Mərkəzi Bankın dayanıqlı maliyyənin implementasiyası strategiyası çərçivəsində İdarə Heyətinin 28 avqust 2023-cü il tarixli 41/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartları”na ekoloji, sosial və idarəetmə (ESİ) amilləri biines strategiyasının formalaşdırılması və risklərin idarəedilməsi inteqrasiya edilmişdir.
Beləliklə, Bank uzunmüddətli dövr üzrə dayanıqlığını təmin etmək məqsədilə strategiyasında fəaliyyətinə əhəmiyyətli təsiri olan və ya ola biləcək ESİ amillərini nəzərə alır. Habelə, bank risklərin qiymətləndirilməsi prosesində ESİ amillərini ehtiva edən maliyyə və qeyri-maliyyə riskləri də nəzərə alınmalıdır.
Qeyd etmək lazımdır ki, bu istiqamətdə daha detallı və əhatəli təlimat xarakterli sənədlər yaxın zamanda maliyyə institutlarına təqdim ediləcəkdir.
“Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026” implementasiyası çərçivəsində cari ilin iyun-iyul aylarında “Dayanıqlı Maliyyə üzrə Sorğu” həyata keçirilmişdir.
Sorğunun məqsədi maliyyə institutlarının (bankların, sığorta şirkətlərinin və investisiya şirkətlərinin) dayanıqlı maliyyə və ESİ prinsipləri üzrə məlumatlığının ölçülməsi, bu istiqamətdə aparılan, habelə aparılması planlaşdırılan tədbirlərin öyrənilməsi və ilkin indikativ məlumatların toplanması olmuşdur. Sorğu mütəmadi xarakter daşıyacaqdır və maliyyə bazarlarının şərtlərinə uyğun şəkildə müvafiq təkmilləşdirmələr aparılacaqdır.
Sorğu nəticələri təhlil edildikdən sonra Mərkəzi Bankın internet səhifəsində yayımlanacaqdır.
Mərkəzi Bankın dayanıqlı maliyyə missiyası çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası və Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi ilə birgə maliyyə bazarları şirkətləri və assosiasiyaları üçün 07 iyun 20239-cü il tarixində “Dayanıqlı maliyyənin əsasları” adlı virtual təlim/vebinar təşkil etmişdir. Vebinarda 100-ə yaxın maliyyə sektoru nümayəndələri iştirak etmişdir.
Vebinarda “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026” təqdim edilmiş, dayanıqlı maliyyənin əsas konsepsiyaları, dayanıqlı maliyyə üzrə fürsətlər, ESİ (ekoloji, sosial və idarəetmə) prinsiplərinin dayanıqlı maliyyə üçün əhəmiyyəti
Tədbir “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026”-in birinci strateji priorioriteti (Dayanıqlı maliyyə sahəsində sahəsində potensialın formalaşdırılması) çərçivəsində həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı İdarə Heyətinin 15 fevral 2023-cü il tarixli qərarı ilə maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyası məqsədilə 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi təsdiq edilmişdir.
Yol xəritəsinin məqsədi maliyyə institutlarının iqlim dəyişmələri və digər ESİ (ekoloji, sosial və idarəetmə) amillərindən yaranan riskərə qarşı dayanıqlığının təmin edilməsi, habelə dayanıqlı iqtisadiyyata keçidlə bağlı yaranan fürsətlərin reallallaşdırılmasıdır. Yol xəritəsi qabaqcıl beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanmış və iqlim dəyişmələri və ESİ meyarlarının maliyyə sektorunun tənzimlənməsi və nəzarəti çərçivəsinə, o cümlədən maliyyə institutlarının (bank, sığorta və kapital bazarı iştirakçıları) strateji qərarvermə və risklərin idarəedilməsi proseslərinə inteqrasiyası, bu sahədə müvafiq bazar standartlarının və dayanıqlı maliyyə alətləri üçün ekosistemin formalaşdırılması üzrə tədbirləri əhatə edir.
Ümumilikdə, Yol xəritəsinin reallaşdırılması ölkədə sağlam, dayanıqlı və effektiv maliyyə sektorunun formalaşdırılmasına xidmət edəcəkdir.