“Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemləri üzrə nəzarət konsepsiyasın”a və “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”na əsasən hər il Mərkəzi Bankın operatoru olduğu AZİPS üzrə il ərzində iştirakçılar tərəfindən aparılmış əməliyyatların ümumi həcminin 2 faizindən çox paya malik olan iştirakçılar sistem əhəmiyyətli iştirakçı kimi qiymətləndirilir. Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallarda sistemlərin fəaliyyətinin davamlılığını təmin etmək məqsədi ilə ehtiyat mərkəz yaratmalı və fövqəladə hallara hazırlıq səviyyəsini yoxlamaq üçün ən azı rübdə bir dəfə real vaxt rejimində ödəniş sistemlərində iştirakını ehtiyat mərkəz vasitəsilə təmin etməlidir. Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzdə həyata keçirdiyi fəaliyyəti başa çatdırdıqdan sonra nəticəsi barədə hesabatı Qaydaların 1 nömrəli əlavəsinə uyğun dolduraraq Mərkəzi Banka yazılı formada təqdim etməlidir.
Bundan başqa, sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzi ilə əsas mərkəz arasında əsas proqram təminatları üzrə məlumat mübadiləsinin təşkilinə dair tərtib edilmiş topoloji diaqramı, ehtiyat mərkəzin yerləşdiyi ünvan barədə məlumatı, fövqəladə hallarda fəaliyyətinin davamlılığının təmin olunması üçün sorğuların cavablandırılması və məlumat mübadiləsinin aparılmasına məsul olan əməkdaşları (əsas və əvəzedici şəxslər) təyin edərək onları təlimatlandırmalı, həmçinin bu əməkdaşlar haqqında məlumatı hər ilin fevral ayının 25-dən gec olmayaraq Mərkəzi Banka təqdim etməlidir. Eyni zamanda fövqəladə hallar zamanı sistemlərdə fəaliyyətin davamlılığının təmin edilməsi məqsədi ilə sistem əhəmiyyətli iştirakçının fövqəladə hallarda fəaliyyətinin davamlılığı və bərpa planları olmalıdır. Fövqəladə hallarda fəaliyyətin davamlılığı planı və bərpa planı ildə bir dəfədən gec olmayaraq yenilənməli və Mərkəzi Banka təqdim edilməlidir.