“Maliyyə savadlılığı” portalı (www.bizimpullar.az) 2015-ci il tarixindən istifadəyə verilmişdir.
Portalın əsas məqsədi maliyyə savadlılığının artırılması istiqamətində bütün təşəbbüsləri (resurslar, tədbirlər haqqında məlumatlar və s.) vahid bir virtual məkanda toplamaq, eyni zamanda ölkədə maliyyə savadlılığı üzrə əsas təşviqedici platforma olmaqdır.
Portalın resurslarından istifadə hər kəs üçün əlçatandır və heç bir qeydiyyat tələb olunmur.
Portalın əsas resurslarının izah edilməsi məqsədilə müxtəlif mövzuları əhatə edən məlumat xarakterli videoçarxlar (animasiyalar) hazırlanmışdır. Müasir auditoriya, xüsusi ilə də gənclər, mütaliədən daha çox səsli və vizual materiallara üstünlük verirlər. Bu məqsədlə vacib maliyyə və bank anlayışları haqqında məlumatlar geniş əhali qruplarına daha əlçatan və aydın formada təqdim edilir. Burada "Kredit nədir?", "Əmanət nədir?", "Təmassız kartlar" kimi bir sıra mövzulara yer verilmiş, əhatə olunan mövzular "bir sual-bir cavab" prinsipi üzərində qurulmuşdur. Bütün bu mövzular portalın "Maliyyə xidmətləri" bölməsində istifadəçilərə təqdim olunur.
Geniş yayılmış maliyyə və bank anlayışlarından əlavə "Siyasət faiz dərəcəsi", "Tədiyyə balansı", "İnflyasiya" kimi mürəkkəb makro-iqtisadi anlayışlar da bu portalda sadə dillə izah olunmuşdur. Bu istiqamətdəki mövzular portalın Mərkəzi Bank bölməsində yerləşdirilmişdir.
"Pullar" bölməsində dövriyyədə olan yenilənmiş kağız pullar haqqında animasiyalar yerləşdirilmişdir. Burada hər bir nominalın üzərində yerləşən təsvirlər, mühafizə elementləri haqqında maraqlı və maarifləndirici məlumatlar videorolik formatında təqdim olunmuşdur.
Animasiyalardan başqa portalda praktiki əhəmiyyəti olan oyunlara da yer verilmişdir. Onlar arasında "Mərkəzi Bank" oyun simulyatoru istifadəçilərin xüsusi rəğbətini qazanmışdır. Bu alət istifadəçiyə Mərkəzi Bankın iqtisadiyyatda əsas rolunu dərk etməyə kömək edir. Oyun iştirakçısı Mərkəzi Bankın rolunu yerinə yetirməklə, əsas pul siyasəti aləti olan uçot faiz dərəcəsini idarə edərək iqtisadi artım və inflyasiyanın səviyyələrini müəyyən bir intervalda saxlamalıdır. Daha maraqlı və reallığa uyğun olması üçün oyun simulyasiyasında bir neçə iqtisadi şoklar nəzərdə tutulmuşdur.
Maliyyə savadlılığı istiqamətində həyata keçirilən tədbirlər, seminarlar, müsabiqələr, yeni resursların yaradılması kimi bir sıra məsələlər haqqında informasiyalar "Xəbərlər" bölməsində yerləşdirilmişdir.
Əlavə olaraq portalın digər bölmələrindən də (virtual muzey, təhsil, kalkulyatorlar və s.) maraqlı və faydalı məlumatlar əldə etmək mümkündür.