Sığortaçıların və təkrarsığortaçıların nizamnamə kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
«Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 may tarixli 406 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Fəaliyyət göstərən sığortaçıların nizamnamə kapitalının minimum məbləği dövrlər üzrə mərhələli qaydada aşağıdakı kimi müəyyən edilsin:
01.01.2002-ci il tarixə - 500 (beş yüz) milyon manat;
01.07.2002-ci il tarixə - 750 (yeddi yüz əlli) milyon manat;
01.01.2003-cü il tarixə - 1 (bir) milyard manat;
01.07.2003-cü il tarixə - 1 (bir) milyard 500 (beş yüz) milyon manat;
01.01.2004-cü il tarixə - 2 (iki) milyard manat.
2. Yeni yaranan sığortaçılar üçün nizamnamə kapitalının minimum məbləği 2 (iki) milyard manat, təkrarsığortaçılar üçün 5 (beş) milyard manat müəyyən edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Sığortaçıların nizamnamə kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında» 1999-cu il 7 iyun tarixli 90 nömrəli və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 90 nömrəli qərarına əlavələr edilməsi haqqında» 2000-ci il 4 avqust tarixli 132 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİZADƏ
Bakı şəhəri, 20 sentyabr 2001-ci il
№ 152