1 iyul 2026-cı il, Bakı: Tədiyə balansının cari əməliyyat balansında profisitin artması və maliyyə sektorunda de-dollarlaşma prosesinin getməsi şəraitində valyuta bazarında təklifin tələbi üstələməsi meyili davam edir. Bu proses həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunur.
Cari ilin iyun ayında Mərkəzi Bank tərəfindən valyuta bazarında 394 mln. ABŞ dolları məbləğində alış yönlü əməliyyat aparılmışdır. Xatırladaq ki, aprel ayında Mərkəzi Bankın alış yönlü müdaxiləsi 1 milyard ABŞ dolları həcmində olmuşdur. Nəticədə, valyuta bazarında həyata keçirilən əməliyyatlar və valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər nəticəsində iyun ayında Mərkəzi Bankın valyuta ehtiyatları 445 milyon ABŞ dolları, ilin əvvəlindən isə 1,64 milyard ABŞ dolları artmışdır.
Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin 2026-cı ilin qalan dövründə bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaqdır.