Azərbaycan Respublikası
Mərkəzi Bankı İdarə Heyətinin
“12” noyabr 2021-ci il
tarixli qərarı ilə təsdiq
edilmişdir.
Protokol № 32
Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair
METODOLOJİ RƏHBƏRLİK
1. Ümumi müddəalar
1.1. Bu Metodoloji Rəhbərlik beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində ödənişlərin aparılması, vəsaitlərin köçürülməsi və nağdlaşdırılması zamanı ödəniş xidməti təchizatçıları tərəfindən təqdim olunan QR kodun tərtib edilməsinə dair minimum tələbləri müəyyən edir.
1.2. Bu Metodoloji Rəhbərliyin (bundan sonra – Rəhbərlik) məqsədi Azərbaycan Respublikası ərazisində QR kod vasitəsi ilə təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun təmin edilməsi üçün vahid QR kod formatının müəyyən edilməsidir.
2. Anlayışlar
2.1. Bu Rəhbərlikdə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. QR kod – müvafiq proqram təminatı, o cümlədən müvafiq proqram təminatı ilə təchiz olunmuş elektron cihazlar (mobil telefon, optik oxuyucu və s.) vasitəsilə oxunması nəzərdə tutulan, Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 18004 nömrəli standartına uyğun olaraq tərtib edilən kvadratlar matrisindən ibarət məlumat daşıyıcı ştrix-kod;
2.1.2. AZQR kod – Azərbaycan Respublikası ərazisində mal, iş və xidmətlərin dəyərinin ödənilməsi, pul vəsaitinin köçürülməsi və nağdlaşdırılması üzrə ödəniş xidmətlərinin aparılması üçün təsərrüfat subyekti və ya fiziki şəxs tərəfindən təqdim olunan və bu Rəhbərliyin 1 nömrəli Əlavəsinə uyğun olaraq tərtib olunan QR kod;
2.1.3. Statik AZQR kod – tərkibi aparılacaq ödəniş əməliyyatının (əməliyyatlarının) məzmununa uyğun sabit məlumatlardan ibarət olan və birdən artıq ödəniş əməliyyatının icrasında istifadə edilə bilən AZQR kod;
2.1.4. Dinamik AZQR kod – tərkibi aparılacaq ödəniş əməliyyatının məzmununa uyğun məlumatlardan ibarət olan və hər bir ödəniş əməliyyatı üçün yenidən formalaşdırılan AZQR kod;
2.1.5. AZQR kod təchizatçısı – AZQR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılmasını təşkil edən Azərbaycan Respublikasında fəaliyyət göstərən ödəniş xidməti təchizatçıları;
2.1.6. AZQR kod təqdim edən subyekt- təsərrüfat subyekti və ya fiziki şəxs;
2.1.7. təsərrüfat subyekti – hüquqi şəxs və ya fərdi sahibkar.
3. Ümumi tələblər
3.1. Azərbaycan Respublikası ərazisində AZQR kod vasitəsilə ödəniş xidmətlərinin təşkili AZQR kod təchizatçıları tərəfindən həyata keçirilir.
3.2. AZQR kod təchizatçısı AZQR kodu bu Rəhbərliyin tələblərinə uyğun olaraq tərtib edir.
3.3. AZQR kod təchizatçısı AZQR kodun tərtibini müqavilə əsasında üçüncü tərəfə həvalə edə bilər. Bu halda AZQR kod təchizatçısı QR kodun tərtibi həvalə edilmiş üçüncü tərəfləri AZQR koda dair bu Rəhbərliklə müəyyənləşdirilən tələblərlə tanış edir. AZQR kodun tərtibinin digər tərəflərə həvalə edilməsi AZQR kod təchizatçısının bu Rəhbərliklə müəyyənləşdirilən öhdəliklərindən azad edilməsinə əsas verməməlidir.
3.4. AZQR kod təchizatçıları tərəfindən Azərbaycan Respublikası ərazisində QR kod üzrə ekvayrinq xidməti yalnız bu Rəhbərliyin 1 nömrəli Əlavəsində qeyd edilən tələblərə uyğun olaraq tərtib edilən AZQR kod vasitəsilə aparıla bilər.
3.5. AZQR kod üzrə tələblər aşağıdakılar əsasında həyata keçirilən ödəniş əməliyyatlarına şamil edilir:
3.5.1. ödəniş kartı;
3.5.2. konsolidə olunmuş hesaba bağlı ödəniş alətləri ;
3.5.3. ödəniş sənədi.
3.6. AZQR kod üzrə ödəniş əməliyyatlarının icrasından sonra AZQR kod təchizatçısı AZQR kod təqdim edən subyekti əməliyyatın nəticələri barədə məlumatlandırır və/və ya həmin məlumatların asan əldə olunmasını təmin edir.
3.7. AZQR kod təchizatçısı tərəfindən təqdim olunan AZQR kod ilkin təyinatı üzrə və dəyişiklik edilmədən istifadə olunmalıdır.
Mərkəzi Bankın sədri
Elman Rüstəmov
“Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərliy”ə
1 nömrəli Əlavə
AZQR koda dair texniki tələblər
1. Ümumi müddəalar
1.1 Bu sənəd AZQR kodun yaradılmasına, formatına, o cümlədən AZQR koda daxil edilən sahələrə dair minimum tələbləri müəyyən edir.
1.2 AZQR kod EMV® QR Code spesifikasiyası – təsərrüfat subyektləri tərəfindən təqdim edilən QR kod rejimi (EMV® QR Code Specification for Payment Systems (EMV QRCPS) Merchant-Presented Mode) əsasında tərtib edilir.
2. AZQR kod məlumatları üzrə tələblər
2.1. AZQR koda əlavə edilən məlumatlar aşağıdakı şərti işarələrlə işarələnmiş zərurilik statuslarına malikdir:
Şərti işarə | Təsvir |
M | Məcburi məlumat |
C | Şərtlər daxilində məcburi və ya məcburi olmayan məlumat |
O | Məcburi olmayan məlumat |
2.2. Formalaşdırılan məlumatlar üzrə hər bir simvol “Unicode” standartının “UTF-8” simvol dəstinə uyğun olan və aşağıdakı cədvəl üzrə şərti işaralərlə işarələnmiş simvol dəstindən seçilə bilər.
Şərti işarə | Təsvir |
an | Yalnız ingilis əlifbasının hərfləri və rəqəmlər |
u | UTF-8 simvol dəstinə uyğun ixtiyari simvol |
n | Yalnız rəqəmlər |
ns | Yalnız rəqəmlər və “.” simvolu |
a | Yalnız ingilis əlifbasının hərfləri |
ans | Yalnız ingilis əlifbasının hərfləri, rəqəmlər və “.”,”,”,”-“,”_”,”!”,”~” simvolları |
3. Məlumat strukturu
3.1. AZQR kod üzrə məlumatlar sahələrin ardıcıllığına uyğun olaraq yerləşdirilir. Hər sahə identifikator (ID), uzunluq və məlumatın özü (dəyər) olmaqla üç rekvizitlə ifadə olunur. Rekvizitlər aşağıdakı məhdudiyyətlərə malikdir:
Şərti işarə | Təsvir |
İdentifikator (ID) | 2 rəqəmdən ibarət olmaqla “00”- dan “99” - a kimi qiymət ala bilər |
Uzunluq | 2 rəqəmdən ibarət olmaqla “01”- dan “99” - a kimi qiymət ala bilər |
Məlumatın özü (dəyər) | 1 simvoldan 99 simvola qədər dəyişə bilər |
3.2. AZQR kod üzrə məlumatlar ağacşəkilli struktura malikdir (Bax Şəkil 1.). Məlumatın nüvəsindən başlayaraq bütün sahələr sadə və şablon tipli ola bilər. Şablon tipli sahələr digər sadə və şablon tipli sahələri ehtiva edə bilər.
Şablon tipli sahələr üzrə məlumatlar da sahələrin identifikatoru, müvafiq olaraq hesablanmış uzunluğu və şablona daxil olan aşağı tərtibli sahələr üzrə identifikator, uzunluq və məlumatın özü (dəyər) daxil edilməklə tərtib edilir.
Qeyd: Şablon sahənin uzunluğu tərkibinə aid edilən digər sahələrlə bərabər təyin edilir və ümumi 99 simvoldan artıq ola bilməz.
3.3. AZQR kod üzrə bəzi sahələrin dəyərinin “***” formasında verilməsi, bu sahə üzrə məlumatın AZQR kodun oxudulması zamanı istehlakçı tərəfindən daxil ediləcəyi mənasına gəlir.
Şəkil 1.: AZQR kod üzrə məlumatın ağacşəkilli strukturu
4. AZQR kod üzrə əməliyyatın aparılması
4.1. AZQR kod ilə aparılan əməliyyat aşağıdakı mexanizm əsasında həyata keçirilir.
4.1.1. AZQR kod təqdim edən subyektə xidmət göstərən AZQR kod təchizatçısı əməliyyatın aparılması üçün zəruri məlumatlardan ibarət AZQR kodu və ya həmin kodun formalaşdırılması üçün infrastrukturu yaradaraq AZQR kod təqdim edən subyektə müvafiq formada (POS terminal, internet səhifəsi, kağız daşıyıcı, mobil tətbiq və s.) təqdim edir.
4.1.2. AZQR kod təqdim edən subyekt yaradılmış AZQR kodu oxudulması üçün ödəyiciyə təqdim edir.
4.1.3. Ödəyici təqdim edilən AZQR kodu müvafiq proqram təminatı, o cümlədən müvafiq proqram təminatı ilə təchiz olunmuş mobil telefon və ya digər avadanlıq vasitəsilə oxudur.
4.1.4. AZQR kodun xüsusiyyətlərindən asılı olaraq ödəyici əlavə tələb olunan məlumatları AZQR kodu oxuyan müvafiq proqram təminatı və ya müvafiq proqram təminatı ilə təchiz olunmuş mobil telefon və ya digər avadanlığa daxil edir və ya AZQR kod məlumatlarını birbaşa özünün ödəniş xidməti təchizatçısına yönləndirir.
4.1.5. Ödəyicinin ödəniş xidməti təchizatçısı təqdim olunmuş məlumatlar əsasında ödəniş əməliyyatının icrası istiqamətində işləri aparır.
4.1.6. Əməliyyatın icrası uğurlu olduqda AZQR kod təchizatçısı aparılan ödəniş əməliyyatının nəticələri barədə AZQR kod təqdim edən subyekti məlumatlandırır və ya AZQR kod təqdim edən subyektin sorğusu əsasında əməliyyatın nəticələrinin əlçatan olmasını təmin edir.
5. AZQR kodun tərtib edilməsi
5.1. AZQR kod bu Əlavənin 2.1-ci bəndində qeyd edilən “məcburi” statusu olan sahələrin iştirakı ilə, eləcə də zərurətdən asılı olaraq digər sahələrin də əlavə edilməsi ilə yaradılır.
5.2. AZQR kodun yaradılması zamanı bu Əlavənin 5.3-cü bəndində qeyd edilən sahələrdən fərqli ID və ya formata uyğun olmayan sahələr əlavə edilməməlidir.
5.3. AZQR koda aşağıdakı cədvəl üzrə məlumatlar əlavə edilə billər:
Cədvəl 1: AZQR kodun sahələri üzrə mümkün dəyərlər
5.3.1. EMVco QR kod təlimatının versiyası
Tərtib edilən QR kodun əsaslandığı EMVco təlimatının versiyası.
5.3.2. QR kodun növü (ID “01”)
Yaradılan AZQR kodun xüsusiyyətlərinə müvafiq olaraq bu sahəyə aşağıdakı dəyərlərdən biri verilə bilər:
11 – Statik QR kod
12 – Dinamik QR kod
5.3.3. AZQR kodu təqdim edən subyektin məlumat şablonu (ID “02” - “51”)
Ödəniş təchizatçısına aid olan digər sahələrdə əks oluna bilməyən məlumatların əks olunduğu şablon.
Şablonda “02”-“25” və “29”-“40” ID-si üzrə sahələr Cədvəl 1-də qeyd olunan məqsədlər üçün rezerv olunmuş sahələrdir. “41”-“51” aralığında olan ID-lər üzrə şablonların tərkibi ödəniş təchizatçıları tərəfindən sərbəst şəkildə təyin oluna bilər (mal/məhsul və ya xidmət barədə məlumat və s.). Sərbəst sahə şablon və ya sadə sahə olaraq istifadə oluna bilər.
Cədvəl 2: AZQR kodu təqdim edən subyektin məlumat şablonu üzrə mümkün dəyərlər
Kod aralığı | Təsvir |
“02” - “03” | VISA üçün ayrılmış kod |
“04” - “05” | Mastercard üçün ayrılmış kod |
“06” - “08” | EMVco üçün ayrılmış kod |
“09” - “10” | Discovery üçün ayrılmış kod |
“11” - “12” | Amex üçün ayrılmış kod |
“13” - “14” | JCB üçün ayrılmış kod |
“15” - “16” | UnionPay üçün ayrılmış kod |
“17” - “25” | EMVco üçün ayrılmış kod |
“29” - “35” | Gələcək istifadə üçün ayrılmış kod (Mərkəzi Bank) |
“36” - “40” | Ani Ödənişlər Sistemi üçün ayrılmış kod |
“41” - “51” | Sərbəst istifadə üçün |
5.3.4. AZQR kod üzrə əsas məlumat şablonu (ID “26”)
Yaradılan AZQR kodun əsas xüsusiyyətlərinə dair məlumat şablonudur. Şablon Cədvəl 3-də qeyd olunan məlumatları əhatə edir.
Cədvəl 3: AZQR kod-un əsas məlumat şablonu üzrə mümkün dəyərlər
5.3.5. AZQR kodu təqdim edən subyektin unikal eyniləşdiricisi (ID “27”)
AZQR kod təchizatçısı tərəfindən AZQR kod təqdim edən subyekt üçün verilmiş unikal eyniləşdirici.
5.3.6. Əməliyyat məkanının koordinatları (ID “28”)
QR kod əməliyyatının aparıldığı məkanın enlik və uzunluq olaraq ifadə edilən coğrafi koordinatları. Sahə yalnız rəqəmdən ibarət olan 16 simvoldan ibarət ola bilər.
Nümunə: “39.939423” x “32.851791” koordinatları “3993942332851791” olaraq ifadə olunmalıdır.
5.3.7. Təsərrüfat subyektinin kateqoriya kodu (ID “52”)
Təsərrüfat subyektinin fəaliyyət sahəsindən asılı olaraq ISO 18245:2003 standartlarına uyğun olan 4 rəqəmdən ibarət kod (MCC).
5.3.8. Əməliyyat valyutası (ID “53”)
Aparılacaq ödəniş əməliyyatının ISO 4217 standartlarına uyğun olaraq 3 rəqəmdən ibarət valyuta kodu.
Nümunə: “AZN” – “944”, “USD” – “840”
5.3.9. Əməliyyat məbləği (ID “54”)
Aparılacaq ödəniş əməliyyatının əlavə məbləğlər (ID “56”, “57”) tətbiq edilmədən olan əsas həcmi. Məbləğin ödəyici tərəfindən daxil edilməsi nəzərdə tutulduqda bu məlumat əks olunmur. Məbləğ tam ədəd olmadıqda “.” işarəsindən sonra qəpik hissəsi qeyd edilir.
Nümunə: “53.47 AZN”.
5.3.10. Əlavə məbləğin növü (ID “55”)
AZQR kod təqdim edən subyekt tərəfindən tətbiq edilən əlavə xidmət haqqının növü təyin edilir:
“01”: Ödəyici məbləği özü daxil edir.
“02”: AZQR kod təqdim edən subyekt tərəfindən öncədən təyin edilən sabit məbləğ tətbiq olunur.
“03”: AZQR kod təqdim edən subyekt tərəfindən təyin edilən xidmət haqqı əsas məbləğin faizi şəklində tətbiq olunur.
5.3.11. Sabit əlavə məbləğ (ID “56”)
Əməliyyata görə ödəyicidən əməliyyat məbləğindən asılı olmayaraq əməliyyat valyutasında tutulan sabit əlavə məbləğin həcmidir.
Adətən təsərrüfat subyekti tərəfindən mehmanxana, restoranlar və ya dükanlarda bəxşiş, komissiya və ya oxşar ödənişlər bu sahəyə qeyd edilir.
“Əlavə məbləğin növü” (ID “55”) sahəsinin dəyəri “02” olaraq təyin edildikdə, “Sabit əlavə məbləğ” (ID “56”) sahəsinin mövcudluğu məcburidir.
5.3.12. Faizlə əlavə məbləğ (ID “57”)
Əməliyyata görə ödəyicidən əməliyyat məbləğinin müəyyən faizi (%) miqdarında əməliyyat valyutasında tutulan əlavə məbləğin həcmidir.
Nümunə: əməliyyat məbləği 200 manat olduqda, “Faizlə əlavə məbləğ”in dəyəri əməliyyat məbləğinin 10%-i olduqda 20 manat əlavə komissiya tutulacağı ifadə edilir.
Adətən təsərrüfat subyekti tərəfindən mehmanxana, restoranlar və ya dükanlarda bəxşiş, komissiya və ya oxşar ödənişlər bu sahəyə qeyd edilir.
“Əlavə məbləğin növü” (ID “55”) sahəsinin dəyəri “03” olaraq təyin edildikdə, “Faizlə əlavə məbləğ” (ID “57”) sahəsinin mövcudluğu məcburidir.
5.3.13. Ölkə kodu (ID “58”)
AZQR kod təqdim edən subyektin qeydiyyat ölkəsinin ISO 3166-1 alpha 2 standartının ikinci hissəsinə uyğun olaraq təyin edilən iki simvoldan ibarət ölkə kodu
Nümunə: Azərbaycan – “AZ”
5.3.14. AZQR kodu təqdim edən subyektin adı (ID “59”)
AZQR kodu təqdim edən subyektin adı əməliyyat zamanı ödəyicinin müvafiq proqram təminatında, o cümlədən müvafiq proqram təminatı ilə təchiz olunmuş mobil telefonu və ya digər avadanlığının ekranında görünə bilər.
5.3.15. AZQR kodu təqdim edən subyektin şəhəri (ID “60”) AZQR kodu təqdim edən subyektin fiziki yerləşdiyi şəhərin adı. Nümunə: “Baku”
5.3.16. AZQR kodu təqdim edən subyektin poçt indeksi (ID “61”)
AZQR kodu təqdim edən subyektin yerləşdiyi ünvanın poçt indeksi.
5.3.17. Əlavə məlumat şablonu (ID “62”)
Xidməti təqdim edən ödəniş xidməti təchizatçısı tərəfindən zəruri olan əlavə məlumatların daxil edildiyi şablon. Şablona daxil olan məlumatlar Cədvəl 4-ə uyğun olaraq doldurulmalıdır.
Şablon üzrə hər bir sahənin dəyəri AZQR kod təqdim edən subyekt tərəfindən “***” formasında verilə bilər. Bu halda şablon üzrə hər bir sahənin dəyərinin ödəyici tərəfindən doldurulması tələb olunacaqdır.
Cədvəl 4: Əlavə məlumat şablonu üzrə mümkün dəyərlər
Cədvəl 4.1: QR kod daşıyıcısı
Kod aralığı | Təsvir |
"0" | Çap – Təsərrüfat subyektində yapışqan və ya lövhə |
"1" | Çap – Qaimə |
"2" | Çap – Jurnal |
"3" | Çap – digər |
"4" | Ekran – POS/ATM |
"5" | Ekran – Website |
"6" | Ekran – App |
"7" | Digər |
Cədvəl 4.2: Əməliyyat məkanı
Kod aralığı | Təsvir |
"0" | AZQR kodu təqdim edən subyektin ünvanında |
"1" | AZQR kodu təqdim edən subyektin ünvanında olmadan (məs: səyyar) |
"2" | Məsafədən ticarət (elektron kommersiya) |
"3" | Digər |
Cədvəl 4.3: AZQR kod təqdim edən subyekt nümayəndəsinin iştirakı
Kod aralığı | Təsvir |
"0" | Kassir, operator və ya təsərrüfat subyekti nümayəndəsinin iştirakı ilə olan əməliyyat. |
"1" | AZQR kod təqdim edən subyekt nümayəndəsinin iştirakı olmadan özünəxidmət əməliyyatı. |
"2" | AZQR kod təqdim edən subyekt nümayəndəsinin qismən iştirakı ilə ödəyici tərəfindən tamamlanan əməliyyat. |
"3" | Digər |
5.2.18. Yoxlama dəyəri ( ID “63”)
QR kod məlumatına daxil olan bütün sahələrin TLV dəyərlərinin (ID “63” dəyəri istisna olmaqla) ISO/IEC 13239 standartına (polinominal kimi ‘1021’ (hex) və ilkin dəyər kimi ‘FFFF’ (hex) istifadə olunmaqla) əsasən hesablanmış kəmiyyətdir.
5.2.19. AZQR kodu təqdim edən subyektin alternativ dil seçimi şablonu (ID “64”)
AZQR kodu təqdim edən subyektə dair məlumatın alternativ dildə qarşılığının təyin olunması üçün istifadə olunur.
Cədvəl 5: AZQR kodu təqdim edən subyektin alternativ dil seçimi şablonu üzrə mümkün dəyərlər
5.3.20. EMVco rezerv sahə ( ID “65” – “79”)
EMVco tərəfindən standartın gələcək versiyalarında istifadə üçün rezerv edilmiş sahə.
5.3.21. Sərbəst sahə ( ID “80” – “99”)
Bu ID altında AZQR kod təqdim edən subyektin seçimi ilə istənilən sadə və ya şablon sahəsi əlavə edilə bilər.
Cədvəl 6: Təsərrüfat subyekti tərəfindən yaradılan QR kod məlumatının nüvəsinə daxil edilən sahələrin nümunəsi
Nəticə:
00020101021226280002010312IBA000000016040202271099998745322818403787009498432725520459425303944540515.47550202560505.005802AZ5912DUKAN
.AZ MMC6004BAKU6107AZ0114262330708000532550803***101009223230006304694 2