14 may 2026-cı il, Bakı: Mərkəzi Bank maliyyə savadlılığının və ictimai məlumatlılığın artırılmasını prioritet istiqamətlərdən biri kimi müəyyən edərək bu istiqamətdə maarifləndirici təşəbbüslərini davam etdirir.
Bu çərçivədə media nümayəndələri üçün “Açıq bankçılıq” mövzusunda növbəti təlim təşkil olunub. Təlim zamanı iştirakçılara Açıq bankçılıq konsepsiyasının mahiyyəti, maliyyə sektorunda rolu, eləcə də innovativ maliyyə xidmətlərinin formalaşması və inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.
Təlim zamanı qeyd olunub ki, Açıq bankçılıq maliyyə sektorunda rəqabətin və innovasiyanın güclənməsinə şərait yaradır, daha çevik, əlçatan və müştəriyönümlü xidmətlərin inkişafına töhfə verir. Bu yanaşma eyni zamanda maliyyə xidmətlərində şəffaflığın və səmərəliliyin artırılmasını dəstəkləyir.
Təlim interaktiv formada müzakirələrlə davam edib, media nümayəndələrinin mövzu üzrə sualları cavablandırılıb və mövzu ətrafında geniş müzakirə aparılıb.

