÖVLƏT PROQRAMI
Mündəricat
1. QISA XÜLASƏ.................................................................................................................4 2. DÖVLƏT PROQRAMININ MƏQSƏDİ.......................................................................7 3. MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ.............................................................................8 4. QLOBAL TRENDLƏR ...................................................................................................12 5. ƏSAS İSTİQAMƏTLƏR.................................................................................................14 5.1. İSTİQAMƏT 1. RƏQƏMSAL ÖDƏNİŞLƏRİN İNSTİTUSİONAL MÜHİTİNİN DAHA DA YAXŞILAŞDIRILMASI..................................................................................14 5.1.1. Prioritet 1.1. Əlverişli biznes mühitinin inkişaf etdirilməsi..............................14 5.1.2. Prioritet 1.2. Vergi sisteminin effektivliyinin artırılması...................................16 5.1.3. Prioritet 1.3. Sosial müdafiə sisteminin gücləndirilməsi üçün qeyri-formal məşğulluğun azaldılması istiqamətində tədbirlərin görülməsi...................................20 5.2. İSTİQAMƏT 2. BANK SEKTORUNUN YENİDƏN CANLANDIRILMASI.......21 5.2.1. Prioritet 2.1. Bank sektorunun sağlamlaşdırılması tədbirlərinin sürətləndirilməsi.................................................................................................................21 5.2.2. Prioritet 2.2. Aktiv pul bazarının formalaşdırılması...........................................24 5.3. İSTİQAMƏT 3. RƏQƏMSAL EKOSİSTEMİN FORMALAŞDIRILMASI............26 5.3.1. Prioritet 3.1. Rəqəmsal sahibkarlığın inkişaf etdirilməsi....................................26 5.3.2. Prioritet 3.2. Elektron ticarətin inkişaf etdirilməsi...............................................27 5.3.3. Prioritet 3.3. Ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi........29 5.3.4. Prioritet 3.4. Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi...........................30 5.3.5. Prioritet 3.5. Rəqəmsal bankçılığın inkişaf etdirilməsi........................................32 5.3.6. Prioritet 3.6. Smart ödəniş vasitələrinin geniş tətbiqi..........................................33 5.3.7. Prioritet 3.7. Mövcud elektron ödəniş xidmətlərinin effektivliyinin və təhlükəsizliyinin yüksəldilməsi........................................................................................35 5.3.8. Prioritet 3.8. Regionlarda və ucqar ərazilərdə maliyyə inklüzivliyinin artırılması.............................................................................................................................37 5.3.9. Prioritet 3.9. Rəqəmsal ödənişlərin stimullaşdırılması........................................38 5.4. İSTİQAMƏT 4. RƏQƏMSAL ÖDƏNİŞLƏR ÜZRƏ MAARİFLƏNDİRMƏ VƏ TƏBLİĞATIN GÜCLƏNDİRİLMƏSİ...............................................................................38 5.4.1. Prioritet 4.1. Maliyyə savadlılığının yüksəldilməsi .............................................39 5.4.2. Prioritet 4.2. Rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması..............................................................................................................................40 6. GÖZLƏNİLƏN NƏTİCƏLƏR.......................................................................................41 7. DÖVLƏT PROQRAMININ MALİYYƏLƏŞDİRİLMƏSİ...........................................42 8. İCRA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ.....................................................43 9. TƏDBİRLƏR PLANI.......................................................................................................44
|
1. QISA XÜLASƏ
“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” (bundan sonra –Dövlət Proqramı) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası məqsədilə hazırlanmışdır. Dövlət Proqramının strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir.
Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.
Dövlət Proqramında rəqəmsal ödənişlərin tətbiqini sürətləndirmək üçün 3 təməl şərt və bunların hər biri üzrə konkret hədəflər müəyyən edilmişdir(Şəkil 1).
Şəkil 1. Məqsədlər, təməl şərtlər və hədəflər
1. Daha əlverişli tənzimləyici mühitin yaradılması qadağanedici tənzimləmə normaları ilə yanaşı, xüsusi təşviq mexanizmlərinin tətbiq olunmasını nəzərdə tutur. İqtisadiyyatın şəffaflaşdırılması məqsədilə rəqəmsal ödənişlərin inkişafına maneə olan institusional əngəllərin aradan qaldırılması tələb olunur. Bunun üçün sahibklarların mülkiyyət və müqavilə hüquqlarının tam təmin olunması, effektiv və rəqabətli fəaliyyət göstərən bazarların yaradılması, vergi sisteminin təkmilləşdirilməsi, o cümlədən vergidən yayınma hallarının qarşısının alınması gərəkdir.
2. Maliyyə bazarlarının inkişafı üçün bank sektorunun fəallığının artırılması, sektorda rəqabətin gücləndirilməsi, aktiv pul bazarının yaradılması, bankların risk qiymətləndirmə imkanlarının təkmilləşdirilməsi, sahibkarlara və əhaliyə ucuz və keyfiyyətli bank xidmətlərinin təklif olunması istiqamətində tədbirlərin həyata keçirilməsi vacibdir.
3. Maliyyə inklüzivliyinin gücləndirilməsi ölkənin bütün bölgələrində bank xidmətlərinin əlçatanlığının təmin edilməsini, bank məhsul və xidmətlərinin çeşidinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsini, xərclərin azaldılmasını, rəqəmsal ödənişlər üzrə ictimai məlumatlılığın artırılmasını tələb edir.
Rəqəmsal ödənişlərin genişləndirilməsinin təməl şərtlərini təmin etmək üçün Dövlət Proqramında 4 strateji istiqamət və 16 prioritet müəyyən edilmişdir (Şəkil 2).
Şəkil 2. Strateji istiqamətlər və prioritetlər
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatında şəffaflıq artacaq, vergidən yayınma halları azalacaq, bank sektoru sağlamlaşacaq, işə götürənlə işçi arasında maliyyə şəffaflığı təmin ediləcək, sosial sığorta ayırmalarının həcmi artacaq, elektron bank əməliyyatlarının çeşidi və həcmi genişlənəcək, elektron bankçılıqdan istifadə edən əhalinin xüsusi çəkisi artacaq, elektron ticarətin həcmi böyüyəcəkdir. Bütün bunlar Azərbaycanda iqtisadiyyatın nağdsızlaşmasını sürətləndirəcək, real ÜDM-in və dövlət büdcəsi gəlirlərinin artmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə ciddi töhfə verəcəkdir.
Dövlət Proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcmi təqribən 17 mlrd. manat arta bilər. Bu isə nağdsız ödənişlərin payının hər il 7% artmasına imkan verəcəkdir. Nəticədə bütövlükdə iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-əqədər azalacaqdır (Diaqram 1).
Diaqram 1. Nağdsız ödənişlərin artımı (mlrd.AZN)
2. DÖVLƏT PROQRAMININ MƏQSƏDİ
Dövlət Proqramının strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onların istifadəsinin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.
Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcəkdir.
Dövlət Proqramının icrası ilə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi prioriteti üzrə nəzərdə tutulmuş nəticə indikatorlarına nail olunacaqdır.
3. MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ
Son illərdə Azərbaycanda makroiqtisadi sabitliyi qorumaq, əlverişli biznes mühiti formalaşdırmaq və qeyri-neft sahələrini inkişaf etdirmək istiqamətində bir sıra ciddi addımlar atılmış, islahatlar davam etdirilmişdir. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri, bir çox dövlət proqramları qəbul olunmuş, yaxın, orta və uzunmüddətli perspektiv üçün iqtisadiyyatın inkişaf hədəfləri müəyyənləşdirilmişdir.
Bu hədəflər arasında rəqəmsal iqtisadiyyat quruculuğu əhəmiyyətli yer tutur. Rəqəmsal texnologiyaların maliyyə, xüsusilə də ödəniş xidmətlərində tətbiqi bazar subyektlərinin öz ödənişlərini rahat, təhlükəsiz və az xərclə aparmasına şərait yaratmaqla yanaşı, iqtisadi dövriyyələrin bank sektoruna daha geniş cəlb olunmasına və qeyri-formal iqtisadiyyatın məhdudlaşdırılmasına, bankların kredit resurslarının artmasına, maliyyə vasitəçiliyinin artırılmasına imkan verir.
Son illərdə Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi, iqtisadiyyatda şəffaflığın artırılması məqsədi ilə bir sıra qanunvericilik aktları qəbul edilmişdir. 2016-cı ildə qəbul olunmuş “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununda rəqəmsal hesablaşmaların mümkün formaları, yalnız nağdsız qaydada həyata keçirilən hesablaşmaların növləri, vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada alınması mümkün olan malların siyahısı, bir ay ərzində aparıla biləcək nağd hesablaşmaların maksimal hədləri müəyyən olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilmiş, nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatları nağd qaydada həyata keçirən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyasının tətbiqi, nağdlaşma əməliyyatının vergiyə cəlb edilməsi üzrə müvafiq maddələr əlavə olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı tapşırıqlarına müvafiq olaraq, Mərkəzi Bank və aidiyyəti qurumlar bank sektoru ilə birlikdə elektron ödəniş sistemlərinin inkişafı və nağdsız ödənişlərin həcminin artırılması istiqamətində davamlı olaraq müxtəlif layihələr reallaşdırır və strateji təşəbbüslər həyata keçirirlər.
Bu sahədə həyata keçirilən sistemli islahatların məntiqi nəticəsi kimi Mərkəzi Bank tərəfindən qabaqcıl texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik Milli Ödəniş Sistemi (MÖS) yaradılmışdır. Bu sistemin əsas komponentlərindən olan iri və təcili ödənişlər üzrə Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS), xırda və daima təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) 2000-ci ilin əvvəllərindən istifadəyə verilmişdir. Regionda infrastruktur imkanlarına görə seçilən MÖS iqtisadi subyektlər arasında ödənişləri saniyələr ərzində və təhlükəsiz formada həyata keçirməyə imkan verir.
MÖS-ün fəaliyyətində xarici təhdid risklərinin azaldılması məqsədilə 2015-ci ildə AZİPS-də beynəlxalq telekommunikasiya şəbəkəsi olan SWIFT-in platformasına paralel olaraq Lokal Telekommunikasiya Şəbəkəsi üzərindən də əməliyyatların aparılması və bununla da MÖS-ün tam suverenliyi təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 dekabr tarixli 152 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”, habelə “Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 1114 nömrəli Sərəncamı MÖS-ün inkişafına əhəmiyyətli təkan vermişdir.
2017-ci il ərzində MÖS vasitəsilə aparılmış əməliyyatların həcmi son 5 illə müqayisədə 76,9 faiz (91,4 mlrd. AZN) artaraq 210,2 mlrd. AZN olmuşdur. 1
1 Mənbə: Mərkəzi Bank
MÖS-ün komponentlərindən daha səmərəli istifadə edilməsi, vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlər üzrə maliyyə vəsaitlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılması məqsədilə Mərkəzi Bank tərəfindən “Hökumət Ödəniş Portalı” (HÖP) yaradılmışdır və onun infrastruktur imkanlarının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
2017-ci ildə HÖP infrastrukturuna 11 mərkəzi icra hakimiyyəti orqanı, 96 məhkəmə orqanı, pilot olaraq seçilmiş 10 bələdiyyə orqanı, səhm paketi dövlətə məxsus olan 8 hüquqi şəxs, 6 dövlət ali təhsil müəssisəsi, İcbari Sığorta Bürosu vasitəsilə 13 sığorta şirkəti və 3 mobil rabitə operatoru inteqrasiya olunmuşdur. HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə ümumilikdə 430-dan çox xidmət, o cümlədən 400-dən artıq dövlət xidməti (vergi, rüsum, icarə haqqı, inzibati cərimələr və s.) üzrə ödənişlər “Azərpoçt” MMC, “Naxçıvanpoçt” MMC və 31 bankın 2500-ə yaxın ödəniş məntəqəsində, 1000-dən çox ödəniş terminalında istər nağd formada, istərsə də portalın internet resursundan, bankların elektron bankçılıq xidmətlərindən istifadə olunmaqla ödəniş kartları və bank hesabları vasitəsilə nağdsız qaydada qəbul edilir.
“Elektron Hökumət” portalı, “AVİS” (Avtomatlaşdırılmış Vergi İnformasiya sistemi), “İAMAS” (İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi) kimi dövlət informasiya resursları sistemə inteqrasiya olunmuş, habelə “ASAN xidmət” mərkəzlərində və səyyar “ASAN xidmət” avtobuslarında xidmət olunan bank şöbələrində ödənişlərin qəbulunun HÖP infrastrukturu vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur.
2017-ci ildə portalda ümumi məbləği 2,1 mlrd. AZN olan 36,6 mln. ödəniş tranzaksiyası emal olunmuş, əvvəlki illə müqayisədə əməliyyatların həcmi 1,7%, sayı isə 20,6% artmışdır. 2
2 Mənbə: Mərkəzi Bank
Kartla ödənişlərin effektivliyini və təhlükəsizliyini yüksəltmək məqsədilə 2016-cı ildə Mərkəzi Bank tərəfindən “Banklararası Kart Mərkəzi” (BKM) istismara verilmişdir. Ümumən, ötən 5 il ərzində ödəniş kartları infrastrukturunda əhəmiyyətli artımlar baş vermişdir. 2018-ci ilin 1 yanvar tarixinə banklar tərəfindən dövriyyəyə buraxılmış ödəniş kartlarının sayı 5,8 mln. ədəd, bankomatların sayı 2,4 min ədəd, POS-terminalların sayı isə 65,5 min ədəd olmuşdur. 2018-ci ilin 1 yanvar tarixinə ölkədə hər min nəfərə 591 ödəniş kartı, hər 100 min nəfərə 24,5 bankomat, hər 10 min nəfərə 66,8 POS-terminal düşür. Pensiyalar, təqaüdlər və bir sıra sosial müavinətlər, büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqları ödəniş kartları vasitəsilə verilir. Özəl qurumların muzdlu işçilərinə əməkhaqqının kartla ödənilməsi üzrə işlər davam etdirilir.
MÖS infrastrukturunun daha da genişləndirilməsi, regionlarda əhali və təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Azərpoçt” MMC-nin maliyyə xidmətləri göstərməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. 2017-ci il üçün “Azərpoct MMC”nin 1180-ə yaxın filial və şöbəsi maliyyə xidmətləri göstərir.
Bununla yanaşı, bir sıra amillər, institusional etimad səviyyəsinin aşağı olması, vergidən yayınmaya zəmin yaradan amillər, bank xidmətlərinin çeşidinin azlığı və xərclərinin yüksəkliyi, əhalinin maliyyə savadlılığı səviyyəsinin yetərli olmaması, banklara və elektron ödəniş sisteminə ictimai inamın zəifliyi rəqəmsal ödənişlərin inkişaf tempini zəiflədir.
Biznesin nağd dövriyyəsi
Aparılan sorğunun nəticələrinə görə, bu sferada ən yüksək nağd dövriyyə biznez subyektlərinin öz aralarında baş verir. Beləki, 180 mlrd. ümumi dövriyyənin 152 mlrd. manatını biznesin ümumi gəlirləri təşkil edir. Sahə üzrə araşdırmaların nəticələri bu gəlirlərin 109 mlrd. manatının (72%) nağd gəlirlərdən ibarət olduğunu göstərir. İT və peşəkar xidmət sahələri istisna olmaqla, digər sektorlarda yüksək nağdlaşma mövcuddur (Diaqram 2).
Diaqram 2. Şirkətlərin gəlir həcmi (sahələr üzrə mlrd. AZN, 2016-cı il)
İstehlakçıların nağd dövriyyəsi
Ümumi dövriyyənin (~180 mlrd. manat) 111 mlrd. manatı biznes, 52 mlrd. manatı istehlakçı, 18 mlrd. manatı isə hökumət sferasındadır. Qiymətləndirmələrə görə, istehlakçı sferasında 52 mlrd. manatlıq ümumi dövriyyənin 49 mlrd. manatı istehlakçı ilə biznes arasında dövriyyənin payına düşür. Sahə üzrə araşdırmaların nəticələri bu dövriyyənin 46 mlrd. manatının nağd formada həyata keçirildiyini göstərir. Yüksək nağdlaşma bütün istehlak sahələrində müşahidə edilir (Diaqram 3).
Diaqram 3. Əhalinin istehlak xərclərində nağd ödənişlərin payı
(sahələr üzrə mlrd. AZN, 2016-cı il)
Nağd pul dövriyyəsinin böyüklüyü iqtisadiyyatı iri həcmdə investisiya resurslarından məhrum edir, bank sisteminin maliyyə vasitəçiliyini məhdudlaşdırır və eyni zamanda, bir sıra struktur problemlərinin, o cümlədən maliyyə intizamının pozulması, şəffaflığın azalması, qeyri-mütəşəkkil pərakəndə ticarətin üstünlük təşkil etməsi kimi problemlərin yaranmasına səbəb olur.
4. QLOBAL TRENDLƏR
4.1. Nağdsız ödənişlərin artım dinamikası
Son onillikdə yeni rəqəmsal texnologiyalara əsaslanan ödənişlərin çeşidi və bu tip maliyyə əməliyyatlarının sayı sürətlə artmaqdadır. Nağdsız ödənişlərin asanlığı, rahatlığı, təhlükəsizliyi və sürətliliyi nəticəsində bir sıra ölkədə nağd pulun ictimai-iqtisadi əhəmiyyəti və əhalinin maliyyə davranışı modelləri radikal dəyişikliklərə uğramışdır. Xüsusilə də mobil telefonların kütləviləşməsi ilə rəqəmsal ödənişlərin dinamikasında sürətli artım baş verməkdədir.
4.2. İnnovativ rəqəmsal ödəniş texnologiyalarının sürətli inkişafı
Texnoloji imkanların genişlənməsi maliyyə institutlarının müştərilərlə münasibətlərini yeni keyfiyyət müstəvisinə yüksəltmiş, biznes modellərinin modernləşməsi üçün əlavə stimullar yaratmış və yeni bazarların formalaşmasına təkan vermişdir.
Nağdsız ödənişlərdə innovasiyaların tətbiqində istehlakçıların seçimi aparıcı rol oynayır. İstehlakçıların daha sürətli və təhlükəsiz ödənişlərlə bağlı istəkləri innovasiyaların gələcək istiqamətlərini müəyyən edir. İnnovasiyaların tətbiqi elektron daşıyıcılarla həyata keçirilən əməliyyatların həcminin yüksəlməsini, maliyyə-əməliyyat xərclərinin aşağı salınmasını, hesablaşmalarda likvidlik riskinin azalmasını təmin edir. Yeni texnologiyalar gündəlik həyatın bütün sahələrində (istər elektron ticarətdə, istərsə də fiziki iş yerlərində) geniş tətbiq edilməklə, rəqəmsal ödənişləri sürətlə inkişaf etdirməkdədir. Bundan başqa, Sürətli ödənişlər (Fast payments), QR (Quick Response) kodları və mobil tətbiqlər, Bulud (Cloud) texnologiyasına əsaslanan POS cihazları, mPOS kimi yeni üsullar istifadəçilərin xərcini azaltmaqla, daha rahat və ucuz ödəniş imkanları yaradır.
4.3. Ani ödəniş sistemlərinin geniş tətbiqi
Nağdsız ödənişlər sahəsində qabaqcıl mövqelər tutan ölkələrdə müşahidə edilən son trendlərdən biri də “ani ödənişlər” adlandırılan (Instant payments) ödəniş mexanizmlərinin tətbiq edilməsidir. Bu mexanizmlər nağdsız ödənişləri 7/24/365 rejimində real vaxtda həyata keçirmək imkanı verir. Ani ödənişlər sistemi rəqəmsal ödənişlərin effektivlik səviyyəsini yüksəltməklə, iştirakçılar üçün likvidliyin dərhal təmin olunmasına, habelə kredit və likvidlik riskləri səviyyəsinin aşağı salınmasına imkan verir. Ani ödənişlər əsasən ödəniş tapşırığına, birbaşa debetləşməyə və ödəniş kartlarına tətbiq edilir.
4.4. Yeni eyniləşdirmə üsullarının tətbiqi və kiber təhlükəsizlik
Rəqəmsal texnologiyaların inkişafı elektron ödəyicilərlə bağlı məlumatların təhlükəsizliyi ilə əlaqədar tələbləri daha da sərtləşdirir. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və ödəniş prosesinin sadələşdirilməsi məqsədilə ödəyicinin fərdi biometrik məlumatlarından (barmaq izindən, gözün tor qişasının şəklindən və ya səs nümunəsindən) istifadə genişlənir. Biometrik məlumatlar təhlükəsizliyi ən yüksək səviyyədə təmin edə bildiyinə görə hazırda dünyanın qabaqcıl bankları müştərilərin rəqəmsal bankçılıq saytlarına girişinə izin vermək və ödənişləri təsdiq etmək üçün məhz belə məlumatlardan istifadə edir.
Ümumiyyətlə, kiber təhlükəsizliyin yüksəldilməsi əsas beynəlxalq trendlərdən biridir. Kiber təhlükəsizlik sistemləri əsasən məlumat bazalarını və ödəniş kanallarını kənar hücumlardan, zərərlərdən və səhv istiqamətləndirmələrdən qoruyur. Son dövrlərdə baş vermiş xüsusilə dağıdıcı kiber hücumlar dünyanın aparıcı maliyyə institutlarını və bir sıra mərkəzi bankları kiber-təhlükəsizlik strategiyalarına yenidən baxmağa vadar etmişdir.
4.5. Ödəniş bazarına yeni “oyunçuların” daxil olması
Son illərdə rəqəmsal texnologiyaların sürətlə inkişaf etməsi sayəsində həm elektron resurslara xidmət xərclərinin azalması, həm də təhlükəsizlik tədbirlərinin yetərli səviyyəyə çatması ödəniş bazarını yeni iştirakçılar (bank olmayan) üçün əlçatan etmiºdir, onların əhaliyə və müəssisələrə maliyyə-ödəniş xidmətləri təklif etməsi təcrübəsi getdikcə genişlənməkdədir. Təkcə inkişaf etmiş ölkələrdə deyil, həm də inkişaf etməkdə olan dövlətlərdə mobil rabitə operatorları, elektron pul təşkilatları, qeyri-bank ödəniş operatorları uğurla fəaliyyət göstərirlər. Bu qurumlar banklara nisbətən daha müasir rəqəmsal texnologiyalardan, innovativ ödəniş üsullarından istifadə etməklə nağdsız ödənişlər bazarında banklarla güclü rəqabət aparırlar.
4.6. Blokçeyn (Blockchain) texnologiyaları və “kriptovalyutalar”
Son zamanlar blokçeyn platforması üzərindən həyata keçirilən həllər özünü doğrultduqca, bu texnologiyanın yaxın və uzaq qonşu ölkələrdə implementasiyası artmaqdadır. Blokçeyn texnologiyası biznes proseslərin həyata keçirilməsi zamanı fəaliyyətin şəffaflaşdırılması və sürətləndirilməsi məqsədilə istifadə olunur. Hazırda blokçeyn yeni nəsil maliyyə xidmətləri infrastrukturunun əsasını təşkil edəcək mühüm texnologiyalardan biri hesab olunur.
Blokçeyn texnologiyaları əsasında kriptovalyutaların yaranması və getdikcə genişlənən tətbiqi son illərin mühüm trendlərindəndir. Virtual valyutaların elektron ödəniş aləti kimi nağd pulu əvəz etməsi bir sıra ölkədə narahatçılıqla qarşılanır. Beynəlxalq təcrübədə kriptovalyutaların tənzimlənməsinə universal yanaşma müəyyən edilməmişdir.
5. ƏSAS İSTİQAMƏTLƏR
5.1. İSTİQAMƏT 1. RƏQƏMSAL ÖDƏNİŞLƏRİN İNSTİTUSİONAL MÜHİTİNİN DAHA DA YAXŞILAŞDIRILMASI
Hazırda Azərbaycanda mövcud olan siyasi sabitlik həyata keçirilmiş islahatların, əldə edilmiş iqtisadi nailiyyətlərin başlıca uğur amilidir. Ölkə əhalisinin rifahının davamlı yüksəlməsinə və dayanıqlı iqtisadi artımın təmin olunmasına nail olmaq üçün ölkədə effektiv iqtisadi institutların formalaşdırılması, iqtisadiyyatın tam liberallaşdırılması, biznes üçün daha əlverişli institusional mühitin yaradılması vacibdir. Bu, nağdsız ödənişlərin genişləndirilməsi üçün də həlledicidir. Dövlət Proqramı daha geniş çərçivədə, rəqəmsal ödənişlərin inkişafının təməlini təşkil edən, iqtisadi subyektlər arasında hesablaşmalarda nağd puldan istifadə motivlərini aradan qaldıran, habelə tranzaksiyaların nağdsız ödənişlər formasında həyata keçirilməsini stimullaşdıran strateji istiqamətləri və tədbirləri də əhatə edir.
Azərbaycanda rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması üçün Dövlət Proqramı çərçivəsində: (I) əlverişli biznes mühitinin inkişaf etdirilməsi, (II) vergi sisteminin effektivliyinin artırılması, (III) sosial müdafiə sisteminin gücləndirilməsi üçün qeyri-formal məşğulluğun azaldılması istiqamətində tədbirlərin görülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
5.1.1. Prioritet 1.1. Əlverişli biznes mühitinin inkişaf etdirilməsi
Əlverişli biznes mühitinin inkişaf etdirilməsi üçün ilk növbədə daha təkmil rəqabətə əsaslanan bazar strukturunun formalaşdırılması, sahibkarların mülkiyyət hüquqlarının qorunmasının təkmilləşdirilməsi, biznes fəaliyyətinin tənzimlənməsi çərçivəsinin və praktikasının daha da yaxşılaşdırılması, biznes subyektləri arasında müqavilə şərtlərinə riayət olunması mexanizmlərinin gücləndirilməsi vacibdir.
Son illərdə Azərbaycanda əlverişli biznes mühitinin inkişaf etdirilməsi və özəl sektorda iqtisadi fəallığın yüksəldilməsi məqsədilə bir sıra struktur-institusional islahatlar aparılmış, qanunvericiliyin təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirilmişdir. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Sərəncamdan irəli gələn tədbirlərin effektiv icrası işgüzar fəaliyyətin tənzimlənməsinin yaxşılaşdırılması, sahibkarların mülkiyyət hüquqlarının daha təkmil qorunması, məhkəmə institutlarının daha da gücləndirilməsi, məhkəmə qərarlarının icrası praktikasının təkmilləşdirilməsi, biznes subyektləri arasında müqavilə şərtlərinə riayətin gücləndirilməsi üzrə ciddi nailiyyətlər əldə edilməsinə imkan verəcəkdir.
Ədalətli rəqabətə əsaslanan bazar strukturunun formalaşdırılması məqsədilə ayrı-ayrı ölkələrdə müxtəlif tənzimləyici alətlər tətbiq edilir. Ədalətli rəqabətin təmin olunmasının başlıca mexanizmi, əksər hallarda, inhisarçılığın aradan qaldırılması (mümkün qədər məhdudlaşdırılması) hesab olunur. Hazırda dünya ölkələrinin çoxunda antiinhisar qanunları fəaliyyət göstərir, lakin onların qanunvericilik normaları müxtəlif sərtlik dərəcəsinə malikdir və müxtəlif səviyyələrdə icra edilir. Bu səbəbdən ayrı-ayrı ölkələrin daxili bazarlarında rəqabətin azadlıq və intensivlik səviyyəsi də fərqlidir.
Azərbaycanda ədalətli bazar strukturunun formalaşmasını sürətləndirmək üçün Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsi nəzərdən keçirilə bilər (bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında da nəzərdə tutulmuşdur). Mühüm məsələlərdən biri də qeyri-formal inhisar razılaşmalarının qarşısını almaqdır.
Ölkədə antiinhisar siyasəti formalaşdıran və həyata keçirən qurumların fəaliyyətinin effektivliyinin, onların həm səlahiyyətinin, həm də məsuliyyətinin artırılması tələb olunur.
Əlverişli biznes mühitinin inkişaf etdirilməsi məqsədilə ilə Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlərin tezliklə həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirlər
Tədbir 1.1.1. Əlverişli biznes mühitinin daha da inkişaf etdirilməsi məqsədilə rəqabət mühitinin gücləndirilməsi istiqamətində təkliflərin təqdim edilməsi
Antiinhisar siyasətini formalaşdıran və həyata keçirən dövlət qurumlarının səlahiyyətlərinin artırılması istiqamətində təkliflər hazırlanacaqdır. Bu təkliflər qurumlar tərəfindən inhisarçılıq fəaliyyətinin qarşısının alınması, bazara ədalətsiz şərtlərlə məhsul və xidmətlər çıxaran şirkətlərə qarşı mübarizənin gücləndirilməsi, təchizat, qiymət, texnologiya üzərində inhisarçı nəzarətin aradan qaldırılması, bazar subyektləri arasında mümkün üfüqi və şaquli inhisar razılaşmalarının qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bundan əlavə, rəqəmsal hesabatlılıq sistemi yaradılacaqdır.
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə (strateji hədəf 4, prioritet 4.1) də bu istiqamətdə tədbirlərin icrası nəzərdə tutulmuşdur.
Tədbir 1.1.2. Kiçik və orta müəssisələrin rəqabət qabiliyyətinin artırılması üçün təkliflərin təqdim edilməsi
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən kiçik və orta sahibkarlara konsultasiya, brendinq və digər istiqamətlərdə dəstək veriləcəkdir. Agentlik kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı problemlərin mütəmadi araşdırılmasını həyata keçirəcək, biznes qurumları ilə dövlət qurumları arasında əməkdaşlıq quracaqdır. Dövlət satınalmalarında kiçik və orta sahibkarların üstün şərtlərlə iştirakının təmin edilməsi tədbirləri ilə bağlı təkliflər təqdim ediləcəkdir. Aidiyyəti qurum tərəfindən bu sahəyə nəzarət artırılacaqdır.
“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə (strateji hədəf 1, prioritet 1.1 və 1.3) də bu istiqamətdə müvafiq tədbirlərin icrası nəzərdə tutulmuşdur.
Tədbir 1.1.3. Rəqabət Məcəlləsinin yekun redaksiyasının hazırlanması və aidiyyəti üzrə təkliflərin təqdim edilməsi
İnhisarçılıq fəaliyyətinin, o cümlədən haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edən Rəqabət Məcəlləsinin yekun redaksiyasının hazırlanması ilə əlaqədar aidiyyəti üzrə təkliflər təqdim ediləcəkdir.
Bu istiqamətdə “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında (tədbir 13.1.1.1) və “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə (tədbir 1.4.1) də müvafiq tədbirin icrası nəzərdə tutulmuşdur.
Tədbir 1.1.4. Müxtəlif sektorlarda sahəvi klasterlərin yaradılmasının təşviqi
İqtisadiyyatın müxtəlif sektorlarında sahəvi klasterlərin (iş adamları birliklərinin) təsis olunması və fəaliyyətinin dövlət tərəfindən təşviq edilməsi məsələsinin məqsədə müvafiqliyinə baxılacaqdır.
Bu istiqamətdə “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında (tədbir 13.1.2.3) və “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə (prioritet 1.6) də müvafiq tədbirlərin icrası nəzərdə tutulmuşdur.
5.1.2. Prioritet 1.2. Vergi sisteminin effektivliyinin artırılması
İqtisadi subyektləri nağd ödənişlərə həvəsləndirən səbəblərdən biri iqtisadiyyatda vergidən yayınma motivlərinin hələdə qalmasıdır. Ona görə də ilk növbədə vergidən yayınma hallarının vergiyə cəlb olunma stimulları ilə aradan qaldırılması vacibdir. Vergidən yayınma motivlərinin vergiyə cəlb olunma motivləri ilə əvəzlənməsi iqtisadi dövriyyənin şəffaflaşmasına və leqallaşmasına, bununla da nağdsız hesablaşmaların genişlənməsinə, daha çevik və rahat elektron (rəqəmsal) ödənişlərə meylin güclənməsinə gətirib çıxaracaqdır.
Son dövrlərdə rəqəmsal ödənişlərin genişləndirilməsinə hədəflənmiş bir sıra hüquqi aktlar qəbul edilmiş, islahatlar aparılmışdır. Çevik və səmərəli vergi inzibatçılığını həyata keçirmək üçün Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) yaradılmışdır. Hazırda vergi inzibatçılığının bütün səviyyələrində məlumat mübadiləsi AVİS vasitəsilə həyata keçirilir. Sahibkarlıq subyektlərinin qeydiyyatı sadələşdirilmiş rejimdə, “bir pəncərə” prinsipi ilə aparılır. Bu, biznes mühitini xeyli yaxşılaşdırmış, sahibkarların dövlət qurumlarından asılılığını zəiflətmişdir.
Bununla belə, vergi sistemində aparılmış vacib islahatlara baxmayaraq vergidən yayınmaya səbəb olan inzibati və iqtisadi motivlərin bir daha araşdırılması, sahibkarlıq subyektlərinin mövcud vergi yükünün, vergilərin hesablanması qaydalarının beynəlxalq təcrübəyə uyğun təhlil edilərək qiymətləndirilməsi və bu sahədə islahatların davam etdirilməsi vacibdir(Diaqram 4).
Diaqram 4. Vergi üzrə beynəlxalq müqayisə
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə də vergi islahatlarının davam etdirilməsi və səmərəli vergi sisteminin təşviq edilməsi nəzərdə tutulmuşdur. İslahatlar vergilərin sadələşdirilməsi, iqtisadiyyatda vergi yükünün optimallaşdırılması, vergiyə cəlbi stimullaşdıran vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi uçotunun və hesabatlığının sadələşdirilməsi kimi tədbirləri əhatə edir. Bu tədbirlərin effektiv icrası qeyri-rəsmi iqtisadi dövriyyənin azalması, qeyri-nağd ödənişlərin ən müasir formalarının, rəqəmsal ödənişlərin geniş miqyasda tətbiqi üçün əlverişli mühit yarada bilər.
Hazırda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1.1-ci, 218.1.2-ci maddələrinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslərə və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir. Lakin sadələşdirilmiş verginin seçilməsi imkanı iqtisadiyyatda nağd ödənişləri də stimullaşdırır.
Vergi ödəyicilərinin 97%-nin sadələşdirilmiş vergi ödəyicisi olmasına baxmayaraq, ümumi vergi daxilolmalarında sadələşdirilmiş vergi daxilolmalarının xüsusi çəkisi 2017-ci ildə cəmi 5,3% təşkil etmişdir (2016 –4,3%, 2015 –2,4%, 2014 –2,2%, 2013 –1,8%)3. Sadələşdirilmiş vergi daxilolmalarında illər üzrə artım müşahidə edilmişdir. (Diaqram 5). Lakin bu artım iqtisadiyyatda ümumi iqtisadi dövriyyənin nominal artım tempinə uyğundur.
3 Mənbə: Vergilər Nazirliyi
Diaqram 5. Sadələşdirilmiş vergi daxilolmaları (mln. AZN) və onların artımı (əvvəlki ilə nisbətən %-lə)
Nümunəvi dünya təcrübəsinə uyğun olaraq kiçik sahibkarlıq subyektlərinin də tədricən ƏDV ödəyicisinə çevrilməsi vergidən yayınmanın, habelə nağd hesablaşmalara olan motivlərin aradan qalxmasına gətirib çıxarmış olar.
Əksər dünya ölkələrində olduğu kimi, ƏDV vergi daxilolmalarında başlıca paya malikdir. ƏDV sistemində vergidən yayınma “imkanları” nisbətən daha məhduddur (Diaqram 6). ƏDV-nin bütün iqtisadi subyektlərə tətbiqi nağdsız hesablaşmalara da şərait yaradır.
Diaqram 6. Ümumi vergi daxilolmalarında ƏDV-nin xüsusi çəkisi (%)
ƏDV dərəcəsinin aşağı olduğu bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə standart (bütün ödəyicilər üçün eyni) ƏDV, yüksək olduğu ölkələrdə isə diferensiallaşdırılmış ƏDV tətbiq edilir. Azərbaycan ƏDV dərəcəsinin nisbətən yüksək olduğu ölkələr sırasına aiddir və digər amillər nəzərə alınmaqla, burada da ƏDV dərəcələrinin məhsul və xidmət qrupları üzrə diferensiallaşdırılması həyata keçirilə bilər.
Nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və bununla yanaşı nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı qanunvericiliyə əlavələrin edilməsi nəzərdən keçirilə bilər.
Bu istiqamətdə Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.
Tədbirlər
Tədbir 1.2.1. Vergitutma mexanizminin sadələşdirilməsi, vergi yükünün optimallaşdırılması
Ədalətli vergi səviyyəsi qiymətləndiriləcək, uğurlu beynəlxalq təcrübəyə uyğun olaraq vergitutma mexanizminin sadələşdirilməsi imkanları araşdırılacaq və sahibkarlıq subyektlərinin fəaliyyətində yaranacaq vergi öhdəliklərinin öncədən müəyyən edilməsi və proqnozlaşdırılmasının asanlaşdırılmasına imkan verən, bütövlükdə könüllü əməl etməyə stimullar yaradan daha təkmil vergi strukturu və optimal vergi yükü formalaşdırılması məqsədilə təkliflər hazırlanacaqdır.
Bu istiqamət üzrə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə(tədbir 1.5.3), “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında (tədbir 8.1.1.1) və “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamında da müvafiq tədbirlər nəzərdə tutulmuşdur.
Tədbir 1.2.2. Vergi inzibatçılığının daha da təkmilləşdirilməsi
Vergi inzibatçılığının daha da təkmilləşdirilməsi üçün aparıcı ölkələrin təcrübələri nəzərdən keçiriləcəkdir. Vergiyə cəlbi stimullaşdıran, vergi uçotunun və hesabatlığının aparılması üzrə məsləhət xidmətlərinin geniş miqyasda və effektiv tətbiqini nəzərdə tutan vergi inzibatçılığı daha da gücləndiriləcəkdir.
Bu istiqamət üzrə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə (strateji hədəf 4, tədbir 4.1.2), “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə (tədbir 1.5.2), “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında (tədbir 8.1.1.1) və “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamında da müvafiq tədbirlər nəzərdə tutulmuşdur.
Tədbir 1.2.3. Vergi auditinin və hesabatlılığının effektivliyinin artırılması
E-auditin çərçivəsinin genişləndirilməsi, elektron mühasibatlıq sisteminin təkmilləşdirilməsi və e-audit fəaliyyətinin tezliyinin artırılması nəzərdən keçiriləcəkdir.
Bu istiqamət üzrə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə (strateji hədəf 4, tədbir 4.1.2), “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə (tədbir 1.5.2), “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında (tədbir 8.1.1) və “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamında da müvafiq tədbirlər nəzərdə tutulmuşdur.
Tədbir 1.2.4. Sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılması
Təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçiriləcəkdir. Müxtəlif sektorlar və ölçüsündən asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib ediləcəkdir. Keçiddən sonra ƏDV-nin diferensiallaşdırılması məsələsinə baxılacaqdır. Bu cür yanaşma sadələşdirilmiş vergi rejimindən ƏDV sisteminə keçidə dəstək olacaqdır.
Tədbir 1.2.5. “Vahid Mühasibatlıq Sistemi”nin tətbiq edilməsi
Bütün vergi ödəyicilərinin “Vahid Mühasibatlıq Sistemi”nə keçidi imkanları təhlil ediləcək, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcəkdir. Kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanacaqdır. Kiçik ölçülü təşkilatların miqrasiya planının hazırlanmasında iştirakı təmin ediləcəkdir.
5.1.3. Prioritet 1.3. Sosial müdafiə sisteminin gücləndirilməsi üçün qeyri-formal məşğulluğun azaldılması istiqamətində tədbirlərin görülməsi
Dövlət sektorunda əməkhaqları kartla ödənilsə də, özəl sektorda nağd əməkhaqqı ödənişlərinin payı yüksəkdir. “Mastercard” beynəlxalq kart təşkilatı tərəfindən 2017-ci ilə Bakı və ölkənin 9 regionunda istehlakçılar və biznes subyektləri arasında keçirilmiş sorğunun nəticələri göstərir ki, işəgötürənlərin 67 faizi işçilərinin 57 faizinə əməkhaqqını nağd ödəyir. Qeyri-formal məşğulluğa qarşı tədbirlər daha da artırılmalı, gələcəkdə dövlətin sosial yükünü ağırlaşdıran və əhalinin əmək pensiyası təminatında çətinliklər yaradan hallar araşdırılmalı və müvafiq tədbirlər görülməlidir.
Bu istiqamət üzrə Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.
Tədbirlər
Tədbir 1.3.1. Əməkhaqlarının rəsmiləşdirilməsinə işəgötürənlərin və işçilərin həvəsləndirilməsi üçün tədbirlərin həyata keçirilməsi
İşəgötürənləri və işçiləri əməkhaqların rəsmiləşdirilməsinə həvəsləndirmək üçün ölkədə tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində iş aparılacaqdır.
“Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamında da müvafiq tədbir nəzərdə tutulmuşdur.
Tədbir 1.3.2. Qeyri-formal məşğulluğun yüksək olduğu sektorlarda əmək müqaviləsi qeydiyyata alınmamış işçi sayının azaldılması üçün “minimum əmək” standartlarının yaradılmasının nəzərdən keçirilməsi
Qeyri-formal məşğulluğun yüksək olduğu sektorlarda (ilk növbədə, tikintidə), beynəlxalq təcrübə nəzərə alınmaqla, “minimum əmək” standartları tətbiq edilməsinin məqsədəmüvafiqliyi nəzərdən keçiriləcəkdir. Bu standartlarda konkret işlər üçün mövcud bazar şərtlərinə görə minimal əməkhaqqı, işin keyfiyyəti, istifadə edilən texnologiyalar müvafiq dövlət institutlarının rəyi nəzərə alınmaqla müəyyən ediləcəkdir.
Tədbir 1.3.3. Riskəsaslı audit mexanizmlərinin yaradılması imkanlarının nəzərdən keçirilməsi
Sosial müdafiə tədbirlərinin ünvanlılığının və effektivliyinin artırılması üçün əsas risk göstəricilərinin monitorinqi və təhlili sisteminin qurulması, risklərə nəzarət sistemlərinin təkmilləşdirilməsi nəzərdən keçiriləcəkdir.
Tədbir 1.3.4. Pensiya və digər sosial təminat hüquqlarının reallaşdırılması üçün əmək müqaviləsinin bağlanmasının əhəmiyyətinin ictimaiyyətə çatdırılmasının gücləndirilməsi
Pensiya və digər sosial təminat hüquqlarının reallaşdırılması üçün əmək müqaviləsinin bağlanmasının əhəmiyyətinin ictimaiyyətə çatdırılmasının gücləndirilməsi üçün müxtəlif tədbirlər (o cümlədən marketinq kampaniyaları) həyata keçiriləcək, həmçinin məktəblərdə gənclərin maarifləndirilməsi üzrə işlər aparılacaqdır.
5.2. İSTİQAMƏT 2. BANK SEKTORUNUN YENİDƏN CANLANDIRILMASI
Rəqəmsal ödənişlərin genişləndirilməsinin əsas şərtlərindən biri də inkişaf etmiş bank sistemidir. Maliyyə vasitəçiliyinin inkişaf etdiyi ölkələrdə nağdsız ödənişlərin həcmi ənənəvi olaraq daha yüksək olur.
Azərbaycanda bank sektorunda maliyyə dayanaqlığının bərpa edilməsi üçün bu Dövlət Proqramı çərçivəsində: (I) bank sektorunun sağlamlaşdırılması tədbirlərinin sürətləndirilməsi, (II) aktiv pul bazarının formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
5.2.1. Prioritet 2.1. Bank sektorunun sağlamlaşdırılması tədbirlərinin sürətləndirilməsi
2005–2014-cü illər ərzində ölkənin iri valyuta gəlirlərinin dövlət investisiyalarına transformasiyası, nəticədə biznes və istehlak xarakterli tələbin genişlənməsi, o cümlədən iqtisadi artımla bağlı optimist gözləntilər bank xidmətlərinə tələbi də əhəmiyyətli artırmışdır. Bank sektoru daxili və xarici resursları akumulyasiya hesabına bank xidmətlərinə tələbi qarşılamış, iqtisadiyyatın maliyyələşməsində aktiv iştirak etmişdir. Bu dövrdə maliyyə dərinliyi (aktivlər/qeyri-neft ÜDM-i) 77%-ə çatmış və kredit portfeli 30 dəfə artmışdır. 4 Kredit təşkilatlarında saxlanılan depozit və əmanətlər əhəmiyyətli şəkildə yüksəlmişdir (Diaqramlar 7 və 8).
4 Mənbə: Mərkəzi bank
Eyni zamanda, bank sektorunun fəaliyyətinin hüquqi əsasını təşkil edən qanunvericilik bazası yaradılmış, adekvat tənzimləyici çərçivə formalaşdırılmışdır.
Dünya bazarlarında 2014-cü ildən neftin qiymətinin kəskin azalması nəticəsində makroiqtisadi şəraitin dəyişməsi, işgüzar aktivliyin zəifləməsi bankların kredit portfelinin keyfiyyətini pisləşdirdi və itkilərə səbəb oldu. Eyni zamanda, xarici bazarlara çıxış imkanları pisləşdi, daxili yığım mənbələri isə daraldı. Bir tərəfdən, aktivlərin dəyər itirməsi, xarici valyutadakı kredit və depozitlərin qaytarılmasında yaranmış çətinliklər, digər tərəfdənsə, banklara və milli valyutaya inamın azalması bir sıra bankların sektoru tərk etməsinə səbəb olmuş, digərlərinin isə iqtisadi fəallığını zəiflətmişdir. Həm depozitlərin, həm də kreditlərin dinamikasında geriləmə baş vermişdir (Diaqramlar 9 və 10).
Ümumi iqtisadi fəallığın səngiməsi bank sektoruna təsirsiz ötüşməmiş, problemli (qaytarılma vaxtı keçmiş) kreditlərin ümumi kredit portfelindəki xüsusi çəkisi 2014-cü ilin sonundakı 5,3%-dən 2017-ci ilin ortalarında 14,1%-ə qalxmışdır 5. Banklar əməliyyat xərclərini azaltmaq məcburiyyəti ilə üzləşmişlər: 2017-ci ildə həm bank filiallarının, həm də bankomatların sayında azalma qeydə alınmışdır. Bank sektorunda çalışanların sayı da azalmışdır. Bank aktivlərinin ÜDM-ə nisbəti bençmark ölkələrdən aşağıdır (Diaqram 11).
5 Mənbə: Mərkəzi bank
Diaqram 11. Bank aktivlərinin ÜDM-ə nisbəti
(Azərbaycan və bençmark ölkələr, 2016, %)
Yaranmış vəziyyətdə sektorun maliyyə dayanıqlığı bərpa olunmalıdır. Bu zaman bankların kapitalizasiyası, likvidlik və problemli aktivlərin həlli məsələsi diqqət mərkəzində saxlanılmalıdır. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bankların sağlamlaşdırılması və rentabelliyinin yüksəlməsi üçün kompleks tədbirlər nəzərdə tutulmuşdur.
Rəqəmsal ödənişlərin genişləndirilməsində bankların rolunu nəzərə alaraq bank sektorunun inkişafı üzrə bu Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.
Tədbirlər
Tədbir 2.1.1. Bankların kapitallaşmasının nəzarətdə saxlanılması və likvidliyinin təmin edilməsi üzrə təkmil alətlərin işə salınması
Dövr ərzində əlavə kapitallaşmaya ehtiyacı olan banklarla kapitalizasiya planları təsdiq ediləcəkdir. Kapital dayanıqlığını bərpa edə bilməyən bankların “sağlamlaşdırıcı” konsolidasiya imkanlarına baxılacaqdır.
Sektorun likvidliyinin banklar arasında daha rəvan paylanması və idarə edilməsi üçün nəzarət yükü yaratmadan banklararası bazarda likvidliyin monitorinqi və proqnozlaşdırılması üzrə daha təkmil alətlərin işə salınması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.
Bu istiqamətdə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə(prioritet 1.1) də tədbirlər nəzərdə tutulmuşdur.
Tədbir 2.1.2. Problemli aktivlərin idarə edilməsi üzrə yeni mexanizmlərin yaradılması istiqamətində təkliflərin təqdim edilməsi
Sektorun maliyyə dayanıqlığının gücləndirilməsi üçün problemli aktivlərin həlli vacibdir. Bu problemin həlli sektorun kapitallaşmasına və likvidliyinə müsbət təsir edəcəkdir. Bununla əlaqədar bu tip aktivlərin satışını stimullaşdırmaq üçün yeni mexanizmlərin yaradılması imkanları təhlil edilərək müvafiq təkliflər təqdim ediləcək, alternativ olaraq mərkəzləşdirilmiş qaydada restrukturizasiya alətlərinin hazırlanması nəzərdən keçiriləcək və bu istiqamətdə təkliflər təqdim ediləcəkdir.
Yaradılmış kreditlərə zəmanət mexanizmləri sektorun risk dərəcəsi üzrə ölçülmüş aktivlərinin azalmasına və nəticə etibarilə banklara iqtisadiyyatı daha aktiv və cəlbedici faiz dərəcələri ilə kreditləşdirməyə imkan verəcəkdir.
Bu istiqamətdə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə (prioritet 1.2) də tədbirlər nəzərdə tutulmuşdur.
Tədbir 2.1.3. Bankların fəaliyyəti üzərində nəzarətin təkmilləşdirilməsi
Bank fəaliyyətinə nəzarət və tənzimlənmə çərçivələri təkmilləşdiriləcəkdir. Bu zaman risk yönümlü tənzimləmə və erkən xəbərdarlıq potensialı artırılmalıdır. Banklarda korporativ idarəetmə prinsipləri daha təkmil səviyyədə tətbiq ediləcəkdir. Bank sektorunun ölkənin strateji xəttinə uyğun olaraq uzlaşmış makro və mikroprudensial siyasət vasitəsilə yönləndirilməsi təmin ediləcəkdir. Mövcud prudensial alətlərin təkmilləşdirmə imkanları nəzərdən keçiriləcəkdir.
Sistem əhəmiyyətli banklar üçün diferensial tənzimləmə mexanizminin tətbiqi nəzərdən keçiriləcəkdir.
Bu istiqamətdə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə (prioritet 4.1 və 4.2) də tədbirlər nəzərdə tutulmuşdur.
Tədbir 2.1.4. Kreditorların hüquqlarını müdafiə mexanizminin təkmilləşdirilməsi
Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kreditorların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi üzrə xüsusi plan hazırlanıb həyata keçiriləcəkdir. Məhkəmə qərarlarının qəbulu və icrası, girovun rəsmiləşdirilməsi və təminata tutmanın yönəldilməsi üzrə hüquqi baza təkmilləşdiriləcəkdir.
Bu istiqamətdə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə (prioritet 3.1 və 3.2) də tədbirlər nəzərdə tutulmuşdur.
5.2.2. Prioritet 2.2. Aktiv pul bazarının formalaşdırılması
Aktiv pul bazarı maliyyə vasitəçiliyinin gücləndirilməsində və iqtisadiyyatın maliyyə resurslarına tələbatının daha dolğun ödənilməsində əhəmiyyətli rol oynayır, maliyyə institutları tərəfindən likvidliyin effektiv idarə olunmasına şərait yaradır. Pul bazarının mövcudluğu şəraitində likvidlik maliyyə institutları arasında daim hərəkət edir, banklar iqtisadiyyatı daha fəal şəkildə kreditləşdirirlər.
Banklar arasında borc vermə-borcalma mexanizminin effektiv işləməsi üçün qarşılıqlı inam əsas şərtlərdəndir. Beynəlxalq təcrübədə bazarın inkişafının ilkin mərhələsində tənzimləyici dövlət qurumunun bu mexanizmdə vasitəçi rolunu icra etməsi təcrübəsi mövcuddur.
Banklararası borc əməliyyatlarını fəallaşdırmaq məqsədilə mərkəzi banklar tərəfindən, bir qayda olaraq, onların girov siyahısı genişləndirilir. Banklararası əməliyyatlar Azərbaycanda da müvafiq girovlar qarşılığında həyata keçirilir və bu səbəbdən, girov təminatı siyahısının genişləndirilməsi pul bazarının aktivləşməsinə təkan verə bilər.
Təminat kimi istifadə edilə bilən qiymətli kağızların həcminin və çeşidinin məhdud olması, banklararası pul bazarı əməliyyatları üçün effektiv infrastrukturun olmaması da pul bazarının aktivləşməsinə maneə yaradır.
Pul bazarının aktivləşdirilməsi ilə nağdsız ödənişlərin genişləndirilməsi üçün bu Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirlər
Tədbir 2.2.1. Marketmeyker institutunun yaradılması imkanlarının qiymətləndirilməsi
Marketmeyker institutunun tətbiqi imkanları qiymətləndiriləcəkdir. Marketmeyker institutunun yaradılması məqsədəuyğun hesab edildiyi təqdirdə, marketmeykerlərin seçim meyarları (aktivlərin həcmi, sistem əhəmiyyətliliyi, təcrübəli heyət, müasir texnologiyaya çıxış, maliyyə dayanıqlılığı və s.), tələb və imtiyazları müəyyən ediləcəkdir.
Bu istiqamət üzrə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə (strateji hədəf 2, tədbir 2.3.3) də müvafiq tədbirlər nəzərdə tutulmuşdur.
Tədbir 2.2.2. Banklararası pul bazarının inkişafına xidmət edən infrastruktur elementlərinin inkişafı
Bu istiqamətdə pul bazarında reprezentativ bazar faiz indeksinin, likvidliyin proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi, banklararası pul bazarında əməliyyatlar haqqında onlayn rejimdə məlumatların əldə edilməsi mexanizminin yaradılması, qeyri-rezidentlərin pul bazarında iştirakı şərtlərinin müəyyənləşdirilməsi, pul siyasəti alətlərinin kommunikasiyası kimi tədbirlər nəzərdə tutulur.
Bu istiqamət üzrə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə (strateji hədəf 2, prioritet 2.3), habelə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə(strateji hədəf 1, tədbir 1.3.4) də müvafiq tədbirlər nəzərdə tutulmuşdur.
Tədbir 2.2.3. Qiymətli kağızlar bazarının dərinləşdirilməsi və bu əsasda banklararası REPO bazarının inkişafı imkanlarının nəzərdən keçirilməsi
Qiymətli kağızlar bazarı və bu əsasda banklararası pul bazarı üzrə girov bazasının genişləndirilməsi nəzərdən keçiriləcəkdir.
Girov bazası, ilk növbədə, ən likvid qiymətli kağızlar olan dövlət qiymətli kağızlarının və Mərkəzi Bankın qısamüddətli notlarının həcminin artırılması hesabına genişləndirilə bilər. Girov kimi istifadə oluna bilən korporativ qiymətli kağızların həcminin artırılması üçün kredit portfelinin sekyuritizasiyası mexanizminin işlənməsi tədbiri də nəzərdən keçirilə bilər.
Maliyyə Nazirliyi və Mərkəzi Bank tərəfindən razılaşma əsasında makroiqtisadi sabitlik və dayanıqlıq hədəfləri çərçivəsində dövlət qiymətli kağızlarının həcminin və çeşidinin artırılması imkanları təhlil olunacaqdır. Dövlət qiymətli kağızlarının və Mərkəzi Bankın qısamüddətli notlarının həm ilkin, həm də təkrar bazarında əməliyyatların vahid elektron ticarət platformasına keçirilməsi nəzərdən keçiriləcəkdir.
Bu istiqamət üzrə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə (strateji hədəf 2, prioritet 2.3), habelə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə(strateji hədəf 1, tədbir 1.3.4) də müvafiq tədbirlər nəzərdə tutulmuşdur.
5.3. İSTİQAMƏT 3. RƏQƏMSAL EKOSİSTEMİN FORMALAŞDIRILMASI
Müasir cəmiyyət rəqəmsal infrastrukturdan sıx asılıdır və bu asılılıq sürətlə güclənməkdədir. Rəqəmsal ödəniş infrastrukturu isə onun ən mühüm tərkib hissələrindəndir. Rəqəmsal ödəniş infrastrukturunun zəif inkişaf etdiyi ölkələrdə maliyyə xidmətlərinin keyfiyyəti və əlçatanlığı, iqtisadiyyatın şəffaflığı və cəmiyyətin iqtisadi fəallığı ilə bağlı problemlər mövcud olur.
Azərbaycanda rəqəmsal ödəniş infrastrukturunun formalaşması və inkişafı ilə bağlı mühüm işlər görülmüşdür. Lakin rəqəmsal cəmiyyət quruculuğunun hazırkı mərhələsində yaranan yeni çağırışlara cavab verə bilmək üçün bu istiqamətdə tədbirlər davam etdirilməlidir.
Azərbaycanda rəqəmsal ödəniş infrastrukturunun formalaşdırılması üçün: (i) rəqəmsal sahibkarlığın inkişaf etdirilməsi, (ii) elektron ticarətin inkişaf etdirilməsi, (iii) ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi, (iv) yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, (v) rəqəmsal bankçılığın inkişaf etdirilməsi, (vi) smart ödəniş vasitələrinin geniş tətbiqi, (vii) mövcud elektron ödəniş xidmətlərinin effektivliyinin və təhlükəsizliyinin yüksəldilməsi, (viii) regionlarda və ucqar ərazilərdə maliyyə inklüzivliyinin artırılması, (ix) rəqəmsal ödənişlərin stimullaşdırılması əsas prioritetlərdir.
5.3.1. Prioritet 3.1. Rəqəmsal sahibkarlığın inkişaf etdirilməsi
Son illərdə sürətlə inkişaf edən rəqəmsal sahibkarlıq nağdsız ödənişlərin genişlənməsində çox ciddi rol oynayır. İnkişaf etmiş ölkələrdə rəqəmsal sahibkarlığı inkişaf etdirmək üçün xüsusi islahatlar aparılır, stimullaşdırıcı mexanizmlər tətbiq edilir. Azərbaycanın bu trendə qoşulması ölkə iqtisadiyyatının uzunmüddətli inkişafı baxımından çox vacibdir.
Rəqəmsal sahibkarlığı inkişaf etdirmək üçün Azərbaycanda müvafiq addımlar atılmışdır. Hazırda Azərbaycanda universitetlərlə sıx əməkdaşlıq edən dövlət dəstəkli Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Ölkədə rəqəmsal sahibkarlıqla məşğul olmaq istəyən tələbələrə və iş adamlarına əvəzi ödənilmədən (pulsuz) kompüter və internetlə təmin edilmiş iş yerləri verilir, hüquqi yardım və konsaltinq xidmətləri göstərilir.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi vasitəsilə sahibkarlara qrantlar və kreditlər verilir. Lakin Agentliyin maliyyə dəstəyi yetərli olmadığı üçün özəl sektorun maliyyə resurslarından istifadə daha da aktuallaşmışdır. Vençur kapitallı fondların yaradılması üçün müəyyən təşviqlər dənə zərdə tutan normativ bazanın formalaşdırılması özəl sektoru rəqəmsal sahibkarlıq ideyalarına maliyyə dəstəyi verməyə stimullaşdıra bilər. Rəqəmsal sahibkarlığın inkişafı ilə bağlı fəaliyyətlərin koordinasiyası zəifdir.
Ölkədə rəqəmsal sahibkarlığın inkişafı ilə bağlı bu Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həmin sahəni inkişaf etdirməklə, rəqəmsal ekosistemin quruculuğuna təkan verəcəkdir.
Tədbirlər
Tədbir 3.1.1. Hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hüquqi aktların layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi
Rəqəmsal sahibkarlıq fəaliyyətlərinin idarə edilməsi və təşviqi üçün hüquqi və institusional çərçivənin təkmilləşdirilməsi məqsədi ilə hüquqi aktların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcəkdir. Özəl investisiya fondlarının (məsələn, vençur kapitalı) yaradılması üçün tənzimləyici normaların təkmilləşdirilməsinə ehtiyac öyrəniləcəkdir. Startaplarda işləmək və ya yeni bir işə başlamaq üçün Azərbaycana gələn rəqəmsal sahibkarlar üçün ölkəyə daxilolma prosedurlarının (məsələn, xüsusi sahibkarlıq vizası verilməklə) asanlaşdırılması nəzərdən keçiriləcəkdir.
Bu istiqamət üzrə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə (strateji hədəf 5, tədbir 5.1.1) də tədbirlər nəzərdə tutulmuşdur.
Tədbir 3.1.2. Startap layihələrinə qeyri-maliyyə dəstəyinin verilməsinin intensivləşdirilməsi məqsədilə təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi
Rəqəmsal sahibkarlıq subyektlərinə hüquqi yardım (məsələn, patent alınmasında) və İT dəstəyi (məsələn, internet infrastrukturu ilə təminat) verilməsinin intensivləşdirilməsi məqsədilə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək, biznes-inkubatorlar vasitəsilə mentorluq və işgüzar əlaqələrin qurulması dəstəklənəcək, maarifləndirici təlimlər keçiriləcəkdir.
Bu istiqamət üzrə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə (strateji hədəf 4, tədbir 4.1.3) də tədbirlər nəzərdə tutulmuşdur.
Tədbir 3.1.3. Bizneslə elm, startaplarla iri şirkətlər arasında əməkdaşlığın gücləndirilməsinin təşviqi
İstedadlı gəncləri rəqəmsal sahibkarlığa cəlb etmək, onların bilik və bacarıqlarından startaplarda effektiv istifadə etmək üçün biznes–elm əməkdaşlığı dövlət tərəfindən təşviq ediləcəkdir. Yeni yaradılan məhsul, xidmət və texnologiyaların qısa müddətdə daxili və xarici bazarlara çıxarılması məqsədilə startaplarla iri dövlət müəssisələri və özəl şirkətlər arasında əməkdaşlıq təşviq ediləcəkdir.
Bu istiqamət üzrə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə (strateji hədəf 4, tədbir 4.1.3) də tədbirlər nəzərdə tutulmuşdur.
5.3.2. Prioritet 3.2. Elektron ticarətin inkişaf etdirilməsi
Son dövrün yeni sosial-iqtisadi hadisələrindən biri olan elektron ticarət sürətlə böyüməkdədir. İqtisadi subyektlər arasında nağdsız dövriyyənin artması və əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşması üçün elektron ticarət mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda elektron ticarətin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli Sərəncamına əsasən yaradılan “www.azexport.az” internet portalı sahibkarların öz məhsullarını elektron ticarət kanalları ilə xarici və daxili bazarlara çıxarmasını asanlaşdırmışdır. Amazon, Alibaba kimi dünyanın məşhur satış şəbəkələri ilə, DHL, TNT kimi aparıcı nəqliyyat logistika şirkətləri ilə inteqrasiya olunan veb-portal ölkədə elektron ticarətin inkişafına böyük təkan vermişdir. Portal üzərindən kart ödənişlərinin qəbulu tam təhlükəsiz rejimdə həyata keçirilir.
“Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli 1255 nömrəli Fərmanı ilə “www.azexport.az” internet portalında transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” bölməsinin yaradılması və bu portal vasitəsilə təqdim olunan malların dəyərinin real vaxt rejimində ödənilməsi imkanının və elektron pul kisəsinin yaradılmasının təmin edilməsi tapşırılmışdır.
Bütün bu tədbirlər isə Azərbaycanın qeyri-neft ixracını artırmaqla yanaşı, sahibkarlara məhsullarını elektron üsullarla da satmaq vərdişlərini formalaşdıracaq və bununla da rəqəmsal ekosistemi təkmilləşdirəcəkdir.
Son dövrdə elektron ticarətin illik həcmi artaraq 300 mln. manat təşkil etmişdir. Lakin internet istifadəçilərinin xüsusi çəkisi ilə ölkələrarası müqayisə göstərir ki, bu sahədə potensial imkanlar hələ çox böyükdür (Diaqram 12).
Diaqram 12. İnternet istifadəçilərinin xüsusi çəkisi və pərakəndə satışlarda elektron ticarətin payı
Pərakəndə satışlarda elektron ticarətin payı 0,2% təşkil edir. İnternetin hazırkı yayılma səviyyəsində Azərbaycanda pərakəndə satışlarda elektron ticarətin payı dünya trendinə əsasən təqribən 7% ola bilər. Onun nisbətən zəif inkişafının səbəbləri sırasına internet üzərindən alınmış malların geri qaytarılması mexanizminin olmaması, logistika infrastrukturunun zəif olması kimi amillər daxildir.
Elektron ticarətin inkişafı üçün müasir tələblərə cavab verən poçt daşımaları infrastrukturu yaradılmalıdır. Elektron ticarətin geniş yayıldığı ölkələrdə bu xidmətdən geniş istifadə edilir. Hər bir istehlakçı istədiyi poçt şöbəsini öz ünvanı kimi seçə bilir, bildirişləri kağız forma ilə yanaşı SMS və ya elektron-poçt vasitəsilə alır. Azərbaycanda ünvan sisteminin dəyişdirilməsi prosesinə başlanılması, poçt qutularının yararsız hala düşməsi və ya götürülməsi, 7/24 rejimində çalışan poçt şöbələrinin və “Smart poçt qutuları”nın olmaması və hazırda poçt göndərişləri barədə bildirişin alıcıya əsasən kağız formada çatdırılması daşınmanın keyfiyyətinə mənfi təsir göstərməkdədir.
Azərbaycanda rəqəmsal ödənişlərin inkişafı üçün elektron ticarətin inkişafı ilə bağlı bu Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirlər
Tədbir 3.2.1. Elektron ticarət infrastrukturunun genişləndirilməsi
İnternet provayderlərə və mobil operatorlara regionlarda minimal internet sürəti üzrə tələblərin müəyyənləşdirilməsi, müasir tələblərə cavab verən logistika infrastrukturunun yaradılması, elektron ticarət şəbəkələrindən alınmış malların istehlakçılara dəqiq və vaxtında çatdırılması üçün “Azərpoçt” MMC-nin potensialının artırılması nəzərdən keçiriləcəkdir. Poçt şöbələri ilə yanaşı, 7/24 rejimində çalışan “smart-banderol” qutularından da istifadə təşviq ediləcəkdir.
Tədbir 3.2.2. Elektron ticarət platformaları üçün minimal təhlükəsizlik tələblərinin müəyyən edilməsi
Elektron ticarət platformaları üçün təhlükəsizlik tələblərinin müəyyən edilməsi, istehlakçıların fərdi (o cümlədən ödəniş) məlumatlarının qorunması və alqı-satqı əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi üzrə iş aparılacaqdır.
Tədbir 3.2.3. Qeyri-rezident vergi ödəyicilərinə münasibətdə vergitutma mexanizminin təkmilləşdirilməsi
Elektron ticarətin inkişaf etdirilməsi, istər rezident, istərsə də qeyri-rezident ticarət platformalarında əhalinin rezident banklara məxsus nağdsız ödəniş alətlərindən istifadəsinin yüksəldilməsi məqsədilə qeyri-rezident vergi ödəyicilərinə münasibətdə vergitutma mexanizmi təkmilləşdiriləcəkdir.
Tələb olunan investisiya
Bu prioritetin həyata keçirilməsi üçün əhəmiyyətli investisiya qoyuluşu tələb olunmur.
5.3.3. Prioritet 3.3. Ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi
Beynəlxalq təcrübədə bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş bazarında aktivliyi və rolu güclənməkdədir. Bank olmayan ödəniş xidmətləri təchizatçıları üçün hüquqi çərçivənin formalaşdırılması ölkədə elektron pul, mobil pul kisəsi kimi innovativ ödəniş məhsulların tətbiqini genişləndirəcəkdir.
Rəqəmsal bankçılığın genişləndirilməsi üçün qanunvericilik müştərini məsafədən eyniləşdirməyə, banka gəlmədən bank hesablarının açılmasına imkan verməlidir. Hazırda beynəlxalq təcrübədə müştərilərin eyniləşdirilməsi üçün elektron imza ilə yanaşı, birdəfəlik şifrələrdən (OTP), biometrik eyniləşdirmə (barmaq izi, üzün tanınması, səs avtorizasiyası və s.) vasitələrindən geniş istifadə edilir. Yeni nəsil smart telefonlardan istifadənin artımı rəqəmsal bankçılıq kanallarında bu texnologiyalar vasitəsilə müştərilərin autentifikasiyası və əməliyyatların təsdiqi proseslərinin təkmilləşdirilməsinə gətirib çıxarır.
Rəqəmsal bankçılıqda müştərilərin gücləndirilmiş autentifikasiya vasitələri ilə eyniləşdirilməsi tələbi Avropa Parlamentinin müvafiq direktivində də öz əksini tapmışdır.
Ölkədə rəqəmsal bankçılığın komponentləri olan internet və mobil bankçılığın inkişaf etdirilməsi üçün mövcud qaydaların təkmilləşdirilməsi zəruridir.
Bu istiqamətdə Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.
Tədbirlər
Tədbir 3.3.1. Bank olmayan ödəniş xidməti təchizatçılarının fəaliyyətinin iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyən edən hüquqi bazanın yaradılması
Ödəniş xidmətləri, bu xidmətlər üzrə hüquq və vəzifələri, ödəniş təşkilatları və elektron pul təşkilatlarının yaradılması və fəaliyyətlərinin iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyən edən hüquqi bazanın təkmilləşdirilməsi üzrə təkliflər hazırlanacaq və aidiyyəti üzrə təqdim ediləcəkdir. Bununla da bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş ekosistemində iştirakı təmin ediləcəkdir.
Tədbir 3.3.2. Rəqəmsal bankçılığın, rəqəmsal ödəniş texnologiyalarının hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi
Rəqəmsal bankçılığın inkişafı məqsədilə bank hesabının açılması və idarə edilməsi zamanı müasir məsafədən identifikasiya vasitələrinin istifadə edilməsinin, fiziki olaraq banka gəlmədən bank məhsulu və xidmətlərindən istifadənin, bank hesabları vasitəsilə əməliyyatların aparılması imkanının təmin olunması, habelə, “e-pul” kimi məhsulların ölkədə tətbiqinin hüquqi bazasının yaradılmasını nəzərdə tutan təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcəkdir.
Tələb olunan investisiya
Bu prioritetin həyata keçirilməsi üçün əhəmiyyətli investisiya qoyuluşu tələb olunmur.
5.3.4. Prioritet 3.4. Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi
Rəqəmsal texnologiyaların yüksək səviyyədə inkişaf etdiyi ölkələrdə nağdsız ödəniş əməliyyatlarının effektivliyini yüksəltmək (o cümlədən hesablaşmaları daha qısa müddətdə aparmaq) və likvidlik riskini azaltmaq məqsədilə yeni, innovativ ödəniş üsullarının (“ani ödəniş”, “mobil ödəniş”, “mobil pul kisəsi” və s.) tətbiqi geniş yayılmışdır. Son illərdə bank olmayan ödəniş xidməti provayderlərinin fəaliyyətinin geniş vüsət alması rəqəmsal ödənişlər bazarında rəqabəti kəskin surətdə gücləndirmişdir.
Ödəniş xidmətlərinin fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olması, ödəniş həyata keçirilən kimi hesablaşmanın dərhal və tam başa çatdırılması mühüm şərtlərdən biridir. Hazırda Azərbaycanda Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentləri 09:00-17:00 intervalında fəaliyyət göstərir. Hökumət Ödəniş Portalı və bütövlükdə kart infrastrukturu 24/7/365 rejimində işləsə də, aparılan əməliyyatlar üzrə hesablaşmalar ən yaxşı halda növbəti iş günü, kart ödənişləri üzrə isə bir neçə gün sonra da həyata keçirilə bilər.
Bir sıra ölkələrdə POS-terminallar və debet-kredit kartları olmadan rəqəmsal ödənişlər aparmaq üçün QR (Quick Responce)kod texnologiyasından istifadə edilir. Azərbaycanda internet və mobil telefon istifadəçilərinin yüksək çəkiyə malik olmasına baxmayaraq, ani ödəniş üsulları, QR-kod və mPOS tipli yeni ödəniş texnologiyaları hələ tətbiq edilmir. Bunun üçün, ilk növbədə, müvafiq qanunvericilik bazası və xüsusi infrastruktur yaradılmalıdır.
Rəqəmsal ödənişlərin genişləndiyi bir şəraitdə rəqəmsal mühitdə maliyyə sektorunun kommunikasiyasını təkmilləşdirmək, müxtəlif standartlar, anlayışlar və formatları maliyyə sektorunda hər kəs üçün eyniləşdirmək məqsədilə aparıcı ölkələrdə ISO20022 standartlarının tətbiqi genişlənir. Standartların ölkənin maliyyə sektorunda tətbiqi elektron ödənişlərdə avtomatik emal əmsalını yüksəldəcəkdir.
Rəqəmsal transformasiya və texnoloji innovasiyalar bir çox maliyyə xidmətlərinə sürətli, asan və effektiv formada çıxış əldə etməyə imkan verir. Rəqəmsal biliyə malik yeni nəsil formalaşdıqca daha müasir bank xidmətlərinə tələb yaranır. Yeni maliyyə texnologiyalarının (FinTex)daxil olması maliyyə sektorunda güclü rəqəbat yaradır, bu da öz növbəsində daha keyfiyyətli, daha ucuz və müasir xidmətlərinin təklifini şərtləndirir. Belə texnologiyaların mövcud maliyyə ekosisteminə uğurlu formada daxil olması üçün maliyyə bazarlarının ənənəvi iştirakçıları ilə əməkdaşlığın qurulması vacib amildir.
Son zamanlar, “blockchain” platforması üzərindən aparılan tətbiq həlləri özünü doğrultduqca, bu texnologiyanın yaxın və uzaq qonşu ölkələrdə implementasiyası artmaqdadır. Azərbaycan da blokçeyn (blockchain) texnologiyalarının tətbiqi istiqamətləri araşdırılmalıdır.
Bu istiqamətdə Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.
Tədbirlər
Tədbir 3.4.1. 24/7/365 rejimli ani ödəniş sisteminin yaradılması
Ani ödənişlər sisteminin yaradılması nəzərdən keçiriləcəkdir. Bu çərçivədə ölkədə mövcud olan ödəniş sistemləri və kart infrastrukturu, banklar və ödəniş xidməti təchizatçılarının daxili sistemləri, əhali ilə kütləvi hesablaşmaların nəzərdə tutulduğu alış-veriş məkanlarında quraşdırılmış kassa aparatları, idarəedici operatorlar və digər kütləvi ödənişlərin qəbul olunduğu subyektlər yaradılacaq sistemə inteqrasiya olunacaqdır. Ani ödənişlər sistemi istifadəçiləri ödəniş infrastrukturuna çıxış üçün internet bankçılıq, mobil bankçılıq funksionallarından istifadə etmək imkanına malik olacaqlar.
Bu sistemlə fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında rəqəmsal ödəniş əməliyyatları 24/7/365 rejimində aparılacaqdır. Hər bir ödəniş əməliyyatı 5-10 saniyə ərzində tam başa çatdırılacaqdır.
Tədbir 3.4.2. İstifadəçidən istifadəçiyə əməliyyat proseslərini avtomatlaşdırmağa imkan verən maliyyə sisteminin universal mübadilə standartlarının (ISO20022) tətbiqi üçün tədbirlər planının hazırlanması
İSO20022 standartlarının tətbiqi üzrə bank sektorunda mövcud vəziyyətin qiymətləndirilməsi aparılacaqdır. Sektorun hazırlıq səviyyəsindən asılı olaraq tədbirlər planı hazırlanacaqdır. Miqrasiya planı və son keçid vaxtı müəyyən ediləcəkdir. Aidiyyəti qurumların iştirakı ilə işçi qrup yaradılacaq və ekspertlərin cəlbi ilə standartların tətbiqi qaydalarının hazırlanması nəzərdən keçiriləcəkdir.
Bu standartların tətbiqi ilə maliyyə bazarı iştirakçıları arasında kommunikasiya standartları, prosedurları və formatları uyğunlaşdırılacaq, o cümlədən ödəniş sistemləri iştirakçıları arasında hesablaşmalar, həmçinin bu sahədə bir sıra prosedur və biznes proseslər optimallaşdırılacaqdır.
Tədbir 3.4.3. Kiçik təsərrüfat subyektlərinə nağdsız ödəniş qəbul etmək imkanı verən ucuz ödəniş üsullarının təqdim edilməsi
Ani ödənişlər sisteminin yaradılması çərçivəsində kiçik təsərrüfat subyektlərinə nağdsız ödənişləri qəbul etmək imkanı verən QR-kod kimi ucuz ödəniş üsulları təqdim ediləcəkdir. Aidiyyəti qurumlar tərəfindən ənənəvi POS terminalların istifadəsinin səmərəsiz olduğu səyyar satışlarda və kiçik subyektlərdə mPOS-lardan istifadə edilməsi üçün qanunvericilikdə zəruri dəyişikliklər layihəsi hazırlanacaq və satıcıların istifadəyə təşviqi üçün tədbirlər görüləcəkdir.
Tədbir 3.4.4. Ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının imkanlarından istifadə etməklə rəqəmsal ödənişlərin tətbiqinin genişləndirilməsi
Bank olmayan ödəniş xidməti təchizatçıları olan ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının, o cümlədən mobil rabitə operatorlarının ödəniş xidmətləri bazarının aktiv iştirakçısına çevrilməsi və innovativ ödəniş həllərinin tətbiq edilməsi məqsədilə onlarla təbliğat, təşviqat xarakterli tədbirlər həyata keçiriləcəkdir. Geniş müştəri seqmentinə malik mobil operatorları ödəniş bazarına cəlb etməklə “mobul pul kisələri” kimi müasir ödəniş mexanizmlərinin yaranmasına və istifadəsinə nail olunacaqdır.
Tədbir 3.4.5. Ölkədə ən son maliyyə texnologiyalarının tətbiqinin nəzərdən keçirilməsi
Paylanılmış reyestr texnologiyalarının maliyyə sektorunda tətbiqi imkanları araşdırılacaq, işçi qrup yaradılacaq, pilot layihənin seçilməsi və onun texniki şərtlərinin hazırlanması və realizasiyası nəzərdən keçiriləcəkdir.
Tələb olunan investisiya
Bu prioritetin həyata keçirilməsi nəticəsində rəqəmsal ödəniş infrastrukturu daha da təkmilləşdiriləcəkdir. Bu prioritetin tətbiqi üçün 20 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.
5.3.5 . Prioritet 3.5. Rəqəmsal bankçılığın inkişaf etdirilməsi
İnformasiya texnologiyalarının inkişafı nəticəsində ənənəvi bank xidmətləri əhəmiyyətli transformasiyaya məruz qalmışdır. İnternet sürətinin artması və smart telefonların geniş yayılması ilə banklar filial və şöbələrinin fəaliyyətini tədricən rəqəmsal bankçılıqla əvəz edirlər. Bir çox ölkənin təcrübəsində fiziki filial və şöbələrdən tamamilə imtina edilərək, bütün xidmətlərini rabitə kanalları vasitəsilə təqdim edən banklar fəaliyyət göstərir. Rəqəmsal bankçılıq əməliyyat xərclərini azaltmaqla yanaşı, müştərilərə daha sürətli, çevik və ucuz xidmətlər təklif etmək imkanı yaradır.
Son illərdə Azərbaycanda rəqəmsal bankçılığın inkişafı istiqamətində bir sıra addım atılsa da, müəyyən banklar tərəfindən hələdə elektron bankçılıq xidmətləri göstərilmir, bəzi banklarda isə göstərilən xidmətlər yalnız məlumat xarakterli olaraq əməliyyatların aparılması imkanını vermir.
Virtual məkanda müştərinin kimliyini məsafədən təsdiq etmək üçün vahid identifikasiya standartı tətbiq edilməmişdir. Müştərilər yalnız gücləndirilmiş elektron imzadan istifadə etməklə bank əməliyyatları apara bilərlər.
Azərbaycanda rəqəmsal bankçılığın inkişafı bank xərclərini azaltmağa, filial və şöbələr şəbəkəsinin zəifliyini “kompensasiya” etməyə, xidmətlərin çeşidinin artmasına və keyfiyyətinin yüksəlməsinə, nağdsız əməliyyatların genişlənməsinə bilavasitə kömək edəcəkdir.
Bu istiqamətdə Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.
Tədbirlər
Tədbir 3.5.1. Sertifikat xidmətləri mərkəzlərinin imkanlarından istifadənin genişləndirilməsi
Elektron sertifikatlardan bütün növ rəqəmsal bank xidmətləri alınmasında və hökumət platformalarında qarşılıqlı istifadəsi üzrə texniki imkanlar yaradılacaq və onlardan istifadə təşviq ediləcəkdir. Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə elektron imza sertifikatlarından istifadə daha da genişlənəcəkdir.
Tədbir 3.5.2. Məsafəli bank xidmətlərinin tətbiqinin genişləndirilməsinin təşviqi
Bank fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsi, habelə vaxt və məkandan asılı olmayaraq bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə məsafəli bank xidmətlərinin çeşidinin artırılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Bu məqsədlə sektorda cari vəziyyət qiymətləndiriləcək, inkişafa mane olan amillər müəyyən ediləcəkdir. Müasir bankçılığın elementləri olan internet və mobil bankçılıq xidmətləri bankların klassik xidmət paketinə daxil edilməsi üçün banklara təbliğat və təşviqat işləri aparılacaq, habelə bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması üzrə seminarlar təşkil ediləcəkdir.
Tələb olunan investisiya
Bu prioritetin həyata keçirilməsi üçün əhəmiyyətli investisiya qoyuluşu tələb olunmur.
5.3.6. Prioritet 3.6. Smart ödəniş vasitələrinin geniş tətbiqi
Gündəlik həyatda istehlakçılar tərəfindən geniş istifadə edilən kiçik həcmli ödənişlər (ictimai nəqliyyat xərcləri, parklanma haqqı, qida sifarişləri və s.) əsasən nağd formada həyata keçirilir. Bu cür ödənişlərin rəqəmsallaşdırılması insanların gündəlik xərclərində nağdsız ödənişlərin genişləndirilməsi və müvafiq vərdişlərin formalaşdırılması üçün çox əhəmiyyətlidir.
Son illər ölkədə təmassız kart infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüşdür və 1 avqust 2017-ci il tarixinə bu kartların sayı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə, təmassız ödənişləri qəbul edən POS-terminalların sayı 2,6 dəfə, təmassız ödənişlərin sayı isə təxminən 29 dəfə artmışdır 6. Bakıdakı bir sıra avtobus marşrutunda və metroda gediş haqları kartla ödənilir. Lakin bu kartlar yalnız nağd pulla alınıb “doldurulur” və nəqliyyat sektorundan kənarda istifadə oluna bilmir.
6 Mənbə: Mərkəzi bank
İctimai nəqliyyatda təmassız kredit və debet kartlarından, innovativ ödəniş üsulu olan mobil qurğulardan geniş istifadə nəqliyyat xidmətində əməliyyat xərclərini azaltmağa imkan yaratmaqla yanaşı, əhalidə digər gündəlik istehlak xərclərinin ödənişi ilə bağlı da nağdsız ödəniş vərdişi formalaşdırmağa kömək edir.
Tələbələrin gələcəyin maliyyə xidmətlərinin birbaşa istifadəçiləri olduğunu nəzərə alaraq, onlara tələbə bileti və ödəniş funksiyasını bir arada nəzərdə tutan kartların verilməsi nağdsız ödəniş vərdişlərini aşılamaqla, gələcəkdə nağdsız ödənişlərin həcminin artırılması potensialını yaradır.
Ölkəyə gələn xarici turistlər üçün nağdsız ödəniş imkanlarının genişləndirilməsi bütün dövlətlər üçün, o cümlədən beynəlxalq turizmin inkişafını özünün əsas iqtisadi inkişaf istiqamətlərindən biri elan etmiş Azərbaycan üçün olduqca aktualdır.
Smart ödənişlərin genişləndirilməsi üçün bu Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirlər
Tədbir 3.6.1. Bakı şəhərində ictimai nəqliyyatda gediş haqlarının nağdsız qaydada ödənilməsini təmin edən infrastrukturun tətbiqinin bütün nəqliyyat növləri və marşrutları üzrə başa çatdırılması
Bakı şəhərində ictimai nəqliyyatda gediş haqlarının nağdsız qaydada ödənilməsini təmin edən infrastrukturun tətbiqinin bütün nəqliyyat növləri və marşrutları üzrə başa çatdırılması, bütün ictimai nəqliyyat vasitələrində təmassız ödəniş terminallarının quraşdırılması təmin ediləcək, o cümlədən nəqliyyat kartlarının balansının nağdsız və onlayn qaydada artırılması və digər təmassız ödənişlərin qəbul edilməsi, habelə mobil tətbiqlərin hazırlanması nəzərdən keçiriləcəkdir.
Tədbir 3.6.2. Avtomobillərin parklanma haqlarının nağdsız qaydada ödənilməsi imkanlarının nəzərdən keçirilməsi
Bakıda parklanmaya görə ödənişləri rəqəmsal formada aparmaq üçün müvafiq infrastrukturun yaradılması, o cümlədən mobil tətbiqlərin hazırlanması və istifadəyə verilməsi və bu ödənişlərin nağdsız həyata keçirilməsinin təmin edilməsi nəzərdən keçiriləcəkdir.
Tədbir 3.6.3. Xarici turistlər üçün çoxfunksiyalı, öncədən ödənilmiş ödəniş məhsullarının tətbiqinin nəzərdən keçirilməsi
Ölkəyə səfər edən xarici turistlərin nəqliyyatda (o cümlədən taksidə), əyləncə yerlərində, alış-veriş mərkəzlərində hesablaşmaları nağdsız qaydada həyata keçirmələrinə imkan verən öncədən ödənilmiş ödəniş məhsullarının (ödəniş kartları və ya elektron pullar) yaradılması nəzərdən keçiriləcəkdir və onların geniş təbliğatı təşkil ediləcəkdir. Ölkənin ödəniş mühitində innovasiya davam etdikcə turistlər üçün ödəniş funksionallığı olan mobil tətbiqlər kimi daha innovativ həllərdən istifadə ediləcəkdir.
Tədbir 3.6.4. Tələbələrə smart tələbə kartlarının verilməsinin nəzərdən keçirilməsi
Tələbə biletinin yeni vahid standartının təsdiq edilməsi, onun əsasında yeni tipli tələbə biletlərinin hazırlanması və ölkədə təhsil alan bütün tələbələrə təqdim olunması nəzərdən keçiriləcəkdir. Bu biletlər beynəlxalq standartlara (“International Student IdentityCard” –ISIC standartlarına) uyğun olmalı, həm tələbəlik sənədi, həm də debet ödəniş kartı funksiyalarını özündə birləşdirməlidir. İstər dövlət, istərsə də tədris müəssisələri tərəfindən ödənilən təqaüdlər həmin kartlar vasitəsilə veriləcəkdir.
Tələb olunan investisiya
Bu prioritetin həyata keçirilməsi üçün 2 milyon manat investisiya qoyuluşu tələb olunur.
5.3.7. Prioritet 3.7. Mövcud elektron ödəniş xidmətlərinin effektivliyinin və təhlükəsizliyinin yüksəldilməsi
Ödəniş xidmətlərindən istifadənin genişləndirilməsində həmin xidmətlərin istehlakçı üçün əlçatanlığı və sərfəli olması zəruri şərtlərdən biridir. Təcrübədə istehlakçının ucuz və rahat istifadə oluna bilən, həmçinin təhlükəsiz hesab edilən xidmətlərə üstünlük verdiyi müşahidə olunur.
Hazırda ölkədə dövlət sektorunda işləyən əhalinin əməkhaqları, sosial müavinət və pensiya ödənişləri tam şəkildə ödəniş kartları ilə paylanılır. Özəl qurumlarda fəaliyyət göstərən muzdlu işçilərin əməkhaqlarının ödəniş kartları ilə verilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun, müvafiq olaraq, 1 yanvar 2017-ci il və 1 aprel 2017-ci il tarixlərindən qüvvəyə minməsi ilə əlaqədar olaraq qeyri-dövlət müəssisə və təşkilatları üzrə əməkhaqqı kartlarının sayı ilin əvvəli ilə müqayisədə iki dəfədən də çox artmışdır. 1 yanvar 2018-ci il tarixinə ölkədə 1.85 mln. ədəd əməkhaqqı, 2.54 mln. ədəd sosial kart olmaqla 5.87 mln. ədəd ödəniş kartı mövcuddur 7
7 Mənbə: Mərkəzi bank
Lakin nağdsız ödəniş xidmətlərindən istifadə edən əhalinin sayı azlıq təşkil edir. Aztəminatlı əhali təbəqəsinin maliyyə xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə bir sıra ölkədə “baza bank hesabı” adlanan xidmət növü uğurla tətbiq olunur. Bu cür mexanizmlər Azərbaycanda da tətbiq oluna bilər.
Bu gün ölkədə pensiya və müavinətlərin alınması ödəniş kartları vasitəsilə həyata keçirilsə də, bu sahədə müəyyən problemlər qalmaqdadır. Belə ki, bu işə məhdud sayda banklar cəlb edildiyinə görə pensiya və müavinətlərin verildiyi günlərdə həmin bankların bankomatları qarşısında sıxlıq yaranır. Sosial ödənişlərin paylanmasına cəlb olunan müvəkkil bankların sayını artırmaq və vətəndaşlara bunların arasından sərbəst seçim etmək imkanı verilməlidir. Bu, bank xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, bank sektorunda rəqabətin güclənməsinə də müsbət təsir göstərə bilər. Bankların xidmət şəbəkəsi ilə əhatə olunmayan ərazilərdə isə pensiya və müavinətlərin ödəniş kartları vasitəsilə paylanmasında “Azərpoçt” MMC-nin infrastrukturundan istifadə təmin edilə bilər.
Beynəlxalq təcrübədə rəqəmsal ödənişlərin genişləndirilməsi üçün POS-terminallarda “pul qalığının nağd şəkildə qaytarılması” (cash back) funksiyasından da istifadə edilir. Təhlillər göstərir ki, bu üsul tətbiq edildikdə müştərilər tədricən nağdsız ödəniş vərdişi qazanırlar. İri təsərrüfat subyektlərində yalnız nağdsız ödəniş qəbul edən növbəsiz kassaların təşkili də əhalini nağdsız qaydada hesablaşmaları aparmağa cəlb edə bilər.
Banklar tərəfindən cari hesab qalıqlarına faiz dərəcələrinin tətbiqi təcrübəsindən istifadənin genişləndirilməsi, bunun əməkhaqqı və pensiya kart hesablarına da şamil edilməsi ödəniş kartı sahiblərində bank hesablarında vəsait saxlamağa stimul yaradacaqdır.
Ödəniş xidmətlərinin təhlükəsizliyinin artırılması da diqqətdə saxlanılmalıdır. Maliyyə təşkilatlarının İT təhlükəsizliyi, xüsusilə də mümkün kiber hücumların vaxtında aşkar edilməsi, mənfi təsirlərinin azaldılması və qarşısının alınması hazırda bütün dünyada, o cümlədən Azərbaycanda da həm maliyyə sabitliyi, həm də istehlakçıların hüquqlarının qorunması baxımından aktualdır. Ona görə də maliyyə təşkilatlarının (ilk növbədə, bankların) İT sistemlərinin beynəlxalq standartlara uyğunluğu müstəqil auditorlar tərəfindən dövri olaraq qiymətləndirilməlidir.
Mövcud ödəniş infrastrukturundan istifadənin səmərəliliyini və təhlükəsizliyini artırmaq üçün bu Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.
Tədbirlər
Tədbir 3.7.1. Aşağı gəlirli əhali qrupları üçün pulsuz “Baza bank xidmətləri paketi”nin tətbiqinin təşviq edilməsi
Banklar aztəminatlı əhali qruplarına müəyyən bank xidmətlərini pulsuz təklif etməyə təşviq olunacaqlar. Pulsuz xidmət göstərilə biləcək aztəminatlı əhali qruplarının meyarları, habelə pulsuz verilə biləcək bank xidmətlərinin növləri və sayı Azərbaycan Banklar Assosiasiyası ilə bankların birgə təklifləri əsasında müəyyən ediləcəkdir.
Tədbir 3.7.2. Sosial ödənişlərin paylanması sahəsində banklararası rəqabət mühitinin gücləndirilməsi
Sosial ödənişləri həyata keçirən müvəkkil bankların sayının artırılması, vətəndaşlara bankların arasından sərbəst seçim etmək imkanının verilməsi nəzərdən keçiriləcək və məqsədəmüvafiq hesab edildiyi təqdirdə müvafiq tədbirlər görüləcəkdir. Bankların xidmət şəbəkələri ilə az əhatə olunmuş ərazilərdə pensiya və müavinətlərin ödəniş kartları vasitəsilə paylanmasında “Azərpoçt” MMC-nin infrastrukturundan istifadə olunması da nəzərdən keçiriləcəkdir.
Tədbir 3.7.3. Bankların İT sistemlərinə təhlükəsizlik tələblərinin gücləndirilməsi
Bankların informasiya sistemlərinə təhlükəsizlik tələblərinin gücləndirilməsi, bankların müstəqil auditorlar tərəfindən aparılmış periodik və risk-əsaslı İT auditinə tabe olması, ödənişlər sahəsində fırıldaqçılığın monitorinqi üçün standartların və minimal tələblərin müəyyənləşdirilməsi üzrə qanunvericiliyə dəyişikliklər hazırlanacaq və nəzarətə götürüləcəkdir.
Tədbir 3.7.4. Ödəniş xidmətləri üzrə tarif siyasətinin optimallaşdırılması
Ölkədaxili ödəniş xidmətləri üzrə operatorlar, habelə ödəniş xidməti təchizatçıları tərəfindən tarif siyasətinə yenidən baxılması təşviq olunacaq, ödəniş xidməti haqlarının istehlakçılar üçün daha əlverişli olması istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Tələb olunan investisiya
Bu prioritetin həyata keçirilməsi üçün əhəmiyyətli investisiya qoyuluşu tələb olunmur.
5.3.8. Prioritet 3.8. Regionlarda və ucqar ərazilərdə maliyyə inklüzivliyinin artırılması
Maliyyə inklüzivliyinin inkişaf etdirilməsinin prioritet hədəf olduğu bir çox ölkədə ödəniş agenti şəbəkəsinin yaradılması təcrübəsi uğurla tətbiq edilir. Ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdığı ölkələrdə maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsində və bu xidmətlərin daha effektiv formada göstərilməsində ödəniş agenti şəbəkəsi mühüm rol oynayır. Qanunvericilikdə digər maliyyə institutlarına münasibətdə ödəniş agentlərinə qarşı daha sərt tələblərin müəyyən edilməməsi və təqdim edilən ödəniş xidmətlərinin müxtəlifliyi ölkə üzrə ödəniş agenti şəbəkəsinin daha sürətlə genişlənməsinə imkan verir.
Ölkənin təkcə iri şəhər və rayonlarında deyil, ən ucqar yerlərində də maliyyə xidmətlərinin həm əhali, həm də biznes qurumları üçün əlçatan olması təmin edilməlidir. Azərbaycanın regionlarında rəqəmsal ödənişlərin genişləndirilməsi üçün böyük potensial vardır. Bu məqsədlə yeni agent şəbəkələrinin inkişafına imkan yaradılmalıdır.
Ölkə üzrə rəqəmsal ödənişlərin və maliyyə inklüzivliyinin genişləndirilməsi məqsədilə bu Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirlər
Tədbir 3.8.1. Rayon mərkəzlərindən kənar ərazilərdə əhali və biznesə maliyyə xidmətlərindən istifadə imkanlarının yaradılması məqsədilə müvafiq infrastrukturun geniºləndirilməsinin nəzərdən keçirilməsi
Bank filial və şöbələrinin olmadığı, yaxud az olduğu ərazilərdə, xüsusilə rayon mərkəzlərindən uzaq yaşayış məntəqələrində bank-maliyyə xidmətlərinin istehlakçılara əlçatanlığını təmin etmək məqsədilə banklarla müxtəlif “ödəniş agentləri” arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçiriləcəkdir.
Tədbir 3.8.2. Maliyyə inklüzivliyinin inkişaf etdirilməsində yeni metodların tətbiqinin təşviq edilməsi
Beynəlxalq təcrübədən istifadə edilməklə, bank olmayan ödəniş xidməti təchizatçılarının “ödəniş agenti” şəbəkəsinin fəaliyyətinin genişləndirilməsi təşviq ediləcəkdir. Bununla, ödəniş xidmətlərinin göstərilməsində rəqabət mühiti gücləndiriləcək, regionlarda və ucqar ərazilərdə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da yaxşılaşdırılması təmin ediləcəkdir.
Tələb olunan investisiya
Bu prioritetin həyata keçirilməsi üçün 1 milyon manat investisiya qoyuluşu tələb oluna bilər.
5.3.9. Prioritet 3.9. Rəqəmsal ödənişlərin stimullaşdırılması
Rəqəmsal ödənişlərin genişləndirilməsi üçün ən mühüm şərtlərdən biri institusional maneələrin aradan qaldırılmasıdır. Beynəlxalq təcrübə göstərir ki, nağdsız ödənişlərin genişlənməsi üçün yalnız məhdudlaşdırıcı inzibati qaydalar yetərli deyil, maddi stimullaşdırma tədbirləri (təşviqlər) daha effektivdir.
İqtisadi stimullar vasitəsilə həm istehlakçıları, həm də biznes subyektlərini rəqəmsal ödənişlərdən daha aktiv istifadəyə cəlb etmək mümkündür.
Nağdsız ödənişlərin stimullaşdırılması üçün bu Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur.
Tədbirlər
Tədbir 3.9.1. Təsərrüfat subyektlərinə və istehlakçılara nağdsız qaydada aparılan əməliyyatlar üzrə müddətli vergi güzəştlərinin verilməsi istiqamətində təkliflərin hazırlanması
Təsərrüfat subyektlərini və istehlakçıları elektron ödənişlərə təşviq etmək üçün müddətli vergi güzəştləri ilə stimullaşdırma təklifləri hazırlanacaqdır. Təkliflərin hazırlanması zamanı beynəlxalq təcrübə və nağdsız ödənişlərin həcminə ehtimal olunan artım qiymətləndiriləcək və bu güzəştlərin verilməsinin məqsədə müvafiqliyinə baxılacaqdır.
Tədbir 3.9.2. İstehlakçıların nağdsız qaydada əməliyyatların aparılmasına təşviq edilməsi
Ödəniş xidməti təchizatçıları və bu Dövlət Proqramının Tədbirlər planında həmin tədbir üzrə nəzərdə tutulmuş aidiyyəti qurumlar istehlakçılara pərakəndə ticarət və ictimai iaşə müəssisələrində mal və xidmətlərin dəyərinin nağdsız ödənilməsi qarşılığında müxtəlif maddi və qeyri-maddi təşviqlər hazırlanacaq və tətbiq ediləcəkdir. Təşviqlərin nağdsız ödəniş dövriyyəsinə təsiri periodik əsasda qiymətləndiriləcəkdir.
Tədbir 3.9.3. Rəqəmsal bankçılığın təşviqi üzrə tədbirlərin həyata keçirilməsi
Banklar tərəfindən müştərilər arasında kağız daşıyıcılarda sənədlərin təqdim edilməsinin aradan qaldırılması üçün internet və mobil bankçılıq xidmətlərinin müştərilər arasında təşviqi üzrə tədbirlər həyata keçiriləcəkdir. Banklar periodik əsasda müştərilərin məsafədən bank xidmətlərindən məmnunluq səviyyəsini müəyyən etmək üçün sorğu keçirəcək, xidmət haqlarının, istifadə şərtlərinin, istifadəçi interfeysinin müştərilər üçün əlverişli olmasını təmin edəcəklər.
Tələb olunan investisiya
Bu prioritetin həyata keçirilməsi üçün 5 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır.
5.4. İSTİQAMƏT 4. RƏQƏMSAL ÖDƏNİŞLƏR ÜZRƏ MAARİFLƏNDİRMƏ VƏ TƏBLİĞATIN GÜCLƏNDİRİLMƏSİ
Rəqəmsal iqtisadiyyat quruculuğunun genişləndirilməsi üçün əhalinin maliyyə savadlılığının artırılması, elektron xidmətlərdən istifadə vərdişlərinin və mədəniyyətinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üçün maarifləndirmə, təbliğat və təşviqat işləri çərçivəsində: (i) maliyyə savadlılığının yüksəldilməsi və (ii) rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması nəzərdə tutulur.
5.4.1. Prioritet 4.1. Maliyyə savadlılığının yüksəldilməsi
Əhalinin maliyyə savadlılığı maliyyə sabitliyi və iqtisadi artım üçün vacib şərtlərdəndir. Aparıcı beynəlxalq təşkilatların və mütəxəssislərin fikrincə, maliyyə məsələləri üzrə biliklərin zəifliyi maliyyə böhranlarını yaradan əsas faktorlardandır. Bu problem Azərbaycanda da diqqət mərkəzindədir. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi” prioritetlərdən biri olaraq təsbit edilmişdir.
Aidiyyəti qurumlar tərəfindən əhali və sahibkarlıq subyektlərinin maliyyə savadlılığının yüksəldilməsi, bank mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədilə bu Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.
Tədbirlər
Tədbir 4.1.1. Şagird, müəllim və tələbələrə rəqəmsal ödəniş xidmətləri haqqında zəruri biliklərin verilməsi
Ümumi təhsil pilləsində tədris edilən “Həyat bilgisi” fənninin tədrisi üçün dəstəkləyici vəsaitlər hazırlanacaq və bu fənni tədris edən müəllimlərə müvafiq təlimlər təşkil olunacaqdır.
Eyni zamanda, ümumi təhsil pilləsində təhsil alan şagirdlər üçün təməl iqtisadi anlayışların mahiyyəti haqqında seminar və təlimlər keçiriləcəkdir. Bu tədbirlərdə rəqəmsal ödənişlər üzrə praktiki vərdişlərin aşılanmasına xüsusi önəm veriləcəkdir.
Qeyri-iqtisadi profilli ixtisaslar üzrə iqtisadiyyat fənninin tədrisi üçün əlavə resurslar hazırlanaraq tələbə və müəllim heyətinin istifadəsinə veriləcəkdir. Həmin resurslar rəqəmsal ödənişlərlə bağlı mövzuları əhatə edəcəkdir. Əlavə olaraq, bu ixtisaslar üzrə təhsil alan orta ixtisas təhsili və ali təhsil müəssisələrinin tələbələrinə rəqəmsal ödənişlər və onların üstünlüklərinə dair müxtəlif maarifləndirici seminar və təlimlər təşkil olunacaqdır.
Tədbir 4.1.2. İş yerlərində rəqəmsal ödənişlər haqqında zəruri biliklərin verilməsi
Müxtəlif dövlət və özəl təşkilat, biznes strukturları və qeyri-hökumət təşkilatlarında çalışan işçi heyətində rəqəmsal ödənişlər üzrə praktiki vərdişlərin aşılanmasına yönəlmiş maarifləndirici seminar və təlimlər təşkil olunacaqdır.
Tədbir 4.1.3. Rəqəmsal bankçılıq xidmətləri sahəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi
Bank mütəxəssislərinin rəqəmsal bankçılıq, innovativ nağdsız ödəniş alətləri (üsulları) sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif təlimlər və seminarlar keçiriləcəkdir.
“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə (strateji hədəf 5, prioritet 5.1) də müvafiq tədbirlər nəzərdə tutulmuşdur.
Tədbir 4.1.4. Bank olmayan ödəniş xidməti təchizatçılarının və ödəniş sistemi operatorları mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi
Bank olmayan ödəniş xidməti təchizatçılarının və ödəniş sistemi operatorlarının ödəniş xidmətlərinin klassifikasiyası, bu xidmətlər üzrə bazar iştirakçılarının hüquq və vəzifələri, məsuliyyətin bölüşdürülməsi, məlumatlandırma və digər sahələr üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif təlim, konfrans və seminarlar keçiriləcəkdir.
Tələb olunan investisiya
Bu prioritetin həyata keçirilməsi üçün 1 milyon manat investisiya qoyuluşu tələb olunur.
5.4.2. Prioritet 4.2. Rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması
Azərbaycanda rəqəmsal ödənişlərlə bağlı ictimai məlumatlılığın artırılması üçün davamlı olaraq müxtəlif layihələr həyata keçirilir, bu məqsədlə yaradılmış portallarda (informasiya resurslarında) bank, depozit, kredit, büdcə hesablaşmaları və rəqəmsal ödənişlər haqqında faydalı məlumatlar yerləşdirilir.
Lakin əhalinin bir qismi nağdsız ödənişlərin həyata keçirilməsi qaydaları ilə bağlı yetərli məlumatlara malik deyil. Bu, regionlarda özünü kəskin şəkildə büruzə verir. Əhalinin bəzi qrupları (pensiyaçılar, evdar qadınlar) arasındakı məlumatsızlıq xüsusilə ciddi xarakter daşıyır. Əhalinin bu sahədə kifayət qədər məlumatlı olmaması nağdsız ödənişlərin həcminə və maliyyə inklüzivliyinə mənfi təsir göstərir.
Tədbirlər
Tədbir 4.2.1. Ölkə miqyasında rəqəmsal ödənişlərlə bağlı təbliğat kampaniyalarının keçirilməsi
Kütləvi informasiya vasitələrinin imkanlarından daha geniş istifadə ediləcəkdir. Geniş əhali kütləsinə ünvanlanan reklam çarxları və plakatlar hazırlanacaq, müsabiqələr, seminarlar, “Maliyyə savadlılığı” ayı çərçivəsində müxtəlif tədbirlər keçiriləcək, informasiya materialları dərc ediləcək, verilişlər hazırlanacaq, sosial şəbəkələrdən aktiv istifadə olunacaqdır.
Televiziya və radio kanallarında ünvanlı (müxtəlif hədəf qruplarına, xüsusilə məktəblilərə, tələbələrə, gənclərə ünvanlanan) əyləncəli proqramlar yayımlanacaqdır.
Tədbir 4.2.2. Maliyyə məhsul və xidmətləri barədə axtarış sisteminin yaradılmasının nəzərdən keçirilməsi
Maliyyə savadlılığı portalının tərkibində bank və sığorta məhsul və xidmətləri, habelə tarifləri (o cümlədən bankların təklif etdiyi ödəniş kartları və onların özəllikləri) barədə məlumatları ictimailəşdirən, həmçinin onların müqayisəsinə imkan verən və nağdsız ödənişləri stimullaşdıran axtarış sisteminin yaradılması nəzərdən keçiriləcəkdir. Axtarış sisteminin səmərəli fəaliyyətini təmin etmək üçün sadə, aydın və müxtəlif hədəf qruplarının asanlıqla istifadə edə biləcəyi interfeys seçiləcəkdir.
Tələb olunan investisiya
Bu prioritetin həyata keçirilməsi üçün 3 milyon manat investisiya qoyuluşu tələb olunur.
6. GÖZLƏNİLƏN NƏTİCƏLƏR
Dövlət Proqramının icrası aşağıdakı nəticələrin əldə edilməsinə imkan verəcəkdir:
7. DÖVLƏT PROQRAMININ MALİYYƏLƏŞDİRİLMƏSİ
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcəkdir:
8. İCRA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ
Dövlət Proqramının icrası
Koordinasiya və rəhbərlik: Qərarların qəbul edilməsinin sürətləndirilməsi, hesabatlılığın aydın müəyyən edilməsi və əlavə icra qabiliyyətinin formalaşdırılması üçün müvafiq koordinasiya və rəhbərlik təmin ediləcəkdir.
Maraqlı tərəflərin səfərbər edilməsi: Həm dövlət, həm də qeyri-dövlət sektorundan yerli və beynəlxalq tərəfdaşlar Dövlət Proqramının icrası prosesinə cəlb ediləcəklər.
Dövlət Proqramının monitorinqi və qiymətləndirilməsi
İcranın səmərəli və effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün Dövlət Proqramının monitorinqi və qiymətləndirilməsi həyata keçiriləcəkdir. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, gözlənilən nəticələrə diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaqdır. Monitorinq və qiymətləndirmə beynəlxalq və yerli təcrübəyə əsaslanaraq hazırlanmış metodoloji çərçivə əsasında aparılacaqdır.
Əlaqələndirici qurum əsas icraçılardan toplayaraq ümumiləşdirilmiş hesabatı Dövlət Proqramının monitorinq və qiymətləndirilməsini həyata keçirən quruma təqdim edir. Monitorinq və qiymətləndirməni aparan qurum təqdim edilmiş hesabatı, habelə zəruri saydığı hallarda digər aidiyyəti mənbələrdən əldə edilmiş məlumatları təhlil edərək monitorinq və qiymətləndirmə hesabatını hazırlayır və müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim edilməsi məqsədilə əlaqələndirici quruma təqdim edir.
9. TƏDBİRLƏR PLANI |
№ | Tədbirin adı | Əsas icraçı | Digər icraçılar / Tövsiyə edilir | İcra müddəti | Nağdsız ödəniş dövriyyəsinin illik artımı (mlrd.AZN) |
İstiqamət 1. Rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması | |||||
1.1. Əlverişli biznes mühitinin inkişaf etdirilməsi | |||||
1.1.1. | Əlverişli biznes mühitinin daha da inkişaf etdirilməsi məqsədilə rəqabət mühitinin gücləndirilməsi istiqamətində təkliflərin təqdim edilməsi | İqtisadiyyat Nazirliyi | Ədliyyə Nazirliyi | 2018-2019 | 1,35 |
1.1.2. | Kiçik və orta müəssisələrin rəqabət qabiliyyətinin artırılması üçün təkliflərin təqdim edilməsi | İqtisadiyyat Nazirliyi | Ədliyyə Nazirliyi | 2018-2019 | |
1.1.3. | Rəqabət Məcəlləsinin yekun redaksiyasının hazırlanması və aidiyyəti üzrə təkliflərin təqdim edilməsi | İqtisadiyyat Nazirliyi | Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi | 2018-2019 | |
1.1.4. | Müxtəlif sektorlarda sahəvi klasterlərin yaradılmasının təşviqi | İqtisadiyyat Nazirliyi | Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi | 2018-2020 | |
1.2. Vergi sisteminin effektivliyinin artırılması | |||||
1.2.1. | Vergitutma mexanizminin sadələşdirilməsi, vergi yükünün optimallaşdırılması | Vergilər Nazirliyi | İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi | 2018-2020 | 3,0 |
1.2.2. | Vergi inzibatçılığının daha da təkmilləşdirilməsi | Vergilər Nazirliyi | İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi | 2018-2020 | |
1.2.3. | Vergi auditinin və hesabatlılığının effektivliyinin artırılması | Vergilər Nazirliyi | İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi | 2018-2020 | |
1.2.4. | Sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılması | Vergilər Nazirliyi | Maliyyə Nazirliyi | 2018-2020 | |
1.2.5. | “Vahid Mühasibatlıq Sistemi”nin tətbiq edilməsi | Maliyyə Nazirliyi | Vergilər Nazirliyi | 2018-2020 | |
1.3. Sosial müdafiə sisteminin gücləndirilməsi üçün qeyri-formal məşğulluğun azaldılması istiqamətində tədbirlərin görülməsi | |||||
1.3.1. | Əməkhaqlarının rəsmiləşdirilməsinə işəgötürənlərin və işçilərin həvəsləndirilməsi üçün tədbirlərin həyata keçirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Maliyyə Nazirliyi, Vergilər Nazirliyi | 2018-2019 | 0.75 |
1.3.2. | Qeyri-formal məşğulluğun yüksək olduğu sektorlarda əmək müqaviləsi qeydiyyata alınmamış işçi sayının azaldılması üçün “minimum əmək” standartlarının yaradılmasının nəzərdən keçirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu | 2018-2020 | |
1.3.3. | Riskəsaslı audit mexanizmlərinin yaradılması imkanlarının nəzərdən keçirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Maliyyə Nazirliyi | 2018-2019 | |
1.3.4. | Pensiya və digər sosial təminat hüquqlarının reallaşdırılması üçün əmək müqaviləsinin bağlanmasının əhəmiyyətinin ictimaiyyətə çatdırılmasının gücləndirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Maliyyə Nazirliyi | 2018-2020 | |
İstiqamət 2. Bank sektorunun yenidən canlandırılması | |||||
2.1. Bank sektorunun sağlamlaşdırılması tədbirlərinin sürətləndirilməsi | |||||
2.1.1. | Bankların kapitallaşmasının nəzarətdə saxlanılması və likvidliyinin təmin edilməsi üzrə təkmil alətlərin işə salınması | Maliyyə Bazarlarına Nəzarət Palatası | Mərkəzi Bank, Maliyyə Nazirliyi, Əmanətlərin Sığortalanması Fondu | 2018-2020 | 3,34 |
2.1.2. | Problemli aktivlərin idarə edilməsi üzrə yeni mexanizmlərin yaradılması istiqamətində təkliflərin təqdim edilməsi | Maliyyə Bazarlarına Nəzarət Palatası | Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Mərkəzi Bank | 2018-2019 | |
2.1.3. | Bankların fəaliyyəti üzərində nəzarətin təkmilləşdirilməsi | Maliyyə Bazarlarına Nəzarət Palatası |
| 2018-2020 | |
2.1.4. | Kreditorların hüquqlarını müdafiə mexanizminin təkmilləşdirilməsi | Maliyyə Bazarlarına Nəzarət Palatası | Ədliyyə Nazirliyi | 2018-2020 | |
2.2. Aktiv pul bazarının formalaşdırılması | |||||
2.2.1. | Marketmeyker institutunun yaradılması imkanlarının qiymətləndirilməsi | Mərkəzi Bankı | Maliyyə Bazarlarına Nəzarət Palatası | 2018-2019 | 3,3 |
2.2.2. | Banklararası pul bazarının inkişafına xidmət edən infrastruktur elementlərinin inkişafı | Mərkəzi Bankı | Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi | 2018-2020 | |
2.2.3. | Qiymətli kağızlar bazarının dərinləşdirilməsi və bu əsasda banklararası REPO bazarının inkişafı imkanlarının nəzərdən keçirilməsi | Mərkəzi Bankı | Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi | 2018-2020 | |
İstiqamət 3. Rəqəmsal ekosistemin formalaşdırılması | |||||
3.1. Rəqəmsal sahibkarlığın inkişaf etdirilməsi | |||||
3.1.1. | Hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hüquqi aktların layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi | İqtisadiyyat Nazirliyi | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi | 2018-2020 | 0,03 |
3.1.2. | Startap layihələrinə qeyri-maliyyə dəstəyinin verilməsinin intensivləşdirilməsi məqsədilə təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi | İqtisadiyyat Nazirliyi | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi | 2018-2020 | |
3.1.3. | Bizneslə elm, startaplarla iri şirkətlər arasında əməkdaşlığın gücləndirilməsinin təşviqi | İqtisadiyyat Nazirliyi | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi | 2018-2020 | |
3.2. Elektron ticarətin inkişaf etdirilməsi | |||||
3.2.1. | Elektron ticarət infrastrukturunun genişləndirilməsi | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi | 2018-2020 | 0,15 |
3.2.2. | Elektron ticarət platformaları üçün minimal təhlükəsizlik tələblərinin müəyyən edilməsi | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | İqtisadiyyat Nazirliyi | 2019-2020 | |
3.2.3. | Qeyri-rezident vergi ödəyicilərinə münasibətdə vergitutma mexanizminin təkmilləşdirilməsi | Vergilər Nazirliyi |
| 2019 | |
3.3. Ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi | |||||
3.3.1. | Bank olmayan ödəniş xidməti təchizatçılarının fəaliyyətinin iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyən edən hüquqi bazanın yaradılması | Maliyyə Bazarlarına Nəzarət Palatası | Mərkəzi Bank | 2018-2020 | 0,6 |
3.3.2. | Rəqəmsal bankçılığın, rəqəmsal ödəniş texnologiyalarının hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi | Maliyyə Bazarlarına Nəzarət Palatası | Mərkəzi Bank | 2019-2020 | |
3.4. Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi | |||||
3.4.1. | 24/7/365 rejimli ani ödəniş sisteminin yaradılması | Mərkəzi Bank | Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | 2018-2020 | 0,75 |
3.4.2. | İstifadəçidən istifadəçiyə əməliyyat proseslərini avtomatlaşdırmağa imkan verən maliyyə sisteminin universal mübadilə standartlarının (ISO20022) tətbiqi üçün tədbirlər planının hazırlanması | Mərkəzi Bank | Maliyyə Bazarlarına Nəzarət Palatası | 2019-2020 | |
3.4.3. | Kiçik təsərrüfat subyektlərinə nağdsız ödəniş qəbul etmək imkanı verən ucuz ödəniş üsullarının təqdim edilməsi | Mərkəzi Bank | Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi | 2019-2020 | |
3.4.4. | Ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının imkanlarından istifadə etməklə rəqəmsal ödənişlərin tətbiqinin genişləndirilməsi | Maliyyə Bazarlarına Nəzarət Palatası | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | 2019-2020 | |
3.4.5. | Ölkədə ən son maliyyə texnologiyalarının tətbiqinin nəzərdən keçirilməsi | Mərkəzi Bank | İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi | 2018-2019 | |
3.5. Rəqəmsal bankçılığın inkişaf etdirilməsi | |||||
3.5.1. | Sertifikat xidmətləri mərkəzlərinin imkanlarından istifadənin genişləndirilməsi | Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi | Vergilər Nazirliyi, Mərkəzi Bank | 2019-2020 | 0,55 |
3.5.2. | Məsafəli bank xidmətlərinin tətbiqinin genişləndirilməsinin təşviqi | Maliyyə Bazarlarına Nəzarət Palatası | Mərkəzi Bank | 2018-2020 |
|
3.6. Smart ödəniş vasitələrinin geniş tətbiqi | |||||
3.6.1. | Bakı şəhərində ictimai nəqliyyatda gediş haqlarının nağdsız qaydada ödənilməsini təmin edən infrastrukturun tətbiqinin bütün nəqliyyat növləri və marşrutları üzrə başa çatdırılması | Bakı Nəqliyyat Agentliyi | Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası | 2018-2020 | 0,09 |
3.6.2. | Avtomobillərin parklanma haqlarının nağdsız qaydada ödənilməsi imkanlarının nəzərdən keçirilməsi | Bakı Nəqliyyat Agentliyi | Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası | 2018-2019 | |
3.6.3. | Xarici turistlər üçün çoxfunksiyalı, öncədən ödənilmiş ödəniş məhsullarının tətbiqinin nəzərdən keçirilməsi | Dövlət Turizm Agentliyi | Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Bakı Nəqliyyat Agentliyi | 2019-2020 | |
3.6.4. | Tələbələrə smart tələbə kartlarının verilməsinin nəzərdən keçirilməsi | Təhsil Nazirliyi | Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Bakı Nəqliyyat Agentliyi | 2019-2020 | |
3.7. Mövcud elektron ödəniş xidmətlərinin effektivliyinin və təhlükəsizliyinin yüksəldilməsi | |||||
3.7.1. | Aşağı gəlirli əhali qrupları üçün pulsuz "Baza bank xidmətləri paketi”nin tətbiqinin təşviq edilməsi | Maliyyə Bazarlarına Nəzarət Palatası | Mərkəzi Bank Tövsiyə edilir: Azərbaycan Banklar Assosiasiyası | 2019-2020 | 0,4 |
3.7.2. | Sosial ödənişlərin paylanması sahəsində banklararası rəqabət mühitinin gücləndirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası | 2018-2019 | |
3.7.3. | Bankların İT sistemlərinə təhlükəsizlik tələblərinin gücləndirilməsi | Maliyyə Bazarlarına Nəzarət Palatası | Mərkəzi Bank | 2019-2020 | |
3.7.4. | Ödəniş xidmətləri üzrə tarif siyasətinin optimallaşdırılması | Mərkəzi Bank | Maliyyə Bazarlarına Nəzarət Palatası | 2019-2020 | |
3.8. Regionlarda və ucqar ərazilərdə maliyyə inklüzivliyinin artırılması | |||||
3.8.1. | Rayon mərkəzlərindən kənar ərazilərdə əhali və biznesə maliyyə xidmətlərindən istifadə imkanlarının yaradılması məqsədilə müvafiq infrastrukturun genişləndirilməsinin nəzərdən keçirilməsi | Maliyyə Bazarlarına Nəzarət Palatası | Mərkəzi Bank | 2018-2020 | 0,06 |
3.8.2. | Maliyyə inklüzivliyinin inkişaf etdirilməsində yeni metodların tətbiqinin təşviq edilməsi | Maliyyə Bazarlarına Nəzarət Palatası |
| 2019-2020 | |
3.9. Rəqəmsal ödənişlərin stimullaşdırılması | |||||
3.9.1. | Təsərrüfat subyektlərinə və istehlakçılara nağdsız qaydada aparılan əməliyyatlar üzrə müddətli vergi güzəştlərinin verilməsi istiqamətində təkliflərin hazırlanması | Vergilər Nazirliyi |
| 2018-2019 | 0,5 |
3.9.2. | İstehlakçıların nağdsız qaydada əməliyyatların aparılmasına təşviq edilməsi | Mərkəzi Bank | Vergilər Nazirliyi, Tövsiyə edilir: Azərbaycan Banklar Assosiasiyası | 2018-2020 | |
3.9.3. | Rəqəmsal bankçılığın təşviqi üzrə tədbirlərin həyata keçirilməsi | Mərkəzi Bank | Tövsiyə edilir: Azərbaycan Banklar Assosiasiyası | 2018-2020 | |
İstiqamət 4. Rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi | |||||
4.1. Maliyyə savadlılığının yüksəldilməsi | |||||
4.1.1. | Şagird, müəllim və tələbələrə rəqəmsal ödəniş xidmətləri haqqında zəruri biliklərin verilməsi | Təhsil Nazirliyi | Mərkəzi Bank | 2018-2020 | 0,35 |
4.1.2. | İş yerlərində rəqəmsal ödənişlər haqqında zəruri biliklərin verilməsi | Mərkəzi Bank | Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tövsiyə edilir: Azərbaycan Banklar Assosiasiyası | 2019-2020 | |
4.1.3. | Rəqəmsal bankçılıq xidmətləri sahəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi | Maliyyə Bazarlarına Nəzarət Palatası | Mərkəzi Bank | 2018-2020 | |
4.1.4. | Bank olmayan ödəniş xidməti təchizatçılarının və ödəniş sistemi operatorlarının mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi | Maliyyə Bazarlarına Nəzarət Palatası | Mərkəzi Bank | 2018-2020 | |
4.2. Rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması | |||||
4.2.1. | Ölkə miqyasında rəqəmsal ödənişlərlə bağlı təbliğat kampaniyalarının keçirilməsi | Mərkəzi Bank | Milli Televiziya və Radio Şurası | 2018-2020 | 0,9 |
4.2.2. | Maliyyə məhsul və xidmətləri barədə axtarış sisteminin yaradılmasının nəzərdən keçirilməsi | Mərkəzi Bank | Tövsiyə edilir: Azərbaycan Banklar Assosiasiyası | 2019-2020 |