Sosial sığorta haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında sosial sığorta sahəsində münasibətləri tənzimləyir, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Sosial sığorta anlayışı
Sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
Maddə 2. Sosial sığortanın formaları
Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur.
Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.
Maddə 3. Sosial sığortanın prinsipləri
Sosial sığortanın prinsipləri aşağıdakılardır:
sosial sığortanın müntəzəmliyinə dövlət təminatı;
sosial sığortanın ümumiliyi;
sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi;
sosial sığorta subyektlərinin hüquq bərabərliyi;
dövlət sosial sığortasının məcburiliyi;
məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması.
Maddə 4. Sosial sığorta hadisəsi
Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.
Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir:
pensiya yaşına çatmaq;
əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud olan şəxs olmaq;
ailə başçısını itirmək;
əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
hamiləlik və doğum;
uşağın anadan olması;
uşağa qulluq;
ölüm;
sanatoriya-kurort müalicəsi zərurəti.
işsiz olmaq (qanunvericiliklə müəyyən olunmuş dövr üçün).
Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə tətbiq edilir.
Maddə 5. Sosial sığorta sənədləri
Sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən və sığorta ödəməsinin təyin edilməsinə əsas olan sənədlər qanunvericiliklə müəyyən edilir.
Maddə 6. Sosial sığorta üzrə ödəmələrin növləri
Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir:
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək (sosial sığorta) pensiyaları;
könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr;
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
hamiləliyə və doğuma görə müavinət;
uşağın anadan olmasına görə birdəfəlik müavinət;
qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;
dəfn üçün müavinət;
sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi.
işsizlik müavinəti.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.
Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan sığortaedənlərdə işləyən şəxslərin hesablanmış sosial sığorta ödəmələrini (əmək pensiyaları istisna olmaqla) hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır.
Müvafiq Dövlət Proqramına uyğun olaraq işsizlik müavinətləri məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə sosial sığorta üzrə təminatın başqa növləri də müəyyən edilə bilər.
Maddə 7. Sosial sığorta haqqında qanunvericilik
Sosial sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
Ələt azad iqtisadi zonasında sosial sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
II fəsil
SOSİAL SIĞORTANIN İŞTİRAKÇILARI. ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Maddə 8. Sosial sığortanın iştirakçıları
Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır.
Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir.
Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir.
sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir.
sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir.
Maddə 9. Sığortaçının hüquq və vəzifələri
Sığortaçının hüquqları aşağıdakılardır:
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq;
sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq;
sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;
könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək;
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir:
özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək;
sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək;
könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək;
məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq;
məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət
9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri
Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər:
sosial sığortanın bütün formalarında iştirak etmək;
könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək;
sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək.
Sığortaedənlərin vəzifələri aşağıdakılardır:
məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla);
müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək;
sosial sığorta hadisəsi baş verdikdə sığorta ödəmələrini vaxtında və müəyyənləşdirilmiş qaydada sığorta olunanlara vermək;
sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək;
hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 11. Sığortaolunanların hüquq və vəzifələri
Sığortaolunanların hüquqları aşağıdakılardır:
onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək;
könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək;
sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək;
sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq.
Sığortaolunanların vəzifələri aşağıdakılardır:
məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmaq;
sosial sığorta haqqını vaxtında ödəmək;
sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək.
III fəsil.
MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTASI
Maddə 12. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər
Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; Azərbaycan Respublikasında fəaliyyət göstərən və ya xarici ölkədə Azərbaycan Respublikasına məxsus bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; dövlətlərarası sazişlərə uyğun olaraq əcnəbilər — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar.
Maddə 13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu
13.1. Sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır.
13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir.
13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı
14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir.
14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;
14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.
14.4. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:
Sığorta haqqına cəlb edilən aylıq gəlir | sosial sığorta haqqı dərəcəsi | ||
cəmi | sığortaolunanın gəlirlərindən tutulan | sığortaedənin vəsaiti hesabına ödənilən | |
200 manatadək | 25 faiz | 3 faiz | 22 faiz |
200 manatdan çox olduqda | 25 faiz | 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi | 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi |
14.5. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
14.5.1. sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında; (2020-ci il yanvarın 1-dən qüvvəyə minir)
14.5.2. mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında;
14.5.3. xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında;
14.5.4. müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;
14.5.5. vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında;
14.5.6. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.
14.6. Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.
14.7. Bu qanunun məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 15. Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri
Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır:
iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr;
qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri;
müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər;
əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;
istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;
təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;
aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq;
məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri;
Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri;
sığorta hadisəsi baş verdikdə, sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin sığortaedən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər;
muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar);
yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri;
dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;
sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət;
dövlət orqanları tərəfindən köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərinin əvəzi üçün ödənilən kompensasiya;
yubiley tarixlərinə görə yubilyara ödənilən birdəfəlik xarakter daşıyan mükafatlar;
rotasiya qaydasında xarici ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı;
fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (sığortaedənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına əcnəbilər üzrə formalaşan əmək haqqı fondu (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın icrası müddətində);
əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr;
ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar;
«hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə verilən və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən təminat xərcliyinə (pul təminatına) daxil edilməyən ödənişlər;
əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənilən maddi yardım (dəstək);
sığortaedənin işçilərinin yeməklə təmin edilməsi ilə bağlı üçüncü tərəfə ödədiyi vəsait.
Maddə 16. Məcburi dövlət sosial sığorta ödəmələrinin təyin edilməsinin şərtləri və qaydası
Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi iləmüəyyən edilir.
Maddə 17. Məcburi dövlət Sosial sığorta ödəmələrinin verilməsi
Bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan sosial sığorta ödəmələri sığortaolunanlara yalnız nağdsız qaydada bilavasitə sığortaçı tərəfindən, əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə isə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir.
Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə
Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı:
məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir;
bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir;
məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarını müəyyən edir;
qanunvericiliklə müəyyən olunmuş qaydada kameral və səyyar yoxlamalar aparır;
sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir;
məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir;
məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır;
ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır;
Azərbaycan Respulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sığortaedən tərəfindən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilən işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortasına cəlb edir;
sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir;
Əsasnaməsində müəyyən edilmiş digər fəaliyyətlə məşğul olur.
Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddır.
Maddə 19. Məcburi dövlət sosial sığortasının vəsaitləri
19.1. Məcburi dövlət sosial sığortasının vəsaitləri vahid fondda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir.
19.2. İlin sonuna məcburi dövlət sosial sığortasının vəsaitlərinin vahid fondda istifadə olunmamış qalığı növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 20. Məcburi dövlət sosial sığortası vəsaitlərinin mənbələri
Məcburi dövlət sosial sığortasının vəsaitləri aşağıdakı mənbələr hesabına yaradılır:
məcburi və könüllü (əlavə) sosial sığorta üzrə daxil olan sığorta haqqı;
dövlət büdcəsindən ayırmalar;
maliyyə sanksiyalarının və cərimələrin tətbiqi nəticəsində daxil olan məbləğlər;
sanatoriya-kurort yollayışlarının satışından əldə edilmiş vəsaitlər;
bank kreditləri;
qanunvericiliyə uyğun əldə edilmiş digər gəlirlər.
Bu qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası məbləğinin 50 faizi və sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 21. Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyaları
Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanları aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdirlər:
sığortaedənlərin (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığortası üzrə uçota durma qaydalarını pozmalarına görə, o cümlədən uçota durmadıqda həmin dövr ərzində hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə, — sosial sığorta haqqının 5 faizi məbləğində, hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, iyirmi iki manat miqdarında;
sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərinin vaxtında təqdim edilməməsinə görə — hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində, hesabat dövrü üçün hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, qırx dörd manat miqdarında cərimə;
sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə — azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə;
sığortaedənlərin məcburi dövlət sosial sığorta vəsaitləri hesabına artıq sosial sığorta ödəməsi verilməsinə görə — artıq verilmiş məbləğ bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə;
sığortaedənlərin məcburi dövlət sosial sığorta haqlarının başqa məqsədlər üçün istifadə edilməsinə görə — sərf olunmuş vəsaitlərin 50 faizi məbləğində cərimə;
mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin əməyin ödənilməsinin ölkə üzrə müəyyən edilmiş minimum məbləğindən az əmək haqqı ödənilməsinə görə — faktiki ödənilən əmək haqqı ilə minimum əmək haqqı arasındakı fərqin 50 faizi məbləğində cərimə;
mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin işçilərinin sayının gizlədilməsinə görə (əmək müqaviləsi (kontraktı) olmadan işləyənlər olduqda və ya əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi halda hesabatdan gizlədildikdə) hər işçiyə görə - sığorta edənin fəaliyyət dövrünün hər ayı üçün əlli beş manat miqdarında cərimə;
məcburi dövlət sosial sığorta haqları əmək haqqı ödənişləri ilə eyni vaxtda həyata keçirilmədiyi halda, habelə məcburi dövlət sosial sığorta haqqı üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə uyğun tutulmasına dair məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamlarını icra etmədiyinə görə, eləcə də hesablaşma və digar hesablar üzrə köçürmə əməliyyatlarının aparılması qanunvericiliyə uyğun olaraq dayandırıldığı müddətdə köçürmə əməliyyatı apardığına görə — kredit təşkilatlarına ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin 10 faizi miqdarında bank və ya digər kredit təşkilatlarına cərimə;
bu Qanunun 14-cü maddəsi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsinə dair bildirişdə göstərilən müddət bitdiyi tarixdən sığortaedən tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda—aparılmış məxaric əməliyyatlarının 10 faizi miqdarında;
məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat olmadan sığortaedənlərə (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) hesablaşma hesabı və ya digər hesablar açdığına görə—hər açılmış hesab üçün bank və ya digər kredit təşkilatlarına dörd yüz qırx manat məbləğində;
sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə—gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya.
Yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş məcburi dövlət sosial sığorta haqqına penya həmin məbləğin sığortaedənə hesablandığı gündən tətbiq edilir.
Maliyyə sanksiyaları üzrə borclar bu Qanunun 14-cü maddəsinə uyğun olaraq tutulur.
Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta qaydalarının bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir.
IV fəsil.
KÖNÜLLÜ (ƏLAVƏ) SOSİAL SIĞORTA
Maddə 22. Könüllü (əlavə) sosial sığorta hüququ
Azərbaycan Respublikasının vətəndaşları, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər, bütün idarə, müəssisə və təşkilatlar könüllü (əlavə) sosial sığorta hüququna malikdirlər.
Maddə 23. Sığortaçılar
Könüllü (əlavə) sosial sığorta məcburi dövlət sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, habelə xüsusi olaraq bu məqsəd üçün yaradılmış özəl sığorta təşkilatları tərəfindən həyata keçirilir.
Özəl sosial sığorta təşkilatları hüquqi şəxslər üçün qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməli və fəaliyyətləri üçün lisenziya almalıdırlar.
Lisenziya verən müvafiq icra hakimiyyəti orqanı özəl sosial sığorta təşkilatlarının müntəzəm ödəmə qabiliyyətinə malik olmalarına nəzarət edir.
Maddə 24. Könüllü (əlavə) sosial sığorta üzrə ödəmələrin növləri
Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı könüllü (əlavə) sosial sığortanı bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş bütün ödəmələr üzrə, özəl sosial sığorta təşkilatları isə dövlət pensiyalarından başqa bütün digər ödəmələr üzrə həyata keçirə bilər.
Maddə 25. Özəl sosial sığorta təşkilatlarının sığorta fondu
Özəl sosial sığorta təşkilatlarının sığorta fondu təsisçilərin verdiyi vəsaitlər, sosial sığorta müqavilələri üzrə daxil olan sığorta haqları, kommersiya fəaliyyətindən əldə edilmiş gəlirlər, qanunvericiliyə uyğun olaraq daxil olmuş digər vəsaitlər hesabına yaradılır.
Sosial sığorta təşkilatı sığorta fondunun vəsaitləri üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
Maddə 26. Könüllü (əlavə) sosial sığorta müqaviləsi
Könüllü (əlavə) sosial sığorta sığortaçı ilə sığortaedən (olunan) arasında bağlanan sosial sığorta müqaviləsi əsasında həyata keçirilir. Sosial sığorta müqaviləsində tərəflərin hüquq və vəzifələri, sosial sığorta haqqının və sosial sığorta ödəmələrinin məbləği, sığorta hadisəsi, tərəflərin məsuliyyəti, habelə tərəflərin razılığı ilə digər şərtlər göstərilir.
Maddə 27. Sosial sığorta şəhadətnaməsi (polisi)
Sığortaçı sığortaedənə (olunana) sosial sığorta şəhadətnaməsi (polisi) verir. Sosial sığorta şəhadətnaməsinin (polisin) forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
V fəsil.
YEKUN MÜDDƏALAR
Maddə 28. Sığortaçıların bank müəssisələri ilə münasibətləri
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sosial sığorta ödəmələrinin verilməsi ilə əlaqədar aparılan əməliyyatlara görə bank müəssisələrinə xidmət haqqı ödənilməsi onların arasında bağlanan müqavilə ilə tənzimlənir.
Bütün bank müəssisələri sığortaçı təşkilatların tələbi ilə onların fəaliyyəti üçün zəruri olan məlumatları 10 gündən gec olmayaraq təqdim etməyə borcludurlar.
Maddə 29. Mübahisələrə baxılması
Sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır.
Maddə 30. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun normalarının pozulmasına görə təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 31. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 18 fevral 1997-ci il
№ 250-IQ