«TƏSDİQ EDİLMİŞDİR»
Azərbaycan Respublikasının Prezidenti
yanında Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsi Əmr 159
«19» sentyabr 2000-cı il
Sədr _______________ H. Babayev
AZƏRBAYCAN RESPUBLİKASINDA XƏZİNƏ VEKSELLƏRİNİN BURAXILMASI VƏ DÖVRİYYƏSİ
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1 Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının “Qiymətli kağızlar haqqında” Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”-yə və «Azərbaycan Respublikasında
veksellərin dövriyyəsi haqqında» Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır.
1.2 Bu Qaydalar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Mərkəzi Xəzinədarlığı və yerli xəzinədarlıqlar (bundan sonra – xəzinədarlıq) tərəfindən büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlara (bundan sonra – büdcə təşkilatı) təsdiq olunmuş Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş büdcə vəsaitlərinin, həmçinin büdcənin mülkiyyət formasından asılı
olmayaraq bütün müəssisə və təşkilatlara olan borclarının veksellər şəklində ödənilməsini (bundan sonra - xəzinə vekselinin verilməsi) və bu veksellərin
dövriyyəsini tənzimləyir.
1.3. Xəzinə vekseli – dövlət büdcəsindən verilməli olan vəsaitlərin möhlətlə ödənilməsi və ya qısa müddətə hüquqi şəxslərdən sərbəst pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə buraxılmış sadə vekseldir.
1.4. Xəzinə vekselinin məbləği büdcə təşkilatı üçün nəzərdə tutulmuş maliyyələşmə məbləğindən artıq olmamalıdır.
1.5. Büdcə təşkilatları üçün nəzərdə tutulan əmək haqqının, əmək haqqına üstəliyin, təqaüdün, pensiya və müavinətlərin, yemək, dərman və ezamiyyə xərclərinin xəzinə vekseli şəklində verilməsinə yol verilmir.
2. Xəzinə vekselinin buraxılışı və istifadəsi qaydaları
2.1. Xəzinə vekseli müəyyən edilmiş qaydada vahid nümunəvi blankda buraxılır.
Həmin blankda vekselin adı kimi “ Sadə veksel (solo)”-nun əvəzinə, “ Xəzinə vekseli ” ifadəsi yazılmalıdır.
Xəzinə vekselinin qalan bütün rekvizitləri sadə vekselin rekvizitləri ilə eynidir.
Qanunvericiliklə sadə vekselə şamil edilən bütün tələblər aval vermək və iddia qaldırmaq hüququ istisna edilməklə xəzinə vekselinə aid edilir.
2.2. Xəzinə vekseli aşağıdakı hallarda verilir:
2.2.1. Büdcə təşkilatlarına nəzərdə tutulmuş vəsaitlərin ödənilməsi zamanı xəzinədarlığın sərəncamında kifayət qədər vəsait olmadıqda;
2.2.2. Büdcənin cari ehtiyaclarını təmin etmək məqsədilə vəsaitlərin cəlb edilməsi hallarında;
2.2.3. Büdcənin mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara borcu olduqda (artıq ödənilmiş vergilər, geri qaytarılmalı olan məbləğlər və s.);
2.3. Xəzinə veskellərinin ödəmə müddəti aşağıdakı kimi ola bilər:
2.3.1. Tərtib olunduqdan sonra müəyyən vaxt ərzində;
2.3.2. Müəyyən edilmiş bir gündə.
2.4. Xəzinə vekselinin ödəmə müddəti 180 gündən artıq ola bilməz.
Xəzinə vekseli yalnız onun buraxıldığı büdcə ili ərzində ödənilməlidir. Xəzinə vekselinin buraxılışı, ilin ikinci yarısına təsaduf edərsə, ödəmə müddəti vekselin buraxıldığı tarixdən ilin sonununa (dekabrın 31- nə qədər) qədər olan müddətdən çox olmamalıdır.
2.5. Vekselverən tərtib edilmiş xəzinə vekselini dövlət qeydiyyatından keçirmək və uçot reyestrinə daxil edilmək məqsədilə onu aşağıdakı sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra - QKDK) təqdim etməlidir:
2.5.1. Vekselverən tərəfindən vekselin dövlət qeydiyyatına alınması barədə məktub. Məktubda xəzinə vekselinin verildiyi təşkilatın adı, (təşkilati-hüquqi forması), hüquqi ünvanı, xidmət olunduğu bankın adı və hesablaşma hesabının nömrəsi, fəaliyyət növü və vekselin buraxılma məqsədi əks olunmalıdır ;
2.5.2. Xəzinə vekselinin buraxılması üçün əsas olan sənədlərin təstiq edilmiş surəti.
2.5.3 QKDK, təqdim olunmuş sənədləri təhlil edir, nöqsan, çatışmamazlıq və ya qeydiyyatdan imtina üçün əsas olmadıqda, dövlət qeydiyyatını aparır.
2.6. Xəzinə vekselinin dövlət reyestrində qeydiyyata alınması üçün haqq tutulmur.
2.7. Xəzinə vekselinin dövlət qeydiyyatına alınması, ondan imtina edilməsi, indossametlə ötürülməsi, vekselin ödənilməsi, protest edilməsi və bu qaydalarda nəzərdə tutulan digər əməliyyatların aparılması, habelə ödəyicinin dövlət qeydiyyatı orqanına yazılı məlumat verməsi “Azərbaycan Respublikasında veksellərin dövriyyəsi haqqında” Əsəsnamənin sadə vekselə şamil edilən müddəalarına (iddia qaldırmaq, və aval etmək istisna olmaqla) uyğun həyata keçirilir.
3. Xəzinə vekselinin dövriyyəsi
Xəzinə veksellərindən aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
3.1. Xəzinə vekseli alınmış mallara görə, görülmüş işlərə və ya göstərilmiş xidmətlərə görə ödəniş vasitəsi kimi istifadə oluna bilər.
3.2. Xəzinə vekseli müvafiq qaydada uçot təşkilatında uçot edilə bilər.
3.3. Xəzinə vekseli təkrar bazarda müvafiq qanunvericiliyə riayət etməklə satılıbalına bilər.
3.4. Xəzinə vekseli hüquqi şəxslər tərəfindən büdcəyə olan vergi və ya digər borcları əvəzinə xəzinədarlığa təqdim edilə bilər.
3.5. Xəzinə vekseli ödəmə vaxtı çatmazdan əvvəl xəzinədarlıqa ödəniş üçün təqdim oluna bilməz.
3.6. Xəzinə vekseli ödəniş vaxtı çatdıqda ödəniş üçün onu buraxan xəzinədarlığa (ödəyiciyə) təqdim olunur və onun tərəfindən ödənilir. Xəzinədarlıq (ödəyici), xəzinə vekselini ödəməkdən imtina etdikdə, vekselsaxlayan qanunvericiliyə üyğun olaraq ödəmədən imtinanı rəsmi protest aktı ilə təsbit etdirməlidir.
3.7. Hüquqi şəxslərin sərbəst pul vəsaitlərinin büdcəyə cəlb edilməsi məqsədilə xəzinə vekseli diskont qiymətli kağızı kimi buraxılır və xəzinədarlıq tərəfindən nominal dəyərindən aşağı qiymətlə realizə olunur, ödənildikdə isə ödəyici tərəfindən vekselsaxlayana veksel məbləği tam ödənilir.
3.8. Bu Qaydaların 3.1., 3.2., 3.3-cü bəndlərində göstərilmiş əməliyyatların aparılması üçün vekselsaxlayan müəyyən edilmiş qaydada vekseli verdiyi şəxsin adına indossament vasitəsilə ötürməlidir.
4. Məsuliyyət
Bu Qaydaların müddəalarını pozan şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.
5. Qüvvəyə minmə qaydası
Bu Qaydalar təsdiq edildiyi gündən qüvvəyə minir.