8 may 2026-cı il: Mərkəzi Bank tərəfindən banklar və fintex təşkilatlarının nümayəndələrinin iştirakı ilə ödəniş ekosisteminin rəqəmsal transformasiyası və inkişaf perspektivlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində rəqəmsal ödəniş alətlərinin tətbiqinin genişləndirilməsi, Ani Ödənişlər Sistemi (AÖS) üzrə inkişaf dinamikası və gələcək inkişaf planları, AZQR ödənişləri, açıq bankçılıq həlləri, o cümlədən banklar və fintexlər üçün yeni imkanlar əsas müzakirə mövzuları olub. Bu sahədə mövcud yanaşmalar, qarşıda duran çağırışlar və inkişaf perspektivləri barədə təqdimatlar edilib.
Təqdimatlar zamanı QR ödənişlərin və AÖS üzərindən həyata keçirilən ödənişlərin istehlakçıların ödəniş davranışlarına təsiri, bazar iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin vahid standartların formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Tədbir ödəniş ekosistemində innovasiyaların təşviqi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.
Tədbir daha sonra Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyasının (AzFina) nümayəndələri, eləcə də bank və fintex sektorunu təmsil edən iştirakçılar arasında panel müzakirəsi ilə davam etdirilib. Panel çərçivəsində rəqəmsal ödəniş həllərinin inkişafı, innovativ yanaşmaların tətbiqi, bazar iştirakçıları arasında qarşılıqlı əməkdaşlıq imkanları və gələcək strateji istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.