Mərkəzi Bankın kommunikasiyası onun missiyası, strateji və əməliyyat hədəfləri, fəaliyyət nəticələri haqqında bütün hədəf qruplarının məlumatlandırılması məqsədi ilə təşkil edilir. Operativ, əhatəli, aydın və dəqiq məlumatların ictimaiyyətə açıqlanması əsas hədəf qrupları tərəfindən Mərkəzi Bankın həyata keçirdiyi siyasətin daha yaxşı qavranılmasına, bununla da iqtisadi-monetar gözləntilərin formalaşdırılmasına imkan verir və gözləntilərin yönəldilməsi hədəf qruplarının adekvat davranışlarını təmin edir. Beləliklə, effektiv kommunikasiya siyasəti və onun uğurlu əməliyyat çərçivəsi hədəf qruplarının gözləntilərinin yönəldilməsinin başlıca vasitəsidir.
Mərkəzi Bankın kommunikasiyasının hədəfi onun etimad imicinin qorunması və daim inkişaf etdirilməsi ilə hədəf qruplarının adekvat iqtisadi gözləntilərinin formalaşdırılmasına və yönəldilməsinə nail olmaqla missiyasının daha effektiv realizasiyasının təmin olunmasından ibarətdir.